Məhkəmə qərarları › İş №1(124)-528/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-528/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-528/2023 06.07.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri X6, X2 və X4, eləcə də təsqirləndirilən şəxslərin özlərinin iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 185.3.3-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 185.3.3, 234.1-ci və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 180.1 və 185.3.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 11 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 185.3.3 və digər maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. İş materiallarına əsasən həmin cinayət işi 19 sentyabr 2022-ci il tarixdə Qusar rayon X8 bölməsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 180.1 və 185.3.3-cü maddələri ilə digər cinayət işindən ayrılmaqla istintaq aparılmışdır. Daha sonra, həmin cinayət işinə təqsirləndirilən şəxslər barələrində istintaq olunan digər cinayət işləri də birləşdirilməklə vahid icraatda istintaq davam etdirilmiş, təqsirləndirilən şəxslərə ittiham verilməklə barələrində həbs qətimkan tədbiri seçilmişdir. İstintaqın yekununa dair Gəncə şəhəri BPİ-nin İTİ-nin baş müstəntiqi, polis mayoru X7 tərəfindən tərtib olunmuş ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 19 may 2023-cü il tarixli qərarı ilə məhkəmə aidiyyətinin pozulması əsası ilə cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı məhkəməyə vəsatətlə müraciət edərək məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsi ilə müəyyən edilmiş kobud pozuntulara yol verildiyini qeyd edərək, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini, həmçinin həmin pozuntulara yol vermiş ibtidai istintaqı aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılmasını məhkəməyə təklif etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, iş üzrə tərtib olunmuş ittiham aktı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olmamış, həmçinin təqsirləndirilən şəxslərin müdafiə hüquqları pozulmuşdur. Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri də dövlət ittihamçısı ilə razı olduqlarını bildirməklə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin materiallarını öyrənərkən və işə hazırlıq iclasında baxarkən, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan bir sıra kobud pozuntulara yol verildiyini müəyyən etməklə hesab edir ki, dövlət ittihamçısının vəsatəti əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və Cinayət- Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289 və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmaması, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntular hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.3.1-ci maddəsinin tələblərinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.4-cü maddəsinin tələblərinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223.3 və 223.3.2-ci maddəsinin tələblərinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti öz əksini tapmalıdır. İstintaq orqanı tərəfindən isə prosessual normaların yuxarıda qeyd olunan tələbləri pozularaq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 185.3.3-cü maddələri ilə irəli anlaşılmaz və natamam ittihamlar irəli sürülmüşdür. Həmin ittihamların məzmunlarına əsasən hər üç təqsirləndirilən şəxsə onların yalnız adı, soyadı və ata adı dəyişdirilməklə tamamilə eyni məzmunlu ittihamlar verilmişdir. Belə ki, istintaq orqanının Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 185.3.3-cü maddələri ilə verdiyi ittihamın məzmununa əsasən: “o, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Qusar rayonu Samur qəsəbəsində yerləşən terminalının qarşısında, həmin qəsəbə sakini Zərərçəkmiş şəxs1 sonuncuya məxsus “Opel Zafira” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili Xaçmaz rayonun Nabran qəsəbəsinə sürməsini hədəqorxu ilə tələb etmiş, sonuncu bundan imtina etdiyinə görə, o, üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilməyən, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməyən silah qismində istifadə etdiyi turist bıçağını, Təqsirləndirilən şəxs2 üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçağı və Təqsirləndirilən şəxs3 isə əsanın içindəki xüsusi quraşdırılmış şişi Kamran Qarabəndini qorxutmaq üçün nümayiş etdirib, həyat üçün təhlükəli olan zor tətbiq edəcəkləri ilə hədələyərək, Quba şəhərinə getmək üçün avtomobili talama məqsədi olmadan sahibindən qanunsuz olaraq ələ keçirmişdir. Bundan başqa təkrarən o, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Zərərçəkmiş şəxs1 məxsus “Opel Zafira” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilini ələ keçirdikdən (qaçırdıqdan) dərhal sonra həmin avtomobildə olan, Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 Mirzə oğlu tərəfindən Rusiya Federasiyasında yaşayan oğluna göndərilməsi üçün verilmiş, hadisə gününün məzənnəsi ilə xeyli miqdarda 9731,9 manat təşkil edən 317.000 rus rublunu və tanışı Zərərçəkmiş şəxs3 məxsus enerji doldurulması məqsədi ilə avtomobildə saxlanılmış dəyəri 160 manat təşkil edən 01 ədəd “Redmi-9” markalı, “M2006C3LG” modelli, Çin istehsallı mobil telefonunu, həmin telefonun üzərindəki dəyəri 2 manat olan qoruyucu (kabro) və dəyəri 4 manat olan ***-***-**-** saylı GSM nömrəni gizli yolla talamaqla oğurlamışdır.” Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 də tamamilə eyni məzmunlu ittihamlar verilmişdir. Təqsirləndirilən şəxslərə verilmiş ittihamların məzmunundan görünür ki, ibtidai istintaq orqanı tərəfindən onların üçünədə bu epizodlar üzrə tamamilə eyni məzmunlu ittiham verilərək onların hər birinin əməlləri fərdiləşdirilməmiş, cinayətin törədilməsində iştirakları və rolları bölüşdürülməmiş, yalnız təqsirləndirilən şəxslər tərəfindən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə istinad olunmaqla avtomobilin məhz hər bir təqsirləndirilən şəxs tərəfindən fərdi olaraq Xaçmaz rayonun Nabran qəsəbəsinə sürülməsinin tələb olunması və qanunsuz olaraq ələ keçirilməsi göstərilmişdir. Məhkəmə hər üç təqsirləndirilən şəxsin eyni zamanda sükan arxasında oturmaqla avtomobili ələ keçirməsinin mümkün olmamasını vurğulamaqla istintaq orqanının gəldiyi nəticə ilə bağlı qeyd edir ki, istintaq orqanı talama məqsədi olmadan avtomobilin ələ keçirilməsi cinayətinin bilavasitə icraçısı kimin olmasını, qrupun digər iştirakçılarının rolunun nədən ibarət olmasını, ələ keçirilmiş avtomobilin konkret olaraq kim tərəfindən idarə olunmasını verilmiş ittihamlarda göstərməmişdir. Həmçinin bu növ cinayətin uzanan cinayətlər kateqoriyasına aid edilməsini, eləcə də bu cinayətin ondan sonra törədilən oğurluq cinayəti ilə əlaqəli olmasını nəzərə alaraq, istintaq orqanı avtomobilin sonrakı aqibətini, yəni avtomobilin hansı ərazidə qoyulmasını, kim tərəfindən və nə vaxt tapılmasını, bu zaman qapılarının bağlı olub-olmamasını, açarlarının kimə təhvil verilməsini müəyyən etmədən oğurluq cinayəti üzrə təqsirləndirilən şəxslərin təqsirliliyinə bilavasitə təsir edən mühüm əhəmiyyət kəsb edən xüsusatları müəyyən edərək təqsirləndirilən şəxslərə verdiyi ittihamlarda əks etdirməmişdir. Halbuki, iş üzrə şahid qismində dindirilmiş Nadir Babaxanov ifadəsində göstərmişdir ki, o, avtomaşından düşərkən mobil telefonu 317.000 rus rublu ilə birlikdə gizlin şəkildə Zərərçəkmiş şəxs1 götürmüş, pulları gizli şəkildə qapının yanına oturacağın yan hissəsinə qoyaraq maşından düşüb qaçmışdır. Eyni ilə oğurluq cinayəti üzrə də istintaq orqanı rus rublundan ibarət xarici valyutanın və mobil telefonun konkret olaraq nə vaxt, avtomobilin hansı hissəsindən və bilavasitə hansı təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını (qizli talanmasını), digər təqsirləndirilən şəxslərin isə oğurluq cinayətində rolununun nədən ibarət olmasını müəyyən etmədən, eləcə də oğurluq cinayətinin tərkibinin obyektiv tərəfinə aid edilən hərəkətlərin nədən ibarət olması və konkret olaraq kim tərəfindən icra olunmasını təsvir etmədən, hər üç təqsirləndirilən şəxsin fərdi olaraq mobil telefon və xarici valyutanı gizli olaraq talamasını göstərməklə bir daha onlara tamamilə eyni məzmunlu ittihamlar vermişdir. Həmçinin istintaq orqanı avtomobilin sonrakı aqibəti üzrə həmin xarici valyuta və mobil telefonun avtomobili aşkar edən şəxslər tərəfindən götürülməsini istisna edən xüsusatları araşdırmaqla bir nəticəyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarını rəhbər tutaraq qeyd edir ki, həmin qərara əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. Plenumun mövqeyinə görə icra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir və cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər. Cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Göründüyü kimi təqsirləndirilən şəxslərə verilmiş ittihamlarda istintaq orqanı tərəfindən istintaqla müəyyən edilməli olan, əməlin tövsifinə və cinayətdə iştirakçılıq dərəcəsinə təsir edən hallar öz əksini tapmamış, həmçinin təqsirləndilən şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilməsi, təqsirli bilindirkləri halda isə onlara cəza təyin edilməsi üçün zəruri olan əlamətləri ittihamda qeyd edilmədən istintaq orqanı təqsirləndirilən şəxslərə səthi və formal ittihamın irəli sürülməsi ilə kifayətlənmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmçinin məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsi ilə müəyyən edilmiş təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) hüququ da istintaq orqanı tərəfindən tam həcmdə təmin edilməmişdir. Qeyd olunan bu və digər pozuntular Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələri ilə müəyyən edilmiş kobud pozuntulara əsas olduğundan, cinayət işinin məhkəmədə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 3(a) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə məlumatlandırılmaq hüquqlarına malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, 6-cı maddənin 3(a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın “əsasları, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın “xarakteri”, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat verilməsini təmin edir (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, 7 yanvar 2010-cu il) Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 307.1ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı həmin Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Cinayət-prosessual qanunvericiliyinin həmin imperativ normasını rəhbər tutaraq və dövlət ittihamçısının bununla bağlı vəsatətini nəzərə alaraq məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarılması zəruridir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra, məhkəmə konkret hallarda Cinayət- Prosessual Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinin uzadılması barədə məsələyə baxmalıdır. İş materiallarına əsasən, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslər barələrində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilib yekunlaşanadək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi məsələsi ilə bağlı, məhkəmə qeyd edir ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prosessual-hüquqi əsaslar aradan qalxmadığından təqsirləndilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla həbsdə saxlanılma müddətləri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 159-cu maddəsinin tələbləri nəzərə alınmaqla qərarın elan edildiyi gündən 1 ay müddətinə, yəni 06 avqust 2023-cü il tarixədək uzadılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3, 303.4-cü və 306.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l ı r:

1. Dövlət ittihamçısının cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə əlaqədar vəsatəti və bununla bağlı təqsirləndirilən şəxslərin və onların müdafiəçilərinin xahişləri təmin edilsin.

2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 185.3.3-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 185.3.3, 234.1-ci və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 180.1 və 185.3.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-ci maddələri ilə müəyyən edilmiş kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

3. Təqsirləndilən şəxs Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla, həbsdə saxlanılma müddəti qərarın elan edildiyi gündən 1 ay müddətinə, yəni 06 avqust 2023-cü il tarixədək uzadılsın.

4. Təqsirləndilən şəxs Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla, həbsdə saxlanılma müddəti qərarın elan edildiyi gündən 1 ay müddətinə, yəni 06 avqust 2023-cü il tarixədək uzadılsın.

5. Təqsirləndilən şəxs Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla, həbsdə saxlanılma müddəti qərarın elan edildiyi gündən 1 ay müddətinə, yəni 06 avqust 2023-cü il tarixədək uzadılsın.

6. Qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin).

7. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına köçürülsünlər.

8. Qərarın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin.

9. Qərar qətidir, apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar