Məhkəmə qərarları › İş №1(124)-577/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-577/2024

13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-577/2024 13.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim - Əliyev Hafiz Samir oğlunun sədrliyi ilə, Hakimlər – Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, Bəhlulzadə Təranə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X9, Müdafiəçilər – Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi məqsədi ilə dəvət olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi məqsədi ilə dəvət olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun üzvü X10, Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi məqsədi ilə dəvət olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun üzvü X5, Təqsirləndirilən şəxs4 hüquqlarının müdafiəsi məqsədi ilə dəvət olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun üzvü X4, X1, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 iştirakları ilə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(124)-577/2024 №-li Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatına cinayət işi daxil olmuşdur. Məhkəmə kollegiyası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsilə yoxlamışdır. Məhkəmənin hazırlıq iclasında keçirilən ilkin dinləmələr zamanı dövlət ittihamçısı, müdafiəçilər və təqsirləndirilən şəxslər vəsatət verərək məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin(bundan sonra CPM) 303.3.1, 303.3.2, 303.3.6, 303.3.7. və 303.3.8-cü maddələrində göstərilmiş kobud qanun pozuntularına yol verildiyinə görə cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsilə yoxlayıb belə nəticəyə gəlmişdir ki, qeyd edilən cinayət işinin baxılması Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aid olsa da, işin məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar mövcuddur o, cümlədən ibtidai araşdırma zamanı mümkün qədər aradan qaldırılması mümkün olmayan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsi ilə müəyyən edilmiş kobud pozuntulara yol verilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.1991-ci il tarixdə Türkmənistan Respublikası, Türkmənbaşı şəhərində doğulmuş və Türkmənistan Respublikasının vətəndaşıdır. İş materiallarında təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən əlavə edilməmişdir. Müstəntiq tərəfindən təqsirləndirilən şəxsin pasportunun əldə edilməsi üçün Türkmənistan Respublikasının Səfirliyinə sorğu ünvanlansa da, müvafiq cavab alınmadan iş məhkəməyə göndərilmişdir. Cinayət işinə Təqsirləndirilən şəxs1 yalnız doğum haqqında şəhadətnaməsinin surəti əlavə olunmuşdur. Bundan əlavə, ilkin istintaq hərəkətlərində şübhəli şəxs qismində tutma haqqında protokol, qərar və izahatında Təqsirləndirilən şəxs1 özünü X2, daha sonrakı istintaq hərəkətlərində X3 təqdim etmişdir. 01 dekabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində X3 ona ittiham elan edilmişdir. 04 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 doğum haqqında şəhadətnamə surətini və Şahid1 adlı şəxsə aid Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini istintaqa təqdim etmişdir. CPM-in 155.6-cı maddəsinin tələbinə görə “təqsirləndirilən şəxs barəsində həbs, ev dustaqlığı və girov qətimkan tədbirləri seçildikdə ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və ya digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur. Təqsirləndirilən və ya şübhəli şəxs barəsində digər qətimkan tədbiri seçildikdə, habelə bu Məcəllənin 155.5-ci maddəsində nəzərdə tutulmuş halda, cinayət təqibi üzrə materiallara şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin cinayət prosesini həyata keçirən orqanda təsdiq olunmuş surəti əlavə edilir.” Göründüyü kimi qanunverici orqan təqsirləndirilən şəxs barəsində həbs və ona alternativ qətimkan tədbiri seçildiyi halda şəxsiyyəti təsdiq edən sənədin materiallara əlavə edilməsini müəyyən etmişdir. Hazırkı cinayət işinə isə Təqsirləndirilən şəxs1 şəxsiyyətini təsdiq edən sənədin nə əsli, nə də ki təsdiq edilmiş surəti əlavə edilməmişdir. Təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin (təsdiq edilmiş surəti) cinayət işinin materiallarına əlavə edilməməsi məhkəmə tərəfindən cinayət işi üzrə istinad edilən cinayət əməlinin törədilməsində ittiham olunan şəxsin kimliyinin müəyyən edilməsini istisna etmiş, təqsirləndirilən şəxsin şəxsiyyətin eyniləşdirilməsini mümkünsüz etmişdir. Məhkəmə hesab edir ki, cinayət işinin materiallarına təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin (təsdiq edilmiş surəti) əlavə edilməməsi aradan qaldırılması mümkün olmayan kobud pozuntudur və bu hal yalnız əlavə ibtidai istintaq zamanı aradan qaldırıla bilər. CPM-in 289.2.3-cü maddəsinə əsasən ittiham aktında barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumat (cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən başlandığı, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi, iş üzrə nə vaxt, kim tərəfindən və hansı əsasla icraatın dayandırıldığı, ona xitam verildiyi və təzələndiyi) göstərilir. Hazırkı cinayət işində (Təqsirləndirilən şəxs1 aid hissədə) isə ittihamın kimin barəsində irəli sürüldüyü, iş üzrə kimin təqsirləndirilən şəxs qismində cəlb olunduğu, kimin barəsində qətimkan tədbiri seçildiyi və digər bu kimi cinayət işinin mühüm elementini təşkil edən hallar məlum deyil. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.3.1 və 289.3.2-ci maddələrinin tələblərinə əsasən ittiham aktının təsviriəsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm halları, həmçinin təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar göstərilməlidir. Həm Təqsirləndirilən şəxs1, həm Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan görünür ki, hər iki təqsirləndirilən şəxs avtomobildən düşüb içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan bir ədəd qara rəngli idman çantasını götürüb avtomobilə doğru gələrkən, küçədə saxlanılıb üzərlərində şəxsi axtarış aparılan zaman bir ədəd qara rəngli idman çantasının içərisində qara rəngli polietilen torbada təmiz çəkisi 6950 qram tərkibində narkotik vasitələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən ittihamla narkotik vasitənin kim tərəfindən götürülməsini, kimin əlində aşkar edilməsini müəyyən etmək mümkün deyildir. Belə olan halda həmçinin təqsirləndirilən şəxs nədə ittiham olunduğunu, nədən müdafiə olunmalı olduğunu bilməmişdir ki, bununla da, onun müdafiə hüququ da kobud formada pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin hüququdur ki, o, nədə təqsirləndiyini bilsin (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi). Bununla da, məhkəməyəqədər icraat dövründə Azərbaycan Respublikası CPMnin 289-cu maddsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinin tələblərinə əsasən cinayət işi üzrə ittiham aktının müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir. Bundan əlavə cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Türkmənistan Respublikasında doğulmasını, 2006-cı ilədək həmin ölkədə yaşamasını və vətəndaşlığında olmasını nəzərə alaraq, məhkəməyəqədər icraat dövründə icraat materialları və istintaq və ya digər prosessual hərəkətlərin aparılması zamanı səslənən bütün danışıqları tərcümə etməsi üçün 16 mart 2024-cü il tarixli qərarla cinayət işi üzrə azərbaycan və rus dillərini bilən tərcüməçi təyin edilmişdir. İş üzrə tərcüməçi dəvət edilməsinə baxmayaraq təcüməçi yalnız xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxsə yenidən ittiham elan edilərkən edilən istintaq hərəkətlərində iştirak etmiş, nə ilkin olaraq şübhəli şəxs qismində tutulma, şəxsi axtarış, şübhəli şəxs qismində dindirmə, təqsirləndirilən şəxs qismində dindirmə, nə də ki istintaqın sonrakı mərhələsində keçirilmiş heç bir istintaq hərəkətində, iş materialları ilə tanış olma zamanı tərcüməçi iştirak etməmiş, həmçinin Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən şübhəli və təqsirləndirilən şəxsin hüquq və vəzifələri ilə bağlı bildirişlər, ittiham aktı və ona əlavələr, eləcə də şübhəli və təqsirləndirilən şəxsə verilməli olan digər sənədlər onun bildiyi dilə tərcümə edilərək verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və həmin Məcəllənin 303.3.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması kobud pozuntular hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının aşağıdakı hüquqlarını təmin etməlidir: cinayət prosesi iştirakçılarına öz ana dilindən istifadə etmək hüququnu izah etmək (m. 26.2.1); ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək (m. 26.2.2); ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək (m. 26.2.3). Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 26.4cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqdim edilməli sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir. Həmin Məcəlləsinin 90.7.11 və 91.5.11-ci maddələrinə əsasən şübhəli və təqsirləndirilən şəxsin ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək hüququ vardır. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.7-ci maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 292.4-cü maddəsinin tələblərinə əsasən cinayət prosesinin aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş və tərcüməçi tərəfindən imzalanmış tərcümələri, habelə həmin sənədlərin məhkəmə icraatının aparıldığı dildə yazılmış surətləri verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2.3-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qanunvericiliyin həmin müddəsına əsasən məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə bağlı digər kobud qanun pozuntularına da yol verilmişdir. Belə ki, CPM-nin 286.3-cü maddəsinə əsasən, cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlər və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. Lakin iş materiallarında olan 19 mart 2024-cü il tarixli və xx.xx.2024-cü iş tarixli protokollarda isə hər bir cilddə olan vərəqlərin sayı ayrı-ayrılıqda deyil, ümumilikdə göstərilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.8-ci maddəsinin tələblərinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması da məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir. Məhkəmə, gəldiyi nəticələrin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Belə ki, “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3 bəndinin tələblərinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıdakı hüquqlara malikdir: ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq (“a” yarımbəndi); məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, tərcüməçinin pulsuz köməyindən istifadə etmək (“e” yarımbəndi). Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra: Avropa Məhkəməsi) (Brozisek İtaliyaya qarşı, § 41; Tabai Fransaya qarşı qər.) işində qeyd edir ki, təqsirləndirilən şəxsin məlumatın verildiyi dili yaxşı bilmədiyi müəyyən edilibsə və ya bunun güman edilməsi üçün əsas varsa, hakimiyyət orqanları onu tərcümə ilə təmin etməlidirlər. Bundan başqa, Avropa Məhkəməsi (Kamasinski Avstriyaya qarşı, § 79, Ermi İtalyaya qarşı {BP}, § 68) işlərində qeyd edir ki, 6-cı Maddənin 3 (a) yarımbəmdi əcnəbi təqsirləndirilən şəxs üçün müvafiq məlumatın yazılı qaydada və ya yazılı tərcümə formasında təmin edilməli olduğunu müəyyən etməsə də, məhkəmə tərəfindən istifadə olunan dillə tanış olmayan təqsirləndirilən şəxs – ittiham aktının başa düşdüyü dilə yazılı tərcüməsi ilə təmin olunmadığı halda – praktiki olaraq əlverişsiz mövqedə ola bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1-ci və 300.1.5-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Şərh olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1, 303.3.2, 303.3.6, 303.3.7 və 303.3.8-cı maddələri ilə müəyyən edilmiş kobud pozuntularına yol verildiyindən, cinayət işinin məhkəmədə baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı həmin Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 307.2-ci maddəsinə əsasən məhkəmənin xüsusi qərarında onun hansı cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə və kim tərəfindən çıxarıldığı qeyd edilməli, işin mahiyyəti, dəqiq olaraq həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulardan hansı pozuntu və kimin tərəfindən yol verildiyi ətraflı göstərilməlidir. Ona görə də, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Quba rayon Polis Şöbəsinin, İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı X11 barəsində xüsusi qərar çıxarılmalı və Azərbaycan Respublikasının Daxili İşlər nazirinə göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra, konkret hallarda həmin Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Məhkəmə həmin məsələ ilə bağlı müzakirə apararaq belə qərara gəlir ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrindəki məhkəməyədək icraat zamanı seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla həbsdə saxlanılma müddəti qərarın elan olunduğu gündən 2 (iki) ay müddətinə, yəni 13 iyul 2024-cü il tarixədək uzadılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçilərinin həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi ilə bağlı vəsatətini əsassız hesab edərək, qeyd edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş prosessual əsaslar aradan qalxmamış və müdafiə tərəfi ağır cinayətin törədilməsində ittiham olunan təqsirləndirilən şəxslərin məhkəmədən gizlənməyəcəyi ilə bağlı hər hansı bir qarantiya təqdim etməmişdir. Hazırda təqsirləndirilən şəxslərin barəsində qüvvədə olan həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması yolverilməzdir və təqsirləndirilən şəxslərin cəmiyyətdən tam təcrid olunmuş vəziyyətdə qalmasına mütləq zərurət vardır. Odur ki təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına dair müdafiəçilərin vəsatəti təmin edilməməli və hazırki vəziyyətdə təqsirləndirilən şəxslərin həbsdə saxlanılması davam etdirilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3, 303.4-cü, və 307.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı :

1. Dövlət ittihamçısının, müdafiəçilərin və təqsirləndirilən şəxslərin vəsatəti təmin edilsin.

2. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin məhkəmədə baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

3. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrindəki məhkəməyədək icraat zamanı seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla həbsdə saxlanılma müddəti qərarın elan olunduğu gündən 2 (iki) ay müddətinə, yəni 13 iyul 2024-cü il tarixədək uzadılsın.

4. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçilərinin həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması ilə bağlı vəsatətləri əsassız olduğundan təmin edilməsin.

5. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.

6. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Quba rayon Polis Şöbəsinin, İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı X11 barəsində xüsusi qərar çıxarılsın.

7. Qərarın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və 3 saylı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə göndərilsin.

8. Qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin).

9. Qərar qətidir, apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar