Məhkəmə qərarları › İş №1(124)-529/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-529/2024

29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-529/2024 29.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X10 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X14, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 25 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, Göyçay rayonu Potu kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 14 oktyabr 2023-cü il tarixdə axşam vaxtı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4,173 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 7,49 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 150 manat müqabilində əldə edib, həmin psixotrop maddə metamfetamini elektron tərəzi vasitəsilə ayrı-ayrılıqda 3,922 qram, 0,059 qram, 0,192 qram olmaqla 03 ədəd bükümlərə, narkotik vasitə qurudulmuş marixuananı isə ayrı-ayrılıqda 4,76 qram, 0,35 qram, 0,31 qram, 0,31 qram, 0,28 qram, 0,32 qram, 0,28 qram, 0,29 qram, 0,28 qram, 0,31 qram olmaqla 10 ədəd bükümlərə qablaşdıraraq daşımaqla saxlamış, 16 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, «AAAF-Park» yaşayış kompleksində olan zaman özünü narkotik vasitələrin dövriyyəsində şübhəli apardığından Abşeron Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tələfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin inzibati binasına gətirilib, həmin günü saat 04:05-dən saat 04:30-dək üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli dəri gödəkcəsinin sağ yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda 3,922 qram, 0,059 qram, 0,192 qram, ümumilikdə 4,173 qram çəkidə həmin psixotrop maddə metamfetamin, 10 ədəd bükümdə ayrı-ayrılıqda 4,76 qram, 0,35 qram, 0,31 qram, 0,31 qram, 0,28 qram, 0,32 qram, 0,28 qram, 0,29 qram. 0,28 qram. 0,31 qram, ümumilikdə 7,49 qram çəkidə həmin narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən (CM-in 234.1-1-ci maddəsi ilə) təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. Onun narkotik vasitələri satmaq məqsədi olmamışdır. Pul müqabilində iranlı şəxsdən narkotik vasitə əldə etmişdir. Taksi sürücüsü kimi fəaliyyət göstərən zaman polis əməkdaşları onu saxlayaraq şübhəli şəxs qismində polis idarəsinə aparmışlar. Polis idarəsində axtarış zamanı avtomobilindən narkotik vasitə aşkar olunmuşdur. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, 2-3 ildir ki, “patı” və “nəşə” istifadəçisidir. O, narkotik vasitə və psixotrop maddəni bir bükümdə almış, öz istifadəsi üçün onları bükümlərə ayırmışdır. Elektron tərəzini narkotik vasitəni alan zaman çəkisini yoxlamaq və gündəlik istifadə etdiyi narkotik vasitələrin çəkisini bilmək üçün istifadə etmişdir. Polis əməkdaşları ona fiziki təsir göstərməmişdir. O, indiyə kimi heç kimə narkotik vasitə satmamış və pay verməmişdir. Narkotik vasitələri sadəcə şəxsi istifadəsi məqsədi ilə əldə etmişdir. Gündə bir dəfə, gecə yatmadan əvvəl nəşə istifadə edirmiş həmçinin, əsəbi olduğu üçün isə metamfetamin istifadə edirmiş. İranlı şəxslə internet vasitəsi ilə tanış olmuşdur. Həmin şəxsə150 manat pul ödəmiş, onu gecə saat 1-2 radələrində saxlamışlar. Narkotik vasitə və psixotrop maddə onun üzərindən deyil, avtomobilindən aşkar olunmuşdur. O, taksi sürücüsü kimi fəaliyyət göstərmiş və gündəlik 70-80 manat pul qazanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ərazidə xidmət apararkən şübhəli şəxsi görmüş və onu polis idarəsinə dəvət etmişlər. Polis idarəsində təhqiqatçının iştirakı ilə həmin şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və narkotik vasitə aşkar olunmuşdur. Ona ünvanlanan suallara cavab olaraq şahid bildirmişdir ki, hazırda şəxsin üzərindən aşkar olunmuş narkotik vasitənin növünü, bükümlərin sayını və hadisənin baş verdiyi tarixi xatırlamır. Şəxs gecə saatlarında saxlanılmışdır. Şəxsi şübhəli şəxs qismində saxlayaraq polis idarəsinə gətirmişlər. Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmişdir. Şəxsi səhv etmirsə 16 oktyabr tarixdə, gecə saat 2 radələrində saxlamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, 2 ildən artıqdır ki, Bakı şəhərində icarəyə götürdüyü avtomobillərlə taksi fəaliyyəti göstərir. Təxminən 2 ay əvvəldən Nurlan adlı şəxsə məxsus “Kia Ceed” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb taksi faəliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs da taksi fəaliyyəti göstərən şəxs kimi təxminən 1 il olar ki, tanıyır. Təxminən 20 gün əwəl Bəhruz yanına gəlib, işsiz, olduğunu deyib, taksi kimi idarə etdiyi avtomobili növbəli şəkildə idarə etməklərini və əldə etdikləri qazancı yarı bölməyi təklif etmişdir. O da Bəhruzu əvvəldən tanıdığını nəzərə almış və avtomobilin icarə haqqının ödənilməsinə köməklik olacağını düşünüb Bəhruzun təklifi ilə razılaşmışdır. Bundan sonra onun icarəyə götürdüyü avtomobili növbəli şəkildə idarə edərək taksi fəliyyəti göstərmişlər. xx.xx.2023-cü ildə axşam o, toya gedəcəyini deyib həmin avtomobili idarə etmək üçün Bəhruza vermişdir. Ertəsi günü nahar vaxtı Bəhruzun maşını ona təhvil vermədiyini görüb mobil telefonuna zəng etmişdir. Lakin onunla əlaqə saxlaya bilməyib narahat olub, Abşeron rayon polis idarəsinə gəlmiş və həmin vaxtı ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixə keçən gecə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Bəhruzu narkotik maddə qəbul etdiyinə görə tutmuş, onun icarəyə götürdüyü avtomobillə birlikdə polis idarəsinə gətirmişlər. Bəhruzun narkotik maddə qəbul etdiyini əvvəllər bilməmiş, əgər bunu bilsəydi Bəhruza avtomobilini idarə etməyə icazə verməzdi (cild 01, iş vər. 80-83). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1992-ci ildə Göyçay rayonunda anadan olmuş, Göyçay rayonu, Potu kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və gəzdirməsində şübhəli bilindiyi üçün Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli dəri gödəkcəsinin sağ yan cibindən 03 ədəd bükümdə 4,173 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər maddə, 10 ədəd bükümdə 7,49 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, 01 ədəd elektron tərəzi və 01 ədəd narkotik vasitələri istifadə etmək üçün nəzərdə tutulmuş müştük aşkar olunaraq götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 24-25). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 16 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5430 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №56» dairəvi möhür əksi olan üzərində «Təqsirləndirilən şəxs üzərindən...» sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə 3 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 3,922 qram, 0.059 qram, 0,192 qram, ümumi təmiz çəkisi 4,173 qram olan ağ rəngli, kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 01, iş vər. 34-38). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 16 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1429 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 4,76 qram və 09 (doqquz) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,35 qram, 0,31 qram. 0.31 qram. 0,28 qram, 0,32 qram. 0,28 qram, 0,29 qram. 0,28 qram, 0,31 qram, ümumi çəkisi 7,49 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (cild 01, iş vər. 39-42). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 29 yanvar 2024-cü il tarixli, 535 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 101-102). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1-ci madddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 107- 115). İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə xx.xx.1992-ci ildə Göyçay rayonunda anadan olmuş, Göyçay rayonu, Potu kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və gəzdirməsində şübhəli bilindiyi üçün Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmiş, həmin tarixdə müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı psixotrop maddə metamfetaminə bənzər maddə və narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, aşkar olunaraq götürülmüşdür. Götürülmüş kütlələr məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək psixotrop maddə metamfetaminin və narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, şəxsin üzərindən narkotik vasitə ilə yanaşı, psixotrop maddənin aşkar olunması, həmçinin aşkar olunan psixotrop maddə olan metamfetaminin miqdarının şəxsi istehlak miqdarından, həmçinin külli miqdardan bir neçə dəfə çox olması, habelə üzərindən aşkar olunan kütlələrin xırda-xırda bükümlərdə olması, o cümlədən onun üzərindən elektron tərəzinin aşkar olunması bu nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədi ilə əldə edərək üzərində saxlamışdır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş “X12”dan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2014-cü il təvəllüdlü (X7) bir azyaşlı uşağı var. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətidən daxil olmuş sənəddən görünür ki, Təqsirləndirilən şəxs anası X4 1-ci dərəcəli ümumi xəstəlikdən, müddətsiz əlildir. İş materiallarına əlavə edilmiş “Ölüm haqqında Şıhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X5 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 25 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 97- 98). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, anasının 1-ci dərəcəli ümumi xəstəlikdən, müddətsiz əlil olmasını və atasının vəfat etməsini isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs X8 əməlində CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin residivi müəyyən edilir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təqsirli bilinərək məhkum oluduğu cinayət əməli az ağır cinayət sayıldığından və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxs cəzasını çəkib qurtardıqdan sonra 02 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin residivi yaranmış olur. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. İlk dəfə cinayət əməli törətmiş şəxslə müqayisədə təkrar cinayət törətmiş şəxs daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən həmin şəxslərə eyni cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil etmiş olar. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin yarısından az olmayan həddə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, şəxs hazırki hökmlə ona təyin olunan cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Abşeron Rayon Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 19, 68-70). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 4,083 qram psixotrop maddə metamfetamin, 7,29 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi və 01 ədəd müştük (trubka) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd diskin iş materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 137 AZN (bir yüz otuz yeddi manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 4,083 qram psixotrop maddə metamfetamin, 7,29 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi və 01 ədəd müştük (trubka) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd diskin iş materiallarında saxlanması nəzərə alınsın. İş üzrə 137 AZN (bir yüz otuz yeddi manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar