Məhkəmə qərarları › İş №1(124)-560/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-560/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-560/2023 19.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (Cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında) Hakimlər, Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Güvən” Vəkil bürosunun vəkili Müdafiəçi1, müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(124)-560/2023 №-li Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatına cinayət işi daxil olmuşdur. Məhkəmə kollegiyası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsilə yoxlamışdır. Məhkəmənin hazırlıq iclasında keçirilən ilkin dinləmələr zamanı Təqsirləndirilən şəxs müdafiəçisi vəsatət verərək məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 303-cü maddəsində göstərilmiş kobud qanun pozuntularına yol verildiyinə görə cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmiş, təqsirləndirilən şəxs vəsatətlərlə razı olduğunu ifadə edib vəsatətin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsilə yoxlayıb belə nəticəyə gəlmişdir ki, işin məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar mövcuddur o, cümlədən ibtidai araşdırma zamanı mümkün qədər aradan qaldırılması mümkün olmayan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsi ilə müəyyən edilmiş kobud pozuntulara yol verilmişdir. Belə ki, təqsirləndirilən şəxsə verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC 11 saylı filialı ilə 06 iyun 2014-cü il tarixdə bağlanmış 51KDİ/14 saylı ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və onun yerləşdiyi 0,0215 ha torpaq sahəsini ipoteka ilə yüklü etmiş, sonradan ipoteka saxlayanın yazığı razılığı olmadan ipoteka predmetinə dair sərəncam vermək hüququ olmadığı halda, həmin əmlakı Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək sonuncunun adına rəsmiləşdirəcəyinə dair vəd verməklə satmaq adı ilə aldadaraq, bu niyyətlə 2015-ci ilin yanvar ayında Abşeron rayonu, Masazır qəsəbəsi, Duz Gölünün kənarında 70000 manat pulunu, 2015-ci ilin mart ayından ilin sonunadək olan dövrdə isə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində müxtəlif tarixlərdə və vaxtlarda 33.000 manat pulu, yəni vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş Ərasim Zamanovun 103.000 manat məbləğində pulunu ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3.2ci maddəsinin tələblərinə əsasən cinayət işinin materiallarını öyrənərkən və işə hazırlıq iclasında baxarkən məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan bir sıra kobud pozuntulara yol verildiyini müəyyən etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1. və 303.3.6cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması da məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir. Həmin Məcəlləsinin 289.3.1-ci maddəsinin tələblərinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.4-cü maddəsinin tələblərinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223.3 və 223.3.2-ci maddəsinin tələblərinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti öz əksinin tapmalıdır. Lakin, cinayət işinin materiallarında heç bir protokolda, sənədlərdə təqsirləndirilən şəxsin 2015-ci ilin mart ayından ilin sonunadək olan dövrdə müxtəlif tarixlərdə və vaxtlarda 33.000 manat pulu ələ keçirilməsi faktının harada baş verməsi göstərilmədiyi halda, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 oktyabr 2022-ci il tarixli qərarda və tərtib olunmuş ittiham aktında Abşeron rayon Masazır qəsəbəsi, Duz gölü ətrafında törədildiyi göstərilmişdir. Bununla əlaqədar məhkəmə tərkibi cinayət işinin materiallarını öyrənərkən zərərçəkmiş şəxsin və şahidlərin ifadələrində cinayətin törədildiyi yerin, 33000 manat pulun hansı məbləğdə necə dəfəyə, harada verilməsi göstərilmədiyi bununla əlaqədar müstəntiq tərəfindən heç bir sual verilmədiyini müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, ittiham aktı cinayət işinin materiallarına əsaslanmalıdır, ittiham aktının cinayət işinin materiallarına istinad olmadan qeyri-müəyyən formada yazılması CPM-nin tələblərinə uyğun deyildir. Bundan əlavə, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 oktyabr 2022ci il tarixli qərarda və iş üzrə tərtib olunmuş ittiham aktının təsviri-əsaslandırıcı və nəticə hissələrində cinayətin törədildiyi yer hər iki epizodda sadəcə Abşeron rayonu, Masazır qəsəbəsi, Duz gölünün kənarı kimi qeyd edilmiş, həmçinin sonucu epizodların 2015-ci ilin mart ayından ilin sonunadək olan dövrü əhatə etdiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, məhkəməyəqədər icraat dövründə cinayətin törədildiyi yerinin və vaxtının dəqiqləşdirilməsi istiqamətində heç bir istintaq hərəkəti edilməmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxsin ümumiyyətlə ittihamı qəbul etməməsini, Masazır gölünün sahəsi 10 km2 uzunluğunun 4.7 km, eninin isə 2.1 km olduğunu, ətrafında küçə, qəsəbə, kənd olduğunu da nəzərə alaraq 33000 manat məbləğində pulun nə vaxt, harada, neçə dəfəyə verilməsi ibtidai istintaq orqanı tərəfindən müəyyən edilməli olduğu halda, müstəntiq həmin hissədə heç bir araşdırma aparmadan zərərçəkmiş şəxsin və şahidlərin ümumi sözləri və öz fərziyələrinə əsasən qeyri-müəyyən yekun ittiham aktını tərtib etmişdir. Belə olan halda həmçinin təqsirləndirilən şəxs nədə ittiham olunduğunu, nədən müdafiə olunmalı olduğunu bilməmişdir ki, bununla da, onun müdafiə hüququ da kobud formada pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin hüququdur ki, o, nədə təqsirləndiyini bilsin (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi). «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 3(a) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə məlumatlandırılmaq hüquqlarına malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, 6-cı Maddənin 3-cü bəndinin (a) yarımbəndi Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndi ilə zəmanət verilən daha ümumi ədalətli məhkəmə araşdırması hüququ nəzərə alınmaqla qiymətləndirilməlidir. Cinayət işlərində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamlar barədə və müvafiq olaraq məhkəmənin məsələ ilə bağlı qəbul edə biləcəyi hüququ xarakteristika haqqında tam və ətraflı məlumatın verilməsi cinayət mühakimə icraatının ədalətli olmasının təmin edilməsi üçün başlıca ilkin şərtdir (Pelissye və Sassi Fransaya qarşı [BP], § 52; Seydoviç İtaliyaya qarşı [BP], § 90). 6-cı maddənin 3-cü bəndinin (a) və (b) yarımbəndləri arasında bağlılıq bundan ibarətdir ki, ittihamın xarakteri və səbəbi haqqında məlumatlandırılmaq hüququ təqsirləndirilən şəxsin müdafiəsini hazırlamaq hüququ kontekstində qiymətləndirilməlidir (Pelissye və Sassi Fransaya qarşı [BP], § 54; Dallos Macarıstana qarşı, § 47). 6-cı Maddənin 3(a) yarımbəndi təqsirləndirilən şəxsin "ittiham" barədə məlumatlandırılmasına xüsusi diqqətin yetirilməsinə ehtiyac olduğuna işarə edir. Cinayətin təfərrüatları cinayət prosesində əhəmiyyətli rol oynayır, belə ki, bu təfərrüatlar təqdim edildiyi andan şübhəli şəxsə ona qarşı irəli sürülən ittihamın faktiki və hüquqi əsasları barədə yazılı rəsmi bildiriş verilir (Kamasinski Avstriyaya qarşı, § 79; Pelissye və Sassi Fransaya qarşı [BP], §51). 6-cı Maddənin 3(a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın "əsasları", yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın "xarakteri", yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat təmin edir (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, 7 yanvar 2010-cu il). Məlumatın "ətraflılıq" dərəcəsi hər işin xüsusi hallarından asılıdır, lakin təqsirləndirilən şəxs adekvat müdafiə hazırlamaq üçün ən azı özünə qarşı yönəldilmiş ittihamları başa düşmək üçün yetərli məlumatla təmin edilməlidir. Bununla əlaqədar olaraq məlumatın adekvatlığı müdafiəyə hazırlıq üçün adekvat vaxt və vasitə hüququnu təmin edən 6-cı Maddənin 3 (b) yarımbəndinə uyğun olaraq və 6-cı Maddənin 1-ci bəndində nəzərdə tutulan ümumi ədalətli məhkəmə araşdırması hüququ nəzərə alınmaqla qiymətləndirilməlidir (Mottaçia İtaliyaya qarşı, § 60; Bekstrom və Andersson İsveçə qarşı (qər.)). Beləliklə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1-ci və 300.1.5-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Şərh olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələri ilə müəyyən edilmiş kobud pozuntularına yol verildiyindən, cinayət işinin məhkəmədə baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı həmin Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 307.2-ci maddəsinə əsasən məhkəmənin xüsusi qərarında onun hansı cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə və kim tərəfindən çıxarıldığı qeyd edilməli, işin mahiyyəti, dəqiq olaraq həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulardan hansı pozuntu və kimin tərəfindən yol verildiyi ətraflı göstərilməlidir. Ona görə də, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Abşeron Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X2 barəsində xüsusi qərar çıxarılmalı və Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. İş materiallarına əsasən Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə həmin məsələ ilə bağlı müzakirə apararaq belə qərara gəlir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3, 303.4-cü, 306.2ci və 307.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı :

1. Müdafiəçinin vəsatəti təmin olunsun.

2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmədə baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

3. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.

4. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Abşeron Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X2 barəsində xüsusi qərar çıxarılsın.

5. Qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin).

6. Qərar qətidir, apellyasiya şikayəti və ya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar