Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-53/2024 18.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1998-ci ildə Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının sonlarında yaşadığı Xaçmaz rayonu, Qımıl-qışlaq kəndindəki Qımıl-qışlaq kənd tam orta məktəbi ilə üzbəüz yerləşən evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq əkdiyi külli miqdar təşkil edən 189 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinə 13 avqust 2022-ci il tarixədək aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, 2022-ci ilin iyul ayının sonlarında əkib-yetişdirdiyi çətənə bitkilərinin hissələrini toplayıb qurutmaqla onlardan satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb həyətyanı torpaq sahəsində saxlamış, bu fakt 13 avqust 2022-ci il tarixdə saat 17:20- 19:40 müddətində Xaçmaz RPŞnin əməkdaşları tərəfindən onun yaşadığı Xaçmaz rayonu, Qımıl-qışlaq kəndindəki Qımılqışlaq kənd tam orta məktəbi ilə üzbəüz yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən yaş vəziyyətdə ümumi çəkisi 140.000 qram (140kq) olan 189 ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, çətənə bitkilərini əkib-yetişdirdiyi yerdə 5.200 qram (5kq 200 qr) çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülməklə təsdiq edilmiş, bununla da, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya (əkmə, yetişdirmə və onların hissələrini toplama) etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlamaqla saxlamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş itiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər narkotik vasitə istifadəsiçisi olmuşdur. Meşədə narkotik tərkibli bitkilər əkmişdir. Həyətyanı torpaq sahəsində əkdiyi narkotik tərkibli bitkilərin toxumlarını da meşədə əkilmiş bitkilərdən əldə etmişdir. Maddi vəziyyəti pis olduğundan, pula ehtiyacı olduğundan həyətyanı torpaq sahəsindən aşkar olunmuş narkotik tərkibli bitkiləri satış məqsədilə əkmişdir. 13 avqust 2022-ci il tarixdə polis əməkdaşları onu saxlamışlar. Elan edilmiş ittihamda əkilmiş narkotik tərkibli bitkilərdən qurudulmuş marixuana əldə etdiyi qeyd olunmuşdur. İttihamın həmin hissəsi ilə razı deyildir. Çünki əkilmiş narkotik tərkibli bitkilərdən qurudulmuş marixuana əldə edilməmiş, həmin bitkilər narkotik vasitə əldə edilməsi üçün hazır vəziyyətə hələ gəlməmişdir. Torbada olan, qurudulmuş marixuana kimi qeyd olunanlar isə yararsız vəziyyətdə olan bitkilər idi. Narkotik tərkibli bitkilərin aşkar olunduğu həyətyanı torpaq sahəsi nənəsinə məxsus olmuşdur. Polis əməkdaşları ona təzyiq göstərmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupu əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkib yetişdirməsi və külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı hazırlayıb saxlaması, narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı 13 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Ona özlərini təqdim edərək, barəsində daxil olmuş əməliyyat məlumatını bildirdilər. Bundan sonra onun icazəsi, videoçəkiliş vasitəsilə, aqronom və müdafiəçinin iştirakı ilə, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı 189 ədəd çətənə bitkisi və 1 kisə qurudulmuş marixuana aşkar olunmuşdur. Aşkar olunmuş qurudulmuş marixuananı kisəyə onlar yığmışlar. Lakin, həmin kisədəki qurudulmuş marixuana toplanmış vəziyyətdə qıraqda idi. Onlar həmin qıraqda toplanmış vəziyyətdə olan qurudulmuş marixuananı aşkar edib kisəyə yığmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin bölmə rəisi Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkib yetişdirməsi və külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı hazırlayıb saxlaması, narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Ona özlərini təqdim edərək, barəsində daxil olmuş əməliyyat məlumatını bildirmişlər. Bundan sonra onun icazəsi, videoçəkiliş vasitəsilə, aqronom və müdafiəçinin iştirakı ilə, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı 189 ədəd çətənə bitkisi və 1 kisə qurudulmuş marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin konkret olaraq hansı hissəsindən qurudulmuş marixuananın aşkar olunduğunu xatırlamır. Xatırladığı qədərilə aşkar olunan qurudulmuş marixuana narkotik tərkibli çətənə bitkilərinin altında yığılmış vəziyyət olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkib yetişdirməsi və külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı hazırlayıb saxlaması, narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Ona özlərini təqdim edərək, barəsində daxil olmuş əməliyyat məlumatını bildirmişlər. Bundan sonra onun icazəsi, videoçəkiliş vasitəsilə, aqronom və müdafiəçinin iştirakı ilə, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı 189 ədəd çətənə bitkisi və 1 kisə qurudulmuş marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılması əməliyyatı zamanı onun tərəfindən heç bir müqavimət göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Xaçmaz rayon Polis şöbəsinin əməkdaşlarının dəvəti əsasında onlarla birlikdə Xaçmaz rayonu, Qımılqışlaq kəndinə getdik. Həmin kənddə yerləşən məktəbin yaxınlığındakı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı evin həyətyanı sahəsindən 189 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Həmin bitkilərə qulluq edilmişdir. Baxış zamanı orada qurudulmuş vasitələr aşkar olunmuşdur. Həmin qurudulmuş vasitələrin marixuana növündə narkotik vasitə olub-olmamasını bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən narkotik tərkibli bitkilər aşkar etdiyi vaxt o da orada olmuşdur. Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilər əkmişdi. Polis əməkdaşları həmin narkotik tərkibli bitkiləri çıxarıb aparmışlar. Ümumilikdə, 189 ədəd yaş vəziyyətdə narkotik tərkibli bitki kolları aşkar olunmuşdur. O, qurudulmuş marixuana aşkar olunmasını görməmişdir. Sadəcə yaş vəziyyətdə bitki kollarını görmüşdür. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadələri elan olunaraq tədqiq olunan Şahid2 və Şahid3 digər şahidlər Şahid1 və Şahid6 ifadələri ilə oxşar məzmunlu ifadələr verərək onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 94-96, 109-111) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi haqqında tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən tərkibində narkotik maddələr olan 189 ədəd çətənə bitkiləri və çətənə bitkilərinin əkildiyi yerdə yerə sərilmiş halda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən istintaq hərəkəti videoçəkilişlə aparılmış və videogörüntüləri özündə əks etdirən bir ədəd “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 13-15) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə bilavasitə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bioloji ekspertizalar şöbəsinin 14 avqust 2022-ci il tarixli 7/889 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman .... marixuanaya bənzər” ... yazısı və imzalar olan 01 (bir) ədəd ağ rəngli sintetik torbadakı təmiz çəkisi -5200 qram (5kq200qram), olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs ... yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman.... çətənə bitkisinə bənzər...” yazısı və imzalar olan on doqquz ədəd ağ rəngli sintetik torbalardakı ümumi sayı 189 (yüz səksən doqquz” ədəd yaş vəziyyətdə ümumi çəkisi 140.000 qram (140kq) olan bitki nümunələri əkilib- becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. (Cild 1, iş vərəqləri 39-43) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizasının 15 sentyabr 2022-ci il tarixli 5234 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 134-135) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə” 12 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalmış 139999,3 qram çəkidə 189 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 5199,8 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd təsərrüfat aləti (kərki) maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nə təhvil verilmişdir. 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 141-149) Məhkəmə, Təqsirləndirilən şəxs əkilmiş narkotik tərkibli bitkilərdən qurudulmuş marixuana əldə edilməməsi, polis əməkdaşları tərəfinən ona təzyiq olunması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndinin “a” yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Həmçinin həmin qanunla təsdiq olunmuş Siyahıların İİİ siyahısının 1.2-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarının yuxarı həddi 3-15 ədəd (6-30 hissə), külli miqdar daxil olmaqla aşağı həddi isə 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunaraq götürülmüş qurudulmuş marixuananın və narkotik tərkibli çətənə bitkilərinin şəxsi istehlak miqdarından artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarının 19-cu bəndində hüquqi mövqe ifadə olunaraq izah edilmişdir ki, əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqi 109- 110) Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 13 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon məhkəməsinin 15 avqust 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 04 noyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 67-68,132-133) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 13 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi mülaicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edirək qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 139999,3 qram çəkidə 189 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 5199,8 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd təsərrüfat aləti (kərki) məhv edilməlidir. 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 78 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olub Xaçmaz RPŞ-da saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 139.999,3 qram çəkidə 189 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 5.199,8 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd təsərrüfat aləti (kərki) məhv edilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 78 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-53/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-53/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver