Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-561/2023 16.10.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1988-ci ildə Laçın rayonu, Vağazin kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, fərdi əməklə məşğul olan, Laçın rayonu, Vağazin kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksi, ev 37, mənzil 21-də kirayədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 24 dekabr 2022-ci il tarixdə saat 23 radələrində onun evində azyaşlı uşağı ilə birlikdə müvəqqəti yaşayan baldızı Şahid2 həyat yoldaşı Zərərçəkmiş şəxs ilə yaşanan mübahisəni aradan qaldırmaq üçün sonuncunun kirayə yaşadığı ünvan 1-yə gəlib, mənzilin mətbəxində Şahid2 ilə olan mübahisəyə görə Zərərçəkmiş şəxs öz iradını bildirərkən sonuncu ilə şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı mətbəxdəki masanın üstündən götürdüyü kəsici-deşici xassəli bıçaqla ona əl-qol atan Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön yan səthindən bir dəfə vurmuş, bundan sonra Zərərçəkmiş şəxs onun yaxasından tutub sıxaraq oturmuş vəziyyətdə ona hücum etdiyinə görə həmin bıçaqla sonuncunun qarnının sol yan divarından 3 dəfə vuraraq ona döş qəfəsinin sol yarısının ön yan səthinin bir ədəd sol döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası, qarının sol yan divarında 3 ədəd daxilə nüfuz edən qarın boşluğuna qanaxma törədən, mədəni acı və köndələn çənbər bağırsaqları yaralayan deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, işdən gələndə evdə baldızı Səkinəni görmüş, yemək yedikdən sonra Səkinənin yoldaşı ilə telefonda dalaşdığını eşitmiş, mübahisənin səbəbini soruşduqdan sonra “Əmirlə danışım münasibətləri bəlkə düzələr” deyə düşünmüşdür. Daha sonra Əmirin evinə getmiş, çay içib söhbət edərkən ona “Səkinə ilə münasibətləri düzəldin, uşaqlarınız var” demiş, Əmir isə ona “mənim ailə işimə qarışma sənlik deyil” demişdir. Biraz mübahisə etmişlər, daha sonra o, stolun üstündəki bıçağı götürüb Əmirə vurmuşdur. Sonra polis əməkdaşları gəlmiş, özü cinayəti törətdiyini onlara bildirmişdir. Əslində Səkinə və Əmiri barışdırmaq məqsədi ilə Əmirin evinə getmişdir, onu vurmaq niyyəti olmamışdır. Neçə bıçaq xəsarəti yetirdiyini xatırlamamışdır. Zərərçəkmiş şəxslə barışmışdır, uşaqlarına hal-hazırda Əmir baxır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Laçın rayonu, Vağazin kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksi ev 37, mənzil 21-də ailəsi ilə birlikdə kirayədə yaşayır. Evlidir və 2 azyaşlı övladı var. Həmçinin fəhləlik edərək ailəsini dolandırır. Mahiyyəti üzrə bildirir ki, Zərərçəkmiş şəxs onun bacanağıdır və Əmir ilə münasibətləri həmişə yaxşı olmuşdur. Bildirir ki, son zamanlar bacanağı Əmir ilə həyat yoldaşı Səkinənin arasında ailə-məişət münasibətləri zəmnində mübahisələri olduğuna görə Səkinə təxminən 3 gün olar ki, azyaşlı övladı ilə birlikdə onun evində qalırdı. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində o, yaşadığı evdə şam yeməyi yemiş və yorğun olduğu üçün bir qədər spirtli içki də içmişdir. Həmin vaxt Səkinənin telefonuna həyat yoldaşı Əmirin zəng etdiyini və onların telefonda danışarkən yenə də bir-biriləri ilə mübahisə etdiklərini eşitmişdir. Bu zaman o, Səkinədən həyat yoldaşı Əmirin nə səbəbə belə hərəkət etdiyini soruşduqda Səkinə ona bir söz deməmiş və onun köməksiz vəziyyətdə olduğunu görmüşdür. Buna görə də o, belə bir qərara gəlmişdir ki, Əmirin yanına getsin və onların ailə münasibətlərini normallaşdırsın. Bu məqsədlə o, Əmirin yaşadığı evə getmişdir. Həmin vaxt Əmir mətbəxdə oturub yemək yeyib qurtarmış və o, stolda əyləşdikdə Əmir ona də çay süzüb qarşısına qoymuşdur. Əmirlə hal əhval tutduqdan sonra o, Əmirdən həyat yoldaşı Səkinə ilə münasibətləri qaydasına qoymasını xahiş etmişdir. Həmçinin o, Əmirə azyaşlı uşaqlarının olmasını, uşağın günahının olmadığını ona başa salmağa çalışmışdır. Elə bu sözü dlemişdir ki, Əmir ona «işdən gəlmişəm, yorğunam, sənlik deyil, mənim ailə işimə qarışma, özüm bilərəm, çayını iç çıx rədd ol evinə» demişdir. O, əvvəlcə Əmirin bu sözlərinə əhəmiyyət vermək istəməsə də, Əmirin onunla danışa-danışa daha da qəzəbləndiyini və ona əl-qol atdığını görüb özündən asılı olmadan mətbəxdəki masanın (stolun) üstündəki bıçağı götürmüş və bir dəfə onun sol böyründən vurmuşdur. Lakin Əmir heç nə olmamış kimi ona hücum edib yaxasından tutmuş və ona «sən kimsən ki, mənim evimdə bıçağa əl atırsan» demişdir. Qeyd edir ki, həmin vaxt o, stolda oturmuş vəziyyətdə olduğuna görə Əmirin onun yaxasından tutub sıxdığını görüb yenidən stoldakı bıçaqla bir neçə dəfə onun sol tərəfindən vurmuşdur ki, ondan əl çəksin. Lakin Əmirin ondan əl çəkməyəcəyini və döyüləcəyini başa düşdüyü üçün onu bıçaqla vurduqdan sonra əli ilə onu arxaya itələmişdir. Həmin vaxtı Əmir də onu itələdiyi üçün o, səndəlləyib arxası üstə yerdə oturmuşdur. Həmin vaxtı Əmir əlini böyrünə tutub bir söz demədən evdən çıxmışdır. O, etdiyi hərəkətdən bərk qorxmuşdur və nə edəcəyini bilmirdi. Bir neçə dəqiqə sonra evin həyətinə çıxdıqda Əmiri həyətdə görməmişdir. Həyətə çıxdıqda Əmiri vurduğu bıçaq əlində olduğu üçün hazırda xatırlamadığı istiqamətdə tullamışdır. Bir neçə dəqiqə keçmiş oraya polis əməkdaşlarının yaxınlaşdığını görmüş və o, bacanağı Əmiri onun yaşadığı evdə bıçaqla vuraraq xəsarət yetirdiyini onlara etiraf etmişdir. Bundan sonra da o, polis əməkdaşları ilə birlikdə Abşeron rayon polis idarəsinə gəlmişdir. O, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edir və əməlindən peşimandır. Bir daha bildirir ki, Zərərçəkmiş şəxs onun bacanağıdır və aralarında heç vaxt ədavətləri və düşmənçilikləri olmamışdır. O, hadisə vaxtı içkili olsa da, Əmirin ona qarşı kobudluq edəcəyini gözləmirdi. Lakin Əmirin onu təhqir edib evdən qovması ona pis təsir etdiyindən özündən asılı olmadan onu stoldan götürdüyü mətbəx bıçağı ilə vurmuşdur. İlk vurduğu zərbənin Əmirə batdığını hiss etməmişdir. Belə ki, Əmir heç nə olmamış kimi ona hücum edib onu döyməyə cəhd etmişdir. Bu səbəbdən də o, Əmirə əlavə bir neçə bıçaq zərbəsi vurmuşdur ki, ondan əl çəksin. Çünki o, stolda oturmuş vəziyyətdə olarkən Əmir ona hücum çəkmişdi. Əmiri bıçaqla vurub xəsarət yetirsə də onu yalnız qorxutmaq fikri olub və onun Əmiri öldürmək niyyəti olmamışdır. Sadəcə olaraq onu cəzalandırmaq istəmişdir. ( cild 1. i/v 155-157) Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacanağıdır və Aslan ilə münasibətləri yaxşı olmuşdur. 21 dekabr 2022-ci il tarixdə həyat yoldaşı Şahid2 ilə aralarında mübahisə olduğuna görə Səkinə ondan küsüb bacısı Zeynəbgilə, yəni bacanağı Aslangilə getmişdir. Həmin gün o, bir neçə dəfə həyat yoldaşı Səkinənin mobil telefonuna zəng edərək ona evə qayıtmasını bildirsə də, Səkinə evə gəlməyəcəyini bildirmişdir. Səkinə İlə danışığından təxminən 1 saat sonra bacanağı Aslan onun yaşadığı evə gəlmişdir. Onlar çay içib söhbət edərkən Aslan həyat yoldaşı Səkinə ilə telefonda etdiyi söhbətə görə gəldiyini bildirmiş və həyat yoldaşı Səkinə ilə kobud danışdığına görə ona irad bildirmişdir. Bu zaman o, Aslana “işdən gəlmişəm, bərk yorğunam, sənlik deyil, ailə işimə qarışma” demiş, lakin Aslan onun sözünə əhəmiyyət verməyib onunla öz evində ailə işlərinə qarışmağa başlamışdır. O, həmin vaxt Aslana bir neçə dəfə mövzunu dəyişməsini deyib ona öz iradını bildirməyinə baxmayaraq Aslanın onun ailə işlərinə daha da müdaxilə etdiyini hiss etmişdir. Buna görə də həmin vaxt Aslana qəzəblənib «çayını iç çıx rədd ol evinə», demiş ki, Aslan gözləmədiyi anda oturduqları stolun üstünə çörək bıçağını götürüb sol böyründən bir dəfə vurmuşdur. O, əvvəlcə bıçağın böyrünə batdığını hiss etməmiş və onun bıçağın arxasını böyrünə vurduğunu düşünmüşdür. Bu hərəkətinə görə stoldan durub Aslanın yaxasından tutmuş və ona «sən kimsən ki, mənim evimdə bıçağa əl atırsan» demiş, Aslan stolda oturmuş vəziyyətdə yenidən bıçağı götürüb sol tərəfinə bir neçə dəfə vurmuş və arxaya çəkilərək yerdə oturmuşdur. Bundan sonra isə Aslan səhv etdiyini dərk edib onu xəstəxanaya aparmağı təklif etsə də o, özü xəstəxanaya getmək üçün tək evdən həyətə çıxmışdır. Sonra isə Kaya restoranın yaxınlığından keçən polis əməkdaşları onun xəsarət almış olduğunu və böyründən qan axdığını görüb cəld yardım etmişlər və onu xidməti avtomobillərinə əyləşdirib xəstəxanaya aparmışlar. O, Aslanın onu qətlə yetirmək niyyətinin olmasına inanmadığını, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayəti olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayəti, iddiası və tələbi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır və onların birgə nigahlarından 2 azyaşlı övladları var. Zərərçəkmiş şəxs bacısı Səkinə həyat yoldaşıdır. Həmin ərəfələrdə bacısı Səkinə ilə həyat yoldaşı Əmirin mübahisələri olduğuna görə bacısı övladı ilə birlikdə onların evinə gəlmişdir. Onlar axşam yemək yeyərkən bacısı Səkinənin telefonuna həyat yoldaşı Əmirin zəng etdiyini görmüşlər. Səkinə əri ilə telefonda danışarkən bir-biriləri ilə mübahisə etmişlər. Bu zaman yoldaşı Aslan bacısı Səkinədən həyat yoldaşı Əmirin nə səbəbə belə hərəkət etdiyini soruşanda Səkinə Aslana bir söz deməmiş və onlar Səkinənin evindəki problemin ciddi olduğunu görmüşlər. Aslan yemək yedikdən sonra Səkinə ilə Əmirin arasında olan münasibətləri normallaşdırmaq məqsədilə evdən çıxıb Əmirgilə getmişdir. Bir neçə saat sonra Aslanla Əmirin arasında mübahisə düşdüyünü və həmin mübahisə zəmnində də Əmir Aslanı evdən qovduğu üçün Aslan mətbəxdəki stolun üzərindən götürdüyü bıçaqla Əmirə xəsarət yetirmişdir. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə ifadəsi alınmış digər Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid3 ifadəsində göstərmişdir ki, halhazırda Abşeron rayon polis idarəsinin Post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir və rütbəsi polis serjantıdır. Mahiyyəti üzrə bildirir ki, 24 dekabr 2022-ci il tarixdə saat 23:45 radələrində Abşeron RPİ-nin PPXB-nin polis nəfərləri Şahid4 və Şahid5 ilə birlikdə “4768” çağırışlı avtopatrulla Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93" yaşayış kompleksinin ərazisində xidmətdə olduqları zaman RPİ-nin “4743” çağırışlı naryadları onları köməyə çağırmışlar. Ona görə də onlar avtopatrulla dərhal deyilən ünvana, yəni “Qurtuluş-93” yaşayış kompleksində yerləşən 55-ci binanın qarşısına yaxınlaşmışlar. Həmin vaxt tanımadıqları bir nəfər şəxs onlara yaxınlaşaraq bıçaqla vurub bacanağına xəsarət yetirdiyini bildirdiyi üçün onlar həmin şəxsi Abşeron rayon polis idarəsinə gətirib Növbətçi hissəyə təhvil vermişlər. Həmçinin Növbətçi hissədə həmin şəxsin xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu onlara məlum olmuşdur. (cild 1, iş vərəqə 79-80) Məhkəmədə ifadələri elan olunaraq araşdırılmış şahid polis əməkdaşları Şahid4 və Şahid5 ifadələrindən görünür ki, onlar digər polis əməkdaşı Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. ( cild 1, iş vərəqə 81-82, 83-84) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid6 ifadəsində göstərmişdir ki, halhazırda Abşeron rayon polis idarəsinin Post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir və rütbəsi polis serjantıdır. Mahiyyəti üzrə bildirir ki, 24 dekabr 2022-ci il tarixdə saat 23:30 radələrində Abşeron RPİ-nin PPXB-nin polis nəfərləri Şahid7 və Şahid8 ilə birlikdə 4765 çağırışlı avtopatrulla Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi ərazisində xidmət apararkən 55-ci binanın yaxınlığında, “Kaya” restoranının qarşısında bir nəfər vətəndaşın üst başının qan olduğunu görüb dərhal ona yaxınlaşmışlar. Həmin vaxt onlara məlum olmuşdur ki, həmin şəxslə yaşadığı evdə bacanağının arasında baş vermiş mübahisə zamanı bacanağı onu bıçaqla vuraraq xəsarət yetirmişdir. Bundan sonra onlar həm RPİ- nin Növbətçi hissəsinə, həm də X7 zəng edərək bu barədə məlumat verməklə yanaşı yaxınlıqda olan digər avtopatrulu da köməklik göstərmək üçün hadisə yerinə çağırmışlar. Bundan sonra da onlar X9 avtomobilinin hadisə yerinə gəlməsini gözləmədən RPİ-nin növbətçi hissəsindən icazə alaraq dərhal həmin şəxsi Bakı şəhər X6 aparmışlar. Eyni zamanda mobil portal vasitəsi ilə həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən onun xx.xx.1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs olduğu onlara məlum olmuşdur. ( cild 1, iş vərəqə 85-86) Məhkəmədə ifadələri elan olunaraq araşdırılmış şahid polis əməkdaşları Şahid7 və Şahid8 ifadələrindən görünür ki, onlar digər polis əməkdaşı Şahid6 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. ( cild 1, iş vərəqə 117-118,119-120) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 25 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanıdır. (cild 1, iş vərəqə 7-9). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 81 saylı rəyi ilə müəyyən edilmişdir ki, 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - döş qəfəsinin sol yarısının ön yan səhtinin bir ədəd sol döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası;- qarının sol yan divarında 3 ədəd daxilə nüfuz edən qarın boşluğuna qanaxma törədən mədəni, acı və köndələn çənbər bağırsaqları yaralayan deşilmiş-kəsilmiş yaraları - iti deşici-kəsici alətin (alətlərin) təsirindən törədilmiş; törədilmə müddətləri qərarda göstərilən vaxta, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə ümumilikdə, eləcədə ayrıayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər.(cild 1, iş vərəqə 87-88). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( cild 1, iş vərəqə 61) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Laçın rayon İcra Hakimiyyəti başçısının Vağazin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 128). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cu il təvəllüdlü X4 adlı iki azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədilə hər hansı dəlil gətirməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4cü və 59.1.12-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 25 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. İş üzrə maddi sübut,mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-561/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-561/2023
16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver