Məhkəmə qərarları › İş №1(124)-545/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-545/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-545/2024 22.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzv, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirlən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 03 avqust 2023-cü il tarixdə Sumqayıt şəhərində, “Daş bazarı” adlanan yerin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd sellofan bağlamada, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na daxil edilmiş ümumi təmiz çəkisi 1065,622 qram (1kq 65,622 qr.) külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini 800 manat müqabilində əldə edib Abşeron rayonu, Novxanı kəndində yaşadığı evə daşıyıb həmin narkotik vasitə heroinin 11,622 qramını ayırıb üzərində, qalan 1054,0 qramını isə yaşadığı evdə saxlamış, 04 avqust 2023-cü il tarixdə saat 16:45 radələrındə Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat- axtarış tədbirləri zamanı yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə gətirilib həmin gün saat 18:10-dan saat 18:25-ə kimi xidməti otaqların birində üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibində 01 ədəd sellofan kəsiyinə bükülmüş 11,622 qram çəkidə narkotik vasitə heroin və əməliyyat tədbirlərinin davamı kimi həmin gün saat 18-40dan saat 18-55-ə kimi Abşeron rayonu, Novxanı kəndində yerləşən yaşadığı evə baxış keçirilərkən otaqda yumşaq mebelin (divanın) alt hissəsində 01 ədəd bağlamada təmiz çəkisi 1054,0 qram olan narkotik vasitə heroin, ümumilikdə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan 1065,622 qram (1kq 65,622 qr.) çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, evində yatmış vəziyyətdə olarkən təxminən saat 12 radələrində Saray polis bölməsinin əməkdaşları həyətinin hasarından aşaraq onu götürüb aparmışlar. Daha sonra saat 3-4 radələrində polis əməkdaşları ona ya heroini, ya da silah saxladığını boynuna götürməli olduğunu söyləmişlər. Polis əməkdaşları onun evinin açarını oğurlayaraq, narkotik vasitə heroini onun evində divanın altına qoyduqlarını bildirmiş və ona bu narkotik vasitəni öz üzərinə götürərək İran vətəndaşından aldığını söyləməsini bildirmişlər. O da narkotiklə müqayisədə silahın cəzasının daha yüngül olduğunu bilməmiş və məcbur olaraq bu əməli boynuna götürmüşdür. Əvvəllər heroin istifadə etdiyini və buna görə məhkum olduğunu bildirmişdir. Polis əməkdaşlarının onu döydüyünü və sinəsindən, ayağından, qolundan, başından xəsarət alması barədə ekspert rəyinin mövcud olduğunu bildirmiş, hətta ona sanksiya seçiləndə polis əməkdaşları tərəfindən döyülməsi barədə məhkəmədə ifadə verdiyini söyləmişdir. Ekspertizadan Kürdəxanıya gətirilən zaman keçmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təzyiq altında vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə təqsirli bilinərək məhkumluq həyatı yaşamışdır. Həmçinin bir neçə ildir ki, narkotik vasitə olan heroin istifadəçisidir. Bildirir ki, xx.xx.2023-cü il tarixdə saat 17-18 radələrində Sumqayıt şəhərində, “Daş bazarı” adlanan yerin yaxınlığında olduğu zaman İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Hüseyn adlı şəxsdən 800 manat müqabilində bir bağlamada narkotik vasitə olan heroin alaraq həmin heroini Abşeron rayonu, Novxanı kəndində yaşadığı evə aparmışdır. Ertəsi gün, yəni xx.xx.2023-cü il tarixdə o, həmin bağlamadakı heroindən bir qədərini sellofan kəsiyinə büküb özü istifadə etməyi üçün öz üzərində saxlamışdır. Həmin gün saat 16 radələrində o, yaşadığı evdən çıxaraq küçədə bir qədər piyada hərəkət edərkən 3 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda, öz üzərində saxlamaqda və satışında şübhəli bilindiyi üçün onu Abşeron RPİ-nin Saray PBnə dəvət etmişlər. O, da etiraz etməyib onlarla birlikdə Abşeron RPİ-nin Saray PB-nə gəlmişdir. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutularaq şübhəli şəxs kimi ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə, psixotrop maddə varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, üzərində narkotik vasitə olan heroin olduğunu bildirib əynində olan şalvarının cibindən sellofan kəsiyinə bükülmüş bir büküm çıxarıb təqdim edərək həmin bükümdə narkotik vasitə olan heroin olduğunu, həmin heroini bir gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində, “Daş bazarı” adlanan yerin yaxınlığında olduğu zaman İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Hüseyn adlı şəxsdən 800 manat müqabilində aldığını, həmin heroinin qalan hissəsinin də yaşadığı evdə olduğunu bildirmişdir. Bundan sonra içərisində narkotik vasitə heroin olan həmin büküm polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılıb protokol tərtib olunmuş və həmin protokolun doğruluğu da proses iştirakçıları və onun tərəfindən imzaları ilə təsdiq edilmişdir. Sonra polis əməkdaşları ona yaşadığı evə də baxış keçirmək istədiklərini bildirmişlər və o, onlara etiraz etməmişdir. Polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsilə yaşadığı evə baxış keçirilən zaman otaqda yumşaq mebelin (divanın) alt hissəsində saxladığı, içərisində narkotik vasitə heroin olan bir sellofan bağlama da aşkar edilərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları tərəfindən həmin narkotik vasitə olan heroin də zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib olunduqdan sonra o,da proses iştirakçıları ilə birlikdə protokolun doğruluğunu öz imzası ilə təstiq etmişdir. Bir daha bildirir ki, o, üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini öz şəxsi istifadəsi üçün əldə etmişdir. Lakin etiraf edir ki, təxminən 3 ay olar ki, narkotik vasitə olan heroinin satışı ilə də məşğul olurdu. Yuxarıda qeyd etdiyi kimi, o, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 17-18 radələrində Sumqayıt şəhərində, “Daş bazarı” adlanan yerin yaxınlığında olduğu zaman İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Hüseyn adlı şəxsdən 800 manat müqabilində almışdır. Hüseyn adlı şəxsin anket məlumatlarını, harada yaşadığını və istifadəsində hansı mobil nömrənin olduğunu bilmir. Hüseynlə “Daş bazarı” adlanan yerin yaxınlığında tanış olarkən o, İran İslam Respublikasının vətəndaşı olduğunu, əvvəllər İran İslam Respublikasında yaşasa da bir neçə ildir ki, Sumqayıt şəhərində yaşadığını bildirmişdir. Törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edir və əməlindən peşimandır. Həmçinin polis əməkdaşları tərəfindən saxlanıldığı zaman ona hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. (cild 1, iş vərəqə 75-77) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması, eləcə də bir qədər sonra Abşeron rayonu, Novxanı kəndində yaşadığı evin yaxınlığında olacağı, üzərində də narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olacağı barədə əməliyyat məlumatı daxil olmuşdur. Abşeron rayonu, Novxanı kəndinə gedərək Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında gözləməyə başlamışlar. Bundan bir qədər sonra, saat 16 radələrində zahiri əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə qəbul etməsi, satışı və qanunsuz dövriyyəsi ilə məşğul olması, eləcə də üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olması barədə məlumatlarının olduğunu bildirib onu Abşeron RPİ-nin Saray polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla birlikdə Abşeron RPİ-nin Saray PB-nə gəlmişdir. Bundan sonra polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, da üzərində narkotik vasitə olan heroin olduğunu bildirib əynində olan şalvarının cibindən 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümdəki kütlənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra onlar videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar və axtarış zamanı onun üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Bundan sonra isə sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi həmin 1 ədəd bükümdə olan heroini bir gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində, “Daş bazarı” adlanan yerin yaxınlığında olduğu zaman İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Hüseyn adlı şəxsdən 800 manat müqabilində almışdır və Hüseyn adlı şəxsdən aldığı heroinlərin qalan hissəsinin də yaşadığı evdə olduğunu bildirmişdir. Sonra onlar video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirən zaman otaqda olan divanın alt hissəsində saxladığı, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bir sellofan bağlama aşkar edilərək götürülmüşdür. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Abşeron rayon polis idarəsinin Saray PB-nin polis sahə rəisi Şahid2 və Abşeron rayon polis idarəsinin Saray PB-nin sahənin polis nəfəri Şahid3 Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun dediklərini özlərinə aid olan hissədə təsdiq etmişlər. (Cild 1, iş vərəqə 118-121, 144- 147) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 avqust 2023-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama və daşıması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, iş vərəqə 05) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» və «yaşayış sahəsinə baxış keçirilməsi və götürmə aparılması haqqında» protokollardan, həmçinin “diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Novxanı kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə gətirilib həmin gün saat 18:10-dan saat 18:25-ə kimi xidməti otaqların birində üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı, 01 ədəd sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroinə bənzər kütlə və həmin gün saat 18:40-dan saat 18:55-ə kimi yaşadığı mənzilə baxış keçirilərkən otaqda yumşaq mebelin (divanın) alt hissəsində saxladığı 01 ədəd bağlamada narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. (cild 1, vərəqə 38-39, 41- 42, 148-151) Şəxsi axtarış və götürmə aparılması haqqında, yaşayış sahəsinə baxış keçirilməsi və götürmə aparılması haqqında, həmçinin diskə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4177 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 246” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan 1 (bir) ədəd bükümdə təmiz çəkisi 11,622 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçun № 246” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilən büküm Təqsirləndirilən şəxs “imza” yazısı və imzalar olan bağlamadakı 1(bir) ədəd bükümdə təmiz çəkisi 1054,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1065,622 qram (1 kq 65,622 qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər.Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitlər»-in siyahısına (Siyahı İ) daxildir. Ekspertizaya təqdim edilmiş heroinlərin təmiz çəkiləri - 11,622 qram və 1054.0 qram, sərf edildi: 01 qram və 0,2 qram, qalıq: 11,522 qram və 1053,8 qram. (cild 1, iş vərəqə 52-57) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 6238 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görünür. (cild 1, iş vərəqə 123-124) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1647 №li rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar olunmamışdır. ( cild 1, iş vərəqə 122) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 11,622 qram narkotik vasitə heroin və yaşadığı evdən aşkar olunaraq götürülmüş 01 ədəd bağlamada təmiz çəkisi 1054,0 qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi 1065,622 qram (1 kq 65,622 qram) narkotik vasitə heroin xx.xx.2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,522 qram və 1053,8 qram narkotik vasitə heroin işin məhkəmə baxışınadək saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanıldığı anbara təhvil verilmişdir. 01 (bir) ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 97-98, 164-171) Cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 06 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 08 ay 14 gün hissəsindən “08 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. (cild 1, iş vərəqə 102-104,154-155) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon İHB-nın Novxanı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon, Novaxı kəndi, S.Rüstəm küçəsində qeydiyyatda olmaqla yaşamışdır. Yaşadığı müddət ərzində barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır.(cild 1, iş vərəqə 156-157) Cinayət işinin materiallarına əlavə olnmuş doğum haqqında şahədətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X2 adlı 01 ədəd azyaşlı uşağı vardır. ( cild 1, iş vərəqə 161) Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunan narkotik vasitənin ona aid olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək saxladığı narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə çox olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilvasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş təmiz çəkisi 11,522 qram və 1053,8 qram narkotik vasitə heroin məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs olan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 04 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutların saxlanıldığı anbara təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,522 qram və 1053,8 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar