Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-57/2022 05.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4, xx xxxxxxxx 1980-ci ildə Xaçmaz rayonu, Çarxı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əməllərində cinayətlərin residivi olan, Xaçmaz rayonu, Çarxı kəndində qeydiyyatda olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla, oğurluq etmişdir və xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, Xaçmaz rayon məhkəməsinin 07 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 26 mart 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Xaçmaz rayonu, Çarxı kəndində yerləşən evin həyətinə qapının üstündən keçməklə daxil olduqdan sonra əvvəlcə həyətdəki saxlanc yeri olan tikilinin pəncərəsini açmaqla içəri qanunsuz daxil olaraq şkafın içərisindən 20 manat dəyərində bir ədəd «Kzubr» markalı orta ölçülü lobziki (elektrik mişarını), bundan sonra isə evin arxa tərəfinə gəlib mətbəxin pəncərəsini açmaqla evə qanunsuz daxil olaraq mətbəxdən 200 manat dəyərində bir ədəd «Evrolux» markalı, «EU-LED32MST-1A» model, 32 düyümlü, 81 dioqanallı qara rəngli televizoru oğurlamaqla zərər çəkmiş şəxsə ümumilikdə 220 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, 01 aprel 2021-ci il tarixdə saat 11:15 radələrində Xaçmaz şəhəri, Bakı prospektində olarkən Zərərçəkmiş şəxs1 Xaçmaz şəhər avtovağzalı ilə üzbəüz yolun digər tərəfində olan marketin qarşısında dayanmış avtomobilin sükanı arxasında əyləşdiyini görmüş və bacısı X2 hamilə qalmasında Zərərçəkmiş şəxs1 günahkar olmasını bəhanə edərək həmin marketin qarşısına gəlib xuliqanlıq niyətilə sonuncunu üstündə gəzdirdiyi təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə bir dəfə sol bud nahiyəsindən qəsdən vuraraq ona hipovolemik şokla müşayiət olunmuş sol bud arteriasının zədələnməsi ilə budun deşilmiş-kəsilmiş yarası ilə nəticələnən xəsarət yetirməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa Ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə tam, 126.2.4-cü maddəsi üzrə isə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 26 mart 2021-ci il tarixdə qonşusu Zərərçəkmiş şəxs2 məxsus evdən televizor və lobzik (elektrik mişarı) oğurlamışdır. Zərərçəkmiş şəxs1 2015-ci ildən bəridir ki tanımışdır. Seyidqulu onun xalası Məlikova Mahirə ilə 2016-cı ilədək evli olmuşdur. Onlar ayrıldıqdan sonra xalası birinci evliliyindən olan uşaqları ilə birlikdə onunla qalmağa başlamışdır. Belə ki, o, 07 mart 2017-ci ildə oğurluq əməlində təqsirli bilinərək azadlıqdan məhrum edilmiş, 19 dekabr 2020-ci il tarixdə isə cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmışdır. Cəzaçəkmə müəssisəsindən buraxılıb evə qayıtdıqdan bir neçə gün sonra xalası Mahirə ondan 1 manat pul istəyərək evdən çıxmış, evə döndüyü zaman isə onun əlində hamiləlik testi olduğunu görmüşdür. Ancaq utandığından bunun kimin üçün olduğunu soruşa bilməmişdir. Daha sonra isə Mahirə ilə bacısı Elinanın mübahisə etdiyini eşitmiş, həmin vaxt Mahirənin Elinanın üzərinə qışqıraraq yenidən Seyidqulu ilə cinsi əlaqədə olduğunu dediyini eşitmişdir. Bu sözlərdən dərhal sonra içəriyə girib məsələnin nə olduğunu soruşduğu zaman Mahirə demişdir cəzaçəkmə müəssisəsində olduğu vaxtda, yəni 2018-ci ildə Seyidqulu ilə Elina cinsi əlaqədə olmuşdur. Bu məsələni eşitdikdən sonra Seyidqulu ilə danışmaq üçün görüşmüş, bu zaman ondan Elina ilə aralarında nə keçdiyini soruşduğumda o, Elinanı bacısı kimi gördüyünü, onunla heç bir münasibəti olmadığını demişdir. Daha sonra Elina ilə danışaraq Seyidqulunun ona söylədiklərini ona çatdırmışdır. O isə dediklərindən sonra Seyidqulu ilə cinsi əlaqədə olduğunu etiraf etmişdir. 01 aprel 2021-ci ildə o, Seyidqulunun avtomobilində olduğunu görmüş və ona yaxınlaşıb siqarət istəmişdir. Ardınca isə onu təhqir edərək Elina ilə aralarında keçən münasibəti bildiyini söylədiyi zaman o qəzəbli şəkildə peşman olmadığını, yaxşı etdiyini demişdir. Onun bu sözlərindən hiddətlənərək üzərində hər zaman gəzdirdiyi bıçağı çıxartmış və avtomobilin qapısını açmaq istəmiş, lakin qapı açılmamışdır. Pəncərə açıq olduğundan o, pəncərədən bıçağı keçirdərək Seyidqulunu vurmaq istəməyinə baxmayaraq zərbə ona dəyməmiş, daha sonra Seyidqulu avtomobilin digər qapısından çıxaraq, söyüş söyərək üzərinə gəlmiş və həmin vaxt bıçaqla ona zərbə endirmişdir. Xəsarəti yetirdikdən sonra ona bir şey olmasından qorxaraq 102 xidmətinə zəng vurmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, Xaçmaz şəhəri, Axundov küçəsi, ev 88-də yaşayır. Bakı şəhərinə sərnişin aparan taksi avtomobilləri Xaçmaz şəhəri, Bakı prospektində Xaçmaz şəhər avtovağzalı ilə üzbəüz yolun kənarında dayanırlar, o, da hər gün saat 07 radələrində Xaçmaz şəhəri, Bakı prospektinə gəlib Bakı şəhərinə gedən taksi avtomobillərinin sürücülərinə sərnişin tapmaqda köməklik göstərir və gördüyü işin müqabilində hər taksi sürücüsündən bir manat pul alır. O, Xaçmaz rayonu, Çarxı kəndində yaşayan Təqsirləndirilən şəxs təxminən 5-6 il olarkı tanıyır. 2010-cu ilin yaz aylarında o, ayrı-ayrı şəxslərdən aldığı balıqları Xaçmaz şəhərinə gətirib satmışdır. Xaçmaz şəhərində balıq satarkən o, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yaşayan X3 ilə tanış olmuş, bir müddət keçdikdən sonra isə o, Mahirə ilə evlənmişdir. Mahirə ilə evləndikdən sonra onlar birlikdə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində Mahirənin evində yaşamışlar, 2013-cü ildə Mahirə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində olan evini satmış və o, Mahirə ilə oğlu Ümüdi Siyəzən rayonu, Böyük Həmyə kəndinə yaşadığı evə aparmış, Mahirənin böyük oğlu Cavad isə Xaçmaz rayonu, Çarxı kəndində xalası qızı Elinanın yanında qalmışdır. Çünki həmin ildə Elinanın qardışı Pərviz həbs olunmuşdur, Elina özü tək qalırdı. Sonrakı iki-üç il ərzində Mahirə ilə birlikdə Siyəzən rayonu, Böyük Həmyə kəndində onun evində yaşamışlar. 2015-ci ilin yaz ayları olardı Mahirənin bacısı oğlu Pərviz cəzaçəkmə müəssisəsindən buraxılmış və o, Mahirə ilə Çarxı kəndinə gəlib Pərvizlə görüşərək tanış olmuşdur. 2017-ci ilin payız ayları olardı Mahirə evə gələndə onu başqa qadınla gördüyü üçün aralarında mübahisə yaranmış və Mahirə onun barəsində Siyəzən RPŞ-nə şikayət etmişdir. Mahirənin onun barəsində Siyəzən RPŞ-nə şikayət etməsi xoşuna gəlməmiş və o, özü Siyəzən rayon məhkəməsinə müraciət edib Mahirə ilə aralarnda olan nigahı ləğv etdirmişdir. Həmin vaxtdan sonra Mahirə Xaçmaz rayonu, Çarxı kəndinə gəlib bacısı qızı Elina ilə birlikdə yaşamışdır. Mahirə Çarxı kəndində yaşayarkən o, özüdə aradabir onun yanına gəlibgetmişdir. Ancaq onun Elina ilə heç bir şəxsi münasibəti olmamışdır. 2018-ci ilin yay ayları olardı yenədə Pərviz həbsdə olmuş, Mahirə isə Çarxı kəndində bacısı qızı Elina ilə birlikdə yaşamışdır. Həmin ərəfədə Mahirə Xaçmaz şəhərinə gəlib onunla görüşmüş və ondan 50 manat pul istəmişdir. Mahirədən 50 manat pulu nə edəcəyini soruşduqda demişdir ki, Elina hamilədir, ancaq Elinanın kiminlə cinsi əlaqədə olduğunu bilmir, Elina özüdə ona heç bir söz demir. Mahirəyə 50 manat pulu olmadığını demiş və o, ondan ayrılıb getmişdir. Sonrakı illərdə o, Çarxı kəndinə getməmiş və Mahirə ilə Elinanı görməmişdir. Dəqiq tarixi xatırlamır, 2021-ci ilin mart ayının axırları olardı təxminən saat 15 radələrində Xaçmaz şəhəri, Bakı prospektində olan avtomobil dairəsinin yaxınlığında dayanmış taksi avtomobillərindən birinin salonunda əyləşdiyi vaxt kimsə avtomobilin qapısını açmış və o, baxanda görmüşdür ki, qapını açan Pərvizdir. Pərviz salam verdikdən sonra ona demişdir ki, düş yerə, səninlə söhbətim var. O, avtomobildən düşüb Pərvizdən nə lazım olduğunu soruşduqda sonuncu ona demişdir ki, bacısı Elina ilə yaxın münasibətdə olduğunu eşitmişdir, eşitdikləri doğrudurmu. O, da and içərək Pərvizə demişdir ki, «bu sözü kim deyirsə qələt edir, mən Elenaya bacı gözü ilə baxmışam». Pərviz ona başqa bir söz deməmiş və ondan ayrılıb getmişdir. Sonrakı günlərdə o, Pərvizi görməmişdir. 01 aprel 2021-ci il tarixdə təxminən saat 11 radələrində o, Xaçmaz şəhəri, Bakı prospektində yolun kənarında dayanmış taksi avtomobillərindən birinə əyləşib mobil telefonuna baxarkən kimsə ondan siqaret istəmiş və o, başını qaldırıb baxanda görmüşdür ki, ondan siqaret istəyən Pərvizdir. O, cibindən çıxarıb Pərvizə bir ədəd siqaret vermiş, sonuncu siqareti ondan aldıqdan sonra bir addım arxaya çəkilərək yenidən irəli gəlib avtomobilin ön sol qapısı üzərində olan pəncərədən əlini uzadaraq ona tərəf bir zərbə atmışdır. O, Pərvizin əlində bıçaq olduğunu görüb tez sağ yan tərəfə əyilmişdir. Pərvizin atdığı bıçaq zərbəsi onun əlində olan mobil telefona dəymişdir. Pərviz avtomobilin sağ yan tərəfinə gələndə o, avtomobilin ön sol qapısını açıb yerə düşərək Pərvizin üstünə getmişdir ki, onu tutub bıçağı əlindən alsın. Pərvizi tutub bıçağı almaq istəyərkən sonuncu əlində olan bıçaqla bir dəfə onun sol bud nahiyəsinə vurmuşdur. O, sol bud nahiyəsində ağrı hiss edib Pərvizi buraxmış, sonuncu bıçağı yerə ataraq qaçıb getmişdir. Sol bud nahiyəsindən çox qan axdığı üçün o, orada dayanmış taksi avtomobilinin sürücüsü Bəxtiyara demişdir ki, onu Xaçmaz RMX-na aparsın. Bəxtiyar etiraz etməmiş və o, onun avtomobilinə əyləşib Xaçmaz RMX-na gəlmişdir. Xəstəxanada olarkən qan axmadan huşunu itirmiş və özünə gələndə bilmişdir ki, sol bud arteriası kəsilib. Onun Pərvizin bacısı Elina ilə heç bir yaxın münasibəti olmamışdır. Əvvəllər Pərvizlə aralarında mübahisə olmamış, sonuncu ilə aralarında mübahisə Xaçmaz şəhəri, Bakı prospektində, Xaçmaz şəhər avtovağzalı ilə üzbəüz yolun digər tərəfində olan marketin qarşısında olmuş və həmin yerdə də Pərviz bıçaqla vurub ona xəsarət yetirmişdir. Həmin vaxt ətrafda kənar adam olmamış, sonradan isə onların yanına Bəxtiyar gəlmiş və onu avtomobilə əyləşdirib Xaçmaz RMX-na gətirmişdir. Pərvizlə aralarında olan mübahisə əvvəldən axıradək təxminən 5-6 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində həmçinin göstərdi ki, Təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Çarxı kəndində yaşayır. 28 mart 2021-ci il tarixdə təxminən saat 21:30 radələrində o, evdən çıxıb Çarxı kəndində olan yeni tikdirdiyi evə getmişdir. Qapını açıb həyətə daxil olduqdan sonra həyətdə olan işığı yandırmış və baxanda görmüşdür ki, həyətdə olan tikilinin pəncərəsi açıqdır. O, qapını açıb tikilinin içərisinə daxil olmuş və baxanda görmüşdür ki, sağ yan tərəfdə olan şkafın qapısı açıqdır, şkafda saxladığı «Kzubr» markalı lobzik (elektrik mişarı) isə yerində yoxdur. “Kzubr» markalı lobzikin (elektrik mişarının) oğurlandığını başa düşmüş və gəlib evin giriş qapısını açıb birinci mərtəbədə olan mətbəxə daxil olaraq işığı yandırmışdır. Mətbəxin divarında asılmış «Evrolux» markalı televizorun yerində olmadığını görmüş və gedib digər otaqlara baxmışdır. Otaqlarda olan əşyalara toxunulmamışdır və bütün əşyalar yerində olmuşdur. O, mətbəxdə olan «Evrolux» markalı televizorun, həyətdə olan tikilidən isə “Kzubr» markalı lobzikin (elektrik mişarının) oğurlandığını bilmiş və Xaçmaz RPŞ-nə zəng vurub Xaçmaz rayonu, Çarxı kəndində olan evindən oğurluq olması barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra yaşadığı evə polis əməkdaşları gəlib onun iştirakı ilə baxış keçirmişlər və o, ərizə yazıb yaşadığı evdən bir ədəd «Evrolux» markalı televizorun və bir ədəd “Kzubr» markalı lobzikin (elektrik mişarının) oğurlanması barədə məlumat vermişdir. Yaşadığı evdən bir ədəd «Evrolux» markalı televizorun və bir ədəd “Kzubr» markalı lobzikin (elektrik mişarının) oğurlanması nəticəsində ona 200 manata yaxın maddi ziyan dəymişdir. Sonradan bilmişdir ki, yaşadığı evdən «Evrolux» markalı televizoru və “Kzubr» markalı lobziki (elektrik mişarını) həmkəndlisi Təqsirləndirilən şəxs oğurlamışdır. Yaşadığı evdən oğurlanmış bir ədəd «Evrolux» markalı televizor və bir ədəd “Kzubr» markalı lobzik (elektrik mişarı) onun özünə məxsus olmuşdur. Zərərçəkmiş şəxs2 həmçinin bildirdi ki, ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş X3 göstərdi ki, o, oğlanları Ümüd, Cavad, bacısı qızı Elina və bacısı oğlu Pərvizin azyaşlı oğlu Zakirlə birlikdə Xaçmaz rayonu, Çarxı kəndində yaşayır. 2010-cu ilin yay ayları olardı o, əslən Siyəzən rayonundan olan Zərərçəkmiş şəxs1 ilə tanış olmuş, bir müddət keçdikdən sonra isə o, Seyidqulu ilə evlənmişdir. Seyidqulu ilə evləndikdən sonra onlar birlikdə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində onun evində yaşamışlar. Həmin illərdə Xaçmaz rayonu, Çarxı kəndində yaşayan bacısı oğlu Təqsirləndirilən şəxs da oğurluq etdiyinə görə həbs olunmuşdur. 2012 və ya 2013-cü il olardı o, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində olan evini satmış və Seyidqulu ilə birlikdə Siyəzən rayonu, Böyük Həmyə kəndinə gedib iki-üç il Seyiquluya məxsus evdə yaşamışdır. 2017-ci ildə Seyidqulu ilə boşanmış və o, Xaçmaz rayonu, Çarxı kəndinə gəlib Elina ilə birlikdə yaşamışdır. Həmin vaxt Elina ona demişdir ki, qardaşı Pərviz oğurluq etdiyinə görə həbs olunmuş, Pərvizin arvadı Səbinə isə Bakı şəhərinə valideyinlərinin yanına getmişdir. Çarxı kəndində yaşayarkəndə Seyidqulu aradabir onun yanına gəlib-getmişdir. Ancaq o, Seyidqulu ilə Elina arasında hansısa bir münasibətin olmasını hiss etməmiş, Elina özüdə bu barədə ona heç bir söz deməmişdir. Bir müddət keçdikdən sonra isə o, Seyidquluya demişdir ki, Çarxı kəndinə onun yaşadığı evə gəlibgetməsin. Onun sözündən sonra Seyidqulu Çarxı kəndinə gəlməmiş və o, ancaq onu Xaçmaz şəhərinə gələrkən görmüşdür. 19 dekabr 2020-ci il tarixdə Pərviz cəzaçəkmə müəssisəsindən buraxılıb evə gəlmiş və sonrakı ayları onlar bir yerdə qalmışlar. 03 mart 2021-ci il tarixdə evdə olarkən Elinanın özünü yaxşı hiss etmədiyini görüb nə olduğunu soruşduqda demişdir ki, böyrəkləri ağrıyır. Pərviz Elinaya soyuq olduğunu fikirləşmiş və Xaçmaz şəhərinə gəlib aptekdən soyuqdəyməyə qarşı bir neçə adda dərman alıb evə gətirmişdir ki, Elina qəbul etsin. Pərvizin alıdığı dərmanları Elina qəbul etmiş, ancaq onun səhətində heç bir irəliləyiş olmamışdır. 08 mart 2021-ci il tarixdə günorta saatlarında evdə olarkən Elina ona demişdir ki, hamiləliyin yoxlanılmasında istifadə olunan test alsın, o, hamilə olub-olmadığını yoxlasın. Pulu olmadığı üçün o, Pərvizə demişdir ki, bir manat pul versin, alan şeyi vardır. Pərviz cibindən çıxarıb ona bir manat pul vermiş, o, Çarxı kəndində olan mağazaya gedərək bir ədəd test alıb evə gəlmişdir. Həmin vaxt Pərviz içəri daxil olub ondan nə baş verdiyini soruşmuş, o, da ona heç nə deməklə cavab vermişdir. Pərviz hər şeyi bildiyini bildirmiş, o, da ona demişdir ki, deyəsən Elina hamilədir. Onun sözündən sonra Pərviz Elinadan kiminlə cinsi əlaqədə olduğunu soruşmuş, Elinada ona demişdir ki, o, heç kimlə cinsi əlaqədə olmamışdır. Pərviz başqa heç bir söz deməmiş və Elinanı Çarxı kəndində yaşayan bacısı İradənin evinə yola salmışdır. Elina evdən çıxıb gedəndən sonra Pərviz İradəyə zəng vurub demişdir ki, Elina onun evinə gəlir, onu yoxlasın, hamilə olarsa heç kim bilmədən uşağı abort etdirsinlər. Təxminən 15-20 dəqiqə keçdikdən sonra Pərviz İradəyə zəng vurub danışdıqdan sonra ona demişdir ki, İradə deyir ki, Elina hamilədir. Təxminən 20-30 dəqiqə keçdikdən sonra Elina qayıdıb evə gəlmiş və Pərviz ondan kiminlə cinsi əlaqədə olduğunu soruşduqda o, demişdir ki, heç kimlə cinsi əlaqədə olmamışdır. Pərviz nə qədər cəhd etsədə Elinadan kiminlə cinsi əlaqədə olduğunu öyrənə bilməmişdir. Sonrakı günlərdə Pərviz Elinanı Bakı şəhərinə aparmış və iki-üç gün keçdikdən sonra onlar evə gəlib ona demişlər ki, Elina beş aylıq hamilədir, onun abort olunması mümkün deyildir. 01 aprel 2021-ci il tarixdə səhər saatlarında Pərviz evdən çıxıb getmiş, axşam saatlarında isə o, eşitmişdir ki, Pərviz Xaçmaz şəhərinə gəlib Seyidqulu ilə görüşmüş və aralarında yaranmış mübahisə zamanı Pərviz bıçaqla vurub Seyidquluya xəsarət yetirmişdir. Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Şahid3 göstərmişdir ki, o, xalası Mahirə, xalası Mahirənin oğlanları Ümüd, Cavad və qardaşı Pərvizin azyaşlı oğlu Zakirlə birlikdə Xaçmaz rayonu, Çarxı kəndində yaşayır. Təqsirləndirilən şəxs qardaşıdır, Siyəzən rayon sakini Zərərçəkmiş şəxs1 isə təxminən 10 il olarkı tanıyır. Seyidqulu xalası Mahirənin ikinci əridir. Xalasım Mahirə əri Elman öldükdən sonra Seyidqulu ilə evlənmişdir. X6 ilə evləndikdən sonra onlar bir müddət Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində xalasının evində qalmışlar, xalası Köhnə Xaçmaz kəndində olan evini satdıqdan sonra isə onlar Siyəzən rayonuna gedib Seyidqulunun evində yaşamışlar. X6 ilə evlənərkən qardaşı Pərviz cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. 2017-ci ildə X6dan ayrılıb Xaçmaz rayonu, Çarxı kəndinə gəlmiş və həmin vaxtdan da xalası oğlanları ilə Çarxı kəndində onunla bir evdə yaşamışlar. X10 kəndində onunla birlikdə yaşayarkən də Seyidqulu xalasının yanına gəlib-getmişdir. Dəqiq tarixi xatırlamır, 2020-ci ilin sentyabr və ya oktyabr ayı olardı o, Xaçmaz şəhərinə gəlib adını bilmədiyi bir oğlanla tanış olmuş və həmin oğlan onu taksi avtomobilinə əyləşdirib tanımadığı yerə aparmışdır. Orada o, öz razılığı ilə həmin oğlanla cinsi əlaqədə olmuş, sonra isə qayıdıb Çarxı kəndinə yaşadığı evə getmişdir. Sonrakı günlərdə isə o, heç kimlə cinsi əlaqdə olmamışdır. 2020-ci ilin dekabr ayında qardaşı Pərviz cəzaçəkmə müəssisəsindən buraxılmış və o, Çarxı kəndinə gəlib onlarla yaşamışdır. 2021-ci ilin mart ayının əvvəllərindən başlayaraq o, baş ağrısından əziyyət çəkdiyi üçün özünü yaxşı hiss etməmişdir. Pərviz ona soyuq olduğunu fikirləşmiş və aptekdən müxtəlif adda dərmanlar alıb gətirmişdir. O, Pərvizin alıb gətirdiyi dərmanları qəbul etsədə heç bir müsbət nəticəsi olmamış, sonrakı günlərdə onda baş hərlənməsi yaranmış və o, hamilə ola biləcəyindən şübhələnib xalasına demişdir ki, deyəsən hamilədir, test alsın, o, hamilə olub-olmadığını yoxlasın. Xalası mağazadan bir ədəd test alıb gətirmiş və o, Çarxı kəndində yaşayan xalası İradənin evinə gedib gəlini Simuzərə başı hərləndiyini deyərək testlə hamilə olubolmadığını yoxlamaq istədiyini bildirmişdir. Sonra o, testlə özünü yoxlamış və Simuzər testə baxdıqdan sonra hamilə olduğunu bildirərək kimdən hamilə qaldığını soruşmuş, o, isə ona heç bir söz deməyərək evə gəlmişdir. Evə gələndən sonra Pərviz onun hamilə olduğunu bilmiş, o, da ona tanımadığı şəxslə cinsi əlaqəda olduğunu bildirmişdir. Bir neçə gün kçdikdən sonra xalası Mahirə onu abort olunması üçün Xaçmaz RMX-nın doğum şöbəsinə gətirmişdir. Xaçmaz RMX-nın doğum şöbəsində olan həkimlər onu müayinə etdikdən sonra beş aylıq hamilə olduğunu bildirərək demişlər ki, onun abort olunması mümkün deyildir. Onlar qayıdıb evə gəlmişlər və xalası həkimlərin dediklərini Pərvizə bildirmişdir. Sonrakı günlərdə Pərviz onu Bakı şəhərinə aparıb xəstəxanalardan birində müayinədən keçirtdirmiş, orada da həkimlər onun beş aylıq hamilə olduğunu bildirərək demişlər ki, abort olunması mümkün deyildir. Onlar qayıdıb Çarxı kəndinə yaşadıqları evə gəlmişlər. 01 aprel 2021-ci il tarixdə səhər saatlarında Pərviz evdən çıxıb getmiş, axşam saatlarında isə o, eşitmişdir ki, Xaçmaz şəhərində Pərvizlə Seyidqulu arasında mübahisə olmuşdur və Pərviz bıçaqla vurub Seyidquluya xəsarət yetirmişdir. Seyidqulu heç vaxt onunla cinsi əlaqədə olmamışdır və o, özüdə Seyidqulu ilə cinsi əlaqədə olması barədə Pərvizə heç bir söz deməmişdir. O, Xaçmaz şəhərində olarkən öz razılığı ilə tanımadığı bir oğlanla cinsi əlaqədə olmuşdur. 2018-ci ildə də o, tanmadığı bir oğlanla tanış olub cinsi əlaqədə olmuş və həmin vaxt ondan da hamilə qalmışdır. Ancaq sonradan həyətdə yıxıldığı üçün Quba RMX-nın doğum evində vaxtından əvvəl doğuş etmişdir. Onun kiminlə cinsi əlaqədə olmasının və ya kimdən hamilə qalmasının qardaşı Pərvizə heç bir aidiyyəti yoxdur. (cild 1, iş vərəqə 114-115) Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, onun özünə məxsus «Ford» markalı avtomobil var və o, özünə məxsus həmin avtomobillə taksi fəaliyyəti göstərir. O, idarə etdiyi avtomobillə Bakı şəhərindən Xaçmaz şəhərinə, Xaçmaz şəhərindən də Bakı şəhərinə sərnişin aparır. O, əslən Siyəzən rayonundan olan Zərərçəkmiş şəxs1 təxminən 15-20 il olarkı tanıyır. O, əvvəllər özlərinə məxsus avtobusla Xaçmaz rayonuna sərnişin gətirmiş, Seyidquluda onlara məxsus avtobusla tez-tez Xaçmaz şəhərinə gəlmişdir. Təxminən dörd il olarkı isə o, idarə etdiyi «Ford» markalı avtomobillə gəlib Xaçmaz şəhəri, Bakı prospektində Xaçmaz şəhər avtovağzalı ilə üzbəüz yolun digər tərəfində olan marketin qarşısında dayanıb sərnişin gözləmiş, Seyidquluda hər gün dayandıqları yerə gəlib Bakı şəhərinə getmək istəyən sərnişinləri çağırıb avtomobillərə əyləşdirmiş və bunun müqabilində Bakı şəhərinə sərnişin aparan hər sürücü Seyiduluya bir manat pul vermişdir. Həmişə olduğu kimi 01 aprel 2021-ci il tarixdə təxminən saat 10 radələrində o, Xaçmaz şəhəri, Bakı prospektinə gəlib Xaçmaz şəhər avtovağzalı ilə üzbəüz yolun digər tərəfində olan marketin qarşısında avtomobilini saxlamış və avtomobildən düşüb yaxınlıqda olan kafeyə getmişdir ki, çay içsin. Sonrakı müddətdə kafedə olmuş və təxminən saat 11:15 radələrində kafedən bayıra çıxanda görmüşdür ki, Seyidqulu tanımadığı bir oğlanın arxasınca qaçır və onlar qaçaraq onun avtomobilinin ətrafına fırlanırlar. O, yaxınlaşıb Seyidqulunu tutub saxlamış, Seyidqulunun arxasınca qaçdığı oğlan isə oradan uzaqlaşıb getmişdir. O, Seyidqulunun sol bud nahiyəsindən qan axdığını görüb ondan nə olduğunu soruşduqda demişdir ki, arxasınca qaçdığı oğlan onu bıçaqla vurub xəsarət yetirmişdir. Seyidqulunun sol bud nahiyəsindən bərk qan axdığı üçün o, onu avtomobilinə əyləşdirib Xaçmaz RMX-na aparmışdır. Seyidqulunu xəstəxanaya yerləşdirdikdən sonra o, avtomobilinə axan qanı təmizləmiş, sonra isə sərnişin götürmədən Bakı şəhərinə getmişdir. Seyidqulu ilə mübahisə edən oğlanın kim olduğunu və onların mübahisə etmələrinin səbəbini bilməmiş və Seyidqulu özü də bu barədə ona heç bir söz deməmişdir. O, kafedən bayıra çıxanda görmüşdür ki, Seyidqulu tanımadığı bir oğlanın arxasınca qaçır və onlar onun avtomobilinin ətrafına fırlanırlar. Həmin vaxt o, onların yanında başqa kiminsə olmasını görməmişdir. (cild 1, iş.v.116-117) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi haqqında 01 aprel 2021-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yerdə aşkar edilmiş bir ədəd təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı götürülərək maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Xaçmaz RPŞ-nə təhvil verilmişdir. (Cild 1 iş vərəq 9-14,141) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Baxış keçirilməsi haqqında 01 aprel 2021-ci il tarixli protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş şalvar götürülərək maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Xaçmaz RPŞ-nə təhvil verilmişdir. (Cild 1, iş vərəq 17,141) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Baxış keçirilməsi haqqında 30 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd «Evrolux» markalı, «EU-LED32MST-1A» model, 32 düyümlü, 81 dioqanallı qara rəngli televizor və bir ədəd «Kzubr» markalı orta ölçülü lobzik (elektrik mişarı) götürülərək maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Zərərçəkmiş şəxs2 qaytarılaraq bu barədə qəbz alınmışdır. (cild 1, iş vərəqə 85,147-149) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Məhkəmə-tibbi ekspertizasının 02 aprel 2021-ci il tarixli 164 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsrət- hipovolemik şokla müşayiət olunmuş sol bud arteriasının zədələnməsi ilə budun deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (ola bilər ekspertizaya təqdim edilmiş bıçaq) təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (cild 1, iş vərəqə 40) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X9 23 aprel 2021-ci il tarixli 877 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs əqli və psixi inkişaf xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən qəflətən baş vermiş güclu ruhi həyacan (affekt) vəziyyətində olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (cild 1, iş vərəqə 133-136) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2021-ci il tarixli 3/810; 3/811 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Təqdim edilmiş bıçağın üzərində sonradan onun təyinatını dəyişdirən əlavə düzəlişlər aparılmamışdır. Tədqiqata təqdim edilmiş şalvarın üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədələr bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. (cild 1, iş vərəqə 137-140) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2021-ci il tarixli 9/2837 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olunması nəzərə alınmaqla 2021-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 220 manat müəyyən edilir. O cümlədən 1.Bir ədəd «Evrolux» markalı, «EU-LED32MST-1A» model, 32 düyümlü, 81 dioqanallı qara rəngli televizor- 200,0 manat. 2.Bir ədəd «Kzubr» markalı orta ölçülü lobzik (elektrik mişarı)-20,0 manat. (cild 1, iş vərəqə 143-145) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, o, Xaçmaz rayon məhkəməsinin 07 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Qaradağ rayon məhkəməsinin 16 fevral 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar CM-nin 177.2.4-cü maddəsi hökümdən xaric edilmişdir, 19 dekabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (cild 1, iş vərəqə 118-121) Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilsə də, CMnin 83.3.3-cü maddəsinə əsasən onun məhkumluğu ödənilməmiş hesab olunur. CM-nin 18-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətləri residivi vardır ki, bu hal da cəza təyini zamanı CM-nin 65.2-ci maddəsinin tələblərinin (residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz) nəzərə alınmasını imperativ edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz rayonu, Çarxı kənd İƏD-dən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur, subaydır, Xaçmaz rayonu, Çarxı kəndində qeydiyyatdadır və yaşayır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə sağlamlığına qəsdən ağır zərər vurmaması barədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-cü maddəsinə cinayət işi üzrə hər iki zərərçəkmiş şəxslə barışması, 59.1.13-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs2 dəymiş ziyanın könüllü olaraq ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-nin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal olduğu üçün məhkəmə təqsirləndirilən şəxsə CM-nin 60.1-ci maddəsini tətbiq etmir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işi materillarından görünür ki, Təqsirləndirilən şəxs 01 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 aprel 2021-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 aprel 2021-ci il tarixdən hesablanmışdır. ( cild 1, iş vərəqə 60-63). Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, maddi sübutlar Xaçmaz RPŞ-də saxlanılan- zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus bir ədəd şalvar, hadisə yerindən götürülmüş bir ədəd təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı məhv edilməli, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd «Evrolux» markalı televizor və bir ədəd «Kzubr» markalı lobzik (elektrik mişarı) zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 178 manat (bir yüz yetmiş səkkiz manat) məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 177.2.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 01 aprel 2021-ci il tarixdən hesablansın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 178 (yüz yetmiş səkkiz ) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilisin. Maddi sübut olaraq Xaçmaz RPŞ-də saxlanılan– Zərərçəkmiş şəxs1 məxsus bir ədəd şalvar, hadisə yerindən götürülmüş bir ədəd mətbəx bıçağı məhv edilsin, bir ədəd «Evrolux» markalı televizor və bir ədəd «Kzubr» markalı elektrik mişarı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-57/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-57/2022
05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver