Məhkəmə qərarları › İş №1(124)-532/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-532/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-532/2024 28.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, tərcüməçi - X4, eləcə də təqsirləndirilən şəxsin özünün iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İş materiallarına əsasən həmin cinayət işi 19 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi, polis polkovnik-leytenantı X6 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başlanılmış və icraata qəbul edilməklə istintaq aparılmışdır. 18 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 19 aprel 2023-cü il tarixdə o, müstəntiq Z.Mənsimov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra, 13 dekabr 2023-cü il tarixdə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamın məzmununa dəyişiklik edilməklə ona həmin maddə ilə yenidən ittiham verilmişdir. İstintaqın yekununa dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi, polis polkovnik-leytenantı X6 tərəfindən tərtib olunmuş ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı, təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəməyə vəsatətlə müraciət edərək məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsi ilə müəyyən edilmiş kobud pozuntulara yol verildiyini qeyd edərək, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər, həmçinin dövlət ittihamçısı həmin pozuntulara yol vermiş ibtidai istintaqı aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılmasını da məhkəməyə təklif etmişdir. Tərəflərin vəsatətləri onunla əsaslandırılmışdır ki, istintaq orqanı tərəfindən iş üzrə təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuş, prosessual sənədlərin və ittiham aktının düzgün tərcümə olunmuş surətləri təqsirləndirilən şəxsə verilməmiş, eləcə də ittihamın aktının tərtib edilməsi ilə bağlı prosessual qanunvericiliyin normalarına əməl edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin materiallarını öyrənərkən və işə hazırlıq iclasında baxarkən, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan bir sıra kobud pozuntulara yol verildiyini müəyyən etməklə hesab edir ki, dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin vəsatətləri əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6 və 303.3.7-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, ittiham aktının həmin Məcəllənin 289 və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmaması və cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntular hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.3.1-ci maddəsinin tələblərinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.4-cü maddəsinin tələblərinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223.3 və 223.3.2-ci maddəsinin tələblərinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti öz əksini tapmalıdır. İstintaq orqanı tərəfindən isə prosessual normaların yuxarıda qeyd olunan tələbləri pozularaq təqsirləndirilən şəxsə elə bir ziddiyyətli və anlaşılmaz ittiham irəli sürülmüşdür ki, bu ittiham əsasında təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və iş üzrə məhkəmə baxışının təyin edilməsi mümkün olmamışdır. Belə ki, ilkin təhqiqat sənədlərinin, əməliyyat məlumatlarının, cinayət işinin başlanılması haqqında qərarının, 19 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qararının, bütün digər prosessual sənədlərin, xüsusli də istintaq orqanın tərtib etdiyi ittiham aktında təqsirləndirilən şəxsin təqsirliyi ilə bağlı əsaslandığı əməliyyat müvəkkilləri Şahid, Ramil Səlimovun və Fərid Kazımlının ifadələrinin, eləcə də iddia edilən cinayəti etiraf etməsi ilə bağlı təqsirləndirilən şəxsin özünün izahatının, həmçinin onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi barədə protokolların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən külli miqdarda 12,974 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Masazır qəsəbəsi, «Villa Badam» yaşayış kompleksinin yaxınlığına daşımış və 18 aprel 2023-cü il tarixdə saat 15:50-də qeyd olunan ünvanda saxlanılaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-yə gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən onda iki bükümdə, külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Yalnız təqsirləndirilən şəxsin qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı X2 14 iyun 2023-cü il tarixdə ifadə verməsindən və həmin ifadəsində Təqsirləndirilən şəxs “Villa Badam” yaşayış kompleksinin yaxınlığında deyil, həmin kompleksdən 5 km aralıqda yerləşən “Park Solero” yaşayış kompleksində olan evindən fiziki zor tətbiq edilməklə tutulması və bu haqda dərhal Azərbaycan Respublikası DİN-in “102” xidmətinə məlumat verməsini göstərməsindən sonra, istintaq orqanı təqsirləndirilən şəxsin “Villa Badam” yaşayış kompleksinin yaxınlığıda deyil, həmin kompleksdən kifayət qədər kənar məsafədə yerləşən “Park Solero” yaşayış komleksinin qarşısından tutulması qənaətinə gəlmiş və təqsirləndirilən şəxsin tutulma yerinin (cinayətin törədilmə yerinin) dəyişməsi ilə bağlı ona yenidən ittiham vermişdir. Lakin müstəntiq iş üzə təqsirləndirilən şəxsin etirafedici ifadəsinin mötəbərliyinə, bütün digər prosessual sənədlərin əsaslılığına hüquqi qiymət verilməsi, şahidlərin və təqsirləndirilən şəxsin sonuncunun tutulma yeri və cinayətin törədilmə yeri ilə bağlı yenidən dindirilməsi, eləcə də digər istintintaq hərəkətlərinin aparılması əvəzinə, yalnız “Sübutların qiymətləndirilməsi haqqında” 13 dekabr 2023-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, isitntaq materiallarında texniki səhv olaraq cinayətin törədildiyi və təqsirləndirilən şəxsin saxlanıldığı yer kimi “Villa Badam” yaşayış kompleksinin yaxınlığı göstərilmiş, bununla bağlı bütün istintaq materiallarında “Villa Badam” yaşayış kompleksinin “Park Solero” yaşayış kompleksi kimi oxunması və yazılması qərara alınmışdır. Bu zaman müstəntiq tərəfindən təqsirləndirilən şəxsin etirafedici ifadələrinin, şahid ifadələrin, müstəntiqin özü və digər prosessual şəxslər tərəfindən iş üzrə tərtib edilmiş prosessual sənədlərin mötəbərliyinin və əsaslığının gələcəkdə şübhə altına alınmasının mümkünlüyünə əhəmiyyət verilməmişdir. Məhkəmə xüsusi qeyd edir ki, hətta Nərimanov rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri Hamlet Hüseynov tərəfindən qəbul edilmiş 10 iyun 2023cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın mətnində də göstərilmişdir ki, araşdırma zamanı izahat verən BMCMİ-nin əməliyyat müvəkkilləri Ramil Səlimov, Şahid və Fərid Kazımlı göstərmişlər ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, “Villa Badam” yaşayış kompleksinin yaxınlığında saxlanılmışdır. (C 1, iş vərəqləri 187-188) Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində müstəntiqin şahid və təqsirləndirilən şəxsin ifadələrində, eləcə də digər prosessual şəxslər (təhqiqatçı, prokuror köməkçisi) tərəfindən tərtib olunmuş sənədlərdə cinayətin törədilmə və təqsirləndirilən şəxsin saxlanılma yeri ilə bağlı göstərilən mühüm əhəmiyyət kəsb edən xüsusatlara “texniki səhv” kimi qiymət verib, cinayətin törədilmə və təqsirləndirilən şəxsin saxlanılma yerinin bu üsulla dəyişdirilməsi nəzərdə tutulmadığından, məhkəmə hesab edir ki, istintaq orqanın bu kimi yanaşması iş üzrə mövcud olan bütün digər prosessual qərarları, protokolları və sənədləri də şübhə altına alır. Məhkəmə, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi şəkil və xəritə çıxarışlarını nəzərdən keçirib, eləcə də “Goggle maps” və “Яндекс карты” internet xəritələrində olan məlumatları araşdırıb müəyyən etmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Villa Badam” və “Park Solero” yaşayış kompleksləri müxtəlif istiqamətlərdə yerləşməklə onların arasında olan məsafə 3,3 km.-dir və bu məsafə ən yaxşı halda piyada 40 dəqiqəyə, avtomaşınla isə 9 dəqiqəyə qət edilə bilər. Göründüyü kimi müstəntiq istintaqla aydınlaşdırılmalı olan, təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyən edən mühüm əhəmiyyət kəsb edən halları və xüsusatları istintaq yolu ilə araşdırmamış, prosessual qanunvericilik tərtib edilmiş ittiham aktında cinayətin törədilmə yerini dəqiq göstərilməsini tələb etdiyi halda, iş üzrə tərtib etdiyi ittiham aktında prosessual normaların bu tələblərinə əməl etməmiş, təqsirləndirilən şəxsə verilmiş ittihamda ziddiyyətlərə və anlaşılmazlığa yol verməklə, təqsirləndirilən şəxsin müdafiə hüququ da pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsi ilə müəyyən edilmiş təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) hüququ istintaq orqanı tərəfindən tam həcmdə təmin edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 292.4-cü maddəsinin tələblərinə əsasən cinayət prosesinin aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş və tərcüməçi tərəfindən imzalanmış tərcümələri, habelə həmin sənədlərin məhkəmə icraatının aparıldığı dildə yazılmış surətləri verilməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 26.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqdim edilməli sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir. Lakin iş materiallarından göründüyü kimi, “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqına” 13 dekabr 2023-cü il tarixli qərarda və iş üzrə tərtib edilmiş ittiham aktının təsviri-əsaslandırıcı və təqsirləndirilən şəxsə verilmiş ittihamın təsviri əks olunan yekun hissəsində cinayətin törədildiyi və təsirləndirilən şəxsin saxlanıldığı yer kimi Abşeron rayonu, Masazır qəsəbəsi, “Park Solero” yaşayış kompleksinin yaxınlığı göstərildiyi halda, təqsirləndirilən şəxsə rus dilinə tərcümə edilməklə verilmiş həmin prosessual sənədlərin surətlərində cinayətin törədildiyi və təsirləndirilən şəxsin saxlanıldığı yer kimi Abşeron rayonu, Masazır qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi göstərilmişdir. Göründüyü kimi istintaq orqanı özü təqsirləndirilən şəxsin azərbaycan dilini bilmədiyini qəbul etdiyi, onu rus dilini bilən tərcüməçi ilə təmin etdiyi halda, ona rus dilində verməli olduğu təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham aktı kimi mühüm əhəmiyyət kəsb edən prosessual sənədlərdə cinayətin törədildiyi yer və təqsirləndirilən şəxsin saxlanıldığı yeri düzgün göstərilməsini təmin etməmiş, bu isə bir daha təsirləndirilən şəxsin nədə təqsirləndirildiyini bilmək hüqununun, nəticə etibarı ilə isə müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Qeyd olunan bu və digər pozuntular Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6 və 303.3.7-ci maddələri ilə müəyyən edilmiş kobud pozuntulara əsas olduğundan, məhkəmə hesab edir ki, cinayət işinin məhkəmədə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 3(a) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə məlumatlandırılmaq hüquqlarına malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, 6-cı maddənin 3(a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın “əsasları, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın “xarakteri”, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat verilməsini təmin edir (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, 7 yanvar 2010-cu il) Avropa İnsan Hüquqları Məhkəməsi (Brozisek İtaliyaya qarşı, § 41; Tabai Fransaya qarşı qər.) işində qeyd edir ki, təqsirləndirilən şəxsin məlumatın verildiyi dili yaxşı bilmədiyi müəyyən edilibsə və ya bunun güman edilməsi üçün əsas varsa, hakimiyyət orqanları onu tərcümə ilə təmin etməlidirlər. Bundan başqa, Avropa Məhkəməsi (Kamasinski Avstriyaya qarşı, § 79, Ermi İtalyaya qarşı {BP}, § 68) işlərində qeyd edir ki, 6-cı Maddənin 3 (a) yarımbəmdi əcnəbi təqsirləndirilən şəxs üçün müvafiq məlumatın yazılı qaydada və ya yazılı tərcümə formasında təmin edilməli olduğunu müəyyən etməsə də, məhkəmə tərəfindən istifadə olunan dillə tanış olmayan təqsirləndirilən şəxs – ittiham aktının başa düşdüyü dilə yazılı tərcüməsi ilə təmin olunmadığı halda – praktiki olaraq əlverişsiz mövqedə ola bilər. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra, məhkəmə konkret hallarda Cinayət- Prosessual Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinin uzadılması barədə məsələyə baxmalıdır. İş materiallarına əsasən, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 aprel 2023-cü il tarixdə barəsində Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, daha sonra həbsdə saxlanılma müddəti uzadılmaqla, tutulduğu vaxtdan o, fasiləsiz olaraq həbsdə saxlanılmışdır. 23 fevral 2024-cü il tarixdə cinayət işi məhkəmənin icraatına daxil olmuş, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keşirilib yekunlaşanadək dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi vəsatətlə müraciət edərək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı həbsdə saxlanılmasının son müddətləri başa çatmışdır. Təqsirləndirilən şəxs müdafiəçisi ilə razı olduğunu bildirmiş, dövlət ittihamçısı isə etiraz etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 159.10-cu maddəsinə əsasən həmin Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti həmin Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi məsələsi ilə bağlı, məhkəmə qeyd edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prosessual-hüquqi əsaslar aradan qalxmadığından onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla həbsdə saxlanılma müddətləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 159.2 və 159.10-cu maddələrinin tələbləri nəzərə alınmaqla qərarın elan edildiyi gündən 02 ay müddətinə, yəni 28 may 2024-cü il tarixədək uzadılmalı, həbs qətimkan tədbirinin ləğvi ilə bağlı müdafiə tərəfinin vəsatəti əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3, 303.4-cü və 306.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l ı r:

1. Dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə bağlı vəsatətləri əsaslı olduğundan təmin edilsin.

2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6 və 303.3.7-ci maddələri ilə müəyyən edilmiş kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

3. Təqsirləndilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla, həbsdə saxlanılma müddəti qərarın elan edildiyi gündən 2 ay müddətinə, yəni 28 may 2024-cü il tarixədək uzadılsın.

4. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı təqsirləndirilən şəxsin və onun müdafiəçisinin vəsatətləri əsassız olduğundan təmin edilmədən rədd edilsin.

5. Qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin).

6. Qərarın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin.

7. Qərar qətidir, apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar