Məhkəmə qərarları › İş №1(124)-54/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-54/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-54/2023 24.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər şəhər Regional Vəkil Bürosunun vəkili X2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1975-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 60, mənzil 51-də qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şəxsiyyəti istintaq orqanına məlum olmayan İran İslam Respublikası vətəndaşından Bakı şəhəri, «20 Yanvar» dairəsi yaxınlığında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, 50,111 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 23 noyabr 2021-ci il tarixdə saat 12:20 dəqiqədə Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 60 saylı binanın qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli gödəkçənin sol iç cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 50,111 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən üzərində heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilməyərək ifadəsində göstərdi ki, 5-10 il olar ki, narkotik vasitə istifadə etmişdir. Noyabr ayının 23-ü saat 11 radələrində tutulmuşdur. Polis əməkdaşları onu saxlayarkən onun üstündə narkotik vasitə olmamış, ad günü evdən çıxanda qapının ağzında tutulmuşdur. İttihamda yazılanlar hamısı yalandır. Üzərində narkotik vasitə olmamışdır. İki dəfə məhkum olunmuşdur. O, külli miqdarın necə olduğunu bilməmişdir. Narkotik vasitəni ona vermişdirlər, o da çəkiliş zamanı cibindən çıxarmış və demişdir ki, hə narkotik vasitə ona məxsusdur.. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2021-ci il tarixdə təxminən saat 12:20 radələrində o, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ərazisində yerləşən yaşadığı 60 saylı binanın qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim elmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar onun narkotik vasitələrin qəbulunda, satışında və daşınmasında şübhəli bildiyini ona bildirmişlər. Buna görə də üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nə dəvət elmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nə getmişdir. Orada xidməti otaqlardan birində ona yenidən nə üçün saxlanıldığı izah olunmuş və ona hüquq vəzifələri barədə bildiriş, eləcə də hüquqlarını müdafiə etmək üçün Sumqayıt regional vəkil bürosunun vəkili X5 təqdim olunmuşdur. O. ona etiraz etməmişdir. Bu hərəkətlər hamısı videoçəkilişdən istifadə olunmaqla aparılmışdır. Bundan sonra ona üzərində olan qanunsuz əşya və ya predmetləri təqdim etmək təklif olunmuşdur. O, əynində olan tünd göy rəngli gödəkçənin sol iç cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroini və əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Sonra polis əməkdaşı onun üzərinə şəxsi axtarış keçirmiş lakin heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Polis əməkdaşı təqdim etdiyi bükümün içərisində nə olduğunu soruşmuşdur. O. bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Ondan həmin maddəni haradan əldə etdiyini soruşduqda o, həmin maddəni tanımadığı İran İslam Respublikası vətəndaşından Bakı şəhəri, «20 Yanvar» dairəsi yaxınlığında qramı 6 manata olmaqla nisyə aldığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilərkən aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və çəkisinin 51,36 qram olduğu müəyyən edilmişdir. O, çəkiyə etiraz etməmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə və elektron tərəzi təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və onlar zərfi imzalamışlar. Bundan sonra video çəkiliş dayandırılmışdır. Üzərindən narkotik vasitə aşkar olunması ilə bağlı protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik vasitə olan heroindən istifadə edir. Lakin heç vaxt narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. O, həmin narkotik vasitəni özü istifadə etmək məqsədi ilə almışdır. O, həmin tərəzini çoxdan almışdır. Həmin tərəzi işlək vəziyyətdə olmamışdır. Həmin şəxs ona öz nömrəsini verməmişdir. X10 Respublikası vətəndaşı onun telefon nömrəsini götürmüşdür və özünün onunla əlaqə saxlayacağım bildirmişdir. O, da öz nömrəsini ona vermişdir. Lakin o, tutulduğu üçün həmin şəxs onunla əlaqə saxlaya bilməmişdir. (cild 1, iş vərəqə 67-69) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsində və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi İlə əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 12:20 dəqiqədə əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 60 saylı binanın qarşısında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Tofiq nə üçün saxlanıldığını soruşmuşdur. Onlar onun narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsində, qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Tofiq heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar birlikdə Sumqayıt ŞPİ-nə gəlmişlər. Polis İdarəsində xidməti otaqlardan birində şəxsi axtarış keçirilmiş Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd elektron tərəzini, sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu və əynində olan tünd qəhvəyi rəngli gödəkçənin sol iç cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində narkotik vasitə olan heroin (kakos) olduğunu demişdir. Həmin bükümə baxarkən içərisindəki qəhvəyi rəngli, spesifik iyə mailk narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Onlar ondan həmin narkotik vasitəni haradan əldə eldiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni 2-3 gün əvvəl Bakı şəhəri, «20 Yanvar» dairəsi yaxınlığında adım bilmədiyi İran İslam Respublikası vətəndaşından qramını 6 manat olmaqla nisyə aldığını və özü istifadə eldiyi üçün götürüb üzərində gəzdirdiyini demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş elektron tərəzini nə məqsədlə üzərində gəzdirdiyini soruşduqda o, elektron tərəzinin işləmədiyini və çoxdan aldığını bildirmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 51,36 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etməmişdir. Bundan sonra narkotik vasitə heroinə bənzər maddə və elektron tərəzi qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid polis əməkdaşları X3 və Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, məhkəmədə ifadəsi alınmış Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. (cild 1, vərəqə 150-157) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 noyabr 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.1975-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 60, mənzil 51-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirib üzərinə baxış keçirilməsi barədə qərarın qəbul edilməsi Sumqayıt şəhər məhkəməsinin hakimi X4 xx.xx.2021-ci il tarixli qərarı ilə qanuna uyğun hesab edilmişdir. (cild 1, vərəqə 89) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxsnın üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X5 təqdim olundu, daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etdim. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şallarının sağ yan cibindən bir ədəd elektron tərəzi, həmin şalvarının sol yan cibindən bir ədəd «Samsung» markalı qara rəngli mobil telefon və əynində olan tünd qəhvəyi rəngli gödəkcənin sol iç cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bir bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Həmin bir ədəd şəffaf rəngli sellofana bükülmüş bir büküm açıldıqda içərisindən qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, o narkotik vasitələrin istifadəçisidir, ondan aşkar olunan maddə narkotik vasitədir, həmin maddəni 2-3 gün bundan əvvəl Bakı şəhərində «20 yanvar» dairəsi yaxınlığında adını bilmədiyi İİR-nın vətəndaşından qramını 6 manata olmaqla nisyə olaraq şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Ondan aşkar olunmuş bir ədəd elektron tərəzi isə özünə məxsusdur. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofana bükülmüş bir büküm içərisindəki maddə ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 51,36 qram olduğu müəyyən olundu. Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd elektron tərəzi və bir ədəd şəffaf rəngli sellofana bükülmüş bir büküm içərisindəki maddə ilə birlikdə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada ayrı-ayrılıqda zərfə qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman sonuncunun üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilmədi. Təqsirləndirilən şəxsnın üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olundu və video çəkilişin müddəti saat 12:58-dən-13:08dək davam etdi. Eyni zamanda şəxsi axtarış zamanı istifadə olunmuş “Panasonic” markalı videokamerada həkk olunmuş videoçəkiliş diskə köçürüldü və “HP” markalı kompüterdə baxıldıqdan sonra tərtib olunmuş protokola əlavə edildi. Protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmadı. (cild 1, vərəqə 27-28) Şəxsi axtarış keçirilməsi haqqında protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 23.11,2021-ci il tarixli, 6/5188 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən...» sözləri olan 1 №-İi zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 50,111 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 2 №-li zərfdəki bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. (cild 1, iş vərəqə 41-46) Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixdə daxil olmuş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən sms mətnləri aşağıdakılardır: “mənə 20 manatlıx götür”, “emi qurban sene zeng edirdimki pul atasan bulkunu alım gelim”, “adaş 10 manat var agriyiram Vallah dünən saat 11 gəldik, ad günü idi” məzmunda sms mübadilələrin aparılması müəyyən edilmişdir. (cild 1, iş vərəqə 161-163) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 510 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 176-177) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 3018 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır.Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqə 171-174) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroinin ümumi təmiz çəkisi 50,111 qram olmuşdur. Lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 50,061 qram heroin və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, cinayət işinə əlavə edilməklə məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinin aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 87-88) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində alınmış tələbnamədən görünür ki, o, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Qanunvericiliyin tələblərinə görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxs kimi hesab edilmişdir. (cild 1, iş vərəqə 94-96; 140-145) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 15 saylı MKS-dən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 15 saylı MKS-nə heç bir şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar olunmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik külli miqdarda olması və elektron tərəzinin mövcudluğu Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 noyabr 2021-ci tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 50,061 qram heroin və 01 ədəd elektron tərəzi məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 23 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş ümumi təmiz çəkisi ekspertizadan sonra 50,061 qram qalmış narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilsin, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar