Məhkəmə qərarları › İş №1(124)-560/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-560/2024

23.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-560/2024 23.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X11 (sədrlik edən), X5 və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Ermənistan Respublikası, Vardenis rayonu, Pəmbək kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan heroini əldə edib, daşıma cinayətini törətmişdir. Belə ki, o, 17 noyabr 2023-cü il tarixdə saat 23:50 radələrində istintaqla şəxsiyyəti müəyyən edilməmiş “Dilarə” adlı İran İslam Respublikasının vətəndaşının 100 manat pul müqabilində Bakı-Sumqayıt şossesinin kənarında Abşeron rayon mərkəzi xəstəxanasının yaxınlığında qoyduğu 01 bükümdə külli miqdarda - 16,457 qram çəkidə narkotik vasitə heroini götürüb satış məqsədi olmadan qanunsuz əldə edərək saxlamış və daşımış, 18 noyabr 2023-cü il tarixdə saat 00:10 radələrində Bakı-Sumqayıt şossesində yerləşən Abşeron rayon mərkəzi xəstəxanasının yaxınlığında Abşeron rayon polis idarəsinin postpatrul xidmət bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq, idarəyə gətirilib həmin gün saat 01:45 radələrindən 01:58 radələrinədək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd qara rəngli yapışdırıcı lentə bükülmüş 16,457 qram çəkidə külli miqdarda açıq qəhvəyi rəngli, toz şəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir narkotik vasitə heroin istifadə etmişdir. Tutulmamışdan 02 ay əvvəl olardı ki, “İnstagram” sosial şəbəkəsində tanış olduğu Dilarə adlı ilə iran vətəndaşı olaraq təqdim etmiş şəxsdən bir neçə dəfə narkotik vasitə heroin almışdır. Belə ki, həmin şəxs narkotik vasitəni qoyduğu yerləri ona demiş, o, götürüb pulunu onlayn yolla göndərişdir. 17 noyabr 2023-cü il tarixdə Dilarə ilə sosial şəbəkədə yazışıb ona narkotik vasitə göndərməsini xahiş etmiş, 100 manata 01 büküm heroin göndərəcəyini demişdir. Dilarənin dediyi kart hesabına “e-manat” terminaldan 100 manat göndərmiş və axşam saatlarında Dilarə ona şəkil atıb narkotik vasitəni Sumqayıt şossesində Abşron Xəstəxananın yanına qoydurduğunu demişdir, saat 23:50 radələrində o həmin yerdən 01 ədəd qara rəngli yapışqan lentə bağlanmış narkotik vasitə heroini götürüb istifadə etməsi üçün cibinə qoymuşdur. 18 noyabr 2023-cü il tarixdə saat 00:10 radələrində Abşeron rayon Mərkəzi Xəstəxananın yaxınlığında piyada hərəkət edərkən, polis maşını əraziyə gəlmiş, 3 nəfər polis geyimində polis əməkdaşları ona yaxınlaşıb, şəxsiyyətini təsdiq edən sənədi istəmişlər, üzərində sənəd olmadığını bildirmiş, polis əməkdaşları onu Abşeron RPİ-nə dəvət etmişilər, idarəyə gəldikdən sonra anket məlumatlarını bildirmiş, polis əməkdaşları onun əvvəllər narkotik vasitə istifadəsində məhkum olunduğunu bildikdən sonra onun üzərinə şəxsi axtarış keçirəcəklərini söyləmişlər. İdarədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə olunması üçün vəkillə təmin olunmasını istəmiş, özünə vəkil seçmişdir. Üzərinə müdafiəçisinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış başlanılarkən polis əməkdaşları ona üzərində olan əşyaları təqdim etməsini təklif etmişlər, o, da cibindəki bükümü və mobil telefonunu çıxarıb masanın üzərinə qoymşdur. Sorğu zamanı bükümün içərisindəki maddənin heroin olduğunu, 17 noyabr 2023-cü il tarixdə Abşeron rayon Mərkəzi Xəstəxanasının yaxınlığında Dilarə adlı şəxsdən öz istifadəsi üçün alıb üzərində saxladığını etiraf etmişdir. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirmiş, ancaq üzərindən başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi büküm boş kağız zərfə qoyulub qablaşdırılıb və möhürlənmişdir. Zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. O Dilarə adlı şəxsi heç vaxt görməmişdir, onunla yalnız sosial şəbəkə vasitəsilə əlaqə saxlamışdır.Əməlindən peşimandır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Abşeron RPl-nin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 18 noyabr 2023-cü il tarixdə post-patrul bölüyünün polis nəfərləri Şahid2 və Sənan Dəmirovla birlikdə avtopatrul maşını ilə xidməti ərazidə xidmətdə olarkən saat 00:10 radələrində Bakı-Sumqayıt şossesində Abşeron rayon Mərkəzi Xəstəxanasının yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apararaq hərəkət ediyini görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib, həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd tələb etmişlər, ancaq həmin şəxsin heç bir sənədi olmadığından onu Abşeron RPİ-yə gətirmişlər. İdarədə müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1982-ci il təvəllüdlü əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş Təqsirləndirilən şəxsdur. Bundan sonra idarə rəhbərliyinə raportla məruzə etmişlər, araşdırmanın aparılması X10a həvalə olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunduqdan sonra, dövlət hesabına vəkil dəvət olunub təqdim edilmiş, bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, bu zaman o, əynindəki gödəkçəsinin sağ yan cibindən lentə bükülmüş 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli maddə olduğu görünmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisindəki qəhvəyi rəngli maddənin “kakos” deyilən narkotik vasitə heroin olduğunu, iran vətəndaşından öz istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm zərfə qablaşdırılıb möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilib, ucadan oxunmuş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında ibtidai istintaqda şahid qismində dindirilmiş Abşeron RPİ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o həmin ifadəsində məhkəmədə dindirilmiş şahid S.Əmrəliyevin ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış Abşeron RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı X3, Abşeron RPİ-nin PPXB-nin polis nəfərləri - Şahid2, X1 və X9, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X8 iştirakı ilə süni işıqlandırma şəraitində, Abşeron RPİ-nin inzibati binasında xidməti otaqda aparılır. X10 tərəfindən iştirakçılar özlərini təqdim etməsi xahiş olunur və daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir. Şübhəli şəxsə üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və predmet varsa təqdim etməsi təklif edilir, bu zaman Təqsirləndirilən şəxs qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd qara rəngli lentə bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur və bükümün içərisindəki qəhvəyi rəngli maddənin “kakos” deyilən narkotik vasitə heroin olduğunu internetdə tanış olduğu iran vətəndaşının göndərdiyi xəritə üzrə 17 noyabr 2023-cü il tarixdə Abşreron rayon Mərkəzi Xəstəxanasının yaxınlığıdan öz şəxsi istifadəsi üçün götürdüyünü etiraf edir. Bunda sonra polis əməkdaşları tərəfindən onun üzərinə axtarış keçirilir hər hansı əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm boş kağız zərfin içərisinə qoyulub, möhürlənir, zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Bununla da şəxsi axtarışın keçirilməsi başa çatdırılır. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış aparılmasını əks etdirən və məhkəmədə tədqiq edilən videogörüntünün əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən yuxarıdakı protokolda qeyd olunan hallar və şahidlərin ifadələrində qeyd etdikləri xüsusatlar bir daha təsdiq olunmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspıtizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 18 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/6059 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər maddə (imza) Asif yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 16,457 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin təmiz çəkisi 2,875 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 2,825 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8270 №-li narkoloji-ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi - 16,457 qram narkotik vasitə - heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və heroinin 16,257 qram qalığı saxlanılması üçün Abşeron RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən verilən tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq, 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbayan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya şöbəsindən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının tutulduğu günə 01 il 09 ay 26 gününü çəkmiş, cəzasının çəkilməmiş hissəsi 08 ay təşkil edir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir, lakin ona təyin olunmuş əvvəlki cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadığı üçün Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin təsiri altına düşür və onun əməli cinayətlərin residivi kimi qiymətləndirilməməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə hazırki cinayət əməlini törətdiyindən ona hökmlərin məcmusu qaydasında qəti cəza təyin edilməlidir. Bu zaman ona Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 08 ay hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 4 ay azadlıqdan məhrumetməyə bərabər tutulmalıdir. İş materiallarında olan Gədəbəy Rayon Məhkəməsinin qətnaməsinin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü, xx.xx.2018-ci il təvəllüdlü və xx.xx.2020-ci il təvəllüdlü 03 azyaşlı uşağı vardır. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il qərarının 34-cü bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, azdlığın faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-nin tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətlərinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, onun özünün və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində 03 azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır və cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyi qeyd olunur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan halları nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin 19 noyabr 2023-cü il tarixli qərarı ilə əvvəli 18 noyabr 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 18 noyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 16,257 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 08 ayı 04 ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 18 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Abşeron rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 16,257 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar