Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-547/2024 04.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X5 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981 -ci ildə Naxçıvan MR, Şərur rayonu, Xanlıqlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Naxçıvan MR, Şərur rayonu, Dərəkənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən 5,223 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla Sumqayıt şəhəri, H.Əliyev prospekti, məhəllə 5 ünvanında yerləşən “PUB 085” restoranının qarşısına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 12 yanvar 2024-cü il tarixdə saat 14:16-da yuxarıda qeyd olunan ünvanda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib həmin gün saat 16:08-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda təmiz çəkisi 5,223 qram çəkidə ağ rəngli, kristallik formada, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, 12 yanvar 2024-cü il tarixdə Sumqayıt şəhəri, H.Əliyev prospekti, məhəllə 5 ünvanında yerləşən “PUB 085” restoranında işlədiyindən saat 12 radələrində ofisiantlar qapını açmasını istəyiblər. O, qapını açdıqda 11-12 nəfər mülki geyimdə şəxs içəri daxil olub və BMCMİ-dən gəldiklərini deyiblər. Onu BMCMİ-nə aparıblar və orada ona psixoloji təzyiq göstərərək 05 qram psixotrop maddəni üzərinə qoyublar və həmin maddənin də onun olduğunu etiraf etməsini deyiblər. Onun üstündə heç nə olmayıb, həmin maddəni polis əməkdaşları dedikləri üçün öz üzərinə qoyub və videoçəkilişdə də guya həmin maddəni yoldan tapdığını deyib. Ona heç kim fiziki təzyiq göstərməyib. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaqdakı ifadəsi elan olunaraq tədqiq edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, Naxçıvan MR, Şərur rayonu, Dərəkənd kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında ailəsiylə birlikdə yaşayır. 12 yanvar 2024-cü il tarixdə, saat 14:00 radələrində Sumqayıt şəhəri, H.Əliyev prospekti, məhəllə 5 ünvanında yerləşən “PUB 085” restoranının qarşısında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdirlər. Polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişdirlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində adını “patı” kimi bildiyi psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onu Bakı şəhərində yerləşən polis idarəsinə dəvət etmişdirlər. O, buna etiraz etmədiyini bildirdikdən sonra həmin polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra üzərində psixotrop maddə “patı” olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Asus” markalı mobil telefonu, sol yan cibindən isə 01 ədəd şəffaf sellofan bükülünü çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış həyata keçirilsə də, əlavə əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. İlk əvvəl təqdim etdiyi 01 ədəd “Asus” markalı mobil telefona baxış keçirilmiş, o, mobil telefonun özünə məxsus olmasını və içərisində mobil nömrənin olmadığını bildirmişdir. Daha sonra təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilmişdir. Həmin büküm iştirakçıların şahidliyi ilə açılmış, 01 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş ümumilikdə 01 ədəd sellofan bükümdə olan maddəni xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, H.Əliyev prospektində yerdən tapdığını və şəxsi istifadə məqsədi ilə götürüb üzərində gəzdirdiyini, həmin maddənin adını “patı” olaraq bildiyini, bu maddəni heç kimə satmaq, hədiyyə və ya pay qismində vermək kimi bir niyyətinin olmadığını, yalnız şəxsi istifadə üçün bu maddəni üzərində saxladığını bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda üstündən aşkar edilmiş 01 ədəd “Asus” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Üzərində psixotrop maddə metamfetaminin aşkar edilməsini səmimi olaraq etiraf etmiş və törətdiyi cinayət əməlindən çox peşman olmasını bildirmişdir. Həmçinin, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, tapdığını bildirdiyi psixotrop maddə metamfetaminin üzərindən götürmədiyini, üzərində olan psixotrop maddədən heç kimin xəbərinin olmadığını, həmin maddənin yalnız üzərində olmasını, başqa heç bir yerdə gizlətmədiyini, hazırda üzərində heç bir xəsarətinin olmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman hər hansı bir təyziqə məruz qalmadığını, saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərmədiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakıları da iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında müvafiq rəsmiləşdirmə işləri həyata keçirildikdən sonra onun rəhbərlik etdiyi əməliyyat qrupu yaradılıb. 12 yanvar 2024-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Əliyev prospekti, məhəllə 5 ünvanında yerləşən “PUB 085” restoranının yaxınlığında olması müəyyən edilib və həmin yerdə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edildikdən sonra şəxsə yaxınlaşıb özlərini təqdim ediblər və onun da özünü təqdim etməsini xahiş ediblər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış ediblər və onu BMCMİ-nin inzibati binasına dəvət ediblər. O da etiraz etmədən onlarla birlikdə Baş İdarəyə gəlib. Baş İdarədə müdafiəçisinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs özü əynində olan şalvarın ciblərindən 01 ədəd mobil telefon, 01 ədəd sellofan büküm çıxarıb edib. Təqdim olunan 01 ədəd bükümə baxış keçirilmiş və bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilib. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümdə olan maddəni bir gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, H.Əliyev prospektindən tapdığını və şəxsi istifadəsi məqsədi ilə götürüb üzərində gəzdirdiyini, həmin maddənin adının “patı" olaraq bilməsini, bu maddəni heç kimə satmaq, hədiyyə və ya pay qismində vermək kimi bir niyyətinin olmadığını, yalnız şəxsi istifadə üçün bu maddəni üzərində saxladığını bildirib. X3 qarşı heç bir fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 yanvar 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 14:16-da Sumqayıt şəhəri, H.Əliyev prospekti, məhəllə 5 ünvanının yaxınlığında yerləşən «PUB 085» restoranının yaxınlığında saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Təqdim edilmiş 01 ədəd sellofan bükümün içərisindən psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Aşkar edilmiş 01 ədəd sellofan büküm götürülmüşdür. Məhkəmə iclasında yuxarıda qeyd olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş diskdəki videogörüntü nümayiş etdirilmiş və şahidin ifadəsində qeyd etdiyi xüsusatlar və protokolda qeyd olunanlar bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 13 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/194 nömrəli materialların məhkəmə ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir: Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksləri, “Təqsirləndirilən şəxs aşkar edilmiş maddə...” yazıları və imzalar olan zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,223 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi: 5,223 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq: 5,173 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X4 13 yanvar 2024-cü il tarixli 189 nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir: Müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X8 daxil olmuş məhkəmə-tibbi ekspertizasının 29 yanvar 2023-cü il tarixli 288/K nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir: Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan Metamfetamin aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(005)-71/2024 nömrəli qərarı ilə “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 12 yanvar 2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 5,173 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİnin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, 20 fevral 2024-cü il tarixdə ********* nömrəli cinayət işinin materiallarından külli miqdarda psixotrop maddənin mənbə xüsusatına görə ayrıca icraata material ayrılmışdır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və xx.xx.2024-cü tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli qərarının 34-cü bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, azadlığının faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-in tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə, şəxsi axtarış keçirilərək psixotrop maddənin aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs nakotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və üzərində daşıması ilə bağlı gəldiyi nəticə, dolayısı ilə də sonuncuların əməlinin CM-in məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi qənaət əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni məhz “satış məqsədi ilə” əldə edib üzərlərində saxlaması və daşımasını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və təqsirləndirilən şəxs kimi ifadələr verərkən onun üzərindən aşkar edilmiş psixotrop maddəni heç kimə satmaq niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında da eyni məzmunlu ifadə vermişdir. Həmçinin əməliyyat tapşırığına əsasən alınmış cavabda Təqsirləndirilən şəxs həmin psixotrop maddəni satış məqsədilə əldə etdiyi qeyd olunsa da, bu məlumatın hansı sübutlara istinadən qeyd olunduğu heç bir dəlillə öz təsdiqini tapmır. Həmçinin təqsirləndirilən şəxsin telefonuna da keçirilmiş baxış zamanı narkotik vasitə və ya psixotrop maddələrin satışına dair hər hansı bir mesaj, zəng və.s aşkar edilməmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməli Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. Lakin, qərarın məzmunundan görünür ki, müstəntiq onun əməlini CM-in 234.4.3-cü maddəsinə tövsif edərkən heç bir əsaslandırma aparmamış, heç bir möbətər sübuta istinad etməmişdir Müstəntiq tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” qərarda və tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən heç bir möbətər sübuta istinad etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşıması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin psixotrop maddəni satış niyyəti ilə və ya belə niyyət olmadan əldə etməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması və daşımasına dair əməli törətməsi onun özünün təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidin məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun psixotrop maddəni satış məqsədilə əldə etməsi öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, onun həmin ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ilkin ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı ilkin verdiyi ifadəsini qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını, işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işinin materiallarında olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə eytiyacı olduğundan cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yerləri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınıb, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 5,173 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 12 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,173 qram psixotop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-547/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-547/2024
04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver