Məhkəmə qərarları › İş №1(124)-531/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-531/2022

27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-531/2022 27.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, eləcə də təsqirləndirilən şəxsin iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İş materiallarına əsasən həmin cinayət işi 11 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə Abşeron RPİ-nin İŞ-də başlanılmış və həmin şöbənin müstəntiqi, polis kapitanı X3 tərəfindən icraata qəbul edilməklə ilkin istintaq hərəkətləri aparılmışdır. 11 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 12 iyun 2022-ci il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilməklə barəsində Abşeron rayon məhkəməsinin eyni tarixli qərarı ilə, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə müstəntiq Məmməd Cəfərov tərəfindən tərtib olunmuş ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımov tərəfindən təsdiq edilərək cinayət işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı məhkəməyə vəsatətlə müraciət edərək məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsi ilə müəyyən edilmiş kobud pozuntulara yol verildiyini qeyd edərək, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini, həmçinin həmin pozuntulara yol vermiş ibtidai istintaqı aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılmasını məhkəməyə təklif etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, iş üzrə tərtib olunmuş ittiham aktı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun olmamış, ittiham aktının tərtib edilməsi qaydası pozulmaqla nədə ittiham olunduğunu bilməyən təqsirləndirilən şəxsin müdafiə hüququ da pozulmuşdur. Təqsirləndirilən şəxs və onun müdafiəçisi də dövlət ittihamçısı ilə razı olduqlarını bildirməklə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin materiallarını öyrənərkən və işə hazırlıq iclasında baxarkən, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan bir sıra kobud pozuntulara yol verildiyini müəyyən etməklə hesab edir ki, dövlət ittihamçısının vəsatəti əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və Cinayət- Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289 və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmaması, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntular hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.3.1-ci maddəsinin tələblərinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.4-cü maddəsinin tələblərinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223.3 və 223.3.2-ci maddəsinin tələblərinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti öz əksini tapmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs istintaqa şəxsiyyəti məlum olmayan “Vüsal” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun «Şəhriyar» adlı istintaqa şəxsiyyəti məlum olmayan şəxsdən əldə edəcəyi külli miqdarda narkotik vasitə heroini, psixotrop maddə metamfetamini və qurudulmuş marixuananı qoyulduğu Biləsuvar rayonu ərazisindən götürüb ona deyiləcək yerə qoyması və 1.000 manat qazanc əldə etməsi ilə bağlı qabaqcadan razılığa gəlmiş, bu məqsədlə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 22,866 qram, 980 qram, 620 qram ümumi çəkisi 1.622,866 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 9,650 qram, 1.045 qram ümumi çəkisi 1.054,65 qram olan ağ rəngli xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kristalşəkilli kütlə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini, 1(bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 1.010 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda qurudulmuş marixuananı Biləsuvar rayonundan qoyulduğu yerdən götürüb yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə daşımış və bir hissəsini yaşadığı ünvanda, digər hissəsini isə əynində olan göy rəngli şalvarının sağ yan cibində saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 10 iyun 2022-ci il tarixdə saat 15:15 də saxlanılaraq, Abşeron RPİ-nə gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən həmin ümumi çəkisi 22,866 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi çəkisi 9,650 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, yaşadığı ünvan 2 ünvanında həyətin girşindən sağ tərəfdə yerləşən otaqda yerləşən taxta konstruksiyalı yataqdakı yastığın altında 1 (bir) ədəd qara rəngli torbanın içərisində 2 (iki) ədəd ayrı-ayrılıqda çəkiləri 980 qram, 620 qram olan ümumi çəkisi 1.600 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış heroin, 1(bir) ədəd bükümdə ümumi çəkisi 1.045 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış metamfetamin, bir ədəd bükümdə 1.010 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanana və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Göründüyü kimi, Təqsirləndirilən şəxs nə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair 12 iyun 2022-ci il tarixli qərarda, nə də ki, iş üzrə tərtib olunmuş ittiham aktının təsviri-əsaslandırıcı və nəticə hissələrində, təqsirləndirilən şəxsin narkotik vasitələr və psixotrop maddələri Biləsuvar rayonunda kontkret olaraq haradan və hansı tarixdə götürməsi və ümumiyyətlə 10 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən harada tutulması göstərilməmiş, bundan əlavə, hansı qurumun əməkdaşları tərəfindən, hansı tarixdə və vaxtda, keçirilən hansı əməliyyat-istintaq hərəkətinin nəticəsində onun yaşadığı evdə külli miqdarda narkotik vasitələr və psixotrop maddənin, eləcə də bir ədəd elektron tərəzinin aşkar edilərək götürülməsi də ittihamda öz əksini tapmamışdır. Təqsirləndirilən şəxsə verilmiş ittihamda istintaq orqanı müəyyən edilməli olan, əməlin tövsifinə və məhkəmə aidiyyətinin müəyyən edilməsinə təsir edən mühüm əhəmiyyət kəsb edən hallar göstərmədən, təqsirləndirilən şəxsə natamam və anlaşılmaz ittihamın irəli sürülməsi ilə kifayətlənmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə verilmiş ittihamda natamamlığa və anlaşılmazlığa yol verilməsi təqsirləndirilən şəxsin nədə ittiham olunması barədə tam məlumatlandırılmamasına, öz müdafiəsini düzgün qura bilməməsinə, bununla da onun müdafiə hüququnun pozulmasına səbəb olur. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsi ilə müəyyən edilmiş təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) hüququ istintaq orqanı tərəfindən tam həcmdə təmin edilməmişdir. Qeyd olunan pozuntular Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələri ilə müəyyən edilmiş kobud pozuntulara əsas olduğundan, cinayət işinin məhkəmədə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 3(a) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə məlumatlandırılmaq hüquqlarına malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, 6-cı maddənin 3(a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın “əsasları, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın “xarakteri”, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat verilməsini təmin edir (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, 7 yanvar 2010-cu il) Bundan başqa, iş materiallarından göründüyü kimi məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində Abşeron rayon məhkəməsinin 12 iyun 2022-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 11 iyun 2022-ci il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, ilkin həbsdə saxlanılma müddəti 11 oktyabr 2022-ci il tarixədək müəyyən edilmişdir. Müstəntiq tərəfindən 06 iyun 2022-ci il tarixdə tərtib edilən ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən 10 iyun 2022-ci il tarixdə təsdiq edilmiş və 13 oktyabr 2022-ci il tarixdə iş məhkəməyə daxil olmuşdur. 08 oktyabr 2022-ci il tarixdə prokuror tərəfindən təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət olunmuş və Abşeron rayon məhkəməsinin eyni tarixli qərarı ilə təqdimat qismən təmin edilərək təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti 15 gün müddətinə, yəni 25 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 290.1-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxs barəsində həbs və ya ev dustaqlığı qətimkan tədbiri seçilmişdirsə, ittiham aktı həmin qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 20 gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Bundan əlavə, həmin Məcəllənin 292.1-1-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxs barəsində həbs və ya ev dustaqlığı qətimkan tədbiri seçilmişdirsə, cinayət işi həmin qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 15 gün qalmış məhkəməyə göndərilməlidir. Göründüyü kimi ibtidai istintaqı orqanı tərəfindən prosessual qanunvericiliyin bu tələbi də pozulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı həmin Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Cinayət-prosessual qanunvericiliyinin həmin imperativ normasını rəhbər tutaraq və dövlət ittihamçısının bununla bağlı vəsatətini nəzərə alaraq məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarılması zəruridir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra, məhkəmə konkret hallarda Cinayət- Prosessual Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi məsələsi ilə bağlı, məhkəmə qeyd edir ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prosessual-hüquqi əsaslar aradan qalxmadığından Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla həbsdə saxlanılma müddəti qərarın elan edildiyi gündən 1 ay müddətinə, yəni 27 noyabr 2022-ci il tarixədək uzadılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3, 303.4-cü və 306.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l ı r:

1. Dövlət ittihamçısının cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə əlaqədar vəsatəti və bununla bağlı təqsirləndirilən şəxsin və onun müdafiəçisinin xahişi təmin edilsin.

2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-ci maddələri ilə müəyyən edilmiş kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

3. Təqsirləndilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla, həbsdə saxlanılma müddəti qərarın elan edildiyi gündən 1 ay müddətinə, yəni 27 noyabr 2022-ci il tarixədək uzadılsın.

4. Qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin).

5. Qərarın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin.

6. Qərar qətidir, apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar