Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-554/2024 04.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili X2, tərcüməçi X4 və təqsirləndirilən şəxsin iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemi vasitəsilə baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlmişdir ki, qeyd edilən cinayət işinin baxılması Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aid deyil və cinayət işi aidiyyatı üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 292-ci maddəsinə əsasən ittiham aktını təsdiq etdikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təxirə salmadan ittiham aktının surətini cinayət prosesi iştirakçılarına çatacaq sayda əlavə etməklə cinayət işini aidiyyəti üzrə məhkəməyə göndərir. Cinayət-Prosessual Məcəlləsinin 75-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onun məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 300.1.4-cü maddəsinə əsasən məhkəmə hazırlıq iclası zamanı qəbul edilən qərarlardan biri də cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədədir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamdan görünür ki, o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı 400 manat müqabilində qoyulduğu yerdən götürüb ona göndəriləcək məkana qoyması barədə ümumi razılığa gəlmiş, bu məqsədlə xx.xx.2023-cü il tarixdə saat 02 radələrində həmin şəxsin bir qrup şəxs halında Bakı şəhəri, Suraxanı rayonu Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən “Spar” marketin yaxınlığına qoyduğu ümumilikdə 2879,39 qram çəkidə külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı götürüb satış məqsədilə qanunsuz əldə edərək idarə etdiyi avtomobilin yük yerində, bir hissəsini isə əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlayaraq yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X7 adlanan ərazidəki evinin yaxınlığına daşımış, 12 avqust 2023-cü il tarixdə saat 04:30 radələrində Abşeron RPİ-nin Cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı evin yaxınlığında saxlanılaraq idarə etdiyi avtomobili ilə birlikdə Abşeron rayon polis idarəsinə gətirilib həmin gün üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilərkən kulli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göründüyü kimi verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs tərəfindən onun qəsdi ilə əhatə olunan sonuncu cinayət əməli Bakı şəhəri Suraxanı rayonunun ərazisində törədilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.4-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin obyektiv tərəfi kimi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri “əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” kimi cinayət əməllərinin təqsirli olaraq törədilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququnun doktrinası görə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər uzanan cinayətlər hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin tələbinə əsasən isə cinayət işinə cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, X7 ərazisində saxlanılaraq Abşeron rayonunda yerləşən həmin polis idarəsinə gətirilməsi, yəni faktiki olaraq azadlığı məhdudlaşdırılmış şəxsin bir ərazidən digər əraziyə transportlaşdırılması, bu zaman öz iradəsinə uyğun hərəkət edə bilməyən şəxsin üzərində olan narkotik vasitələrin daşınması və saxlanılması kimi əməllərin onun qəsdi ilə əhatə olunmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsi axtarışının keçirildiyi Abşeron rayonun ərazisi son cinayət əməlinin törədildiyi yer hesab oluna bilməz və cinayətin başa çatdığı yer Bakı şəhəri Suraxanı rayonunun ərazisi hesab olunmalıdır. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 sentyabr 2023-cü il tarixli Qərarını da rəhbər tutur. Həmin qərara əsasən alternativ tərkibli uzanan cinayətlərə gəldikdə isə qeyd olunmalıdır ki, belə tərkibli cinayətlərin obyektiv cəhətini təşkil edən alternativ hərəkətlərdən hər hansı birinə yol verildiyi anda hüquqi cəhətdən cinayət baş vermiş hesab edilsə də, məhkəmə aidiyyəti məsələsinə münasibətdə cinayətə son qoyulma yeri faktiki cəhətdən cinayətin başa çatdığı yer hesab olunmalı və cinayət işinə həmin yerin məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hər bir ağır cinayətlər məhkəməsinə onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli qərarına əsasən, Bakı şəhəri Suraxanı rayonunun ərazi vahidi Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 174.2-ci maddəsinin tələbinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı zamanı həbsin qətimkan tədbiri qismində seçilməsinə səbəb olmuş prosessualhüquqi əsasların aradan qalxmadığına görə, təqsirləndirilən şəxs barəsində hazırda qüvvədə olan həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilib yekunlaşanadək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 298-299 və 300.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l ı r:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.
2. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilib yekunlaşanadək dəyişdirilmədən saxlanılsın.
3. Qərarın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin.
4. Qərar qətidir, apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. lə düzdü