Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-562/2024 02.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və təqsirləndirilən şəxslərin iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Emin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. İş materiallarına əsasən həmin cinayət işi 25 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə başlanılmış və icraata qəbul edilməklə istintaq aparılmışdır. Daha sonra, cinayət işi Sumqayıt Şəhər Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanılaraq istintaq olunan cinayət işinə birləşdirilməsi üçün aidiyyəti üzrə Sumqayıt ŞPİ-yə göndərilmiş və cinayət işləri bir icraatda birləşdirilməklə müstəntiq Əsqər Kazımov tərəfindən icraata qəbul edilib vahid icraatda istintaq aparılmışdır. 25 avqust 2023-cü il tarixdə müstəntiq Əsqər Kazımov tərəfindən şəxsin nədə ittiham olunması ilə bağlı qərar qəbul edilmədən Təqsirləndirilən şəxs1 axtarışa verilmiş, 21 sentyabr 2023-cü il tarixdə o, tutularaq istintaqa təhvil verildikdən sonra, 22 sentyabr 2023-cü il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 04 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş və barəsində axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs2 tutularaq təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı təmin edilməyərək məhkəmə tərəfindən barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmişdir. Daha sonra ibtidai istintaq orqanı tərəfindən həmin qətimkan tədbirinin uzadılmasından imtina edilmiş və Təqsirləndirilən şəxs2 barəsində 23 dekabr 2023-cü il tarixli qərar ilə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. 06 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 və 08 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yenidən ittiham verilmişdir. İstintaqın yekununa dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X10 tərəfindən tərtib olunmuş ittiham aktı il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri Mürvət Həsənov tərəfindən 18 mart 2024cü təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri məhkəməyə vəsatətlə müraciət edərək məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsi ilə müəyyən edilmiş kobud pozuntulara yol verildiyini qeyd edərək, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər, həmçinin dövlət ittihamçısı həmin pozuntulara yol vermiş ibtidai istintaqı aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılmasını da məhkəməyə təklif etmişdir. Tərəflərin vəsatətləri onunla əsaslandırılmışdır ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 müdafiə hüququ, eləcə də Müdafiəçi1 prosessual hərəkətlərdə iştirak etmə və cinayət işinin materialları ilə tanış olma hüququ müstəntiq tərəfindən kobud şəkildə pozulmuş, Təqsirləndirilən şəxs2 müqavilə əsasında müdafiəçisi Müdafiəçi1 olduğu halda, ibtidai istintaqı aparan müstəntiq tərəfindən istintaq hərəkətləri barədə müdafiəçiyə məlumat verilməmiş və dövlət hesabına digər müdafiəçi dəvət edilərək istintaq yekunlaşdırılmış, səlahiyyətlərinə xitam verilmədiyi halda müqavilə əsasında mövcud Müdafiəçi1 cinayət işinin materialları ilə tanış olması təmin edilməmiş və sonuncunun məlumatı olmadan cinayət işi məhkəməyə göndərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin materiallarını öyrənərkən və işə hazırlıq iclasında baxarkən, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan bir sıra kobud pozuntulara yol verildiyini müəyyən etməklə hesab edir ki, dövlət ittihamçısının, təqsirləndirilən şəxslərin və onların müdafiəçisinin vəsatətləri əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.8-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq Cinayət- Prosessual Məcəlləsinin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntular hesab edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 26 və 61-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.16.3-cü maddəsində nəzərdə tutulan “müdafiəçinin cinayət prosesində iştirakını istisna edən hallar” müddəasının həmin Məcəllənin 19.6, 32, 92.10 və 114-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 oktyabr 2023-cü il Qərarında qeyd olunmuşdur ki, hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir. Müdafiəçinin köməyindən istifadə etmək hüququ beynəlxalq-hüquqi aktlarla da fundamental hüquqlar sırasında tanınır. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinin 3-cü hissəsinin b və d bəndlərinə əsasən, hər bir şəxsin ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılarkən bərabərlik əsasında öz müdafiəsinə hazırlaşmaq və özünün seçdiyi müdafiəçi ilə əlaqə saxlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; öz iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən və ya öz seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək; əgər müdafiəçisi yoxdursa, bu hüququ barədə xəbərdar edilmək və ədalət məhkəməsinin mənafeyi bunu tələb etdiyi istənilən halda onun üçün təyin edilmiş müdafiəçiyə, bu müdafiəçinin haqqını ödəməyə kifayət qədər vəsaiti olmadığı istənilən halda isə pulsuz müdafiəçiyə malik olmaq hüququ vardır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında isə qeyd edilmişdir ki, bu Qanun Azərbaycan Respublikasının ərazisində hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək hüququnun təmin olunması məqsədi ilə qəbul edilir. Cinayət-Prosessual Məcəlləsinin 19.4.4-cü maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin həmin Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq hüquqlarını təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.7-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsini öz öhdəsinə götürdükdə, müdafiəçi cinayət prosesini həyata keçirən orqana şəxsiyyətini və Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədi, habelə vəkil qurumunun orderini təqdim etməlidir. Cinayət işinin materiallarında olan 30 oktyabr 2023-cü il tarixli 1347/2023 №-li müqavilə əsasında orderdən, eyni tarixli ərizə və “təqsirləndirilən şəxsə müdafiəçinin təqdim edilməsi haqqında” protokolun surətindən görünür ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə edən müdafiəçi kimi cinayət işinə buraxılmışdır. Eyni zamanda müstəntiq Əsqər Kazımovun 30 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 dövlət hesabına müdafiəçisi X1 xitam verilmişdir. Məhkəmənin hazırlıq iclasında çıxış edən Təqsirləndirilən şəxs2 göstərdi ki, ibtidai istintaqı aparan müstəntiq Əsqər Kazımov onu polis idarəsinə çağırılmış və orada bir neçə sənədə imza etdirilmişdir. Latın qrafikli azərbaycan əlifbası ilə oxuya bilmədiyindən və müstəntiq tərəfindən izah edilmədiyindən həmin sənədlərin mahiyyətindən onun məlumatı olmamış, həmçinin müqavilə əsasında müdafiəçisi Orxan Vəliyev olduğu halda həmin müdafiəçidən imtina edərək dövlət hesabına müdafiəçi verilməsini istintaq orqanından xahiş etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiklərinin həqiqət olması ehtimalı ilə bağlı vurğulayır ki, təqsirləndirilən şəxsin müəyyən məbləğdə pul ödəməklə müqavilə bağladığı vəkildən, müqavilə şərtlərinin pozulması təsdiq olunmadığı halda, hər hansı bir səbəb olmadan imtina etməsi və istintaq orqanından dövlət hesabına müdafiəçi tələb etməsi məhkəməyə inandırıcı və ağlabatan görünmür. Məhkəmə bu qənaətə gələrkən işin halları və tərəflərin çıxışları ilə yanaşı ibtidai istintaq orqanının “Müdafiəçi dəvət edilməsi haqqında” 06 mart 2024-cü il tarixli qərarının mətnini də nəzərdən keçirməyə bilmir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində müdafiəçinin dəvət edilməsi əsasları kimi mövcud olmayan aşağıdakı səbəb göstərilmişdir “Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan ittihamın elan edilməsi məqsədi ilə təqsirləndirilən şəxs qismində tutularkən dövlət hesabına müdafiəçi ilə təmin edilməsini tələb etmişdir”. Halbuki, Təqsirləndirilən şəxs2 həmin vaxt tutulmamış və azadlıqda olaraq özü tərəfindən müdafiəçi dəvət edilməsinə imkanı olmuşdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 müqavilə əsasında müdafiəçisindən həqiqətən imtina etdiyi halda belə, ibtidai istintaq orqanı əvvəlki müdafiəçinin iştirakına xitam verildiyi kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.16-cı maddəsinin tələblərinə əsasən Müdafiəçi1 iştirakına xitam vermədən və həmin Məcəllənin 92.9.15-ci maddəsinə əsasən bilavasitə Müdafiəçi1 hüquqlarına və qanuni mənafeyinə toxunan həmin qərar barədə məlumatlandırılmadan ibtidai istintaq yekunlaşdırılmaqla cinayət işini məhkəməyə göndərilmiş, bu zaman səlahiyyətlərinə xitam verilməyən Müdafiəçi1 ən azından Cinayət-Prosessual Məcəlləsinin 92.9.11-ci maddəsinin tələblərinə əsasən cinayət işinin materialları ilə tanış olması hüququ da təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir, cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. Həmin Məcəllənin 284.2-ci maddəsinin tələblərinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. Lakin iş üzrə ibtidai istintaqı aparmış müstəntiq tərəfindən prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri kobud şəkildə pozularaq təqsirləndirilən şəxsin öz müdafiəçisinin iştirakı təmin edilmədən cinayət işinin materialları ilə tanış etmə istintaq hərəkəti keçirilmiş, bu da öz növbəsində təqsirləndirilən şəxsin müdafiə hüquqlarını pozaraq onun nədə ittiham olunmasının bilməsi, ona qarşı toplanmış sübutları öyrənərək öz müdafiəsinə hazırlaşması, eləcə də əlavə istintaq hərəkətlərin həyata keçirilməsi və prosessual qərarların qəbul edilməsi tələbləri ilə bağlı vəsatət və etiraz verə bilməsi hüquqlarını məhdudlaşdırmışdır. Məhkəmə həmçinin qeyd edir ki, şəxsin müdafiəçidən imtinası ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsinin məzmunu şəxsə ədalətli məhkəmə araşdırılmasının təminatlarından qəti sürətdə və yaxud sükutla imtina etməyi qadağan etmir (Avropa Məhkəməsinin X2rşı iş üzrə 18 oktyabr 2006-cı il tarixli Qərarı, §73). Lakin, belə imtinanın Konvensiyanın məqsədləri baxımından həqiqi olması üçün imtina müəyyən olunmalı və onun vacibliyi müvafiq minimal təminatlarla müşayiət olunmalıdır (Avropa Məhkəməsinin Puatrimol Fransaya qarşı iş üzrə 23 noyabr 1993-cü il tarixli Qərarı, §31). Tələb olunan hüquqdan imtina təkcə könüllü deyil, eyni zamanda bilikli və şüurlu olmalıdır. Ədalətli məhkəmə araşdırılmasının anlayışını təşkil edən fundamental hüquqlardan biri olaraq və Konvensiyanın 6-cı maddəsinin təminatlarının səmərəliliyini təmin edən müdafiəçiyə malik olmaq hüququ bilikli və şüurlu imtina standartının xüsusi mühafizəsini tələb edən hüquqların vacib nümunəsidir (Avropa Məhkəməsinin Pişalnikov Rusiyaya qarşı iş üzrə 24 sentyabr 2009-cu il tarixli Qərarı, §77, 78). Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20 may 2011-ci il Qərarında müdafiəçidən imtina olunmasının şərtləri ilə əlaqədar müəyyən etdiyi mövqeyə əsasən müdafiəçidən imtina şübhəli və ya təqsirləndirilən şəxsin “öz təşəbbüsü ilə könüllü” həyata keçirilməlidir. Bu ifadəni təşkil edən sözlər bir-biri ilə qarşılıqlı vəhdətdədir. Yəni imtina təşəbbüsü istənilən halda şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən irəli gəlməlidir (iradəsindən asılıdır). Başqa sözlə, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsə müdafiəçidən imtina barəsində hər hansı təklif yolverilməzdir. Bundan başqa, şübhəli və ya təqsirləndirilən şəxsin qərarının könüllülüyünə hər hansı təsir (psixi və ya fiziki) qeyri-qanunidir. Könüllülük eyni zamanda məcburi imtinanın yolverilməzliyi deməkdir. Cinayət prosesini həyata keçirən orqan müdafiəçidən imtina məsələsinə baxarkən müəyyən etməlidir ki, müdafiəçidən və ya hüquqi yardım almaq hüququndan imtina məcburi olmamışdır. Şübhəli və ya təqsirləndirilən şəxsin iradəsi CPM-in 92.12-ci maddəsinin tələblərinə görə, ərizə ilə ifadə olunmalıdır. Ərizə dedikdə, şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən şəxsən yazılmış və imzalanmış sənəd başa düşülür. Bununla qanunverici belə hallarda sükutla ifadə olunan imtinanın yolverilməzliyini göstərmişdir. Həmin ərizənin mövcudluğu eyni zamanda müdafiəçidən imtinanın məcburliliyinin qarşısını alan təminat kimi hesab olunmalıdır. Könüllülüyün digər bir təminatı isə müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin imtina prosedurunda iştirakıdır. Göründüyü kimi, təqsirləndirilən şəxsin müdafiə olunmaq hüququ və onun müdafiəçisinin keyfiyyətli hüquqi yardım göstərmək hüququ ibtidai istintaq orqanı tərəfindən təmin edilməməklə yanaşı kobud şəkildə pozulmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289 və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmaması da, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntular hesab edilir. İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktında bu pozuntulara da yol verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.3.1-ci maddəsinin tələblərinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. Həmin Məcəlləsinin 289.4-cü maddəsinin tələblərinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223.3 və 223.3.2-ci maddəsinin tələblərinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti öz əksini tapmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarı ilə müəyyən edilmiş hüquqi mövqeyə əsasən, cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. Plenumun mövqeyinə görə icra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir və cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər. Cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. İstintaq orqanı tərəfindən isə prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri də pozularaq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 ilə bağlı epizod üzrə anlaşılmaz və natamam ittihamlar verilmiş, həmin ittihamların məzmunlarına əsasən hər iki təqsirləndirilən şəxsə onların yalnız adı, soyadı və ata adı dəyişdirilməklə tamamilə eyni məzmunlu ittihamlar verilmiş, hər bir təqsirləndirilən şəxsin cinayətdə iştirakı və törətdiyi əməllər fərdiləşdirilməmişdir. Belə ki, həmin epizod üzrə Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən o, təkrarən etibardan sui-isliladə və ya aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə oğlu Təqsirləndirilən şəxs1 ilə qabaqcdan əlbir olan bir qrup şəxs halında tanışı Zərərçəkmiş şəxs3 birgə meyvə alveri edib yaxşı pul qazanacaqlarına dair yalandan vəd verib aldadaraq, bu məqsədlə Zərərçəkmiş şəxs3 2021-ci ilin mart ayında gilas meyvəsi almaq adı ilə Quba rayonun ərazisində yerləşən “Çinar” kafesində 100.000 (yüz min) manat, 2021-ci ilin iyun ayında alma meyvəsi almaq adı ilə Xaçmaz rayonun Yergüc kənində 100.000 (yüz min) manat, 2021-ci ilin sentyabr ayında xurma meyvəsi almaq adı ilə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində, Texno parkın yaxınlığında 3000 (üç min) və 10.000 (on min) ABŞ dolları (Azərbaycan manatı ekvavalenti nisbətində 17.000 (on yeddi min) manat), ümumilikdə 220.000 (iki yüz iyirmi min) manat pulu vahid niyyətlə alaraq ələ keçirdib, Zərərçəkmiş şəxs3 küllü miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 də tamamilə eyni məzmunlu ittiham verilərək hər bir təqsirləndirilən şəxsin ittihamda göstərilən, ehtimal edilən cinayət əməllərini tək halda törətməsi, yəni zərərçəkmiş şəxslə ayrı-ayrı yerlərdə görüşməklə ondan müxtəlif məbləğlərdə pul alaraq fərdi qaydada dələduqzluq yolu ilə talaması göstərilmişdir. Halbuki, Zərərçəkmiş şəxs3 hər bir təqsirləndirilən şəxsin ehtimal edilən cinayət əməllərində iştirakı ilə bağlı kifayət qədər aydın və konkretləşdirilmiş ifadə vermişdir. Təqsirləndirilən şəxslərə verilmiş ittihamların məzmunundan görünür ki, ibtidai istintaq orqanı tərəfindən onların ikisinədə bu epizodlar üzrə tamamilə eyni məzmunlu ittiham verilərək onların hər birinin əməlləri fərdiləşdirilməmiş, cinayətin törədilməsində iştirakları və rolları bölüşdürülməmiş, təqsirləndirilən şəxslərin bu epizod üzrə təqsirli olubolmaması, onların hər birinin cinayətdə iştirak həddini müəyyən edən mühüm əhəmiyyət kəsb edən halları və xüsusatları istintaq yolu ilə araşdırılmadan, yalnız təqsirləndirilən şəxslər tərəfindən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə istinad etməklə dələduzluq cinayətinin törədilməsi göstərilmişdir. Nəticə etibarı ilə təqsirləndirilən şəxslərə verilmiş ittihamlarda ziddiyyətlərə və anlaşılmazlığa yol verən istintaq oranı bir daha təqsirləndirilən şəxslərin müdafiə hüququnu pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsi ilə müəyyən edilmiş təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) hüququ istintaq orqanı tərəfindən tam həcmdə təmin edilməmişdir. Qeyd olunan bu və digər pozuntular Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6 və 303.3.8-ci maddələri ilə müəyyən edilmiş kobud pozuntulara əsas olduğundan, məhkəmə hesab edir ki, cinayət işinin məhkəmədə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 3(a) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə məlumatlandırılmaq hüquqlarına malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, 6-cı maddənin 3(a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın “əsasları, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın “xarakteri”, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat verilməsini təmin edir (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, 7 yanvar 2010-cu il) Eyni zamanda Konvensiyanın 6-cı maddənin 3 “c” yarımbəndində cinayət törətməkdə ittiham olunan hər kəsin şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək hüququ təsbit edilmişdir. Konvensiyanın həmin maddəsinə istinadən Avropa Məhkəməsi qeyd edir ki, çəkişmə prinsipi baxımından bu müddəanın məqsədi təqsirləndirilən şəxsə qarşı tərəflə müqayisədə onu əlverişsiz vəziyyətdə qoymayan şərtlərlə öz müdafiəsini qura bilməsi üçün ağlabatan imkan verməkdir (Avropa Məhkəməsinin Bulut Avstriyaya qarşı iş üzrə 22 fevral 1996-cı il tarixli Qərarı, § 47; Avropa Məhkəməsinin Popov Rusiyaya qarşı iş üzrə 13 sentyabr 2006-cı il tarixli Qərarı, § 177). Bundan başqa, Puatrimol Fransaya qarşı iş üzrə 23 noyabr 1993-cü il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, hər bir təqsirləndirilən şəxsin müdafiəçi ilə səmərəli müdafiə olunmaq hüququ ədalət mühakiməsinin əsas cəhətlərindən biridir (§34). Təqsirləndirilən şəxsin müdafiəçisi həmçinin cinayət prosesinin qanuniliyinin təminatçısı kimi çıxış edə bilər (İnsan hüquqları üzrə Avropa Komissiyasının Enslin, Baader və Raspe Almaniyaya qarşı iş üzrə 08 iyul 1978-ci il tarixli Qərardadı, 14 DR 64, səh. 114). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra, məhkəmə konkret hallarda Cinayət- Prosessual Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 159.10-cu maddəsinə əsasən həmin Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti həmin Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. İş materiallarına əsasən, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 21 sentyabr 2023-cü il tarixdə tutulmuş, 22 sentyabr 2023-cü il tarixdə barəsində Sumqayıt şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra həbsdə saxlanılma müddəti uzadılmaqla, tutulduğu vaxtdan o, fasiləsiz olaraq həbsdə saxlanılmışdır. 19 mart 2024-cü il tarixdə cinayət işi məhkəmənin icraatına daxil olmuş, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilib yekunlaşanadək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 barəsində isə 23 dekabr 2023-cü il tarixli qərar ilə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi vəsatətlə müraciət edərək onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi məsələsi ilə bağlı, məhkəmə qeyd edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin, eyni zamanda Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin seçilməsi ilə bağlı prosessual-hüquqi əsaslar aradan qalxmadığından Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla həbsdə saxlanılma müddətləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 159.2 və 159.10-cu maddələrinin tələbləri nəzərə alınmaqla qərarın elan edildiyi gündən 02 ay müddətinə, yəni 02 iyul 2024-cü il tarixədək uzadılmalı, həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müdafiə tərəfinin vəsatəti əsassız olduğundan təmin edilməməli, eyni zamanda Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri də dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, məhkəmənin hazırlıq iclasında çıxış edən Müdafiəçi1 göstərmişdir ki, ibtidai istintaq orqanı tərəfindən tərtib olunmuş 23 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirmə protokolunda və digər prosessual sənədlərdə onun iştirakının qeyd olunmasına baxmayaraq o, həmin istintaq hərəkətlərində iştirak etməmiş, onun adı qarşısında olan imzalar isə bu və digər istintaq materiallarında saxtalaşdırlmaqla ona məxsus olmamışdır. Bu səbəbdən də məhkəmə, Müdafiəçi1 cinayət işi üzrə onun imzalarının saxtalaşdırlması və digər qanunsuz hərəkətlərə yol verilməsinə dair məhkəmədə irəli sürdüyü iddialarla bağlı məlumatın Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207.6 və 208.0.5-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini zəruri hesab etməklə qeyd edir ki, həmin məlumat araşdırılmaqla müvafiq hüquqi qiymət verilməsi məsləsinə baxılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 113.2ci maddəsinə əsasən müstəntiqin və ya təhqiqatçının cinayət işi üzrə ibtidai araşdırma aparılmasında iştirakı, qanunun əhəmiyyətli dərəcədə pozulması halları istisna olmaqla, həmin cinayət işi üzrə ibtidai araşdırmada onun sonrakı iştirakını istisna etmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud şəkildə pozulması qanunun əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilə bildiyindən, Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X9 etiraz məsələsi də ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həll edilməklə müvafiq qərar qəbul edilməsi məsələsinə baxılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 307.1ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı həmin Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Cinayət-prosessual qanunvericiliyinin həmin imperativ normasını rəhbər tutaraq və dövlət ittihamçısının bununla bağlı vəsatətini nəzərə alaraq məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılması zəruridir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3, 303.4-cü və 306.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l ı r:
1. Dövlət ittihamçısının, təqsirləndirilən şəxslərin və onların müdafiəçisinin cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə bağlı vəsatətləri əsaslı olduğundan təmin edilsin.
2. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6 və 303.3.8-ci maddələri ilə müəyyən edilmiş kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.
3. Təqsirləndilən şəxs Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla, həbsdə saxlanılma müddəti qərarın elan edildiyi gündən 2 ay müddətinə, yəni 02 iyul 2024-cü il tarixədək uzadılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müdafiə tərəfinin vəsatəti təmin edilməsin.
4. Təqsirləndilən şəxs Təqsirləndirilən şəxs2 oğlu Yusif oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.
5. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207.6 və 208.0.5-ci maddələrinə əsasən Müdafiəçi1 cinayət işi üzrə onun imzalarının saxtalaşdırlması və digər qanunsuz hərəkətlərə yol verilməsi iddiası ilə bağlı məlumat üzrə araşdırma aparmaqla müvafiq hüquqi qiymət verilməsi məsəlləsinə baxılsın.
6. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 113.2-ci maddəsinə əsasən qanunun əhəmiyyətli dərəcədə pozulması hallarına yol vermiş Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X9 etiraz məsələsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həll edilməklə müvafiq qərar qəbul edilməsi məsələsinə baxılsın.
7. Qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin).
8. Qərarın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin.
9. Qərar qətidir, apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz.