Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-570/2024 24.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxx 1999-cu il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndi doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs “Vatsapp” mobil tətbiqi vasitəsi ilə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan, “Siyam” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun göndərdiyi və bu yolla qanunsuz olaraq əldə etdiyi küllli miqdarda psixotrop maddə metamfetaminin satışını həyata keçirdikdən sonra əldə ediləcək 125 manat pulu həmin şəxsin bildirəcəyi kart hesabına köçürəcəyi barədə ümumi razılığa gəlmiş, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində bir qrup şəxs halında şəxsiyyəti istintaqa bəlli olmayan “Siyam” adlı İran İslam Respublikası vətəndaşının Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Ceyranbatan-Sumqayıt yolunun kənarında yerləşən “Araz market” ticarət obyektinin yaxınlığında hasarın - işıq dirəyinin dibinə bir ədəd qara rəngli selofanın içərisində qoyduğu, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr»in siyahısına (Siyahı 1) daxil edilmiş on bir ədəd şəffaf selofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,203 qram, 1,464 qram, 0,292 qram, 0,197 qram, 0,240 qram, 0,205 qram, 0,246 qram, 0,246 qram, 0,194 qram, 0,217 qram, 0,276 qram, ümumilikdə 3,780 qram çəkidə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb satış məqsədilə qanunsuz əldə edərək Abşeron rayonu, Gənclər şəhərciyinə daşımış və saxlamış, xx.xx.2023-cü il tarixdə saat 17:40 radələrində Abşeron rayonu, Gənclər şəhərciyi, 10 saylı məktəbin yaxınlığında Abşeron Rayon Polis İdarəsinin post patrul xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd “Rothmons” siqaret qutusunun içərisindən, bir ədəd şəffaf selofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,203 qram, 1,464 qram, 0,292 qram, 0,197 qram, 0,240 qram, 0,205 qram, 0,246 qram, 0,246 qram, 0,194 qram, 0,217 qram, 0,276 qram, ümumilikdə 3,780 qram çəkidə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, psixotrop maddə metamfetamin istifadəçisidir, psixotrop maddədən mədə ağrıları olduğu üçün istifadə etmişdir.O, 25 avqust 2023-cü il tarixdə saat 16:00-17:00 radələrində tutulmuşdur. Üzərində ittihamda qeyd olunan növdə psixotrop maddə olmuşdur. Lakin polis əməkdaşları tərəfindən ona təzyiq göstərilmişdir. İranlı Siyam adlı şəxslə yazışmaları olmuş, lakin onun dediyi ünvanlara psixotrop maddə qoymağı ilə bağlı yazışmaları olmamışdır. O, yalnız şəxsi istifadəsi üçün 125 manata ümumilikdə 3,7 qram olmaqla 10- 11 bükümdə psixotrop maddə metamfetamin almışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 il 2 aya yaxındır ki, psixotrop maddə metamfetamin istifadə edir. Öz istifadəsi üçün psixotrop maddəni müxtəlif yerlərdən və tanımadığı şəxslərdən alır. xx.xx.2023-cü il tarixdə əvvəllər tanımadığı, özünü “Siyam” adı ilə təqdim edən, İran İslam Respublikası vətəndaşı onun istifadəsində olan +994-70-612-55-50 saylı mobil telefon nömrəsinə öz istifadəsində olan xarici ölkələrdən birinə aid olan, hal-hazırda rəqəmlərini xatırlamadığı mobil telefon nömrəsindən Whatsapp ani mesajlaşma proqramı vasitəsi ilə zəng edərək əlaqə yaratmışdır. Söhbət zamanı həmin şəxs öz anket məlumatları haqqında ona heç bir məlumat verməmişdir. Söhbət əsnasında həmin şəxs onun psixotrop maddə istifadəçisi olmağını bildiyini deyib, əlbir fəaliyətdə olmağı, “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə ona göndərəcəyi ünvandan içərisində psixotrop maddə olan bükümləri götürüb satmağı və 125 manat pul verməyi, pulu isə ona bildirəcəyi kart hesabına köçürməyi təklif etmişdir. O, həmin şəxsin təklifi ilə razılaşmışdır. Bundan sonra həmin şəxs “Whatsapp” tətbiqi ilə ona bir ünvan və fotoşəkil göndərmişdir. O, bu məqsədlə xx.xx.2023-cü il tarixdə saat 23 radələrində mesajda göstərilmiş ünvana - Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Ceyranbatan-Sumqayıt yolunun üstündə yerləşən “Araz market” adlı ticarət obyektinin yaxınlığında yerləşən işıq dirəyinin yerləşdiyi əraziyə gedib həmin dirəyin dibinə qoyulmuş 1 ədəd “Rothmons” siqaret qutusunun içərisində olan qara rəngli selofan bükümü götürüb özü ilə yaşadığı əraziyə - Abşeron rayonu, Gənclər şəhərciyinə gətirmişdir. Həmin qara rəngli selofan bükümün içərisində isə şəffaf selofan bükümlərdə bükülmüş 11 ədəd ağ rəngli, kristal formalı, psixotrop maddə olan metamfetamin olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 17:50 radələrində Abşeron Gənclər şəhərciyində olduğu vaxt Post Patrul Xidməti əməkdaşları ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim edərək onun özünü şübhəli apardığını deyərək şəxsiyyətini təsdiq edən sənəd göstərməyini istəmişlər. O isə üzərində qanunsuz olaraq psixotrop maddə olmasını bildirdikdə onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Polis idarəsinin inzibati binasında ona hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmişdir. Ərizəsi əsasında vəkil dəvət edilmişdir. Vəkili gəldikdən sonra aralarında konfidensial görüş polis əməkdaşları tərəfindən təmin edilmişdir. Daha sonra video çəkiliş ilə və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. O da etirazı olmadığını bildirmişdir. İlk öncə ona hüquq və vəzifələri elan olunmuşdur. Daha sonra ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olubolmamağı soruşulmuşdur. O, əynindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd “Rothmons” siqaret qutusunun içərisində olan bir ədəd qara rəngli selofan bükümün arasında olan 11 ədəd şəffaf selofana bükülmüş psixotrop maddə metamfetamini, bir ədəd içərisində siqaret olan “Rothmons” siqaret qutusunu, içərisində iki ədəd plastik kart və 1 manat pul olan pul qabını və həmçinin istifadəsində olan “Samsung” markalı qara rəngli mobil telefonu təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi sellofan bükümlərə baxış keçirilmişdir. Baxış zamanı “Rothmons” siqaret qutusunun içərisində olan bir ədəd qara rəngli selofan bükümün arasında olan 11 ədəd şəffaf selofana bükülmüş psixotrop maddə metamfetamin akşar edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilmi. və qanunla qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş bir ədəd “Rothmons” siqaret qutusunun içərisində saxladığı, bir ədəd qara rəngli selofan bükümün arasında olan 11 ədəd şəffaf selofana bükülmüş psixotrop maddə metamfetamin bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlə möhürlənib üzəri iştirakçılar və onun tərəfindən imzalandıqdan sonra polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmçinin, təqdim etdiyi bir ədəd mobil telefon da polis əməkdaşı tərəfindən götürülüb saxlanılmışdır. Bir ədəd içərisində siqaret olan “Rothmons” siqaret qutusu, həmçinin içərisində iki ədəd plastik kart və 1 manat pul olan pul qabı özünə qaytarılmışdır. Sorğu zamanı o, bildirmişdir ki, həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşı olan, adını “Siyam” kimi təqdim edən şəxsin mobil telefonuna göndərdiyi ünvan əsasında Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Ceyranbatan- Sumqayıt yolunun üstündə yerləşən “Araz market” adlı ticarət obyektinin yaxınlığında yerləşən işıq dirəyinin dibindən götürüb özündə saxlamışdır. Daha sonra polislər bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o da həmin protokolun doğruluğunu öz imzasıyla təsdiq etmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bir ədəd “Rothmons” siqaret qutusunun içərisində saxladığı, bir ədəd qara rəngli selofan bükümün arasında olan 11 ədəd şəffaf selofana bükülmüş psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşı olan, adını Siyam kimi təqdim etmiş şəxsin telefonuna göndərdiyi ünvan əsasında xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Ceyranbatan-Sumqayıt yolunun üstündə yerləşən “Araz market” adlı ticarət obyektinin yaxınlığında yerləşən işıq dirəyinin dibindən götürüb, sataraq 125 manat pulu göndərmək məqsədi ilə özündə saxlamışdır. Hal-hazırda həmin şəxsdən əvvəllər narkotik vasitə və ya psixotrop maddə almağım xatırlamamışdır. Lakin, birbaşa onun istifadəsində olan mobil telefon nömrəsinə Whatsapp ani mesajlaşma proqramı vasitəsi ilə zəng edərək əlaqə saxlamasına görə əvvəllər şəxsi istifadəsi üçün narkotik vasitə almağını güman etmişdir. Həmin psixotrop maddə metamfetamini əldə etməyi, habelə həmin kütlələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmağı barədə heç kimin məlumatı olmamışdır. Abşeron Gənclər şəhərciyində saxlanılan zaman, polis idarəsinə gətirilən zaman və polis idarəsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməmiş və psixi təsir göstərilməmişdir. Abşeron rayon polis idarəsinin inzibati binasında vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən öncə polis əməkdaşları tərəfindən üzəri yoxlanılmamışdır. (Cild 1, iş vərəqləri 63-66) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis serjantı Şahid1 oğu məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər Şəhərciyində Şahid2 ilə birlikdə xidmətdə olarkən 10 saylı məktəbin yaxınlığında saxlamışlar. Abşeron RPİ-nin inzibati binasının xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilmiş, 11 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPXB-nin polis serjantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023- cü il tarixdə saat 17:40 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər Şəhərciyində saxlamışlar. Abşeron RPİ-nin inzibati binasının xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilmiş, 11 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. O, tabesizlik göstərdiyi üçün fiziki qüvvət göstərmişlər, lakin ona qarşı hər hansı təzyiq olunmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 25 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı əynində olan tünd qara rəngli cins şalvarın sağ yan cibində olan Rothmons” siqaret qutusunun içərisində olan bir ədəd qara rəngli selofan bükümün arasında olan 11 ədəd şəffaf selofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 28-29) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 25 avqust 2023-cü il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 01 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəq 30) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 26 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4556 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №56" dairəvi möhür əksi olan üzərində "Təqsirləndirilən şəxs" sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd siqaret qutusunda 11 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,203 qram, 1,464 qram, 0,292 qram, 0,197 qram, 0,240 qram, 0,205 qram, 0,246 qram, 0,246 qram, 0,194 qram, 0,217 qram, 0,276 qram ümumi təmiz çəkisi 3,780 qram olan ağ rəngli, kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. (Cild 1, iş vərəqləri 36-39) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 17 fevral 2023-cü il tarixli 1057 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların və kannabinoidlərin epizodik istifadə etmə halları olub. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 159-160) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizasının 12 fevral 2024-cü il tarixli 361 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazlrki psixi vəziyyətinə görə istintaq və prosessual hərəkətlərində iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. (Cild 1, iş vərəqləri 161-164) Cinayət işi materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 09 mart 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından qalıq qalmış 3,560 qram metamfetamin maddi sübut kimi tanınaraq Abşeron RPİ-in maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. Şəxsi axtarış görüntülərini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 170-182) Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları, yəni psioxtrop maddəni yalnız şəxsi istifadəsi üçün istifadə etməsi, polis əməkdaşları tərəfindən ona təzyiq olunması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X3 12-ci bəndinə əsasən əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkuluğu yoxdur. (Cild 1, iş vərəq 89) Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.2-cü maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 25 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 27 avqust 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 23 dekabr 2023-cü il tarixli və 20 mart 2024-cü il tarixli qərarları ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 74-76, 122-123) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi - 3,560 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan qalıq çəkisi - 3,560 qram psixotrop maddə metamfetamin məhv edilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-570/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-570/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver