Məhkəmə qərarları › İş №1(124)-578/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-578/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-578/2023 27.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1960-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmuş, lakin ünvan 2 ünvanında yaşamış həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 50 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına" (Siyahı İ) daxil olan 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,730 qram və 2,249 qram olmaqla ümumilikdə 3,979 qram çəkidə psixotrop maddə metamfetamin və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına" (Siyahı İ) daxil olan 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,463 qram, 0,338 qram və 0,350 qram olmaqla ümumilikdə 1,151 qram çəkiclə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Xırdalan şəhərinə daşımış, 16 mart 2023-cü il tarixdə saat 17 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Abşeron rayon İcra şöbəsinin qarşısında saxlanılıb, idarənin inzibati binasına gətirildikdən sonra, həmin gün saat 18:50-dən 18:59-a kimi olan müddət ərzində, onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli qısaqol gödəkcənin sol yan cibindən 01 ədəd kibrit qutusunda saxladığı həmin 03 ədəd şəffaf sellofana bükülmüş 1,151 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd şəffaf sellofana bükülmüş 3,979 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 15-16 ildir ki, narkotik vasitə istifadə edir. O, bundan əvvəl azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ona görə də probasiya şöbəsinə gedib-gəlmişdir. 16 mart 2023-cü il tarixdə onu probasiya şöbəsinə çağırmışlar, polis işçiləri oradan gəlib onu saxlayaraq polis bölməsinə aparmışlar. Saxlanılan zaman üstündə 01 qram narkotik vasitə heroin olmuş, üzərində metamfetamin olmamışdır, ümumiyyətlə metamfetamindən heç vaxt istifadə etməmişdir. Hazırda evli olmamışdır və azyaşlı övladı yoxdur. Ona təzyiq göstərilməmiş, amma CM-nin 234.1-ci maddəsi ilə ittiham verildiyi deyildiyi üçün aldanıldığını bildirmişdir. O, ibtida istintaqa verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroindən istifadə edir və həmin maddələrin aludəçisidir. 16 mart 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə tanımadığı anket məlumatlarını bilmədiyi yalnız adının Elşən olduğunu bildiyi şəxsdən şəxsi istifadəsi üçün 30 manata üç büküm narkotik vasitə olan heroin və 20 manata iki büküm psixotrop maddə olan metamfetamin almışdır. Həmin günü yəni ki, 16 mart 2023- cü il tarixdə təxminən saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Abşeron rayon İcra və Probasiya şöbəsinin qarşısında olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ondan üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını sorğu etmişlər. O, üzərində psixotrop maddə və narkotik vasitə olduğunu bildirdiyi üçün onu Abşeron RPl-nə gətirmişlər. Polis idarəsində xidməti otaqların birində video çəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş və üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə olub olmamasını sorğu etmiş, varsa təqdim etməyini təklif etmişlər. O, əynində olan qara rəngli qısaqol gödəkcəsinin sol yan cibindən 01 ədəd kibrit qutusunda saxladığı 05 ədəd şəffaf rəngli sellofanlara bükülmüş psixotrop maddə olan metamfetaminlər və narkotik vasitə olan heroinləri çıxarıb təqdim etmişdir. Təqdim etdiyi psixotrop maddələr və narkotik vasitələr kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuşdur. O və iştirakçılar protokolu və zərfi imzalamışlar. Üzərində gəzdirdiyi psixotrop maddə olan metamfetaminlər və narkotik vasitə olan heroinləri Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə tanımadığı anket məlumatlarını bilmədiyi yalnız adının Elşən olduğunu bildiyi şəxsdən ümumilikdə 50 manata şəxsi istifadəsi üçün almış və bu səbəbdən üzərində gəzdirmişdir. 16 mart 2023-cü il tarixdə üzərindən aşkar olunub götürülmüş psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroini 16 mart 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidə tanımadığı anket məlumatlarını bilmədiyi yalnız adının Elşən olduğunu bildiyi şəxsdən ümumilikdə 50 manat müqabilində almışdır. O, narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Aldığı metamfetamin və heroini də özü istifadə etmək üçün üzərində saxlamışdır. Metamfetamini aldığı şəxsin heç bir anket məlumatlarını və telefon nömrəsini bilməmişdir. Həmin şəxsi bir dəfə metamfetamin və heroini alanda bir neçə saniyəlik görmüşdür. Siması və xarici görünüşü yadında qalmadığı üçün hal-hazırda tanımaz. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və İdarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır.(cild 1, iş vərəqə 72-74) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş və Abşeron RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, İcra Probasiya şöbəsinin qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək onu Abşeron RPl-nə dəvət etmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən bir ədəd kibrit qutusunda 03 büküm narkotik vasitə olan heroinə, 02 büküm isə psixotrop maddə metamfetaminə bənzər kütlə çıxardıb təqdim etmişdir. Sorğu zamanı Vaqif bildirmişdir ki, üzərindən aşkar olunmuş 03 ədəd bükümdəki maddə heroin, 02 ədəd bükümdəki maddə isə metamfetamindir və həmin narkotik vasitələri Bakı şəhəri ərazisində Elşən adlı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Şahid Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı Şahid1 digər polis əməkdaşı Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 mart 2023-cü-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, iş vərəqə 5-6) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 16 mart 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli qısaqol gödəkçənin sol yan cibindən 03 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroin və 02 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetami bükümləri götürülmüşdür. (cild 1, iş vərəqə 37- 38) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” 16 mart 2023-cü il tarixli protokoldan görünür ki, həmin DVD diskdə əks edilmiş görüntülər 16 mart 2023-cü il tarixdə saat 18:50-də qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Abşeron RPİ-nin təhqiqatçısı, polis kapitanı Şahid1 əyləşdiyi xidməti otaqdır. Video görüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol yan cibindən çıxardığı 01 ədəd kibrit qutusunda 03 ədəd şəffaf sellofana bükülmüş bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroin və 02 ədəd şəffaf sellofana bükülmüş bükümdə ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, öz istifadəsi üçün əldə etdiyi 03 ədəd bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroini və 02 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerdə “Elşən” adlı şəxsdən metamfetamini 50 manat müqabilində almışdır.Cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 16 mart 2023-cü il tarixdə Abşeron RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmalı və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. ( cild 1, iş vərəqə 103) Şəxsi axtarış və götürmə aparılması haqqında, diskə baxış keçirilməsi haqqında protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 17 mart 2023-cü il tarixli, 6/1624 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazılan zərfdə 3 ədəd sellofan kəsiyi bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,463 qr, 0,338 qr və 0,350 qram olmaqla ümumi çəkisi 1,151 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici və kimyəvi komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir, 2 ədəd sellofan kəsiyi bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,730 qr qr və 2,249 qram olmaqla ümumi çəkisi 3,979 qram olan ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici və kimyəvi komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata təqdim olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi - 3,979 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 3,879 qram, narkotik vasitə olan heroinin təmiz çəkisi -1,151 qram, tədqiqata sərf edildi - 0,15 qram, qalıq - 1,001 qramdır. (cild 1, iş vərəqə 44-48) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 19 iyun 2023-cü il tarixli, 3872 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild 1, iş vərəqə: 116-117) Cinayət işinin materiallarından görünür ki, ekspertiza təhqiqatından sonra qalıq qalmış 1,001 qram olan narkotik vasitə olan heroin və 3,879 qram olan psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş üzrə 16 mart 2023-cü il tarixdə Abşeron RPİ-nin xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 127-134) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmdən görünür ki, görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il 08 ay 28 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər probasiya Şöbəsindən əldə olunmuş məlumata əsasən, məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi 02 il 08 ay 12 gün təşkil edir. (cild 1, iş vərəqə 96-99) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metamfetamin olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə cinayət qanunun həmin normasını rəhbər tutataraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub birləşdirilməklə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar cinayətlərin residivi zamanı nəzərə alınmadığından, məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmadığını qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 18 mart 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 16 mart 2023-cü il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.( cild 1. i/v 63, 83-86) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,001 qram olan narkotik vasitə olan heroin və 3,879 qram olan psixotrop maddə olan metamfetamin məhv edilməli, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 88 (səsən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və 02 il 08 ay 12 gün hissədə çəkilməmiş qalan azadlığın mədudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub hesablanmaqla 01 il 04 ay 06 gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırkı hökmlə qismən birləşdirilsin və o, qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 16 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş qalıq çəkisi 1,001 qram olan narkotik vasitə olan heroin və ümumi qalıq çəkisi 3,879 qram olan psixotrop maddə olan metamfetamin məhv edilsin, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar