Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-564/2023 24.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, eləcə də təsqirləndirilən şəxsin iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İş materiallarına əsasən həmin cinayət işi 25 mart 2023-cü il tarixdə Xızı rayon prokurorluğunun müstəntiqi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə başlanılıb icraata qəbul edilməklə istintaq aparılmışdır. 27 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində Xızı rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddə ilə yeni ittiham verilmişdir. İstintaqın yekununa dair Xızı rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Kənan Əlizadə tərəfindən tərtib olunmuş ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xızı rayon prokuroru, baş ədliyyə müşaviri Rahim Səfəralıyev tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin materiallarını öyrənərkən və işə hazırlıq iclasında baxarkən, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan bir sıra kobud pozuntulara yol verildiyini müəyyən etməklə hesab edir ki, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsi ilə müəyyən edilmiş kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, Cinayət- Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289 və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmaması və Cinayət- Prosessual Məcəlləsinin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq həmin Məcəllənin 284—286 və 288-ci maddələrinin tələblərinin pozulması məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntular hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.3.1-ci maddəsinin tələblərinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.4-cü maddəsinin tələblərinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223.3 və 223.3.2-ci maddəsinin tələblərinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti öz əksini tapmalıdır. İstintaq orqanı tərəfindən isə prosessual normaların yuxarıda qeyd olunan tələbləri pozularaq təqsirləndirilən şəxsə anlaşılmaz və natamam ittiham irəli sürülmüşdür. Belə ki, istintaq orqanının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə verdiyi ittihamın məzmununa əsasən: “o, xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Giləzi qəsəbəsində yerləşən yaşadığı fərdi evin yataq otağında, sərxoş vəziyyətdə atası Zərərçəkmiş şəxs ona söyüşlər söyməsi, bişirdiyi yeməklərə tüpürməsi və digər hərəkətlərindən əsəbləşərək, aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən öldürmək məqsədi ilə otaqda olan uzunluğu 34 sm, diametri 4 sm ölçüdə taxtadan hazırlanmış aləti götürərək sonuncunun baş və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə vurması nəticəsində ona başın küt travması, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik ödemi, kəllə tağı sümüyünün sınığı, hər iki ağ ciyərlərə qansızmalar, döş sümüyünün, sağ tərəfli İV, V, sol tərəfli İİ, İİİ, İV, V qabırğaların qapalı sınıqları, başın sağ gicgah-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol gicgah nahiyəsinin dərialtı hematoması, alt dodağın selikli qişasının əzilmiş yarası, çənəaltı nahiyənin əzilmiş-cırılmış yarası, bədənin çoxsaylı sıyrıq və qançırlarından ibarət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə qəsdən öldürmüş və sonra oradan çıxaraq qonşuluqda yerləşən əmisi arvadı Şahid1 evində gecələmişdir. Göründüyü kimi istintaq orqanı mərhum Zərərçəkmiş şəxs meyitinin üzərində olan bütün xəsarətləri sadalamaqla həmin xəsarətlərin ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər olmasını qeyd etməklə, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs tərəfindən məhz bu xəsarətlərin yetirilməsi nəticəsində zərərçəkmiş şəxsin ölməsini qeyd etmişdir. Lakin təqsirləndirilən şəxsə verilmiş ittihamda qəsdən adam öldürmə işləri üzrə ən mühüm hal olan fizioloji proses kimi ölümün səbəbi, yəni yetirilmiş xəsarətlərlə baş vermiş ölümün səbəbli əlaqəsinin olması, məhz hansı xəsarətlərin yetirilməsi nəticəsində hansı halın baş verməsi zərərçəkmişin ölümünə səbəb olması göstərilməmişdir. Halbuki, cinayət işinin materiallarında olan meyitin məhkəmə-tibbi müayinəsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” Birliyi PHŞ-nin Xızı rayon şöbəsinin eksperti tərəfindən tərtib olunmuş 23 mart 2023-cü il tarixli, 02 №-li ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb “baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyin travmatik ödemi, kəllə tağı sümüyünün sınığı” olmuşdur. Bundan əlavə, meyitin müayinəsinə dair şərh edilən ekspertiza rəyinin təsviri və nəticə hissələrində, buna uyğun olaraq isə ittihamın mətnində mərhumun bədəni üzərində aşkar olunmuş bütün xəsarətlər sadalanmaqla onların ümumilikdə həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətlərinə aid edilməsi göstərilmiş, lakin “başın sağ gicgahtəpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol gicgah nahiyəsinin dərialtı hematoması, alt dodağın selikli qişasının əzilmiş yarası, çənəaltı nahiyənin əzilmiş-cırılmış yarası, bədənin çoxsaylı sıyrıq və qançırları” kimi xəsarətlərin hansı meyara əsasən ağır dərəcəli bədən xəsarətlərinə aid edilməsi göstərilməmiş, mövcud xəsarətlərin hər biri ayrı-ayrlıqda təsvir edirlərək onların ağırlıq dərəcələri müəyyən edilməmişdir. Şərh edilən rəyin nəticə hissəsini ittihamın mətninə köçürən istintaq orqanı da qeyd edilən xəsarətlərin lokalizasiyası və ağırlıq dərəcələrinə görə həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətinə uyğun gəlmədiyinə diqqət yetirməklə, bu anlaşılmazlığı ibtidai istintaq zamanı təkrar ekspertiza təyin etməklə aradan qaldırılmamışdır. Məhkəmə qeyd edir ki, məhkəmə-tibb ekspertinin 23 mart 2023-cü il tarixli, 02 №-li rəyi təqsirləndirilən şəxs və onun müdafiəçisinə elan edilərkən, həmçinin onlar iş materialları ilə tanış olarkən ekspert rəyi ilə razı olmadıqları barədə vəsatət vermişlər. Birinci halda müstəntiq tərəfindən vəsatətə baxılaraq bu vəsatət 17 iyun 2023-cü il tarixli qərarla rədd olunsa da, cinayət işinin materialları ilə tanış olduqdan sonra müdafiə tərəfinin əlavə ekspertiza təyin edilməsi ilə bağlı verdiyi əsaslı və qanuni vəsatət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 287-288-ci maddələrinin tələblərinə zidd olaraq müstəntiq tərəfindən baxılmamış saxlanılmış və vəsatətlə qaldırılmış, təqsirləndirilən şəxsin birbaşa mənafeyinə toxunan məsələ həll edilmədən ittiham aktının tərtib edilməsinə başlanılmış, bununla da Cinayət-Prosessual Məcəlləsinin 303.3.8-ci maddəsi ilə müəyyən edilmiş kobud pozuntulara yol verilmişdir. Bundan başqa, cinayətin törədilməsində istifadə olunan predmetlə bağlı işdə kifayət qədər ciddi uyğunsuzluqlar olmasına baxmayaraq, istintaq orqanı tərəfindən bu uyğunsuzluqlar əlavə istintaq aparılmaqla və əlavə ekspertizalar təyin edilməklə aradan qaldırılmadan verilmiş ittiham üzrə cinayət işi məhkəməyə göndərilmişdir. Belə ki, istintaqın gəldiyi nəticəyə görə təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi uzunluğu 34 sm, diametri 4 sm olan taxtadan hazırlanmış alətlə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla öldürmüşdür. İstintaq orqanın həmin taxta aləti götürsə də bu predmetə ətraflı baxış keçirməklə üzərində qanabənzər ləkələrin və ya izlərin olub-olmamasını araşdırmamış, taxta predmeti hadisə yerindən götürülmüş digər əşyalarla birlikdə üzərində qan ləkələrinin olub-olamasını aydınlaşdırmaqdan ötrü məhkəmə-bioloji ekspertiza tədqiqatına göndərməmişdir. Məhkəmə bu məsələyə onun üçün diqqət yetirir ki, istintaq orqanı iş üzrə 28 mart 2023-cü il tarixli qərarla “Kompleks məhkəmə-trasoloji, daktiloskopik, mikrohissəciklər və lifli materiallar üzrə” ekspertiza təyin etmiş, mərhumun paltarları ilə birlikdə müqayisəli tədqiqat aparılması üçün cinayətin törədilməsində istifadə olunan taxta aləti də ekspertlərə təqdim edilməsini qərara almışdır. Məhkəmə-trasoloji və materialların məhkəmə ekspertizasına dair 08 may 2023-cü il tarixli 3/593 və 3/594 №li ekspert rəylərinə əsasən, tədqiqata təqdim edilmiş 1 ədəd taxta parçasının üzərində olan izlərlə eyniləşdirmə aparılması mümkün olmamışdır. Eyni zamanda materialların ekspertizasına dair rəyin nəticə hissəsində ekspertlər qeyd etmişlər ki, Təqsirləndirilən şəxs və mərhum Zərərçəkmiş şəxs geyim əşyalarının səthində taxta izləri və ya taxta alətin mikrohissəcikləri aşkar edilməmişdir. Ekspert rəyin ilə gəlinmiş bu nəticə istintaqın gəldiyi nəticə ilə, yəni mərhumun bədəni üzərində müəyyən edilmiş xəsarətlərin götürülmüş taxta alətlə yetirilməsi nəticəsi ilə uyğunsuzluq təşkil edir ki, bu uyğunsuzluq istintaq orqanı tərəfindən istintaq yolu və ya əlavə ekspertizalar təyin edilməsi yolu ilə aradan qaldırılmamış, ən azından taxta parçası materialların tədqiqi üzrə ekspertizaya təqdim edilərək həmin taxta parçası üzərində bioloji mikrohissəciklərin (dəri və insan toxumalarına aid mikrohissəciklər), eləcə də mərhumun geyim əşyalarına aid mikrohissəciklərin olması aydınlaşdırılmamışdır. Göründüyü kimi istintaq orqanı ibtidai istintaqla müəyyən edilməli olan, əməlin tövsifinə və cinayətin törədilməsində istifadə olunan alətə aid zəruri olan hallar və xüsusatlar araşdırmamış, təqsirləndirilən şəxsə verilmiş ittihamda anlaşılmazlıq və uyğunsuzluğa yol verməklə ona səthi ittihamın irəli sürülməsi ilə kifayətlənmiş, iş materialları ilə təqsirləndirilən şəxsi tanış edərkən vəsatətlərə baxılması ilə bağlı prosessual qanunvericiliyin tələblərinə əməl etməmiş, bütün qeyd edilən pozuntular nəticəsində isə təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Məhkəmə gəldiyi nəticənin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı ilə müəyyən edilmiş mövgeyə də uyğun olduğunu qeyd edir. Həmin Qərara əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmçinin məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsi ilə müəyyən edilmiş təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) hüququ da istintaq orqanı tərəfindən tam həcmdə təmin edilməmişdir. Qeyd olunan bu və digər pozuntular Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6 və 303.3.8-ci maddələri ilə müəyyən edilmiş kobud pozuntulara əsas olduğundan, məhkəmə hesab edir ki, cinayət işinin məhkəmədə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 3(a) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə məlumatlandırılmaq hüquqlarına malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, 6-cı maddənin 3(a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın “əsasları, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın “xarakteri”, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat verilməsini təmin edir (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, 7 yanvar 2010-cu il) Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra, məhkəmə konkret hallarda Cinayət- Prosessual Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinin uzadılması barədə məsələyə baxmalıdır. İş materiallarına əsasən, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilib yekunlaşanadək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi məsələsi ilə bağlı, məhkəmə qeyd edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prosessual-hüquqi əsaslar aradan qalxmadığından təqsirləndilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla həbsdə saxlanılma müddətləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 159-cu maddəsinin tələbləri nəzərə alınmaqla qərarın elan edildiyi gündən 02 ay müddətinə, yəni 24 oktyabr 2023-cü il tarixədək uzadılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3, 303.4-cü və 306.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l ı r:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6 və 303.3.8-ci maddələri ilə müəyyən edilmiş kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.
2. Təqsirləndilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla, həbsdə saxlanılma müddəti qərarın elan edildiyi gündən 02 ay müddətinə, yəni 24 oktyabr 2023-cü il tarixədək uzadılsın.
3. Qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin).
4. Qərarın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin.
5. Qərar qətidir, apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz.