Məhkəmə qərarları › İş №1(124)-528/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-528/2024

27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-528/2024 27.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X11 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi – “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 20 (iyirmi) manat müqabilində 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (SİYAHİ İ) daxil olan 2,893 qram çəkidə qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək Abşeron rayonu, Hökməli qəsəbəsinə daşımış və üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yaşadığı evin yaxınlığında olduğu zaman Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən narkotik vasitənin qanunsuz dövriyyəsidə şübhəli bilinərək saxlanılaraq Abşeron RPİ-nin Qobu polis bölməsinin inzibati binasına gətirilmiş və bölmənin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrindən saat 20:20 radələrinədək müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə 2,893 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisi olmuşdur, lakin polis əməkdaşları onu tutanda üstündə heç nə olmamışdır. Polis əməkdaşları ona təzyiq göstərdikləri üçün o, ittiham aktında qeyd edilənləri boynuna götürmüşdür. Təsirləndirilən şəxs ona verilən sualları cavablandırarkən göstərmişdir ki, əvvəllər məhkumluğu olmuşdur. İstifadə etdiyi narkotik vasitə heroin olmuşdur. O, ittiham aktında qeyd olunan vaxtda və yerdə, yəni 20 oktyabr 2023-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində saxlanılmışdır. İbtidai istintaq zamanı istifadə etdiyi narkotik vasitənin təsiri altında olduğundan, həmçinin ona təzyiq göstərildiyindən ittihamı boynuna götürmüşdür. Bədənində gözlə görünən hər hansı xəsarət izi olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234-1.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 3-4 il olar narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən yaşadığı evin yaxınlığında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş və onun üzərində narkotik vasitə olmasından şübhələnərək onu Abşeron RPİ-nin Qobu PB-nə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə bilrikdə Abşeron RPİ-nin X13 gəlmişdir. Bölmədə xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuş, o, əynində olan qara rəngli cins şalvarımın sağ yan cibindən çıxardığı 01 (bir) ədəd şəffaf sellofana bükülmüş 01 (bir) bükümdən ibarət narkotik maddə olan heroini təqdim etmişdir. Həmin kütlə şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Həmin narkotik maddəni yalnız özü istifadə etmək üçün əldə etmişdir. Narkotik vasitə olan heroindən heç kimə satmamış və ya heç kimə hədiyyə verməmiş, özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis bölməsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş X5 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Ramiz Quliyev adlı şəxsin narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 19:40 radələrində Abşeron RPİ-nin Qobu polis bölməsinin CA üzrə baş əməliyyat müvəkkili Şahid1lə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində xidmətdə olduqları vaxt Ramizin özünü şübhəli aparmasını müşahidə edərək ona yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra Quliyev Ramiz onları görən kimi uzaqlaşmaq istəmişdir. Onunla söhbət zamanı özünü nəyə görə qeyri-adekvat aparmasını soruşduqda üzərində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Buna görə də onu Abşeron rayon Polis İdarəsinin X13 dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla polis bölməsinə gəlmişdir. Qobu polis bölməsinin inzibati binasında ona hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəururiliyi izah edilmiş, ərizəsi əsasında vəkil dəvət edilmişdir. Vəkili gəldikdən sonra Təqsirləndirilən şəxs ilə onun vəkili arasında konfidensial görüş təmin edilmiş, daha sonra video çəkiliş ilə və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarının cibində saxladığı 01 ədəd şəffaf sellofan bükümü içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroini təqdim etmişdir. Bundan sonra Hüseynin təqdim etdiyi həmin narkotik vasitə heroin götürülmüş, sorğu zamanı o, bildirmişdir ki, həmin narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində tanımadığı şəxsdən 20 (iyirmi) manata almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə heroin olan, 01 (bir) ədəd şəffaf sellofan büküm təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 işin halları ilə bağlı şahid X5 ilə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin materiallarında olan şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 (bir) ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Şəxsi axtarışın əks olunduğu video görüntü DVD diskə köçürülərək protokola əlavə olunuşdur. Cinayət işinin materiallarında olan “DVD” diskə baxış baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Quliyev X6 RPİ-nin Qobu polis bölməsinin inzibati binasında 20 oktyabr 2023-cü il tarixdə saat 20:00 radələrindən saat 20:20 radələrindək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan bir ədəd şəffaf rəngli selofana bükülmüş narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə kimyəvi ekspertizasının 21 oktyabr 2023-cü il tarixli, 6/5676 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №245” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...» sözləri, soyadlar və imzalar edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi - 2,893 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 2,893 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 2,843 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 22 yanvar 2024-cü il tarixli, 349 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 29 yanvar 2024-cü il tarixli, 206 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəəyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə istintaq və prosessual hərəkətlərdə iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,893 qram narkotik vasitə olan heroindən ekspertiza keçirildikdən sonra qalıq qalmış 2,843 qram narkotik vasitə olan heroin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan 05 fevral 2024-cü il tarixdə DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən gələn tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində məhkumluğun ödənilməsinin əsası kimi az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər cəzanı çəkib qurtardıqdan 02 (iki) il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu qüvvədə olan qanunvericiliyə uyğun olaraq ödənilmişdir. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan bir uşağı vardır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs bütün ibtidai istintaq müddətində deyil, yalnız məhkəmə istintaqı zamanı bu halı qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətindədir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Məhkəmə, onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 yetkinlik yaşına çatmayan uşağının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən, cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan halları nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2023-cü il tarixdə saat 19:40-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmə icraatı dövründə həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 20 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 2,843 qram olan narkotik vasitə heroin məhv edilməli, 02 (iki) ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,843 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 65 (altımış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar