Məhkəmə qərarları › İş №1(124)-527/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-527/2024

24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-527/2024 24.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Sumqayıt şəhəri, yataqxana 7A, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 22 oktyabr 2023-cü il tarixdə, saat 01 radələrində Sumqayıt şəhəri, BTZ bağlar ərazisi, Y.Məmmədov küçəsində, yol kənarında aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı bıçaqla Zərərçəkmiş şəxs qəsdən bir dəfə vuraraq, sonuncuya nazik bağırsağın zədələnməsi ilə müşayət olunan qarnın ön divarının sol hissəsinin boşluğa keçən bir ədəd deşilmiş-kəsilmiş yarası, hemoperitonium xəsarətləri yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona CM-nin 126.1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə baş verən günü saat təxminən axşam 01 radələrində Əli onu səslədiyi üçün Əlinin yanına getmiş, Əli heç bir səbəb olmadan onun ünvanına nalayiq ifadələr işlətmiş, Əli içkili olduğu üçün ona baş qoşmayıb uzaqlaşmaq istəsə də, Əli ona imkan verməmiş və yenidən təhqiramiz ifadələr işlədərək ona ayağı ilə zərbə vurmuşdur. Bundan sonra o, üstündə gəzdirdiyi bıçaqla Əlinin qarnına 1 zərbə vurmuşdur. Təsirləndirilən şəxs ona verilən sualları cavablandırarkən göstərmişdir ki, hadisə zamanı üstündə olan bıçağı yaşadığı ərazidə narkotik vasitə istifadə edənlər çox olduğu üçün özünü qorumaq məqsədilə özü ilə götürmüşdür, heç bir başqa məqsədi olmamışdır. Hadisə baş verdikdən sonra özü könüllü gedib təslim olmaq niyyətində imiş, lakin öncədən polis şöbəsindən ona zəng gəlmiş, o da həmin zənglə özü polis şöbəsinə getmişdir. Əli ilə münasibətləri həmişə çox yaxşı olmuşdur. Əgər o gün Əli içkili olmsaydı, bu hadisə baş verməzdi. O, dəfələrlə Əliyə sakitləşməyi barədə xəbərdarlıq etsə də, Əli ona məhəl qoymamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və zərərçəkmiş şəxslə barışıq əldə etdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, hadisə baş verən zaman içkili olmuşdur. O, Mahirə qarşı nalayiq ifadələr işlətdikdən sonra Mahir ona “qələt eləyirsən” dediyi üçün o da Mahiri təpiklə vurmuş və nalayiq ifadələr işlətməyə davam etmiş, bundan sonra Mahir üstündəki bıçaqla onun qarnına 01 zərbə vurmuşdur. Zərərçəkmiş şəxs məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, Mahir onun qarın boşluğuna 1 bıçaq zərbəsi vurmuşdur, xəstəxanaya özü getmişdir. Mahirə əvvəlcə əli ilə, sonra təpiklə vurmuşdur. Əgər Mahiri vurmasaydı, Mahir də onu bıçaqla vurmazdı. Hadisənin baş verməsinin günahkarı o, özü olmuşdur. Mahirlə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, hadisə baş verən zaman Əli içkili olmuşdur. Əli heç bir səbəb olmadan Mahirə qarşı alçaldıcı ifadələr işlətmiş, həmçinin Mahiri vurmuşdur. Mahir dəfələrlə Əliyə xəbərdarlıq etsə də, Əli Mahirə qarşı nalayiq ifadələr işlətməyə davam etmiş, nəticədə Mahir Əlini bıçaqla vurmuşdur. Mübahisəni başladan Əli olmuşdur, Mahirin heç bir günahı olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Rafəddin oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində də göstərdiyi kimi hadisə baş verən saatlarda özünə məxsus avtomobildə olmuşdur. Əli onun avtomobilinə yaxınlaşaraq bıçaqla vurulduğunu və onu xəstəxanaya aparmasını demişdir. Hadisənin birbaşa şahidi olmamış, lakin sonradan Əlini Mahirin vurduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, tam xatırlamadığı gün və saatda yoldan keçərkən Əli ilə Mahirin mübahisə etdiyini, əlbəyaxa dava etdiklərini görmüşdür. Məhkəmədə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra o, hadisənin 21 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində baş verdiyini təsdiq etdiyini qeyd etmişdir. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Şahid3 həmin ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır. O, Əli ilə eyni məhəllədə yaşayır. Bu günədək Əlinin kiminləsə mübahisə etməsinin şahidi olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində BTZ ərzisində yol kənarında tək dayanıb telefonla oynayırmış. Həmin vaxt Əli digər qonşusu Qulam ilə birlikdə yol kənarında dayanıb söhbət edirmişlər. O onlara yaxınlaşıb onlarla salamlaşdır. Əli ilə salamlaşərkən onun içkili olduğunu hiss etmişdir. Onların hər üçü durub söhbət edərkən yanlarından Mahir adlı şəxs keçmişdir. Mahir onlarla eyni məhəllədə yaşasa da, onunla aralarında hər hansı bir münasibət yoxdur. Mahir yanlarından keçərkən başı ilə onlara salam vermişdir. Bu zaman Əli onu səsləyib yanına çağırmışdır. Mahir geriyə dönüb onlara yaxınlaşmışdır. Əli Mahirə “sən nə üçün özündən razı hərəkətlər edirsən” sözlərini demişdir. Mahir isə Əliyə heç bir hərəkət etmədiyini, onun çağırışı ilə yanına yaxınlaşdığını demişdir. Bu zaman Əli onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Qulam asta səslə Mahirə Əlinin içkili olduğunu deyib ondan Əliyə fikir verməməsini xahiş etmişdir. Mahir Əliyə heç nə deməyib üzünü çevirib getmək istəyən zaman Əli onun ünvanına yenidən təhqiramiz ifadələr işlətmişdir. Mahir Əliye içkili olduğunu deyib, ayılandan sonra onunla söhbət edəcəyini bildirmişdir. Bu zaman Əli iki əli ilə onun yaxasından yapışaraq sağ ayağı ilə Mahirin sol ayaq nahiyəsinə bir zərbə vurmuşdur. X8 söyməkdə davam edirmiş. Onlar Əli ilə Mahirin arasında davanın düşəcəyini dərk etdikləri üçün araya girib onları aralaşdırmağa çalışmışlar. Mahir Əliyə müqavimət göstərməmiş, çünki Əlinin içkili olduğunu bilirmiş. Lakin birdən Mahirin cibindən bıçaq çıxardıb Əlini vurduğunu görmüşlər. Qulam Mahirdən nə üçün Əlini vurduğunu soruşduqda Mahir, onlara Əlinin kəmərində bıçaq olduğunu və ona bıçaqla xəsarət yetirmək istədiyini demişdir. Lakin həmin vaxt Əlinin şalvarının üzərində heç kəmər olmamışdır. Ola bilsin Əli şalvarını düzəltmək üçün əlini kürək nahiyəsinə aparan zaman Mahir qorxmuş və onu bıçaqla vurmuşdur. Onlar dərhal Əlini yolun kənarına tərəf aparmışlar. Həmin vaxt yolun kənarında öz avtomobilində əyləşmiş digər tanışları İsmayıl avtomobildən düşərək onlara doğru gəlmiş və onun köməkliyi ilə onlar Əlini avtomobilə əyləşdirib Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparmışlar. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1991 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində nazik bağırsağın zədələnməsi ilə müşayət olunan qarnın ön divarının sol hissəsinin boşluğa keçən bir ədəd deşilmiş-kəsilmiş yarası, hemoperitonium xəsarətləri aşkar edilmiş, aşkar olunan xəsarətlər küt deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə qərarda göstərilən şəraitdə və qaydada əmələ gələ bilərdi və dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 10.01,2024-cü il tarixli 34 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyrisabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özü və ətrafındakılarına zərər yetirmək təhlükəsi müəyyən edilmədi. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixiemosional vəziyyətdə olmamışdır. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, BTZ Bağlar massivində yol kənarında Zərərçəkmiş şəxs ilə mübahisə etdikləri yeri, həmçinin Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri və hadisəni törətdikdən sonra bıçağı atdığı yeri göstərmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi “İnşaatçı” saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 19.01,2024-cü il tarixli, 46 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Beton zavod üzrə 1 Saylı “İnşaatçı” məhəllə komitəsinin əhatə etdiyi 650 saylı fərdi evdə yaşayır. Yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma - qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, həqiqətən də, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs bıçaq ilə qəsdən vuraraq ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrində də göstərdikləri kimi, Zərərçəkmiş şəxs heç bir səbəb olmadan təqirləndirilən şəxsə qarşı nalayiq və alçaldıcı ifadələr işlətmiş, təqsirləndirilən şəxsin xəbərdarlıqlarına məhəl qoymadan bu hərəkətinə davam etmiş, həmçinin təqsirləndirilən şəxsə əli ilə və təpiklə zərbələr də vurmuş, bunun nəticəsində Təqsirləndirilən şəxs cibindəki bıçaqla Zərərçəkmiş şəxs qarın boşluğuna 1 bıçaq zərbəsi vuraraq onun sağlamlığına ağır zərər vurmuşdur. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədəki ifadələri, o cümlədən ekspertiza rəyi və biri digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini CM-nin 59.1.8-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, cinayət işi üzrə həm zərərçəkmiş şəxsin, həm də şahidlərin məhkəmədə verdikləri ifadələrində qeyd etdikləri kimi təqsirləndirilən şəxsin cinayət əməlini məhz zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törətməsini, həmçinin onun əməlində cəzasını ağırlaşdıran halların olmamasını, eyni zamanda törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, ağır cinayət əməli törətməsinə görə Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli 22 oktyabr 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmə icraatı dövründə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, maddi zərər, məhkəmə xərci, xüsusi müsadirə edilməli əmlak və üzərinə həbs qoyulmuş əmlak yoxdur, həmçinin mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar