Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-569/2024 30.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 17 avqust 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük yaşayış massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 177.2.3 və 234.1-1-ci madələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində yerləşən 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 23 radələrində qonşusu Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin hasarından həyətyanı sahəsinə, sonra isə həyətdə olan təsərrüfat otağına və evə qanunsuz daxil olub, həmin otaqdan 1 ədəd 380 manat dəyərində lazer aparatını, 1 ədəd 150 manat dəyərində aliminum süd qabını, 1 ədəd 170 manat dəyərində perefaratoru, 1 ədəd 5 manat dəyərində çəkici, 1 ədəd 5 manat dəyərində kəlbətini, həmçinin həmin evin yataq otağından isə 600 manat dəyərində 4 ədəd protez qızıl dişi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1310 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 2023-cü ilin noyabr ayının sonlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan külli miqdarda bir ədəd bükümdə çəkisi 2,523 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Saray qəsəbəsi ərazisinə daşımış və üzərində saxlamış, Abşeron Rayon Polis İdarəsinin X14 daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən 27 noyabr 2023-cü il tarixdə saat 20:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük yaşayış massivi yaxınlığında saxlanılıb Abşeron Rayon Polis İdarəsinin X12 inzibati binasına gətirilib, orada xidməti otaqların birində həmin tarixdə saat 22:10-dan 22:17-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı həmin 2,523 qram çəkidə narkotik vasitə heroin əynində olan şalvarın sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, oğurluq eləməmişdir. Üzərindən narkotik vasitənin aşkar olunmasına gəldikdə isə ona elan olunan ittihamda göstərilən yerdə saxlanılmamış, evdə yatılı vəziyyətdə olarkən polis əməkdaşları tərəfindən, özü də X12 yox, tamamilə başqa – tanımadığı polis əməkdaşları tərəfindən saxlanılmış, sonra avtomobildə 2 saat gəzdirilmiş, daha sonra isə telefonla məlumat verilmiş və X12 əməkdaşları Sumqayıt şəhəri, Köhnə avtovağzal deyilən yerdə onu təhvil alıb X14 gətirmişlər. Əslində isə onu Üzümlük yaşayış massivində piyada hərəkətdə olarkən saxlamamışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, həqiqətən də 27 noyabr 2023-cü il tarixdə saxlanılmış, evində yatdığı yerdə saxlanılmış, Sumqayıt şəhərinə aparılmış, 2 saat avtomobildə gəzdirilmiş, iki yerdə avtomobil saxlanılmış, lakin saxlanılma səbəbini və nəyə görə avtomobildə gəzdirilmə səbəbini bilməmişdir. Özü narkotik vasitə istifadəçisi olmuşdur. X15 Bölməsində şəxsi axtarış həyata keçirilmiş və narkotik vasitə aşkar olunmuşdur. Lakin həmin narkotik vasitə ona aid olmamışdır. Təzyiqə məruz qaldığı üçün etirafedici ifadə vermişdir. Əvvəllər məhkum olunmamışdır. Polis bölməsində fizki təsirə məruz qalmışdır. Bu barədə heç bir orqana müraciət etməmişdir. Məhkəmədə həbs qətimkan tədbiri seçilərkən ona təsir olması barədə bildirmişdir. Oğurluq cinayətini o törətməmişdir. Qonşunun evindən oğurluq etməmişdir. İstintaqda da bu barədə heç bir söz deməmişdir. Onu evdən aparanda üzərində heç bir narkotik vasitə olmamışdır. Onu həm ilk dəfə tutan polis əməkdaşları, həm də X12 əməkdaşları döymüşdür. Onu etirafedici ifadə vermək üçün, imza çəkmək üçün döymüşlər. Sonra ona bildirmişlər ki, 48 saat sonra onu buraxacaqlar. Vəkil ona təqdim olunanda vəkilə heç bir söz deməmişdir. Bakı İstintaq Təcridxanasında olanda onda xəsarət aşkar olunmamışdır. Polis əməkdaşlarını tanımış, lakin olarla heç bir düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs həmin ifadəsində CM-in 177.2.3 və 234.1-1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir. Tutulmamışdan təxminən bir həftə əvvəl şəxsi işi ilə əlaqədar olaraq Sumqayıt şəhərinə getmişdir. Sumqayıt şəhəri, Corat qəsəbəsində olduğu zaman təsadüfən bir nəfərlə tanış olmuş və söhbət əsnasında onunda narkotik vasitə istifadəçisi olduğunu öyrənmişdir. Həmin vaxt ondan üzərində narkotik vasitə olub-olmamasını soruşmuşdur. Adını bilmədiyi həmin şəxs isə üzərində narkotik vasitə heroin olduğunu və satdığını bildirmişdir. Ondan neçiyə satdığını soruşduqda üzərində 2 qramdan biraz çox narkotik vasitə heroin olduğunu və 100 manata satdığını demişdir. O da həmin şəxslə razılaşaraq 100 manat pulu ona verib narkotik vasitəni alaraq əynində olan şalvarın cibinə qoymuşdur. 27 noyabr 2023-cü il tarixdə Sumqayıt şəhərindən aldığı narkotik vasitəni istifadə etmək üçün üzərində saxlamışdır. Həmin tarixdə saat 20:30 radələrində yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük yaşayış massivində olduğu zaman iki mülki geyimdə şəxs yanına yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. O da razılaşıb onlarla birlikdə Saray PB-nə getmişdir. Orada hüquqlarının müdafiə olunmasından ötrü dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxardıb təqdim etmişdir. Bundan sonra isə ondan aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. O və digər iştirakçılar protokolla tanış olmuşlar, doğruluğunu imzalarıyla təsdiq etmişlər. Bundan başqa, Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır. Namiqlə münasibətləri normal olmuş, əvvəllər aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Maddi vəziyyəti ağır olduğu üçün xx.xx.2023-cü il tarixdə oğurluq etmək qərarına gəlmişdir. Həmin gün qonşusu Zərərçəkmiş şəxs evdə olmadığını bildiyi üçün həmin evdən oğurluq etməyi planlaşdırmışdır. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu Saray qəsəbəsi, F.Nəimi küçəsi, ev-53-də yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olmuşdur. Ətrafı müşahidə edib ətrafda heç kimin olmadığını yəqin etdikdən sonra evin yataq otağının pəncərəsinə yaxınlaşmış və vint açanla pəncərəni açıb evə daxil olmuşdur. Həmin evdən bir ədəd lazer aparatı, bir ədəd aliminium qab, çəkic və kəlbətin kimi əşyalar, həmçinin evin yataq otağından telefon qutusu götürüb evdən çıxmışdır. Əşyaları küçədə gizlətmiş və növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə saat 05 radələrində həmin əşyaları götürüb Saray-Novxanı yoluna getmişdir. Təsadüfi yoldan keçən, dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı taksilərin birini saxlayıb Bakı şəhəri Sabunçu rayonunda yerləşən “Bit bazarı” kimi adlandırılan yerə getmişdir. Orada oğurladığı əşyaların hamsını 120 manata satmışdır. Orxan Məmmədrəhimovun evindən götürdüyü qutuda isə mobil telefon olduğunu, həmin telefonu satacağı halda ifşa olunacağını düşünüb qutunu zibil yeşiyinə atmışdır. Oğurluq hadisəsini təkbaşına törətmiş, hadisəni törətməzdən əvvəl və törətdikdən sonra bu barədə heç kimə məlumat verməmiş, heç kimin köməyindən istifadə etməmişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evindən bir ədəd lazer aparatı, bir ədəd aliminium qab, çəkic və kəlbətin kimi əşyalar, həmçinin evin yataq otağından telefon qutusu götürmüşdür. Zərərçəkmiş şəxs oğurlanmasını bildirdiyi qızıl dişlərin həmin telefon qutusunda olmasını güman edir. Çünki qutuda telefon olmasını güman etmişdir. Həmin qutunu isə içərisinə baxmadan atmışdır. Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evindən bir ədəd lazer aparatı, bir ədəd aliminium qab, çəkic və kəlbətin kimi əşyalar, həmçinin evin yataq otağından telefon qutusu oğurlamağına səbəb maddi imkansızlıq olmuşdur. Cinayət yolu ilə əldə etdiyi pulun hamısını şəxsi ehtiyaclarına xərcləmiş, heç kimə həmin puldan verməmişdir. Bir ədəd lazer aparatı, bir ədəd aliminium qab, çəkic və kəlbətin kimi əşyaları oğurluq yolu ilə əldə etdiyini həmin əşyaları satdığı şəxsə bildirməmiş, yalandan həmin əşyaların özünə aid olduğunu demişdir. Həmin şəxsin anket məlumatları, ünvanı və əlaqə telefonu, həmçinin idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə heç bir məlumatı yoxdur. Əldə etdiyi narkotik vasitədən istifadə etməmişdir. Narkotik vasitə olan heroini şəxsi istifadəm üçün əldə etmişdim. Bu barədə isə kiminsə məlumatı olmamışdır. Narkotik vasitəni satan şəxslə təsadüfən tanış olmuş və həmin vaxt yanlarında kimsə olmamışdır. Həmin şəxsin isə anket məlumatları barədə hər hansı bir məlumatı olmamışdır (cild 01, iş vər. 170-173). İfadəsi elan olunub tədqiq edildikdən sonra ona ünvanlanan suallara cavab olaraq təqsirləndirilən şəxs həmin ifadəni qəbul etməmiş, belə bir ifadə vermədiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və eyni məzmunlu ifadə verərək göstərmişdir ki, o, usta olmuş və özünə məxsus usta alətləri olmuşdur. 30 sentyabr 2023cü il tarixdə səhər saatlarında Qusar şəhərinə getmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında yaşadığı evə qayıdan zaman evin yataq otağının pəncərəsinin açıq olduğunu görüb evə daxil olduqda evin bütün otaqlarına baxmışdır. Evə baxdıqda evin həyətyanı sahəsində olan saxlanc yerindən bir ədəd 380 manat dəyərində təmir üçün nəzərdə tutulan lazer aparatının, bir ədəd 150 manat dəyərində alminum süd bidonunun, bir ədəd 170 manat dəyərində perefaratorun, bir ədəd 5 manat dəyərində çəkicin, bir ədəd 5 manat dəyərində kəlbətinin, evin yataq otağına baxdıqda telefon qutusunda saxladığı mərhum atasına məxsus 600 manat dəyərində üzərində 4 ədəd qızıl diş olan protezinin olmadığını görmüşdür. Evdə həmin əşyaları axtarıb tapmadığı üçün oğurlanmasına tam əmin olduqdan sonra DİN-nin “102 Xidməti”nə zəng edib evindən oğurluq olması barədə məlumat vermişdir. Hadisə nəticəsində ona 1310 manat ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq zərərçəkmiş şəxs göstərmişdir ki, ona dəymiş ziyan ödənilməmişdir. Lakin hazırda təqsirləndirilən şəxsdən şikayətçi deyil. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs onların evinə gətirilmiş onun ifadəsi yerində yoxlanılmışdır. Təqsirləndirilən şəxslə heç bir ədavəti və düşmənçiliyi olmamışdır və yoxdur. Qonşu olmuşlar, yaxşı münasibətləri olmuşdur. Hazırda onunla barışmışdır, ona qarşı heç bir tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X14 xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük massivində yerləşən fərdi yaşayış evinin yaxınlığına gedilmiş, həmin evin qarşısı və ətraf ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısı ilə piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Dundan sonra şəxs Abşeron Rayon Polis İdarəsinin X14 dəvət edilmişdir. Daha sonra şəxs X14 gətirilmiş, bölmədə şübhəli çəxs qismində tutulmuş, üzərinə vəkilin də iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmiş və üzərindən narkotik avsitə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq şahid göstərmişdir ki, şəxs Saray qəsəbəsində, Üzümçülük yaşayış massivində saxlanılmış, üzərindən 1 bükümdə narkotik vsitə heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs barəsində əməliyyat qeydiyyat işi açılmamış, şəxs barəsində əvvəllər hər hansı əməliyyat məlumatı daxil olmamış, daxil olan məxfi məlumat əsasında təxirəsalınmaz qaydada əməliyyat tədbiri keçirilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq və təsir göstərilməmiş, şəxs məsuliyyətdən yayınmaq üçün polis əməkdaşları tərəfindən edilən təzyiq və təsir nəticəsində ona aid olmayan narkotik vasitəni boynuna almaq məcburiyyətində qalması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abşeron Rayon Polis İdarəsinin X14 xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, evli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük massivində yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Saray qəsəbəsi ərazisində narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, evli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük massivində yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30 radələrində Abşeron rayonu Saray qəsəbəsində saxlanılaraq X14 gətirilmişdir (cild 01, iş vər. 07). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş, çəkilişin əks olunduğu CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 30-31). Cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi eskpertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/6195 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №246” möhür əksi, “1) Təqsirləndirilən şəxs...” və sş adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,523 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (cild 01, iş vər. 41-43). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X7 Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 20259 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (cild 01, iş vər. 82). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixli qərarla Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində ibtidai istintaqı aparılan ********* nömrəli və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və ibtidai istintaq ********* nömrəsi altında davam etdirilmişdir (cild 01, iş vər. 88-89). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə Abşeron Rayon Polis İdarəsinin X14 müraciət edərək xx.xx.2023-cü il tarixdə Qusar rayonuna getdiyini, xx.xx.2023-cü il tarixdə evə qayıdan zaman evdən mərhum atasına məxsus qızıl taxma dişlərin, 1 ədəd lazer aparatının, 1 ədəd süd bidonunun, 1 ədəd prefaratorun oğurlandığını aşkar etdiyini bildirmişdir (cild 01, iş vər. 96). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə zərərçəkmiş şəxsin və hal şahidlərinin də iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və müvafiq foto şəkil çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 100-106). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq etməkdə şübhəli olan şəxsin Abşeron rayonu, Saray qəsəbə sakini xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir (cild 01, iş vər. 125). Cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, bu zaman şəxs törətdiyi oğurluq cinayətinin baş vermə mexanizmi barədə ətraflı məlumat verərək əyani şəkildə göstərmiş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 130-133). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024cü il tarixli «883» saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 194). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 180, 234.4.3-cü maddələrinin tərkib əlamətləri olmadığından, onun barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 201-213). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İş materiallarından görünür ki, Abşeron Rayon Polis İdarəsinin X14 xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, evli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük massivində yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu Saray qəsəbəsi ərazisində narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əmliyyat tədbirlərinin keçirilməsi qərar alınmış, Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi ərazisində saxlanılaraq X14 gətirilmiş, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, axtarış nəticəsində onun üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Götürülmüş maddə ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək narkotik maddə heroin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət sayılır və həmin əməli törətməkdə təqsirli bilinən şəxs üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Habelə, CM-in 177.2.3-cü maddəsinə əsasən eyni əməllər yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri, ifadənin yerində yoxlanması istintaq hərəkətinin protokolu, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən edilən təzyiqlər nəticəsinə məcbur qalıb ona aid olmayan narkotik vasitə heroinlə bağlı etirafedici ifadələr verməsinə, o cümlədən oğurluq cinayətini törətməməsinə dair bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də sözügedən kütlənin ona aid olmaması barədə heç bir söz deməmişdir ki, məhkəmə bu halın müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətindədir. Bundan əlavə, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı məsələyə münasibətdə qeyd olunmalıdır ki, məhkəmə istintaqı zamanı Bakı İstintaq Təcridxanasından şəxsə məxsus tibbi kartoçkadan çıxarışlar götürülmüş və həmin sənədlərdə də Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında müayinədən keçən zaman üzərində döyülməyə xarakterik hər hansı bir xəsarət aşkar edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitənin əldə olunması və üzərində daşıması ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Qasımov X4 rayonu, Saray qəsəbəsi, Koroğlu küçəsi ev 18 ünvanında yaşayır, onun barəsində yaşayış yeri üzrə şikayət daxil olmamışdır (cild 01, iş vər. 183-184). Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs ilə barışmasını, ona qarşı heç bir şikayəti və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən (təqsirləndirilən şəxsə CM-in 177.2.3-cü maddəsi ilə elan olunan ittiham üzrə) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 78). CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində (təqsirləndirilən şəxsə CM-in 177.2.3-cü maddəsi ilə elan olunan ittiham üzrə) cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını, eyni zamanda həmin cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu ilə qəti cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 20). Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 69-71). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 2,373 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin 01 ədəd CD diksin cinayət işinin matriallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 110 AZN (yüz on manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 2,373 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin 01 ədəd CD diksin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. İş üzrə 110 AZN (yüz on manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-569/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-569/2024
30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver