Məhkəmə qərarları › İş №1(124)-540/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-540/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-540/2023 13.12.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1965-ci ildə Abşeron rayonu, Görədil kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, rəsmi olaraq işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Görədil kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Hüseynbala oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 29, 120.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Hüseynbala oğlu xx.xx.1987-ci il tarixdə rəsmi nikaha daxil olduğu, lakin faktiki olaraq ayrı yaşadığı arvadı Zərərçəkmiş şəxs son zamanlar mütəmadi olaraq "TikTok” sosial şəbəkəsinə daxil olması, öz xarici görünüşünə xüsusi fikir verməsi, həyat tərzi və ümumi davranışları ilə sonuncunun başqa kişilərlə şəxsi və intim münasibətdə olmasını ehtimal edib, bunu öz şəxsiyyətini aşağılayıcı hərəkətlər kimi qiymətləndirib qıcıqlanaraq Zərərçəkmiş şəxsm qısqanclıq zəminində qəsdən öldürmək qərarına gəlib, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində sonuncunun yaşadığı evdən çıxaraq dükana doğru getdiyini görüb Zərərçəkmiş şəxs arxası ilə bir neçə metr irəliləyərək istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi, kustar üsulla hazırlanmış, ümumi uzunluğu 345 mm olan, qatlanmayan atipik bıçaq kimi deşici- kəsici xassəyə malik soyuq silah hesab edilən paslanmış bozumtul rəngli bıçaqla Abşeron rayonu, Görədil kəndində yerləşən, ona məxsus fərdi yaşayış evinin yaxınlığında Zərərçəkmiş şəxsm qəsdən öldürmək məqsədilə əvvəlcə sonuncunun kürək və boyun nahiyəsinə bıçaq zərbələri vurub yerə yıxdıqdan sonra həmin bıçaqla sifət nahiyəsinə də qəsdən zərbələr endirib zərərçəkmişə insan həyatı üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa AĞİR zərərvurmaya aid - alın sümüyünün sol orbitaya keçən nahiyəsinin sınığı ilə müşayiət olunan sol qaşüstü nahiyənin 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcələrinə görə sağlamlığa YÜNGÜL zərərvurmaya aid - sol gözaltı və boyun nahiyəsinin arxa səthinin cəmi 2 ədəd deşilmiş-kəsilmiş yaraları, habelə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən – boyun nahiyəsinin sol yan səthinin, sağ kürək, hər iki kürəkaltı nahiyələrinin və sağ əlin V barmağının cəmi 7 ədəd səthi kəsilmiş yaraları kimi xəsarətlər yetirdikdən sonra Zərərçəkmiş şəxs növbəti bıçaq zərbələri də endirib qəsdən həyatdan məhrum etmək istəsə də, sonuncu ilə birgə nikahdan olan qızı Şahid1 öz oğlu Şahid3 Rasim oğlu ilə birgə hadisə yerinə çatıb onun qarşısına keçərək yerdə uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs üzərindən onu uzaqlaşdırması, zərərçəkmişin öz əli ilə sifət nahiyəsini tutub növbəti bıçaq zərbələrindən yayınmaq üçün aktiv müqavimət göstərməsi, eləcə də Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılmaqla ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatının xilas edilməsi ilə əlaqədar o, bilavasitə qəsdən adam öldürməyə yönəldilmiş hərəkətlərini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxsm qısqanclıq zəminində qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxsin həmin cinayət əməlini təqsirli olaraq törətməsi onun özünün etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq olunmuş şahid ifadələri, həmçinin ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Hüseynbala oğlu elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən və suallara cavab verməkdən imtina etmişdir. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs Hüseynbala oğlu ibtidai istintaqı zamanı verdiyi məhkəmədə elan olunraq araşdırılmış ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, tutulana qədər Abşeron rayonu, Görədil kəndindəki evində tək yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Lakin 1991-ci İlin yanvarından 2017-ci ilin axırına qədər Xəzər dəniz gəmiçiliyində sürücü işləmiş, 2017-ci ildə işdən azad olunmuşdur. Həmin vaxtdan 2018-ci ilə qədər müxtəlif iş yerlərində çalışsa da, 2018-dən sonra işləməmişdir. Ağdam rayon sakini Zərərçəkmiş şəxs onun rəsmi olaraq həyat yoldaşıdır, 1987-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan onun 2 övladı dünyaya gəlmişdir: oğlu Hüseyn və qızı Günel. 1987-ci ildən 2018ci ilə qədər Elmira ilə bir evdə yaşamış, Elmira ilə evliliyin ilkin və orta dönəmlərində münasibətləri normal olsa da, evliliyin son dövrlərində Elmira ilə ailə-məişət zəminində münaqişələri olmuş və bu münaqişələr 2018-ci ildən etibarən onları ayrı yaşamağa vadar etmişdir. Münaqişələrin əsas səbəbləri onun işdən azad olunmasından sonra Elmiranın işləyərək dolanışığı təmin etməsi, özünü ailədə ondan üstün hesab etməsi, onu saymaması olmuşdur. Bundan başqa Elmira işlədikdən sonra geyimində və davranışlarında dəyişikliklər yaranmış, öz xarici görünüşünə daha çox fikir vermiş, yəni özünü yaşına uyğun olmayan şəkildə aparmış, daha qısa geyimlər geymiş, evə bəzən gec gəlmiş, bu da onu əsəbləşdirmiş və qısqandırmışdır. Beləcə, onların ailə-məişət zəminində çoxsaylı mübahisələri olmuş, mübahisələrin nəticəsi kimi 2018-ci ildə Elmira evdən ayrılmış və qızı Günelin evində qalmağa başlamışdır. Lakin onlar Abşeron rayonu, Görədil kəndində qonşu həyətlərdə yaşamış, bu səbəbdən Elmiranı tez-tez görmüşdür. Sonuncu isə bundan sonra ona məhəl qoymamış, öz xarici görünüşü və hərəkətləri İlə ona acıq vermiş, hətta tanımadığı maşınlarla evə gəlmişdir. Bu da onda belə bir şübhə doğurmuş ki, Elmiranın hansısa kişi ilə şəxsi münasibəti olmuş və ya əxlaqsız həyat tərzi keçirmişdir. Bundan başqa sonradan Elmira “TikTok” sosial şəbəkəsində səhifə işlətmiş, canlı yayımlar açmışdır. O, Elmira ilə ayrı yaşasa da, rəsmi olaraq hələ də nikahda olduğundan bütün bunları özünə sığışdırmamış, bunun üçün hər dəfə əsəbləşmiş və belə də olduqda o, Elmiranı öldürmək qərarına gəlmişdir. Bir neçə dəfə bu fikir onun beyninə girmiş, lakin sonra imtina etmişdir. Belə ki, hələ hadisədən təxminən 2-3 ay öncə qızı Günelin yaşadığı evin həyət qapısını döymüş və Elmiranın harada olmasını soruşmuşdur. Həmin zaman Elmiranın bu hərəkətləri ilə bağlı sonuncu ilə yekun söhbət aparmaq istəmiş, hətta söhbət əsnasında Elmiranı öldürə də bilərmiş. Günel həmin zaman Elmiranın evdə olduğunu demiş, o isə evə girmək istəmədiyini bildirib Elmiranı çölə çağırmış, lakin Elmira çölə çıxmamışdır. Günelin böyük oğlu, yəni nəvəsi Sənanı görmüş, onlara ürəyi yandığı üçün bu söhbəti böyütmək istəməmiş və çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə bütün günü evdə olmuş, axşam saat 19 radələrində siqareti olmadığı üçün dükanına getmək istəmişdir. Həmin zaman üzərində boz rəngli paslanmış bıçaq da olmuş, həmin bıçağı adətən üzərində gəzdirmişdir. Bıçağı təxminən 5-10 il əvvəl tanımadığı şəxsdən təsərrüfatda istifadə etmək məqsədilə almışdır. Elə o, Abşeron rayonu Görədil kəndində öz evinin qarşısında olan zaman Elmiranın evdən çıxıb yol İlə harasa getdiyini görmüşdür.' Elmira onun həyət qapısından elə bir neçə metr uzaqlaşarkən sonuncunun nalayiq hərəkətləri, özünü cəmiyyət içərisində normal aparmaması, bu hərəkətləri ilə də oıiu daim qıcıqlandırması yadına düşmüş və Elmiraya üzərindəki bıçaqla xəsarət yetirib öldürmək istəmişdir. Bu məqsədlə sağ əlində tutduğu həmin bıçaqla Elmiranın arxasıyca gəlib sonuncunun kürək və boyun nahiyəsindən, səhv etmirsə, 3 bıçaq xəsarəti yetirmişdir. Zərbələrin təsirindən Elmira yerə yıxılmış, yerdə olarkən sonuncu ona “Mən axı nə etmişəm sənə?” demiş və qışqır-bağır salmağa başlamışdır. O isə “Bundan artıq nə etməli idin ki?” deyib Elmiranın ölməsi üçün sonuncunun bədəninin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbəsi də endirmək istəmişdir. Bu zaman Elmira yerdə uzanılı vəziyyətdə olmuş, o isə sonuncunun üzərinə çıxmışdır. Elmiraya endirdiyi bıçaq zərbəsinin sonuncunun gözünün altından dəydiyini və “xarç” deyə bir səs gəldiyini bilmişdir. Hadisə zamanı Elmiranın sifət nahiyəsinə 1 zərbə endirdiyi yadında olmuş, lakin ola bilsin ki, daha çox xəsarət yetirmişdir. Elmira növbəti zərbələrin vurulmaması və endirilən zərbələrin daha dərinə nüfuz etməməsi üçün əlini sifətinə tərəf tutmuşdur. Elmiranın qışqırıq səslərinə kənardan qızı Günel və nəvəsi Nihad qaça-qaça gəlmiş, onun qarşısına keçmişdir. Növbəti zərbələri endirmək niyyəti olsa da, qızı və nəvəsini görüb bıçağı arxasında gizlətmiş, sonra isə bıçağı yerə atmışdır. Artıq bu zərbələrdən Elmiranın öləcəyini də düşünərək yaşadığı evə getmişdir. Hadisə baş verən zaman hadisə yeri və ətrafında kimsə olmamış, qızı və nəvəsinin gözü önündə Elmiranı bıçaqlamamışdır. Zərərçəkmiş şəxs ölməsi üçün sonuncuya bir neçə bıçaq zərbəsi endirmiş, yəni məqsədi Elmiranı öldürmək olmuşdur. Hadisədən dərhal sonra məqsədi polis orqanına gedib təslim olmaq olmuş, çölə çıxdıqda Elmiranın orada olmadığını görmüşdür. Sonradan ona məlum olmuş ki, Elmira qızı Günel tərəfindən xəstəxanaya aparılmış və həyatı xilas edilmişdir. O da hadisədən sonra izahat verərək arvadı Elmiranı bıçaqladığını etiraf etmiş, daha sonra polis əməkdaşları ilə birgə hadisə yerinə qayıdıb cinayəti törədərkən istifadə etdiyi bıçağı sonradan atmış olduğu yeri göstərmiş və polis əməkdaşlarına bıçağı könüllü təqdim etmişdir. Törətdiyi əməldən peşman olmamış, tək peşmançılığı Elmiranı öldürə bilməməyi olmuşdur. (İİ cild, iş vərəqə 35-38) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı isə etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə baş verən günə qədər Bakı şəhərində, “Ayna Sultanova” parkının yaxınlığında yerləşən kənd təsərrüfatı malları dükanında xadimə işləmişdir. Həmçinin "TikTok” sosial şəbəkəsində “yahüseyn" adlı səhifəni 3 ildir ki, istifadə edərək canlı yayımlar açıb gəlir əldə etmişdir. 1987-ci ildə Abşeron rayonu, Görədil kənd sakini Təqsirləndirilən şəxs Hüseynbala oğlu ilə evlənmiş, həmin nikahdan onun Hüseyn və Günel adlı övladları dünyaya gəlmişdir. Dadaşla evlilik dövründə ailə-məişət zəminində xeyli mübahisələri olmuş və Dadaş onu dəfələrlə döymüşdür. Lakin o, ailənin dağılmaması xatirinə Dadaşın bu hərəkətləri barəsində hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Dadaş əvvəllər rəsmi olaraq işləsə də, qazancından ailəyə heç bir məbləğ verməmiş, ailənin dolanışığına pul sərf etməmiş, işdən çıxdıqdan sonra isə spirtli içkilərdən istifadə etmiş və tüfeyli həyat tərzi sürmüşdür. Belə olduqda məcbur qalıb o, işləməyə başlamış, ailənin dolanışığını özü təmin etmiş, lakin işdən qazandığı pulları Dadaş ondan alıb özü üçün xərcləmişdir. Sonralar Dadaş artıq ona evdə normal yaşamağa icazə verməmiş, ona guya fahişəliklə məşğul olmasını bildirmişdir. O, öz xarici görünüşünə və geyiminə fikir verdiyi üçün Dadaş onun başqa kişilərlə şəxsi və intim münasibət saxlamasını düşünmüşdür. Artıq vəziyyətin dözülməz hala gəldiyini görüb bir neçə il əvvəl Dadaşla yaşadığı evdən çıxmış, qızı Günelin yaşadığı ev Dadaşla yaşadığı evin həyəti ilə çəpər qonşuluğunda yerləşdiyi üçün o, həmin müddətdən bəri qızı ilə qalmağa başlamışdır. Bundan sonra onun Dadaşla əlaqəsi kəsilmiş, Dadaş evində tək yaşamış və sonuncu ilə ünsiyyəti olmamışdır. Yəni rəsmi olaraq boşanmasa da, faktiki ərarvad kimi də yaşamamışdır. xx.xx.2023-cü il tarixdə o, səhərdən işə getmiş, saat təxminən 17 radələrində işdən icazə alaraq çıxmışdır. Təxminən 1 saat yarım sonra evə çatmış, həmin zaman evdə Günel və nəvəsi Nihat olmuşdur. Həmin gün o, maaş da almış, həmin ərəfədə kənddə yaşayan Tahir adlı şəxsin dükanına onun 150 AZN-ə yaxın borcu olduğundan maaşdan aldığı pulla dükana olan borcunu ödəmək istəmişdir. Bu səbəbdən evə gəldikdən təxminən yarım saat sonra, yəni axşam saat 19 radələrində o, evdən çıxmış və dükana tərəf getmişdir. Təxminən 20-30 metr məsafə getmişkən, Dadaş öz evinin yanındakı dalandan çıxmış və arxadan onu səsləyərək “1 dəqiqə dayan” demişdir. Arxaya dönüb Dadaşa ondan nə istədiyini soruşmuş, bu zaman Dadaş "Səni öldürəcəm” demiş və digər nalayiq ifadələr də işlədib ona tərəf gəlməyə başlamışdır. Dadaşın onu öldürəcəyini düşünüb üzü dükana tərəf qaçmaq istəmiş, elə bu zaman Dadaş onu arxadan tutub onun boyun və kürək nahiyəsindən bıçaqla bir neçə zərbə vurmuş, lakin zərbələrin sayını hadisənin təsirindən bilməmişdir. Zərbələrdən sonra o, dərhal yerə yıxılmış, kürəyi üstə yerdə uzanılı şəkildə olarkən Dadaş bir əli ilə onun saçından tutmuş, ayaqları ilə qarnını sıxıb üzərində oturmuşdur. Bu zaman o, yüksək səslə qışqırmış və qızını, o cümlədən ətrafdakı insanları kömək üçün çağırmağa çalışmışdır. Sonra Dadaş onun əllərini öz ayaqlarının arasına alaraq sol əli ilə boğazından tutmuş, sağ əlində olan bıçaqla isə onun sifət nahiyəsinə zərbələr endirməyə başlamışdır. Bıçaq zərbəsi onun sol qaşının üstünə dəymiş və bıçaq içəri girmişdir. Növbəti zərbələri vurmağa çalışanda o, Dadaşın zərbələri güclü vurmaması və onu öldürməməsi üçün öz əli ilə sifət nahiyəsini tutmuş, bu zaman əli də kəsilmişdir. Dadaş isə macal tapıb onun sol gözünün alt hissəsinə də güciü bıçaq zərbəsi endirmiş, lakin o, əli ilə bıçağın daha da dərinə keçməsini əngəlləmişdir. Qışqırıq səslərinə qızı Günel və 10 yaşlı nəvəsi Nihat evdən çıxmış və qaça-qaça hadisənin olduğu yerə gəlmişlər. Dadaş növbəti bıçaq zərbələrini endirməyə çalışanda qızı Günel Dadaşı itələyib üstündən yerə yıxmış, artıq Dadaş onun öləcəyini düşünüb üstünə gəlməmiş və uzaqlaşmışdır. Onun isə bir anlıq huşu itmiş, Günel onu silkələyib ayıltmış, üzbəüz qonşunun həyətinə salmış və qapını bağlamışdır. Vəziyyətinin ağır olduğunu görüb Günel çölə çıxaraq yoldan keçən, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı maşını saxlatdırmış və onu “Semaşko" adlanan xəstəxanaya (KTM) aparmışdır. Orada 1 gecə müddətində müalicə alıb qaldıqdan sonra evə buraxılmış və müalicəni evdə davam etdirmişdir. Həmçinin o, xəstəxanada olanda qızı baş vermiş hadisə barəsində polisə şikayət etmişdir. Təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid1 təqsirləndirilən şəxs atası olduğu üçün ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək məhkəmə ifadə verməkdən imtina etmişdir. Şahid1 ibtidai istintaqı zamanı verdiyi məhkəmədə elan olunraq araşdırılmış ifadəsində göstərmişdir ki, X4 ilə evlidir, birgə nikahdan Sənan və Nihat adlı övladları vardır. Anası Elmira ilə atası Dadaş rəsmi olaraq boşanmasalar da, uzun müddətdir ki, onlar faktiki olaraq ayrı yaşamışlar. Belə ki, atası ilə anası arasında evlilik dövründə ailəməişət zəminində xeyli mübahisələr olmuş və atası anasını dəfələrlə döymüşdür. Evlilik dövründə atası əvvəllər işləsə də, heç vaxt pulu ailənin dolanışığı üçün xərcləməmiş, işdən çıxdıqdan sonra isə tüfeyli həyat tərzi sürmüş, belə olduqda anası işləyib ailənin dolanışığını təmin etmişdir. Sonralar atası anasına guya fahişəliklə məşğul olması ilə əlaqədar böhtanlar atmış, nəticədə anası həmin evdən çıxmış və onunla birgə qalmağa başlamışdır. Onun öz ailəsi ilə birgə qaldığı ev atasının evi ilə bir həyətdə olsa da, çəpərlə ayrılmış hissədə tikilmişdir. Hadisədən təxminən 1-2 ay öncə o, evdə olarkən atası onun yaşadığı evin həyət qapısını döymüşdür. Hiss etmiş ki, atası bıçaqla evə gəlmiş, çünki böyründə bıçağa oxşar predmetin gizlədildiyini görmüşdür. Atası əsəbi şəkildə anası Elmiranı çağırmağını ondan tələb etmiş, o isə əgər söhbət etmək istəyirsə, evə daxil olmasını atasına təklif etmişdir. Atası isə belə olduqda anasının ünvanına nalayiq ifadələr işlədib çıxıb getmişdir. Bundan başqa böyük oğlu Sənanın deməsinə görə hadisədən 1 gün öncə atası Dadaş çöldə Sənanı görmüş, Elmiranın nə vaxt evə gələcəyini soruşmuşdur. Sənan bu söhbəti ona danışdıqda atasının anasına qarşı xoş olmayan planlar olduğunu düşünmüş, ona görə də, uşaqlarına babasının yanına getməməyi tapşırmışdır. xx.xx.2023-cü il tarixdə o, bütün günü evdə olmuş, anası və əri səhərdən işdə olmuşdur. Oğulları saat təxminən 5-in yarsı evə qayıtmış, bundan 2 saat sonra isə anası işdən evə qayıtmış və maaş aldığını bildirmişdir. Biraz keçmiş anası çölə çıxaraq dükana olan borcu ödəyəcəyini demiş, həmin zaman evdə ondan başqa kiçik oğlu Nihad olmuş, Sənan isə çölə çıxmışdır. Bundan bir neçə dəqiqə sonra evdə olarkən çöldən qışqırıq səsləri eşitmiş, səs anasının səsi olmuşdur. Tez oğlu Nihadla birgə çölə çıxmış, oğlu ona “Baba nənəni bıçaqlayır" demişdir. Diqqətlə baxdıqda atasının anasının üstündə yerdə olduğunu və anasını sanki bıçaqladığını görmüşdür. Qışqıra-qışqıra anasının bıçaqlandığı yerə çatmış, Nihadla birgə atası Dadaşı itələmiş və dərhal ikisi də sonuncunun qarşısına keçmişdir. Bu zaman atası bıçağı gizlətmiş, daha zərbə endirməmiş və hadisə yerindən çıxıb öz evinə getmişdir. Bıçaq dəmirdən olmuş, çox böyük olmuş, səhv etmirsə, hadisədən 1 ay öncə atasının üzərində gəzdirdiyi bıçaq elə bu bıçaq olmuşdur. Həmin zaman anasının huşu özündə olmamış, lakin üzərində qan ləkələri görmüş və bıçaq xəsarətləri aldığını başa düşmüşdür. Anasını silkələyib ayıltmış, üzbəüz qonşunun həyətinə salmış və hər ehtimala qarşı qapını bağlamışdır. Anasının vəziyyətinin ağır olduğunu görüb çölə çıxmış, kəndin mərkəzi yolundan keçən, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı maşını saxlatdırmış və anasını "Semaşko" adlanan xəstəxanaya aparmışdır. Elə xəstəxanada olarkən DİN-in “102" xidmətinə zəng edərək atasının anasını bıçaqladığını bildirmişdir. Xəstəxanada ona məlum olmuş ki, atası anasına kürək, boyun və göz nahiyəsindən bıçaqla xəsarətlər yetirmişdir. Anası həmin xəstəxanada 1 gecə müddətində müalicə alıb qaldıqdan sonra evə buraxılmışdır. Atasının anasını konkret hansı səbəbə görə bıçaqladığını bilməsə də, atasının anasını qısqanaraq bıçaqladığını düşünmüşdür. Çünki əvvəllər bir neçə dəfə atası anasına öz xarici görünüşünə görə başqa kişilərlə münasibətdə olmasını deyib dava-dalaş yaratmışdır. Atasının bıçaq xəsarətləri yetirməsində məqsədinin anasını öldürmək olmasını düşünmüşdür. Çünki bıçaq xəsarətlərinin sayı çox olmuş, o və oğlu atasının qarşısına keçməsə, atası anasına yenə xəsarətlər yetirərmiş. Həmçinin anası tez xəstəxanaya çatdırılmış, bu səbəbdən anası sağ qalmışdır. Hadisə zamanı yalnız anasının qışqırıq səslərinə həyətdən çıxanda hadisəni görmüş, lakin onun bunu görməsini atası bilməmiş və görməmişdir. Çünki o və oğlu kənardan hadisə yerinə gəldiyi üçün atasının onları görmək imkanı olmamışdır. Yəni atası anasına onun və oğlu Nihadın gözü önündə bıçaq xəsarətləri yetirməmişdir. ( cild 1, iş vərəqə 169-173) Şahid3 ibtidai istintaqı zamanı verdiyi məhkəmədə elan olunraq araşdırılmış ifadəsində anası Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. ( cild 1, iş vərəqə 192-195) Şahid2 ibtidai istintaqı zamanı verdiyi məhkəmədə elan olunraq araşdırılmış ifadəsində göstərmişdir ki, anası Günel, qardaşı Nihad, atası Rafiq və nənəsi Elmira ilə bir yerdə qalmış, Abşeron rayonu, Görədil kənd tam orta məktəbinin 7-ci sinfində oxumuşdur. Nənəsi Elmira ilə babası Dadaş son zamanlar ayrı qalmış, babası həyətdəki digər evdə tək yaşamışdır. Babası onların yaşadığı evə heç vaxt gəlməmiş, babası ilə nənəsi arasında mübahisə və dava-dalaş görməmişdir. Lakin anası ona babası Dadaşın əvvəllər nənəsi Elmiraya çox əziyyət verdiyini, elə ona görə nənəsinin ayrılıb onlarla birgə qaldığını demişdir. Nənəsi bıçaqlanmamışdan 1 gün qabaq o, kənddə olarkən babası onu görmüş, evinə çağırmış və o da babasının evinə getmişdir. Babası ondan nənəsinin normalda nə zaman işə getdiyini, işdən gəldiyini, nənəsinin evə adam gətirib-gətirmədiyini, habelə kiminsə evində qalıb-qalmadığını soruşmuşdur. O da nənəsinin işə gedib-gəlmə vaxtlarını babasına bildirmiş, eyni zamanda “Nənəm evə heç kimi gətirmir və əgər qonaq getmirsə, çox zaman gecə evimizdə qalır” demişdir. Daha sonra babası ona “Nənə evə gələndə mənə dərhal xəbər elə, yanıma gəl, amma bu söhbət ikimizin arasında qalsın” demişdir. Lakin o, bu söhbəti anasına danışmış, anası da bir daha babasının evinə getməməyi ona tapşırmışdır.Hadisə olan günü evdə olmuş, saat təxminən 17 radələrində dostları ilə oynamaq üçün evdən çıxmışdır. Həmin gün çərşənbə axşamı olduğu üçün dostları ilə tonqal qalamağa hazırlaşmış, evdən təxminən 200 metr məsafədə olmuşdur. Saat təxminən 19 radələrində evləri tərəfdən qışqırıq səsləri gəldiyini eşitmiş, lakin səsin heyvan səsi, yaxud da körpə səsi olduğunu düşünmüşdür. Bundan təxminən yarım saat sonra həmyaşıdı olan uşaq ona babası Dadaşın nənəsi Elmiranı bıçaqladığını demişdir. Tez evə gəlmiş və anasının nənəsini xəstəxanaya apardığını öyrənmişdir. Bunun ardınca paltarlarını götürüb qonşu evində qalmaq üçün evdən çıxmış və yolda babasını görmüşdür. Babası ona “Özündən muğayat ol, yenə gələcəyəm" demişdir. O da heç nə deməyib oradan uzaqlaşmış və həmin gecə qonşu evində qalmışdır. Sonradan anası ona “Baban evin qarşısında nənəni bıçaqlamışdır, lakin vaxtında hadisə yerinə gəldiyimiz üçün nənən ölməmişdir” demişdir. (Cild 1, iş vərəqə 212-214) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş, Hadisə yerinə ilkin baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Abşeron rayonu, Görədil kəndində Təqsirləndirilən şəxs Hüseynbala oğluna məxsus yaşayış evinin ətrafı olmuşdur. Hadisə baş verən yer torpaq yol olmuş, hər iki tərəf mişar daşları ilə hörülmüş, yaxınlıqda sonuncuya məxsus yaşayış evi və örtüklü dalan olmuşdur. Baxış iştirakçısı Təqsirləndirilən şəxs baxış zamanı Zərərçəkmiş şəxsm bıçaqladığını, daha sonra bıçağı öz dalanının sağ hissəsində yol kənarına atdığını bildirmiş, baxış zamanı o, evinin yaxınlığında Zərərçəkmiş şəxs bıçaq xəsarətləri yetirdiyi və bıçağı atdığı yeri göstərmişdir. Hadisə yerinə ilkin baxış zamanı həmin paslanmış bıçaq götürülmüşdür. (cild 1, iş vərəq 9-14) Hadisə yerinə əlavə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Abşeron rayonu, Görədil kənd sakini Təqsirləndirilən şəxs Hüseynbala oğlunun öz arvadı Zərərçəkmiş şəxs bıçaq xəsarətləri yetirdiyi yer və ətrafı olmuşdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yaşadığı ev Novxanı kəndindən Görədil kəndinə giriş yolundan 2 km məsafədə, Görədil kəndinin mərkəzi yolundan 70 m soldakı aralıqda yerləşmişdir. Baxış iştirakçısı Zərərçəkmiş şəxs baxış zamanı həmin aralıqda sağda ilk dəmir qapının Təqsirləndirilən şəxs, ondan sonrakı boz rəngli dəmir qapının isə özünün yaşadığı həyətə giriş qapısı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin dəmir qapısı qırmızı rənglidir, ikitaylıdır və paslanmışdır. Həmin qapıdan içəri daxil olduqda qarşıya həyətyani sahə və 2 ədəd 1 mərtəbəli yaşayış evi çıxmışdır. Həyətyani sahə baxımsız vəziyyətdə və quru otlarla dolu olmuşdur. Həyət qapısı ilə üzbəüz, təxminən 25 m məsafədə Təqsirləndirilən şəxs yaşadığı ev yerləşmişdir. Həmin ev də baxımsız vəziyyətdə və girişi qapısı bağlı olmuşdur. Həmin evdən sol tərəfdə, təxminən 20 m məsafədə isə digər 1 mərtəbəli yaşayış evi yerləşmişdir. Həmin ev baxış iştirakçısı Zərərçəkmiş şəxs, qızı və sonuncunun ailə üzvlərinin birgə qaldığı ev olmuşdur. Həmin evin həyətinin girişi isə boz rəngli ikitaylı dəmir darvazadan olmuşdur. Evlər eyni həyət daxilində yerləşsə də, giriş qapıları ayrı olmuşdur. Daha sonra Zərərçəkmiş şəxs hadisə zamanı, yəni xx.xx.2023-cü il tarixdə evdən çıxdığı yə dükana tərəf getdiyi istiqaməti, Təqsirləndirilən şəxs hadisə zamanı harada gizlənməsini, ona kürək nahiyəsindən ilkin olaraq harada xəsarət yetirməsini, daha sonra yıxılaraq özünün uzandığı yeri və sifət nahiyəsinə xəsarətlər yetirilən yeri əyani olaraq göstərmişdir. Baxış zamanı müəyyən olunmuş ki, Təqsirləndirilən şəxs yaşadığı evin giriş darvazasından kəndin mərkəzi yoluna doğru təxminən 10 m məsafədə Zərərçəkmiş şəxs bıçaq xəsarətləri yetirmiş, bundan 5 m məsafədə sonuncu yerə uzanmış, Təqsirləndirilən şəxs həmin yerdə zərərçəkmişin üzərinə çıxıb sifətinə bıçaqla xəsarətlər yetirmişdir. Eyni zamanda müəyyən edilmiş ki, Zərərçəkmiş şəxs və qızının yaşadığı ev hadisənin baş verdiyi yerdən təxminən 30 m məsafədədir, Zərərçəkmiş şəxs qızı ilə nəvəsi giriş qapısından çıxıb Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyi yerə gəlmiş və Təqsirləndirilən şəxs arxası və ya böyrü onlara tərəf olmuşdur. (cild 2, iş vərəqə 5-10) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “bıçağa baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən əşya hadisə yerində aşkar edilib götürülmüş bıçaqdır. Bıçaq qatlanmayan tiplidir, tiyə və dəstəkdən ibarətdir. Bıçaq dəmirdən hazırlanmışdır, paslanmaya məruz qalmışdır. Bıçağın ümumi uzunluğu 345 mm-dir. Bıçağın tiyəsi - bozumtul rənglidir, orta xətt boyu uzunluğu 230 mm, eni əsasında 40 mm, ortada 38 mm, uc hissədə 1 mm-dir. Tiyənin bir kənarı itilənmişdir, digər kənar isə itilənməmişdir, yəni kütdür. Tiyə üzərində çəhrayı rəngli qanabənzər ləkələr aşkar edilmişdir. Bıçağın dəstəyi - üzərinə yaşılımtıl rəngli yapışqan sarınmışdır, altına isə sarı rəngli parça material keçirilmişdir. Uzunluğu 125 mm, eni 45 mm, qalınlığı 25 mm-dir. Həmin yapışqan açıldıqdan sonra müəyyən olunmuş ki, bıçağın dəstəyi tiyənin davamı olaraq bütöv metaldandır. Dəstəyin səthində 03 ədəd dairəvi formalı dəliklər qeyd edilmişdir. (cild 1, iş vərəq 76-77) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “zərərçəkmiş şəxsin paltarlarına baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən əşyalar Zərərçəkmiş şəxs tərəfindən könüllü olaraq təqdim edilməklə götürülmüş, zərərçəkmiş şəxsin hadisə zamanı əynində olan gödəkçə, kofta, mayka və şalvar olmuşdur. Gödəkçə - göy rənglidir, balonka tiplidir, uzunqolludur. Gödəkçə öndən plastik zəncirbənd və metal düymələrlə bağlanmışdır. Gödəkçənin hər iki səthində qapaqlı cibləri olmuşdur. Gödəkçənin ümumi uzunluğu 650 mm, yan tikişlər arasındakı məsafə də 650 mm, qolların uzunluğu 410 mm olmuşdur. Gödəkçənin arxa səthinin orta hissəsində uzunluqları 8, 12 və 17 mm olan 03 ədəd dəlib-keçən zədə, uzunluğu 7 mm olan üçbucaq formalı 01 ədəd zədə olmuşdur. Gödəkçənin arxa səthinin yuxarı hissəsində uzunluğu 6 mm olan 01 ədəd dəlib-keçən zədə olunmuşdur. Gödəkçənin üzərində bütün səth boyu yayılmış xeyli həcmdə qanabənzər ləkələr müşahidə edilmişdir. Kofta - qırmızı rənglidir, sintetik materialdandır, uzunqoldur, arxası ipli-hörgülüdür. Koftanın uzunluğu 630 mm, çiyin nahiyəsində eni 665 mm, qollarının uzunluğu 385 mm olmuşdur. Koftanın arxa səthinin sol yarısında qeyri-düzgün xətti formalı 7,8 və 9 mm uzunluqda 03, oval formalı 2x2 mm ölçüdə 01 ədəd, yəni ümumilikdə 04 ədəd dəlib-keçən zədələr olmuşdur. Koftanın arxa səthinin sağ yarısında 6 mm uzunluqda 01 ədəd dəlib-keçən zədə olmuşdur. Koftanın üzərində bütün səth boyu yayılmış xeyli həcmdə qanabənzər ləkələr müşahidə edilmişdir. Mayka - qırmızı rənglidir, çiyinliyi iplidir. Maykanın ümumi uzunluğu 420 mm-dir. Maykanın arxa səthinin yuxarı hissəsində xətti formalı 7 və 8 mm uzunluqda 02, üçbucaq formalı 8x8 mm ölçüdə 01 ədəd, yəni ümumilikdə 03 ədəd dəlib-keçən zədələr olmuşdur. Şalvar - göy rənglidir, cins materialdandır. Şalvarın hər iki səthində ciblər vardır, ciblərin içərisi boşdur. Şalvarın ümumi uzunluğu 810 mm, bel nahiyəsində diametri 385 mm- dir. Şalvar üzərində hər hansı zədə aşkar olunmasa da, ön tərəfində qanabənzər ləkələr müşahidə olunmuşdur.. (cild 1, iş vərəq 78-86) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “təqsirləndirilən şəxsə əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Hüseynbala oğlu “1” nömrəsi altında qeyd edilmiş dəstəyi və tiyəsi bozumtul rəngli paslanmış bıçağı tanıyaraq, həmin bıçağın ona məxsus olduğunu və Zərərçəkmiş şəxs həmin bıçaqla zərbələr endirib öldürmək istədiyini bildirmişdir. (cild 2, iş vərəq 25-27) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 458 saylı rəyinə əsasən, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - alın sümüyünün sol orbitaya keçən nahiyəsinin sınığı ilə müşayiət olunan sol qaşüstü nahiyənin deşilmiş-kəsilmiş yarası, sol gözaltı, boyun nahiyəsinin arxa səthinin deşilmiş-kəsilmiş yaraları, boyun nahiyəsinin sol yan səthinin, sağ kürək, hər iki kürəkaltı nahiyyələrin, sağ əlin V barmağının səthi kəsilmiş yaraları İti deşici kəsici əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitə, yəni xx.xx.2023-cü il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. (cild 1, iş vərəq 94) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 17 saylı rəyinə əsasən, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş - alın sümüyünün sol orbitaya keçən nahiyəsinin sınığı ilə müşayiət olunan sol qaşüstü nahiyənin 01 ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Sol gözaltı və boyun nahiyəsinin arxa səthinin cəmi 2 ədəd deşilmiş-kəsilmiş yaraları dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-aynlıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Boyun nahiyəsinin sol yan səthinin, sağ kürək, hər iki kürəkaltı nahiyələrinin və sağ əlin V barmağının cəmi 7 ədəd deşilmiş-kəsilmiş yaralan həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. Elmira Dadaşovun bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və ekspertizaya təqdim olunan bıçağın konstruktiv xüsusiyyətlərini nəzərə alaraq qeyd olunan deşilmiş-kəsilmiş yaralar ekspertizaya təqdim olunan bıçaq və ya ona oxşar bıçağın tiyəsinin təsirindən əmələ gələ bilərdi. ( cild 1, iş vərəq 222-224) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-tibbikriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 125/MTKŞ-2023 nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs məxsus gödəkçə və koftanın hər birinin arxa səthində 5 ədəd, maykanın arxa səthində 3 ədəd dəlib-keçən zədə vardır. Həmin zədələr deşilmiş-kəsilmiş zədələrdir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənməyə uyğun gəlir. Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində olan zədələr ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətlərə malik alətin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs cins şalvarı üzərində zədə aşkar edilməmişdir. Təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış qatlanmayan atipik bıçaqdır və deşici-kəsici xassəyə malik soyuq silah hesab edilir. (Cild 1, iş vərəqə 206-211) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-tibbibioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 177/2023-MTBŞ nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs məxsus mayka, gödəkçə, kofta, şalvar və bıçaq üzərində olan ləkələrdə В alfa (İİİ) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri В alfa (İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (cild 1, iş vərəqə 201-205) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1330 saylı rəyinin məhkəmə-psixiatrik ekspertizası üzrə nəticə hissəsinə əsasən, Təqsirləndirilən şəxs Hüseynbala oğlu hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Ondan xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlar idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri CM-nin 21.1, 21.3 və ya 22.1-ci maddələrinin təsir altına düşməmiş, hazırki psixi vəziyyətinə görə öz hərəkətlərini dərk etmək və İdarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı olmamışdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərdə iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə mane olmamışdır. Ekspert rəyinin Məhkəmə-psixoloji ekspertizası üzrə nəticə hissəsinə əsasən, Təqsirləndirilən şəxs kinlilik, inadkarlıq, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, özünə qarşı hörmət tələb etmək, eqoizm, konfliktə meyllilik, qıcığa qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman emosional vəziyyətində qıcığa qarşı həssaslıq əmələ gəlmiş, həmin halın yaranması onda müəyyən edilən fərdi-psixi xüsusiyyətlər fonunda həyat yoldaşının sərbəst davranmasını qəbul edə bilməməsi, ona qarşı bilərək saymazlıq etdiyini düşünməsi ilə əlaqədar olmuşdur. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs fizioloji affekt vəziyyətində olmamışdır. (cild 2, iş vərəq 11-15) Cinayət işinin materiallarından görünür ki, dəstəyi və tiyəsi bozumtul rəngli 01 ədəd paslanmış bıçaq ; zərərçəkmiş şəxsin hadisə zamanı üzərində olan paltarlar - 01 ədəd göy rəngli gödəkçə, 01 ədəd qırmızı rəngli kofta, 01 ədəd qırmızı rəngli mayka və 01 ədəd göy rəngli cins şalvar cinayət işi üzrə maddi sübut qismində tanınmışdır. (cild 2, iş vərəqə 42-57) Abşeron rayon qeydiyyat şöbəsinə verilmiş sorğuya cavabdan görünür ki, həmin şöbədə Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs (Həsənova) arasında xx.xx.1987-ci ildə nikahın bağlanması haqqında akt qeydi aparılmışdır. (cild 1, iş vərəqə 01-04) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin sistemindən Təqsirləndirilən şəxs Hüseynbala oğlu barəsində götürülmüş məlumatlarda məhkumluğu olmadığı göstərilmişdir.(cild 1, iş vərəqə 92-93) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Abşeron rayon İHB-nın Görədil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Hüseynbala oğlu barəsində nümayəndəliyə heç bir şifahi və yazılı şikayət daxil olmamışdır.(cild 1, iş vərəqə 197) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxsla barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmamış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Hüseynbala oğlunun qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Hüseynbala oğluna qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının qeyd edilən maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Hüseynbala oğluna cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12 -ci maddəsinə əsasən zərərçəkmiş şəxs ilə barışması onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs Hüseynbala oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4- nömrəli qərarına əsasən, Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir. Başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Hüseynbala oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Hüseynbala oğlu 08 mart 2023cü il tarixdə CM-nin 127.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət qaldırılmış, lakin Abşeron rayon prokuroru, tərəfindən vəsatət təmin edilməmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-nin 127.1-ci maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilmiş və o, təqsirlndirilən şəxs qismində cəlb edilərək tutulmuşdur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə 03 ay 07 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.( cild 1, iş vərəqə 31, 63-70, 114-117) Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Hüseynbala oğlunun cəza çəkmə müddətinin başlanğıcı 31 mart 2023-cü il tarixdən hesablanmalı, 08 mart 2023-cü il tarixdən 10 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan – dəstəyi və tiyəsi bozumtul rəngli 01 ədəd paslanmış bıçaq ; zərərçəkmiş şəxsin hadisə zamanı üzərində olan paltarlar - 01 ədəd göy rəngli gödəkçə, 01 ədəd qırmızı rəngli kofta, 01 ədəd qırmızı rəngli mayka və 01 ədəd göy rəngli cins şalvar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Hüseynbala oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 və 228.4-cü maddələri maddələri nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi üzrə 07 il 10 ay 15 gün (yeddi il on ay on beş gün) müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi üzrə 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs Hüseynbala oğlu qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Hüseynbala oğlunun 08 mart 2023-cü il tarixdən 10 mart 2023-cü il tarixədək tutularaq həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 07 il 11 ay 28 gün (yeddi il on bir ay iyirmi səkkiz gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Hüseynbala oğlunun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 31 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Hüseynbala oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Hüseynbala oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan –01 ədəd paslanmış bıçaq, 01 ədəd göy rəngli gödəkçə, 01 ədəd qırmızı rəngli kofta, 01 ədəd qırmızı rəngli mayka və 01 ədəd göy rəngli cins şalvar məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs Hüseynbala oğluna isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar