Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-581/2023 22.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1995-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi şəkildə mebel boyaçısı işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2də həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 7,266 qram çəkidə psixotrop maddə metamfetamini 2022-ci il noyabr ayının ortalarında Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə edərək, üzərində saxlamış və daşımışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdə saat 09:50 dəqiqədə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sol yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,479 qram və 3,789 qram olmaqla, ümumi külli miqdarda təmiz çəkiləri 7,266 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, evdən çıxıb evin yaxınlığında olan tikinti materialları mağazası tərəfdən keçərkən onu tutmuşlar. Onu maşına otuzduraraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Orada ona narkotik verilmiş, o da götürmüşdür. Özü narkotik vasitə istifadəçisi deyil. Metamfetamin istifadə etməmişdir.Tibbi ekspertizadan keçmiş, qan analizində metamfetamin istifadə etməsi aşkar olunmuşdur. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona yemək veriləndə içinə metamfetamin qatıldığını, dini inanclarına görə onunla düşmənçilik etdiklərini bildirmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona fiziki təsir göstərməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, psixi və ya digər xəstəliyinin olmamışdır. 2015-2016-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olmuş, xidmətdən sonra mebel təmiri ilə məşğul olmuş, əvvəllər bir neçə dəfə “şüşə” kimi tanıdığı metamfetamindən istifadə etmiş, amma həmin maddənin aludəçisi olmamışdır. Təxminən 14-15 noyabr tarixində günorta saatlarında Sumqyaıt şəhərində yaşadığı S.Vurğun küçəsində piyada hərəkət edən zaman o ərazidə yerləşən köhnə ferma deyilən yerin yanındakı hasarın kənarından 02 ədəd sellofan büküm aşkar etdiyini, narkotik vasitə alan şəxslərin bir çox hallarda satan şəxslərlə birbaşa görüşüb əlbəəl mal almadıqlarını və buna görə də satan şəxslərin malları harasa atıb müştərilərinə məlumat verdiklərini bildiyinə görə həmin bükümlərin narkotik vasitə olmasından şübhələndiyini, həmin bükümləri götürüb baxan zamanı içərisində “şüşə” kimi tanıdığı metamfetamin olmasını müəyyən etdikdən sonra istifadə etmək məqsədilə cibinə qoyduğunu, 18 noyabr saat 09:50 dəqiqədə Sumqayıt şəhəri, S.Vurğun küçəsində “Esmira" şadlıq evinin yaxınlığında olduğu zaman ona 3 nəfər mülki geyimli şəxslərin yaxınlaşaraq özlərini DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları kimi təqdim edərək onun anket məlumatlarını dəqiqləşdirildiyini, ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu dediklərini və müvafiq qərarla onu tanış etdiklərini bildirmişdir. Bundan sonra o, yalan danışmağın yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşərək üzərində psixotrop maddə olduğunu etiraf etmiş, bundan sonra polis əməkdaşları onu DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, o da buna etiraz etməyərək idarəyə getmiş, Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən İstifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman o, üzərində “şüəşə" adı ilə tanıdığı narkotik olduğunu bidirib, əynində olan qara rəngli gödəkçəsinin sol iç cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu və özünə məxsus 01 ədəd xarici pasportu, əynində olan qara rəngli cins şalvarının sol yan cibində olan 02 ədəd sellofan bükümü və şalvarının sağ yan cibindən 50 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd sellofan büküm İştirakçıların şahidliyi ilə açıldıqda hər iki bükümün İçərisində psixotrop maddə metamfetamin olduğu müşahidə edilmiş, şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan metamfetamini təxminən 3-4 gün əvvəl Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən köhnə fermanın yaxınlığından tapdığını əvvəllər də bir neçə dəfə narkotik vasitədən istifadə etdiyinə görə tapdığı bu maddələri şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdınlaraq möhürlənmiş, üzərindən aşkar edilmiş mobil telefonu və xarici pasportu da polis əməkdaşları tərəfində götürülümş, axtarış zamanı aşkar edilmiş 50 manat pul özünə geri qaytarılmışdır. Sonda protokol tərtib edilmiş, o və digər iştirakçılar oxuyaraq protokolu imzalamışdırlar. Bundan başqa o, tapdığı psixotrop maddəni heç kimdən almadığını, təsadüfən tapdığını, heç vaxt psixotrop maddə və ya narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmadığını, tapdığı maddəni də özünün istifadəsi üçün üzərində gəzdirdiyini, özünə istifadə etmək üçün maddələri adətən Sumqayıtda tanımadığı şəxslərdən əldə etdiyini, üzərindəki maddədən heç kimin xəbərinin olmadığını, üzərində olandan başqa heç yerdə psixotrop maddə saxlamadığını, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını və polisə müqavimət göstərmədiyini ona verilən suallara cavab olaraq bildirmişdir. (cild 1, iş vərəqə 46-47, 69-72, 86-89, cild 2, iş vərəqə 108-109) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş AR DİN-in BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 18 noyabr 2022-ci il tarixdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, həmin gün saat 09 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhərində yerləşən “Esmira” şadlıq sarayının yaxınlığında olmasının müəyyən edildiyini, həmin yerə getdiklərini, saat 10 radələrində qeyd olunan yerdə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etdiklərini, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdiklərini bildirmişdir. Həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu qeyd etmiş və ona narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək DİN-in BMCMİ-nə dəvət etmişlər. İdarə olarkən xidməti otaqlarının birində müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və o, üzərində "şüşə”, yəni psixotrop maddə olan metamfetamin olduğunu bildirərək əynində olan gödəkçəsinin cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, şalvarının ciblərindən isə 02 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan büküm açıldıqda hər iki bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddələr olmasının müşahidə edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdəki maddələri bir neçə gün əvvəl Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən köhnə fermanın yaxınlığından tapdığını, əvvəllər narkotik vasitədən bir neçə dəfə istifadə etdiyini, tapdığı maddələri öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid polis əməkdaşları, AR DİN-in BMCMİ-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 digər polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 18 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, S.Vurğun küçəsi, ev 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır.(cild 1, i.v.18-19) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 18 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən "şəxsi axtarış və götürmə aparılması haqqında” qərara əsasən 18 noyabr 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə həyata keçirilən zaman ona paltarında, əşyalarnda və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psoxotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədləri vermək təklif edildikdə, o, üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan qara rəngli gödəkçənin sol İç cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu, özünə məxsus 01 ədəd xarici pasportu, əynində olan qara rəngli cins şalvarının sol yan cibində olan 02 ədəd sellofan bükümü və sağ yan cibindən 50 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda hər İki bükümün içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini təxminən 3-4 gün əvvəl Sumqayıt şəhəri S.Vurğun küçəsində yerləşən köhnə fermanın yaxınlığında tapdığını, əvvəllər də narkotik vasitədən bir neçə dəfə istifadə etdiyini, tapdığı maddələri öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Aşkar olunan psixotrop maddələr 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür.( cild 1, i.v. 40, 41-44) Şəxsi axtarış və götürmə aparılması haqqında protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə kimyəvi ekspertizasının 19 noyabr 2022-ci il tarixli 6/6646 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №6" möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən ...” və sair yazılar, imzalar olan kağız paketdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,479 qram və 3,787 qram, ümumi təmiz çəkisi 7,266 qram olan ağ rəngli, kristallik kütlələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. (cild 1, i.v. 48, 55-59) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 ekspertlərinin 19 dekabr 2022-ci il tarixli 536/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar edilməmişdir.( cild 1, i.v. 194-196) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 ekspertlərinin 07 dekabr 2022-ci 4391/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin aşkar edilmiş, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), kannabinoid (çətənə bitkisindən alınan təbii mənşəli narkotik hesab edilən),fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir.( cild 1, i.v. 197-200) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ekspertləri tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli 7083 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müəlicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.( cild 1, i.v. 201-202) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsindən və 2 nömrəli Klinik psixiatriya Xəstəxanasından daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs bu xəstəxanalarda müalicədə olmamış və onun müraciəti daxil olmamışdır.( cild 1, i.v. 203-205) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş ekspertiza keçirildikdən sonra qalıq çəkisi 7,086 qram olan metamfetamin maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş İdarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. (cild 1, i.v. 109-110) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( cild 1, i.v. 179) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər bələdiyyəsi Kimyaçılar qəsəbəsi və Maral Göl üzrə 1 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs özünü intizamlı aparmış, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (cild 1, i.v. 219) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində külli miqdarda psixotrop maddə olan metamfetamin olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «metamfetamin» psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 18 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza keçirildikdən sonra qalıq çəkisi 7,086 qram olan metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs olan 110 (yüz on) manat məbləğində pul vəsaiti ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 18 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza keçirildikdən sonra qalıq çəkisi 7,086 qram olan metamfetamin məhv edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-581/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-581/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver