Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-552/2024 08.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi: Hümbətov Teymur Şahin oğlunun, Müdafiəçi: Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Ağsu rayonu Ağark kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəm iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 10 radələrində tanışı Şahid2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında Zərərçəkmiş şəxs işlətdiyi Sumqayıt şəhəri 45-ci məhəllə, 256-282 saylı binanın altında yerləşən pul dəyişmə məntəqəsinə gəlib aralarında olan razılaşmaya əsasən o kənar şəxsin məntəqəyə girməsinin qarşısını almaq məqsədi ilə girişdə dayanmış, Şahid2 isə öncədən üzərində olan silah qismində istifadə etdiyi, lakin istintaq zamanı əldə edilməsi mümkün olmayan bıçaqla hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edərək, saxlanc yeri hesab edilən pul saxlanılan masanın siyirməsindən 13.000 (on üç min) manat məbləğində nağd pulu talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vuraraq quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamla qismən təqsirli bilərək göstərmişdir ki, iş üzrə şahid qismində tanınan Şahid2 ona zəng edib “bir yer var, ora gedək” demiş, o da Eldənizlə razılaşıb görüşmüşdür. Eldəniz ona “burada pul var, pulu götürüb çıxacam” demiş, o isə Eldənizə “xeyr, etmirəm” demişdir. Daha sonra isə Eldəniz getmişdir. Ona elan olunmuş ittihamda qrup halında qeyd olunmuş, amma o, bununla razı olmamışdır. Yəni, o, Eldənizin dediyi ilə razılaşıb onunla əlbir olub pul götürməmişdir. Təqsirləndirilən şəxs dövlə ittihamçısının sualarına cavab olaraq Eldənizin daxil olduğu obyekti əvvəllər tanımadığını bildirmişdir. O, Sumqayıt şəhərini yaxşı tanımamış, Eldəniz şəhəri daha yaxşı tanımışdır. Eldəniz ona “mən obyekti tanıyıram, pulu götürüb çıxacağıq” demiş və obyektə daxil olmuşdur. Hadisə vaxtı obyektdə yaşlı bir nəfər oturmuşdur. O, sadəcə olaraq, obyektdə qapının yanında dayanmışdır. Eldəniz üzərində olan bıçaqla şkafı açmış, iş üzrə mərhum zərər çəkmiş şəxs hadisə vaxtı qapını örtmüşdür. Eldənizin hadisə vaxtı mərhum zərər çəkmiş şəxsə qarşı hər hansı hədə-qorxu gəlməyinin şahidi olmamışdır. Eldəniz sadəcə olaraq onu da özü ilə aparmış, ona bununla bağlı hər hansı pul verməmişdir. Hadisə günü qeyd olunan obyektdən pulu götürüb bərabər “Şamaxinka” ərazisinə yollanmışdırlar. Hadisənin bu yerlərə qədər cərəyan edəcəyini bilməmişdir. İş üzrə zərər çəkmiş şəxslə barışıq olub-olmaması barədə və zərər çəkmiş şəxsə dəymiş olan maddi ziyanın ödənilib-ödənilməməsi barədə məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin sualarına cavab olaraq Eldənizlə hadisə yerinə getdiyini, amma qeyd olunan əməlləri onunla bərabər törətmədiyini və ona görə də özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bildiyini qeyd etmişdir. O, ittiham aktında qeyd olunan əməlləri törətmiş, lakin bunların hüquqi nəticələrini dərk etməmişdir. O, zərər çəkmiş şəxsin hüquqi varisindən üzr istəməyə hazır olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, o, Şamaxı şəhəri Abbas Səhhət küçəsi ev 5 ünvanında valideynləri və qardaşı ilə birlikdə yaşayır. Heç yerdə işləmir. Orta məktəbi 7-ci sinifdən dayandırmışdır. 2022-ci ilin yay aylarında işləmək üçün Sumqayıt şəhərinə qardaşının yanına gəlmişdir. Həmin vaxt qardaşı Nahidin yanında Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində qalırmış və Sumqayıt şəhərində Nəsimi parkında yerləşən "Qala" restoranında ofisiant işləyirmiş. Həmin vaxtdan da orada administrator işləyən Şahid2 ilə tanış olmuşdur. Hadisə günündən bir gün əvvəl 16 iyul 2022-ci il tarixdə axşam Eldənizlə söhbət zamanı Eldəniz ona puldan, evdən bəhs edirmiş. Amma, həmin günü ona konkret heç nə deməmiş və səhəri günü, yəni 17 iyul 2022-ci il tarixdə saat 09 radələrində onu Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən “Şaurma” restoranının yanına çağırmışdır. Orada parkda otururub söhbət edən zaman ona yolun digər tərəfində yerləşən valyuta dəyişmə məntəqəsini göstərib birazdan ora bir nəfər şəxsin pul ilə gələcəyini və həmin şəxsin pulunu içəri daxil olub hədə-qorxu ilə alıb qaçacağlarını və bu işdən də, ona qazanclarının yarısını vəd etmişdir. Əvvəl o, razı olmasa da, Eldəniz onu razı salmışdır. Eldəniz ondan yaşda çox böyük idi və Eldəniz onun yetkinlik yaşına çatmadığını bilirmiş. Onlar elə razılaşmışlar ki, birlikdə içəri daxil olsunlar. Eldəniz bıçaqla həmin şəxsə hədə-qorxu gəlib pulları götürmüş, o, qapıda qalıb qapını əli ilə tutmuşdur ki, kənar şəxs gəlməsin. Pulu götürəndən sonra da qazancı yarıbayarı bölmüşdürlər. Saat 10 radələrində Eldəniz həmin şəxsi ona göstərib bildirmişdir ki, məntəqə açıq olduğu üçün içəri girmək vaxtıdı. Eldəniz içəridə olan şəxsi qorxudub orada olan pulları götürmək üçün üstündə olan bıçağı çıxartmış və ikisi həmin məntəqəyə daxil olmuşlar. O, qapıda qalıb qapını tutmuşdur. Eldəniz içəri girəndə, kişi oturmuş və Eldəniz ona "səsini çıxartma qırtlağını kəsərəm” demişdir. Həmin kişi səsini kəsmiş, heç nə deməmişdir. Sonra o, bayırdan adam gəldiyini görüb Eldənizə bu barədə demiş və onlar bayıra çıxmışlar. Pilləkənlərdən düşəndə Eldəniz qayıdıb onların videokameralara düşdüyünü deyib təkrar içəri daxil olmuşlar və pilləkənlə qalxan şəxsə ərazidən uzaqlaşmasını deyəndən sonra, həmin şəxs çıxıb getmişdir, onlar içəri daxil olmuşlar. Eldəniz həmin kişiyə bıçağı göstərib qışqıraraq qorxu gəlmiş və tərpənməməsini bildirmişdir. O da, tərpənməmişdir. Eldəniz əlində olan bıçaqla stolun siyirməsini açıb orada olan pulların yarısını cibinə yarısını da, əlində saxlamış və onlar qaçaraq həmin yerdən uzaqlaşmışlar. Qaçanda onları kənar şəxslər görsə də, heç kim onlara mane olmamışdır. Bir az həmin ərazidən uzaqlaşandan sonra taksiyə minib Sumqayıt avtovağzalına gəlmişdir. Oradan da ayrı taksiyə oturub Şamaxinkaya gəlmişlər. Yolda Eldəniz götürdükləri pulları sayıb qalaq-qalaq edirmiş. Amma ona konkret olaraq nə qədər götürdüklərini deməmişdir. Şamaxinkada taksidən düşəndən sonra bir kafedə oturmuşlar. O, çay, Eldəniz isə pivə içmişdir. Orada razılaşmışlar ki, ayrı-ayrı taksilərdə Şamaxıya getsinlər, orada bir yer tutub istirahət etsinlər və pullarını da orada aralarında bölərlər. O da Eldənizlə razılaşmışdır. Kafedən duranda Eldəniz ofisianta 100 manat pul vermiş və ona bildirmişdir ki, pulun qalığını götürəsən. Ofisiant ona təxminən 85-88 manat pul qaytarmış və o, həmin pulu götürmüşdür ki, yol pulu etsin. Razılaşıblar ki, ayrı-ayrı taksilərə oturub Şamaxıda arxa-arxaya gedib bir yerdə görüşsünlər. Lakin, Eldəniz onu aldatmış və Şamaxıya gəlməmiş, yolda gözdən itmişdir. Bundan sonra, o, Eldənizin ona verdiyi nömrə ilə əlaqə saxlasa da, onunla danışa bilməmişdir. Hadisədən sonra, o, Şamaxıda olmuşdur. Təxminən saxlanıldığı gündən 20-25 gün əvvəl o, Sumqayıt şəhərinə gəlmiş və Qala restoranına getmişdir ki, görsün tanışlardan kim var. Orada ona bildirmişlər ki, Eldəniz həmin əmələ görə artıq tutulmuşdur. O, həmin vaxt bilmişdir ki, Eldəniz artıq tutulmuşdur. Bundan başqa, hadisə zamanı ümumi olaraq nə qədər pul götürüldüyünü bilmir. Bu barədə Eldəniz ona heç nə deməmiş və nə də ki, ona imkan verməmişdir ki, pulu saysın. Həmin puldan da ona cəmi təxminən 85-88 manat pul qalmışdır. Eldəniz həmin pulları ona verməmək üçün aradan çıxmışdır. Hadisə vaxtı şkafda nə qədər pul olmasını görməmişdir. Eldəniz özünə 10.000 manat pul lazım olması barədə ona heç nə deməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. 13 avqust 2022-ci il tarixli qərarla zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs hüquqi varisi qismində məhkəmə istintaqı zamanı dindirilmiş Hümbətov Teymur Şahin oğlu ifadəsində mərhum atasıyla birlikdə işlədiyini, hadisədən bir neçə dəqiqə sonra özünü obyektə çatdırdığını, işə bir az gec gəldiyi üçün gələndə artıq hadisənin baş verdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin doğru ifadə vermədiyini, təxmini hazırkı hadisədən 1-2 il əvvəl Təqsirləndirilən şəxs bir dəfə də obyektə daxil olaraq 500 manat 50 qəpiklik oğurladığını, Şahid2 bu işə cəlb edənin də Şamil olduğunu bildirmişdir. Obyektə girib-çıxanda Eldənizlə Şamilin hər ikisinin əlində bıçaq olmuş, ittiham aktında onlara dəymiş olan maddi zərər 13.000 manat məbləğində göstərilsə də, dəymiş zərər əslində 15.000 manat olmuşdur. Onlara dəymiş olan maddi ziyan ödənilməmiş və Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hal-hazırkı hadisədən əvvəl pandemiya dövründə bir dəfə də obyektə daxil olaraq 500 manat məbləğində pul götürmüşdür. Eldənizi də bu obyektə cəlb edən Şamil olmuşdur. Eldənizlə Şamil bu işi birlikdə planlayaraq görmüş, pulu da bərabər olaraq aralarında bölmüşdülər. Bu günə qədər də Şamilin ailə üzvündən heç kim atalarının vəfatı ilə əlaqədar olaraq onlara başsağlığı verməmişdir. Onlara dəymiş olan maddi ziyan ödənilməmişdir. Şamilin qardaşı hətta onlara “siz məhkəməyə getməyin, məhkəmə təxirə salınmışdır” demişdir. O, Şamilin Eldənizi bu obyektə cəlb etməsini artıq Şamilin bir dəfə obyekti tanımağı ilə əsaslandırmışdır. Onun təxmininə görə Şamil pandemiya dövründə obyektə daxil olaraq pul götürmüşdür. Əvvəlcə bununla bağlı 102 xidmətinə müraciət etmiş, daha sonra isə müraciətlərini geri götürmüşdürlər. Obyektdən qaçanda hər ikisinin-Eldənizin də, Şamilin də əlində pul olmuşdur. Şahid2 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, maddi vəziyəti aşağı olduğu üçün xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən pul dəyişmə mətəqəsinin yanında olan parkda oturacaqda oturmuş, həmin vaxt onun yanına tanışı yetkinlik yaşına çatmadığını bildiyi Təqsirləndirilən şəxs gəlmiş, onlar pul barəsində söhbət etmişlər və aralarında olan söhbət zamanı o, Şamilə demişdir ki, pul istəyirsə, qarşılarında olan pul dəyişmə mətəqəsində vardır. Şamilə təklif etmişdir ki, həmin məntəqəyə girsinlər və orada olan kişini qorxutsunlar və pulları götürüb oradan qaçsınlar. Adını sonradan bildiyi Zərərçəkmiş şəxs məntəqədən pul götürməyə Şamil birinci tərəddüd etsə də, sonradan Şamili razı salmışdır ki, onunla birlikdə həmin pul dəyişmə mətəqəsinə girsin və o, əlində olan adi mətbəx bıçağı ilə siyirməni açıb Şahini qorxudub pulları götürsün. Şamil isə qapının ağzında durub heç kəsi içəri girməyə qoymasın, əvəzində götürdüyü puldan Şamilə də, bir qismini versin. O. Şamillə razılaşmış və onlar birlikdə Zərərçəkmiş şəxs işlətdiyi Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən pul dəyişmə məntəqəsinə getmişlər, ora daxil olduqda içəridə Şahinin oturduğunu görmüşlər. O, Şahinə əlindəki bıçağı göstərmiş və sakit olmasını demişdir. Həmin vaxt Şamil ona çöldən bir nəfər oğlanın yaxınlaşdığını demiş, o da Şamillə birlikdə çölə çıxmış, lakin pilləkənləri tam düşməmiş, o, yenidən pilləkənləri yuxarı qalxıb həmin tanımadığı oğlana bıçağı göstərib çıxıb getməsini demiş, həmin şəxs də çıxıb getmişdir. Həmin vaxt Şahin də, əlindəki bıçağı görmüş və anlamışdır ki, həmin bıçaqla ona həyatı və sağlamlığı üçün xəsarət yetirə bilərmiş, ona görə o, içəridən qapını bağlamış, yerindən tərpənməmiş və sakit oturmuşdur. Şamil də qapıda durmuşdur ki, kənardan gələn şəxslər içəri keçə bilməsinlər. Sonra o, stolun siyirməsini əlindəki bıçaqla açmış və orda təxminən yüz min pul olduğunu görmüş və siyirmədən özünə lazım olan qədər 10.000 manat məbləğində pulu götürmüş, qalan pula isə dəyməmişdir. Daha sonra onlar Şamillə oradan qaçmış və kənara getdikdən sonra Şamillə birlikdə ələ keçirdikləri pulları bölmüşlər. Həmin puldan Şamilə 3000 manat vermişdir. Qalan 7000 manat pulu öz şəxsi ehtiyaclarını ödəmək üçün xərcləmişdir. Əlavə olaraq qeyd etmişdir ki. müstəntiq tərəfindən ona göstərilən video görüntü ilə tanış olmuş və ağ köynəkli əlində bıçaq olan şəxsin özü olduğunu, qara köynəkdə olan şəxsin isə Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, əlindəki bıçağı Zərərçəkmiş şəxs göstərdiyi zaman ona demişdir ki "sakit ol" və Şahin də anlamışdır ki, onlar mağazada olan pulları götürüb oradan gedəcəklərmiş və ona görə də Şahin səs etməmiş və buna görə Şahinə xəsarət yetirməmişlər. O, bıçaqla Şahinə heç nə etməmiş, bıçaqla yalnız stolun siyirməsini açıb oradan pulu götürmək üçün istifadə etmişdir. Şamillə pul dəyişmə məntəqəsində olduqları zaman orada yalnız Şahin olmuş və digər şəxslər olmamış, məntəqədən çıxdıqdan sonra isə kənarda olan şəxslər onun əlində pul və bıçaqla Şamillə birlikdə qaçdıqlarını görmüşlər. O, ordan özünə lazım olacaq məbləğdə 10000 manat məbləğində nağd pulu götürmüş, qalan pullara da özü dəyməmiş, lakin onları da götürməyə imkanı olmuşdur. Zərərçəkmiş şəxs dedikləri ilə qismən razıymış, bir daha da qeyd etmək istəyirmiş ki, o, Şamillə oradan yalnız 10000 manat məbləğində pulları oğurlamışdır. Həmin bıçağı o, törətdikləri cinayət əməlindən sonra küçədə tullamışdır. O, Şamili birlikdə törətdikləri cinayətdən sonra onu bir daha görməmiş və hazırda onun harda olması barədə də heç bir məlumatı yoxdur. Şahid2 məhkəmə istintaqı zamanı verdiyi və elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, sözü gədən məntəqədə ümumiyyətlə zərər çəkmişlə ünsiyyəti olmadığını qeyd etmişdir. Oraya planlı şəkildə getmədiyini, siyirmədə olan yüz minə yaxın pulların hamısını götürmək imkanını olduğu halda götürmədiyini bildirmişdir. Həmçinin o, təqsirini boynuna alaraq pula ehtiyacı olduğuna görə cinayət törətmiş, lakin, quldurluq cinayətini törətməmişdir. Oğurluq məqsədilə məntəqəyə girmiş, içəri girdikdən sonra dəhlizin o biri tərəfindən bir nəfər gəldiyini görüb qapını kilidləmişdir. Zərər çəkmiş şəxs isə qapının o biri tərəfində qalmışdır. Daha sonra pulu da götürüb məntəqədən çıxmışdır. Şamili əvvəllər tanımamışdır. Parkda oturarkən Şamillə orada tanış olmuşdur. Valyuta məntəqəsinə oğurluq niyyətilə girməyi orada qərara almış, Şamil isə onun arxasınca öz istəyi ilə gəlmişdir. Pulu götürəndə Şamili orada gördüyü üçün Şamilə bir miqdar da pul vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçiriməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Sumqayıt şəhəri 45-ci məhəllə, 256-282 binanın altında yerləşən valyuta dəyişmə məntəqəsidir. 06 avqust 2022-ci il tarixli raportdan aydın olur ki, Zərərçəkmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə, təxminən saat 10 radələrində icarəyə götürüb işlətmiş olduğu Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən valyuta dəyişmə məntəqəsinin qapısının açıq olmasından istifadə edib naməlum şəxs(lər) orada olan stolun siyirməsindən 13.000 manat pulu oğurlamasını bildirmişdir. 14 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 181.2.1. 181.2.3. 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş, lakin Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün barəsində həmin tarixdə axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, xx.xx.2023-cü il tarixdə tutularaq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə təhvil verildikdən sonra ona Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3. 181.2.4 və 181.2.5-ci maddələrlə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilən 21 yanvar 2024-cü il tarixli hadisə anının görüntülərinin əks olunduğu “diskə baxış keçirilməsi haqqında” protokol və protokola əlavə edilmiş diskdən görünür ki, bir nəfər şəxs Zərərçəkmiş şəxs məxsus olan pul dəyişmə məntəqəsinə qalxır. Həmin vaxt pul dəyişmə məntəqəsindən 2 nəfər biri ağ köynəkli və qara şalvarlı, digəri isə qara gödəkçəli və qara şalvarlı şəxs çıxır. Həmin şəxslər pilləkəni tam düşməmiş yenidən pul dəyişmə məntəqəsinə geri qayıdırlar. Həmin vaxt ağ köynəkli şəxsin əlində bıçaq olduğu görünür. Onlar geri qayıdanda pul dəyişmə məntəqəsinə girmək istəyən şəxsə nəsə söz deyirlər və həmin şəxs onların əlində bıçaq olduğunu görüb məntəqəyə girmədən çıxıb gedir. Baxış zamanı Təqsirləndirilən şəxs qara gödəkçəli və qara şalvarlı şəxsin özünün, yanında olan ağ köynəkli qara şalvarlı şəxsin isə Şahid2 olduğunu bildirir. Videogörüntüyə baxdıqda müəyyən edilir ki, ağ köynəkli, qara şalvarlı şəxs və ardınca qara gödəkçəli, qara şalvarlı şəxslə birlikdə pul dəyişmə məntəqəsinə daxil olurlar. Qeyd olunan şəxslər sözü gedən məkandan çıxan zaman bir nəfər şəxs həmin məntəqəyə doğru yaxınlaşarkən onlarla rastlaşır və ora daxil olmadan onlara yol verib dayanır. Ardınca həmin iki nəfər pilləkənlərdən düşdükdən sonra geri qayıdır və məntəqənin giriş qapısına yaxınlaşarkən ağ köynəkli şəxsin sol əlində bıçaq olduğu görünür. Ağ köynəkli şəxs məntəqəyə daxil olmaq istəyərkən həmin şəxsə nəsə deyir və həmin şəxs çıxıb gedir. Daha sonra həmin iki nəfər şəxs yenidən məntəqədən qaçıb gedirlər. Həmin vaxt ağ köynəkli şəxsin sağ əlində bıçaq, sol əlində isə pul görünür. Təqsirləndirilən şəxs qaçarkən əlində sıxaraq saxladığının pul deyil, salfet olduğunu bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilən 22 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokol və həmin əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində də əyani şəkildə göstərərək təsdiq etmişdir. İstintaq hərəkətini əks etdirən fotoşəkillər iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023cü il tarixli, 3252 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissəsindən görünür ki, Təqsirləndirilən şəxs idrak prosesləri, intelektual imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərində özünəməxsus mövqeyə malik olmaq, ünsiyyətcillik, psinsipə malik olmaq və s. kimi xarakterik əlamətlər müəyyən edilir. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Onun cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Onun fərdi psixi xüsusiyyətlərində hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilən “Sübutların qiymətləndirilməsi haqqında” 15 yanvar 2023-cü il tarixli qərara əsasən baş vermiş hadisənin görüntüsünü özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs haqqında Şamaxı şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsini, həmçinin ifadəsində qeyd etdiyi Şahid2lə əlbir olmaması və hadisə yerinə onunla gəlsə də, verilən ittihamda göstərilən əməli törətməməsi, həmçinin ittihamda qeyd olunan məbləğdə pul vəsaitini talamaması barədə qeyd etdiyi xüsusatlar onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə tövsif edilməsi düzgündür, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla təsnifata görə müvafiq olaraq ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onun şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Elektron məhkəmə sistemi”dən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü olmaqla hadisə zamanı, yəni xx.xx.2022-ci il tarixdə yetkinlik yaşına çatmayan şəxs olmuş, hazırda isə 18 yaşı tamam olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən hadisə zamanı Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmaması onun cəzasını yüngülləşdirən haldır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işi materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 27 noyabr 2023-cü il tarixdən hesablansın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD-R formatlı diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-552/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-552/2024
08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver