Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-59/2025 02.05.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X11 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X13, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində hazırki iş üzrə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülmüşdür ki, o, 17 fevral 2024-cü il tarixdə Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 4,181 qram çəkidə psixotrop maddə olan metamfetamin və xeyli miqdarda, yəni 26,90 qram çəkidə narkotik vasitə olan qurudulmuş maixuananı əldə edib üzərində saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən “Araz” marketin yaxınlığında saxlanılaraq idarənin inzibati binasına gətirilib həmin gün saat 22:30-dən 22:45-ə kimi üzərinə şəxsi axtarış keçirilərkən əynində olan idman şalvarının sağ yan cibindən həmin 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4,181 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 ədəd polietilen bükülüdə təmiz çəkisi 26,90 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 234.1-1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2024-cü il fevral ayının 17-i saat 5-6 radələrində onunla qonşuluqda yaşayan Emin adlı şəxs ondan xahiş etmişdir ki, onun bağda olan şəxsi əşyalarını gedib gətirsinlər. O, həmin vaxt taksi sürücüsü kimi fəaliyyət göstərirmiş. O, bağa gedib əşyaları gətirən zaman Ruslan adlı tanış müştəri onunla əlaqə saxlamışdır. O, Ruslanı Xırdalan şəhərindən götürməli və avtovağzala aparıb yola salmalı imiş. Emin ondan xahiş etmişdir ki, əgər şəhər istiqamətində gedirsə onu da özü ilə aparsın. O, Emini də götürmüş və Ruslanı götürməyə gedən zaman Emin onu evə geri qaytarmasını istəmişdir. O, həmin vaxt Ruslana yanında adam olduğunu və həmin şəxsi düşürdükdən sonra onu götürməyə gedəcəyini yazmışdır. Masazır dairəsindən geri qayıdan zaman X27 İdarəsinin Yol-patrul xidmətinin əməkdaşı onu saxlamışdır. O, avtomobildən düşüb polis əməkdaşına yaxınlaşmış və polis əməkdaşı ondan ad-soyadını soruşmuşdur. Daha sonra bir nəfər şəxs onun qolunu burub avtomobilin arxa oturacağına əyləşdirmişdir. Ondan “Səbinə” adlı şəxsin kim olduğunu soruşmuşlar. O da Səbinənin onun qeyri-rəsmi həyat yoldaşı olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları ondan evinin yolunu göstərməsini istəmiş və onu evə gətirmişlər. Evə çatan zaman həyat yoldaşı evdən çıxırmış və həmin vaxt polis əməkdaşları həyat yoldaşının üzərinə hücum etmişlər. Həyat yoldaşı qışqırmağa başlamışdır. Həyat yoldaşına “narahat olma, Erkin də avtomobildədir” deyib avtomobilə mindirmişlər. Daha sonra onları polis bölməsinə gətirmişlər və həyat yoldaşının qarşısında onu döyməyə başlamışlar. Həmin vaxt Emin də onun yanında olmuşdur. 20-25 dəqiqə onu döydükdən sonra onu CM-in 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edəcəklərini bildirib “nəşə”ni boynuna almasını istəmişlər. Polis əməkdaşları Səbinə ilə Emini buraxacaqlarını, onun isə sənədləri imzalamalı olduğunu bildirmişlər. Birinci ondan arxasınca kiminsə gəlib-gəlmədiyini soruşmuşlar. O, heç kimsəsinin olmadığını bildirmişdir. Xanımla oğlanı buraxmaları üçün ondan imza çəkməsini istəmişlər. O, məcbur qalıb sənədləri imzalamışdır. Cibinə narkotik vasitə qoymış və çəkiliş zamanı cibindən çıxarmasını istəmişlər. Polis əməkdaşları videoçəkiliş zamanı artıq-əskik nəsə danışmamasını tələb etmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, saxlanılana kimi narkotik vasitə istifadəçisi olmuş, amma saxlanılan zaman onun üzərində narkotik vasitə olmamışdır. Marixuana, nəşə və bəzən psixotrop maddə metamfetamin istifadə etmişdir. O, narkotik vasitə olan heroindən istifadə etməmişdir. O, uzun müddətdir ki, Səbinə adlı xanımla yaşayırmış. Onun azyaşlı uşağı Səbinə xanımdan deyil. 6 ildir ki, həmin xanımla yaşayırmış. Həmin xanımın əsl adı Səbahətdir. Səbahət narkotik vasitə istifadə etmirmiş. O, düşünür ki, Ruslan ona yazmadan əvvəl Səbahətdən onun yerini soruşmuşdur. Ruslanın telefonundakı “Whatsapp” yazışmasında yalnız xanımla onun adı olmuşdur. Ona əsasən müəyyən etmişlər ki, Səbinə kimdir. Onun yerini polis əməkdaşlarına Ruslanın verdiyini düşünür. O, Ruslanı uzun müddətdir ki, tanıyırmış. Onu taksi sürücüsü kimi fəaliyyət göstərən zamandan tanıyırmış. O da taksi sürücüsü kimi fəaliyyət göstərirmiş. O, Əliağa Vahid küçəsində saxlanılmamışdır. İkinci “Araz” marketlə onun saxlanıldığı Zəngilan şəhərciyi arasında 1 km məsafə olmuşdur. Video çəkilişdən əvvəl onu əməliyyatçıların otağında vurmuşlar. Həmin vaxt Eminlə Səbahət xanım da orada olmuşdur. Polis əməkdaşlarının ona fiziki təsir göstərmələri ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman da polis əməkdaşları tərəfindən ona fiziki təsir göstərildiyini bildirməmişdir. Polis əməkdaşlarından qorxduğu üçün həqiqəti danışa bilməmişdir. X16 və ya İstintaq Təcridxanasına qəbul edilən zaman onun üzərində gözlə görünən xəsarətlər olmamışdır. Səbinə və Səbahət eyni şəxslərdir. Onun əsl adı Səbahətdir, amma onlar Səbinə deyirmişlər. Onu X27 İdarəsinin əməkdaşları saxlamışlar. Polis əməkdaşları onu Zəngilan şəhərciyinin girişində saxlamışlar. Polis əməkdaşları onu saxlayan zaman o, “Toyota Prius” markalı avtomobili idarə edirmiş. Onu “Toyota Prius” markalı avtomobillə deyil, ağ rəngli “Chevrolet Cruze” markalı avtomobillə idarəyə aparmışlar. Emini də “Chevrolet Cruze” markalı avtomobilə mindirmişlər. Daha sonra onun avtomobilini də polis idarəsinə gətirmişlər. Onun avtomobilinə baxış keçirməmişlər. Onun yaşadığı evə də baxış keçirilməmişdir. Hadisə günündən sonra da onun yaşadığı evə baxış keçirilməmişdir. Polis əməkdaşları Səbinə xanımı hadisə günü buraxmışlar. Polis əməkdaşları onun yanında onu hansı maddə ilə cəlb edəcəklərini müzakirə edib zarafatlaşırmışlar. Ruslanla uzun müddətdir ki, bir-birlərini tanıyırmışlar. Bəzən Ruslan onlarda qalıb, bəzən də o, Ruslangildə qalmışdır. Ruslan narkotik vasitə alveri ilə məşğul olmurmuş. Ruslan Səbinədən onun harada olduğunu soruşmuşdur. Yəqin ki, ona zəng etmiş və o, eşitməmişdir. Daha sonra onunla danışmış və onu avtovağzala apara bilibbilməyəcəyini soruşmuşdur. Ruslan Şirvan şəhərində yaşayırmış. O, Ruslanı avtovağzaldan yola salmalı imiş. Emin onunla qonşuluqda yaşayan şəxsdir. Polis əməkdaşları Emini də onunla aparmışlar. Onu saxlayan polis əməkdaşlarını əvvəldən tanımırmış. O, polis əməkdaşlarının Ruslana görə onu tutduqlarını düşünür. Ruslan hadisə günü tutulmuşdur. O, Ruslanla danışdığı üçün onu da tutduqlarını düşünür. O, narkotik vasitə istifadəçisidir. Evdəkilər onun narkotik vasitə istifadə etdiyini bilirmişlər. O, mütəmadi deyil, bəzən narkotik vasitə istifadə edirmiş. O, nəşə və patı istifadə edirmiş. O, tutulan gün üzərində narkotik vasitə və psixotrop maddə olmamışdır. Onun yaşadığı ünvanla Abşeron Rayon Polis İdarəsi arasında təxminən 10 km məsafə var. O, Masazır kəndində yaşayırmış. Onu saxladıqdan sonra evə və daha sonra Səbinə ilə birlikdə polis idarəsinə aparmışlar. İstintaq təcridxanasına qəbul edilən zaman üzərində xəsarət izləri yox imiş. Video çəkilişdən sonra vəkilinə onu qanunsuz saxladıqlarını bildirmişdir. Polis əməkdaşları çəkiliş zamanı heç nə söyləməməsini tələb etdikləri üçün səssiz qalmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni oxumamış, həmin ifadədə nə yazıldığından xəbəri olmamışdır. Hansı miqdarın külli miqdar olduğunu bilməmişdir. O, narkotik vasitə alan zaman az miqdarda alırmış. Üzərinə 4 qramdan çox narkotik vasitə qoyan zaman onun külli miqdar olduğunu bilmirmiş. Onu saxlayan şəxslərin içində Şahid1 olmamışdır. Həmin şəxs çəkiliş zamanı gəlmişdir. Onu 3 nəfər şəxs saxlamışdır. Onu saxlayan şəxslərin içində Elvin adlı polis əməkdaşı da olmamışdır. O, polis əməkdaşlarından qorxduğu üçün hüquq mühafizə orqanlarına müraciət edə bilməmişdir. Azad adlı polis əməkdaşını tanıyır. Azad öz şəxsi telefonu ilə onun videosunu çəkirmiş. Səhv etmirsə, Azadın soyadı Qurbanovdur. Eminin soyadını bilmir. Onu axşam saat 7-8 radələrində saxlamışlar. İbtidai istintaq zamanı həqiqəti danışmağa imkanı olmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şəxs həmin ifadəsində özünü ona elan olunan ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, təxminən 3 ilə yaxındır ki, narkotik vasitə aludəçisidir. xx.xx.2024-cü il tarixdə gündüz saatlarında Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində olarkən tanımadığı şəxsin narkotik vasitə istifadə etdiyini görmüş və ona yaxınlaşaraq narkotik vasitə istəmişdir. Danışıq nəticəsində həmin şəxsdən 160 manat müqabilində 01 ədəd şəffaf polietilen bükümdə 26 qram qurudulmuş marixuana və 01 ədəd şəffaf sellofan bükümdə 4 qram psixotrop maddə metamfetamin almışdır. Daha sonra isə həmin bükümləri cibinə qoyub üzərində saxlamışdır. Həmin gün saat 21:30 radələrində Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən “Araz” marketin yaxınlığında olarkən mülki geyimli polis əməkdaşları üzərində narkotik vasitə daşıdığından şübhələnib onu saxlamış və Abşeron RPİ-nə gətirmişlər. Daha sonra xidməti otaqların birində təhqiqatçının, müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və təhqiqatçı tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı predmet varsa təqdim etməyi təklif edilmişdir. O da əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən içərisində qurudulmuş marixuana olan 01 ədəd şəffaf polietilen bükümü və içərisində metamfetamin olan 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin vaxt təhqiqatçı ona narkotik vasitəni hansı məqsədlə əldə etdiyini soruşduqda o, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Daha sonra həmin 02 ədəd büküm təhqiqatçı tərəfindən onun, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə qablaşdırılaraq ekspertiza təyin edilməsi üçün götürülmüşdür. Həmçinin ona məxsus “Redmi” markalı mobil telefonu da şəxsi axtarış zamanı təhqiqatçıya təqdim etmişdir. Ona polis idarəsində heç bir fiziki güc və zorakılıq olunmamışdır. Göstərmişdir ki, narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olsa da, satışı ilə də məşğul olmamışdır (cild 1, iş vərəqi 67-69). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra təqsirləndirilən şəxsə ünvanlanan suallara cavab olaraq sonuncu göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin sonunda əl yazısı ilə yazılan yazılar ona məxsusdur. Lakin həmin yazıları polis əməkdaşlarının təhriki ilə yazmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış və həmin şəxsi Masazır qəsəbəsi ərazisində saxlamışlar. Daha sonra Təqsirləndirilən şəxs polis idarəsinə dəvət etmişlər. İdarədə müdafiəçi və təhqiqatçının iştirakı ilə videoçəkilişlə şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman şəxsin üzərindən narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotik vasitəni şəxs özü təqdim etmişdir. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik vasitə istifadəçisi olduğunu səmimi etiraf etmişdir. Səhv etmirsə, təqsirləndiirlən şəxsin üzərindən psixotrop maddə metamfetamin və narkotik vasitə marixuana aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən şahid göstərmişdir ki, o, əməliyyat qrupunun rəhbəri olmuşdur. Əməliyyat məlumatı hadisə günü səhər saatlarında daxil olmuşdur. Əməliyyat tədbiri axşam saatlarında keçirilmişdir. Əməliyyat məlumatı bəzən dəqiq olmadığı üçün təxirəsalınmaz əməliyyat tədbiri keçirmişlər. Əməliyyat məlumatı daxil olduqdan sonra rəhbərliyə məruzə olunur, raport yazılır və əməliyyat qrupu yaradılırmış. Əməliyyat qrupu raport əsasında və rəhbərliyin icazəsi ilə yaradılırmış. Onun tərəfindən əməliyyat məlumatı ilə bağlı qeydiyyat işi açılmamışdır. Əməliyyat qrupuna iki nəfər daxil imiş. Onlar əməliyyat tədbiri üçün gedən zaman köməklə gedirmişlər. Təqsirləndirilən şəxs saxlanılmasında o və Elvin iştirak etmişdir. Təqsirləndirilən şəxsi Masazır qəsəbəsi ərazisində saxlamışlar. Təqsirləndirilən şəxsin piyada, yoxsa avtomobildə olduğunu xatırlamır. Təqsirləndirilən şəxsin evinə getməmişlər. Təqsirləndirilən şəxsin yanında kiminsə olduğunu xatırlamır. Şəxsi axtarış zamanı iki ədəd büküm aşkar olunmuşdur. Şəxsin üzərindən başqa nə isə aşkar olunduğunu xatırlamır. Ola bilsin ki, şəxsin üzərindən telefon aşkar olunmuş olsun. Şəxsin üzərindən siqaret, alışqan, pul, açar, sənədlər və s. aşkar olunub-olunmadığını xatırlamır. Təqsirləndirilən şəxsi idarəyə gətirməklə şəxsi axtarış keçirilməsi arasında təxminən yarım saat müddət keçmişdir. Ruslan Zülfiqarlının saxlanılmasında iştirak edib-etmədiyini xatırlamır. Təqsirləndirilən şəxsin evinə və avtomobilinə baxış keçirilib-keçirilmədiyini xatırlamır. Əməliyyat tədbiri keçirilən zaman o, (050) ***-**-** mobil nömrəsindən istifadə edirmiş və həmin vaxt mobil telefonu üzərində olmuşdur. Təqsirləndirilən şəxsi idarəyə gətirən zaman qeydiyyata alınmışdır. Qeydiyyata alınma vaxtı və saatı müvafiq jurnalda qeyd olunmuşdur. Saxlayan zaman təqsirləndirilən şəxs onlara müqavimət göstərməmişdir. Şəxs barəsində əvvələr onlarda hər hansı əməliyyat məlumatı olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2024-cü ilin fevral ayında Təqsirləndirilən şəxs barəsində əməliyyatçı yoldaşlarından birinə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında əməliyyat qrupu yaradılmış və qrupa Emin İsmayılov rəhbərlik etmişdir. Onlarda təqsirləndirilən şəxsə aid fotoşəkillər olmuşdur. Təqsirləndirilən şəxsin yeri müəyyən olunmuş və onu Masazır qəsəbəsində saxlayaraq idarəyə gətirmişlər. Polis idarəsində üzərinə videoçəkilişlə baxış keçirilən zaman təhqiqatçının suallarına cavab olaraq təqsirləndirilən şəxs üzərində olan marixuana və psixotrop maddə metamfetamini təqdim etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən şahid göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı təqsirləndirilən şəxsin həm narkotik vasitələrdən istifadə etməsi, həm də dosta-tanışa satması barədə olmuşdur. Əməliyyat məlumatı ilə bağlı əməliyyat qeydiyyat işi açılmamışdır. Əməliyyat qrupuna səhv etmirsə, üç nəfər daxil olmuşdur. Əməliyyat qrupuna kimlərin daxil olduğunu hazırda xatırlamır. Əməliyyat tədbiri 2024-cü ilin fevral ayında keçirilmişdir. Təqsirləndirilən şəxs Masazır qəsəbəsində saxlanılmışdır. Təqsirləndirilən şəxsi gözləyən zaman bir məhəlləyə dəfələrlə girib-çıxdıqlarını xatırlayır. Təqsirləndirilən şəxsi hansı obyektin yanında saxladıqlarını hazırda xatırlamır. Bir axşam bir neçə əməliyyat tədbiri keçirilə bilər. Bir əməliyyat müvəkkili əməliyyat tədbiri bitmədən başqa əməliyyat tədbirinə gedə bilməz. Səbinə və ya Səbahət xanımı xatırlamır. Həmçinin, şəxsin üzərindən başqa nəyinsə aşkar olunduğunu xatırlamır. Ruslan Zülfiqarlının saxlanılmasında iştirak edib-etmədiyini xatırlamır. Şəxsi axtarış zamanı videoçəkilişi kriminalist aparır. Bəzən ağır hadisə olan zaman çəkilişi kriminalist aparmaya da bilər. Həmin günü Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkilişi kimin apardığını xatırlamır. Təqsirləndirilən şəxs saxlanılmasında şəxsən iştirak etmişdir. Təqsirləndirilən şəxsi saxlayan zaman iki nəfər ona yaxınlaşır, bir nəfər avtomobildə oturur. Təqsirləndirilən şəxsi polis idarəsinə gətirən zaman yanında iki nəfər şəxs oturur. Həmin vaxt, yəni şəxs saxlanılan zaman şəxsin üzərində axtarış keçirilməsinə onların icazəsi yoxdur. Şəxsin evində axtarış keçirilibkeçirilmədiyini xatırlamır. Hadisə vaxtı (055) ***-**-** mobil nömrəsi üzərində olmuşdur. Hazırda dəqiq xatırlamır, ola bilər ki, onlar öz avtomobillərini saxlayıb Erkinin avtomobili ilə idarəyə getsinlər. Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilib-keçirilmədiyini xatırlamır. Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsində iştirak etməmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs idarəyə gətirildikdən sonra, o, Növbətçi Hissədə qeydiyyata alınmışdır. Xatırladığı qədəri ilə, onların idarəyə çatmağı ilə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi arasında 20-30 dəqiqə müddət keçmişdir. Həmin müddət ərzində Erkin idarədə əməliyyatçılardan hər hansı birinin otağında və ya dəhlizdə saxlanılmışdır. Gözləyən müddət ərzində təqsirləndirilən şəxsin nəyisə atmaq imkanı olmur. Həmin müddət ərzində Erkinin əl-qolu bağlı olmamış, yanında isə polis əməkdaşları olmuşdur. Həmin vaxt ərzində o da idarədə olmuşdur. Həmin müddət ərzində ola bilər ki, təqsirləndirilən şəxsin yanında kimisə qoyub siqaret çəkmək və ya çay içmək üçün çölə çıxmışdır. Saxlanılan zaman təqsirləndirilən şəxsin yanında kiminsə olub-olmadığını xatırlamır. Təqsirləndirilən şəxsi axşam saatlarında saxlamışlar. Təqsirləndirilən şəxs piyada yoxsa avtomobildə olduğunu dəqiq xatırlamır. Səhv etmirsə, piyada olmuşdur. Təqsirləndirilən şəxs kiminləsə əlaqəsi olduğu üçün saxlamamışlar, konkret məlumat əsasında saxlamışlar. Təqsirləndirilən şəxsin avtomobilini görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etdikləri düzgündür. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, hadisə günü o, Masazır qəsəbəsində yerləşən evdə olmuş, həmin ev Erkinin özünə məxsus olmuşdur və o, Erkinlə birlikdə həmin evdə yaşamışdır. Erkindən ona SMS gəlmiş və həmin SMS-də Erkin “anamgil gəlir, tez evdən çıx” yazılmışdır. Erkinin anasıgil onların münasibətinə razılıq vermədikləri üçün o, tez çantasını götürmüş və ayaqqabılarını geyinib evdən çıxmışdır. O, qapıdan çıxan kimi anidən ağ rəngli avtomobil onun qabağına gəlmiş və saxlamışdır. Həmin avtomobilin sürücüsü aşağı enmiş və ondan avtomobilə minməsini tələb etmişdir. Həmin şəxs Erkinin də avtomobildə olduğunu ona söyləməmişdir. Hadisə qış vaxtı gecə saat 8 radələrində baş vermişdir. Hava qaranlıq olmuşdur. Həmin şəxs onu avtomobilə minmək üçün məcbur etmiş və o, qorxudan qışqırmağa başlamışdır. O, bir nəfər qadın görmüş və ona doğru qaçmağa başlamışdır. Həmin vaxt ayaqqabıları ayağından çıxmışdır. Onu polis idarəsinə ayaqyalın aparmışlar. Avtomobilin arxa oturacağından da bir nəfər düşmüş və onu avtomobilə minməyə məcbur etmişdir. Şəxs polis əməkdaşı olduğunu bildirmiş və onu zorla avtomobilə mindirməyə çalışmışdır. O, həmin vaxt oradakı qadından yapışmış və onu avtomobilə mindirmələrinə icazə verməməsini xahiş etmişdir. Daha sonra şəxs avtomobilin qapısını açmış və Erkinin orada olduğunu söyləmişdir. O, Erkini gördükdən sonra sakitləşmişdir. Onu Erkinin qucağına otuzdurmuşlar. Erkinin yanında Emin adlı dostu və Azad adlı polis əməkdaşı olmuşdur. Bir nəfər sürücü olmuş və bir nəfər isə ön oturacaqda oturmuşdur. Erkinin əlləri qandalda olmuşdur. O, astma xəstəsidir və həyəcan keçirən zaman boğulmağa başlayır, həmin vaxt da ona boğulma gəlmişdir. Erkin polis əməkdaşlarına ona dərman almaq lazım olduğu bildirmişdir. Polis əməkdaşı onun əlindən telefonunu almış və telefona baxmağa başlamışdır. Bir az getdikdən sonra avtomobili saxlamışlar və ön oturacaqdakı polis əməkdaşı aşağı enmiş və ondan önə keçməsini istəmişdir. Daha sonra Masazır dairəsinə çatan zaman bir nəfər polis əməkdaşı qaçaraq aptekə getmiş və ona dərman almışdır. Polis əməkdaşı yolda olan zaman ondan Erkinin narkotik vasitə istifadə etməsindən xəbərdar olub-olmadığını soruşmuşdur. O, Erkinin narkotik vasitə istifadə etdiyini bilməmişdir. Polis idarəsinə çatan zaman Erkingili avtomobildən düşürmüş və onu avtomobildə saxlamışlar. Ondan Erkinin dost-tanışından kimi tanıyıb-tanımadığını soruşmuşlar. Avtomobildə olan zaman Erkin nə isə söyləmək istəsə onu vururmuşlar. Onu 10 dəqiqə avtomobildə saxladıqdan sonra içəri aparmışlar. O, dəhlizdən keçən zaman Erkinin qışqırıq səsini eşitmişdir. Polis əməkdaşı gülə-gülə qapını açmış və daha sonra bağlamışdır. Həmin vaxt Erkin onu görmüşdür. Daha sonra onu başqa otağa aparmışlar. Emin isə dəhlizdə oturmuşdur. Otaqda onu sual-cavab etmişlər. Bir müddət keçdikdən sonra bir nəfər gəlmiş və otaqdakı seyfi açıb “Erkinin üzərindən bu çıxacaq” demişdir. O, baxmış və polis əməkdaşının əlində nə olduğunu görməmişdir. Daha sonra həmin polis əməkdaşı gülə-gülə otaqdan çıxmışdır. Daha sonra onu buraxdıqlarını və ona gedə biləcəyini söyləmişlər. O, düşünürmüş ki, ondan sonra Erkini də buraxacaqlar. Azad adlı polis əməkdaşı taksi çağırmış və o, ayaqyalın vəziyyətdə taksiyə minmişdir. O, evə getmiş və Erkinin gəlməsini gözləmişdir. 8 gün sonra Erkin ona zəng etmiş və istintaq təcridxanasında olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən şahid göstərmişdir ki, o, Ruslan Zülfiqarlını tanıyır. Ruslan Erkinin tanışıdır. Hadisədən bir az əvvəl Ruslan ona zəng etmiş və avtovağzala getməli olduğunu, Erkinə zəng etsə də zənglərə cavab vermədiyini bildirmişdir. O da gözləməsini və Erkinlə əlaqə saxlayacağını söyləmişdir. O, Erkinə zəng etmiş və Ruslanla danışmasını bildirmişdir. Daha sonra Ruslana mesaj yazmış və Erkinə xəbər verdiyini bildirmişdir. Ruslanı daha sonra polis idarəsində görmüşdür. İdarədə olan zaman qapını açmışlar və Ruslanın içəridə olduğunu görmüşdür. Düşünmüşdür ki, Erkin Ruslanı götürdükdən sonra saxlanılmışdır. Daha sonra Erkin Ruslanın onlardan əvvəl tutulduğunu bildirmişdir. O, Azad adlı polis əməkdaşını tanımır. İdarədə olan zaman hamı adını Azad dediyi üçün tanımışdır. Onu avtomobilə mindirən və Erkini vuran şəxslərdən biri Azad olmuşdur. Avtomobildə 3 nəfər polis əməkdaşı olmuşdur. Polis əməkdaşlarından biri Erkinin avtomobilini idarə etmişdir. Həmin şəxs sonradan seyfi açan şəxsdir. Həmin şəxsin adını bilmir. O, 6 ildir ki, Erkini tanıyır. Bundan əvvəl Erkin tutulan zaman onun narkotik vasitə istifadə etdiyini bilmişdir. Polis əməkdaşları tərəfindən onlara edilən qanunsuz hərəkətlərlə bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Anlayışı olmadığı üçün, həm də Erkinin gələcəyini düşündüyü üçün hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Onlar 1 ildir ki, Erkinlə birlikdə yaşayırmışlar. Onun ailəsi Balakən rayonunda yaşayırlar. Həmin vaxt Erkinin anası onların münasibətlərinə qarşı olmuşdur. Erkin hələ də evlidir. Birinci dəfə Erkin tutulan zaman onun yanında olmamışdır. Erkin ona zəng etmiş və tutulduğunu bildirmişdir. Erkin taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Emini tanımır, həmin vaxt Erkinin yanında görmüşdür. Həmin şəxsin Emin olduğunu Erkin ona söyləmişdir. O, rəsmi olaraq heç yerdə işləmir. Erkindən ona gələn SMS “WhatsApp” proqramı vasitəsi ilə gəlmişdir. Polis əməkdaşları onun telefonunu götürən zaman həmin SMS-i silmişlər. Onun atası qaraciyər xərçəngidir və o, atasıgilin hadisəni bilməsindən qorxmuşdur. Buna görə də, hüquq mühafizə orqanlarına müraciət etməmişdir. İbtidai istintaq zamanı onun ifadəsi alınmamışdır. Polis əməkdaşı seyfi açıb Erkinin üzərindən çıxacaq olan kütləni götürdükdən təxminən 10 dəqiqə sonra onu buraxmışlar. Məhkəmə istinrtaqı zamanı iş üzrə ilkin təhqiqat hərəkətlərini aparmış, Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X6 şahid qismində dindirilmiş və şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs daxil olan əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixdə saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmiş, onun tərəfindən Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə saat 22:20-də “şübhəli şəxsin tutulması haqqında” protokol tərtib olunmuş, həmin tarixdə saat 22:30-dan 22:45-ə qədər isə şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və şəxsin üzərində narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən şahid göstərmişdir ki, protokolda qeyd olunduğu kimi Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Şahid1, Şahid2 və Xırdalan Vəkil Bürosunun vəkili X7 iştirak etmişdir. Şəxsi axtarış xx.xx.2024-cü il tarixdə saat 22:30-dan 22:45-ə kimi davam etmişdir. Saatlarda heç bir yanlışlığa yol verilməmişdir. Şəxs həmin gün daha əvvəl gətirilməmiş və üzərinə şəxsi axtarış keçirilməmişdir. Onun tərəfindən hazırki iş üzrə tərtib etdiyi protokolda qeyd etdiyi saat düzgündür. Şəxsin üzərinə məhz həmin vaxt şəxsi axtarış keçirilmişdir və şəxsi axtarışın keçirilməsində Şahid2 iştirak etmişdir. Şəxs polis idarəsinə gətirildikdən sonra 1-2 saat saxlayıb ondan sonra şəxsi axtarış keçirilməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Abşeron Rayon Polis İdarəsinə xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu və Bakı şəhəri ərazisində narkotik vasitəni və psixotrop maddəni üzərində gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 04). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması qərara alınmışdır (cild 01, iş vər. 06-07). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli bilindiyi üçün Abşeron rayonu, Masazır kəndində 2-ci “Araz” marketin yaxınlığında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir (cild 1, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:20-də müdafiəçinin iştirakı ilə CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, 18-19). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 22:30-dan 22:45-ə kimi polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əynində olan idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminə və 01 ədəd polietilen bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüş, şəxsi axtarış və götürmənin əks olunduğu video görüntü CD diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 25-26). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi eskpertizasının xx.xx.2024-cü il tarixli 6/977 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs üzərindən » və s. sözlər, imzalar olan 01 ədəd bükümdə təmiz çəkisi 4,181 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (cild 01, iş vər. 34-38). Cinayət işinin materiallarında olan məhkəmə-bioloji eskpertizasının xx.xx.2024-cü il tarixli 7/272 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə..» yazılar və imzalar olan kağız zərfdə 01 ədəd üzəri skoçla bağlanmış poletilen bükülünün içərisində təmiz çəkisi 26,90 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən olan kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır (cild 01, iş vər. 39-42). Cinayət işinin materiallarında olan “Qəbz”dən görünür ki, hazırki iş üzrə həbs olunmuş Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota-Prius” markalı **-EP-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə işin ibtidai istintaqını aparan müstəntiq Ramiq Əzimli tərəfindən həmin avtomobili idarə etmək hüququ olan X4 təhvil verilmişdir (cild 01, iş vər. 93). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi eskpertizasının xx.xx.2024-cü il tarixli 337 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar olunmamışdır (cild 01, iş vər. 98). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024cü il tarixli 2559 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür (cild 01, iş vər. 125-126). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 206.3.2, 234.4.3 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 138-144). Məhkəmə istintaqı zamanı əldə olunaraq cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinə gətirilmiş şəxslərin qeydiyyatı kitabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:45də Abşeron Rayon Polis İdarəsinə gətirilmiş, saat 23:00-da Abşeron RPİ-nin NMB-də əməliyyat müvəkkili Şahid1 tərəfindən MSY-ə təhvil verilmiş, X8 xx.xx.2024-cü il tarixdə 23:20-də Abşeron Rayon Polis İdarəsinə gətirilmiş, xx.xx.2024-cü il tarixdə saat 00:30-da Abşeron RPİ-nin NMB-də əməliyyat müvəkkili A.Qurbanov tərəfindən MSY-ə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı əldə olunaraq cinayət işinin materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin hakimi Cəmilə Səfiyeva tərəfindən qəbul edilmiş 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarın qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası DİN Abşeron RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 xx.xx.2024-cü il tarixli qərarı geri qaytarılmışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin təqdim etdiyi və cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(105)-885/2024 nömrəli qərarından görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin X8 barəsində olan 1(124)-746/2024 nömrəli, 04 noyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin hökmə əsasən, X8 CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir ona görə ki, o, 17 fevral 2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində tanış olduğu özünü “Siyavuş” kimi təqdim edən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşının 250 manat pul müqabilində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Bravo” supermarketin arxasında yerləşən yaşayış kompleksinin həyətində daş hasarın dibinə qoyduğu, külli miqdarda, 01 (bir) ədəd şəffaf sellofan bükümdə çəkisi 10,919 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürərək satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamış və daşımış, 17 fevral 2024-cü il tarixdə saat 22:30 radələrində Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən, Abşeron rayonu, Xırdalan şəhərində, H.Əliyev prospektində yerləşən “Bravo” supermarketin yaxınlığında saxlanılmaqla Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilərək orada 18 fevral 2024-cü il tarixdə saat 00:10dan saat 00:25-dək üzərində şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibində 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 10,919 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs məxsus mobil nömrələr (********** və **********) üzrə müvafiq operatordan məlumatlar yalnız xx.xx.2024-cü il tarixədək götürüldüyündən və məhz xx.xx.2024-cü ilə aid məlumatlar götürülmədiyindən, o cümlədən polis əməkdaşlarına dair məlumatlar ümumiyyətlə götürülmədiyindən, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında "xxxx" MMC və "xxxx" MMC-yə sorğu verilmiş və sorğu əsasında həmin məlumatlar əldə olunmaqla tədqiq olunmuş "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş CD disklərdə olan mobil nömrə məlumatlarından müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məxsus mobil nömrələr (********** və **********) üzrə anten dairə məlumatları xx.xx.2024-cü il tarixdə saat 20:11-də Abşeron rayonu Masazır kəndi ərazisində, həmin tarixdə 21:31-də Abşeron rayonu ərazisində, saat 22:51-də Abşeron rayonu, Əliağa Vahid küçəsində, həmin tarixdə saat 22:57-də isə Abşeron rayonu, Zəngilan Köçkün şəhərciyi ərazisində qeydə alınmışdır. Polis əməkdaşı Şahid2 məxsus mobil nömrə (**********) üzrə anten dairə məlumatları xx.xx.2024-cü il tarixdə saat 21:32-də Abşeron rayonu ərazisində, həmin tarixdə saat 22:51-də isə Abşeron rayonu, Zəngilan Köçkün şəhərciyi ərazisində qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı sorğu əsasında əldə olunmaqla tədqiq olunmuş "xxxx" MMC-dən daxil olmuş CD diskdə olan mobil nömrə məlumatlarından müəyyən olunmuşdur ki, polis əməkdaşı Şahid1 məxsus mobil nömrə (**********) üzrə anten dairə məlumatları xx.xx.2024-cü il tarixdə yalnız bir dəfə aktiv olmuş və həmin tarixdə saat 14:27-də həmin nömrəyə polis əməkdaşı olan Şahid2 istifadəsində olan ********** saylı mobil nömrədən zəng gəlmiş, 13 saniyə danışıq qeydə alınmışdır. Həmin vaxtı Şahid1 məxsus mobil nömrə X19 küçəsində qeydə alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin (CPM) 12.1-ci maddəsinin müddəalarında göstərilmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 33.1 və 33.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayətmühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Habelə, həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Eyni zamanda, həmin Məcəllənin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ibtidai araşdırma dövründə, yəni ibtidai araşdırmanın ilkin dövründən istintaqın tamamlanmasına qədər olan dövr ərzində toplanılan və yekunda təqsirləndirilən şəxs barəsində müəyyən bir ittihamın irəli sürülməsi üçün əsas rolunu oynayan sübutlar mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmamalı, həm də bir-biri ilə sıx bağlı olmaqla biri digərini tamamlamalıdır ki, irəli sürülən ittihamın əsasını təşkil edən həmin sübutlar məhkəmə istintaqının yekununda etibarlı sübut kimi özünü doğruldaraq təqsirləndirilən şəxsə elan olunan ittihamın təsdiq olunmasında əsaslı rol oynasın və təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılması üçün zəmin yaratsın. Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar isə o zaman mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi ilə heç bir şübhə doğurmaz və cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər ki, onlar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunmuş olsun və bu Məcəllənin tələblərinə uyğun təqdim edilməklə yoxlanılmış olsun. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyinin 139-cu maddəsinin tələblərini nəzərə alıb məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, bir-biri ilə müqayisəsli şəkildə təhlil edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və yekunda bütün sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülən ittiham üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən, ona CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verilməlidir. Məhkəmə kollegiyası hazırki iş üzrə mövcud materialları araşdırıb qeyd edir ki, cinayət işinin materiallarında olmaqla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən və ittiham aktında öz əksini tapmış sübutlar – cinayət işi başlamamışdan qabaq əməliyyataxtarış fəaliyyətinin subyekti tərəfindən həyata keçirilən tədbir nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərindən maddi sübutun (1 büküm metamfetamin və 1 büküm qurudulmuş marixuananın) aşkar olunduğu xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokol, habelə fiziki-kimyəvi ekspertizanın xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/977 saylı rəyi, məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/272 saylı rəyi, ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 2559 nömrəli rəyi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsi, polis əməkdaşları olan Şahid1 və Şahid2 iş üzrə şahid ifadələridir. Hazırki iş üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülən ittiham üzrə topladığı sübutların özəyini, yəni yuxarıda qeyd edildiyi kimi bir-biri ilə sıx bağlı olan sübutlar zəncirinin ilk halqasını xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokol təşkil etmiş, həmin prosessual hərəkət iş üzrə əhəmiyyətli dəlil sayılan maddi sübutun (1 büküm metamfetamin və 1 büküm qurudulmuş marixuananın) aşkarlanmasına şərait yaratmış, ibtidai araşdırmanın sonrakı mərhələsində əldə olunan sübutlar isə (ekspert rəyləri, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri və s.) onun, yəni həmin sübutun ətrafında birləşməklə və onu tamamlamaqla yekunda Təqsirləndirilən şəxs barəsində sözügedən ittihamın irəli sürülməsi üçün zəmin rolunu oynayan sübutlar zəncirini formalaşdırmışdır. Təqsirləndirilən şəxsin saxlanması, o cümlədən onun üzərindən sözügedən maddi sübutun aşkar olunması prosesinin qanuniliyi və etibarlığı, özü-özlüyündə ondan sonrakı gedişatda, yəni ibtidai araşdırmanın sonrakı mərhələsində toplanan sübutların mötəbərliyinə və dolayısı ilə də işin gələcək taleyinə təsir edən xüsusat olduğundan, məhkəmə kollegiyası məhkəmə istintaqının nəticəsində araşdırılan sübutlarla bağlı gəlinən qənaəti əsas götürərək aşağıdakıları qeyd etməyi zəruri sayır. Cinayət işinin materiallarında olan və iş üzrə sənədləşmənin aparıldığı rəsmi məlumatlardan (raport, qərar, protokol və s.) görünən odur ki, xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinə xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu və Bakı şəhəri ərazisində narkotik vasitəni və psixotrop maddəni üzərində gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat axtarış subyekti tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Həsənli X14 rayonu, Masazır kəndində 2-ci “Araz” marketin yaxınlığında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilmiş, daha sonra həmin tarixdə saat 22:20-də müdafiəçi ilə təmin olunmaqla şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə saat 22:30-dan saat 22:45-dək olan zaman kəsiyində onun üzərinə video çəkilişlə müdafiəçinin də iştirakı ilə şəxsi axtarış keçirilmiş və onun üzərindən iş üzrə maddi sübut kimi tanınan, həmçinin hazırki ittihamın əsasını təşkil edən 1 büküm külli miqdarda psixotrop maddə metamfetamin və 1 büküm xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Hər nə qədər cinayət işinin materiallarında Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Abşeron rayonu, Masazır kəndində 2-ci “Araz” marketin yaxınlığında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilməsi və sonradan həmin tarixdə 22:30-dan saat 22:45-dək olan zaman kəsiyində onun üzərinə video çəkilişlə müdafiəçinin də iştirakı ilə şəxsi axtarışın keçirilməsi və iş üzrə maddi sübut qismində tanınan narkotik vasitənin, habelə psixotrop maddənin aşkar olunması göstərilsə də, məhkəmə icraatı dövründə təqsirləndirilən şəxsin dindirilməsi və şahid ifadələri ilə, o cümlədən cinayət işinin materiallarında mövcud olan və məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətləri əsasında, habelə məhkəmənin öz təşəbbüsü ilə əldə olunan sübutların tədqiqi və qiymətləndirilməsi nəticəsində cinayət işinin materiallarında öz əksini tapmış sözügedən məlumatların həqiqəti əks etdirmədiyi müəyyən olunmuş, dolayısı ilə də bu hal məhkəmə kollegiyasında həm Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılması, həm də ondan sonrakı dövrdə polis idarəsində üzərindən iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitə və psixotrop maddənin aşkar olunması prosesinin etibarlığına dair şübhə yaratmışdır. Belə ki, iş materiallarında olan, eyni zamanda məhkəmə istintaqı zamanı əldə olunan sübutlar növbə ilə, ayrı-ayrılıqda tədqiq edilərkən aşkara çıxarılan xüsusatlar məhkəmə heyətində bu fikrin formalaşmasına birbaşa səbəb olmuşdur. Sözügedən həmin xüsusatlara gəldikdə isə ilk növbədə qeyd olunmalı məqam xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxsin üzərinə video çəkilişlə şəxsi axtarışın keçirilməsi zamanı iş üzrə təhqiqatçı Aslan Allahverdiyev tərəfindən tərtib olunan protokolda yazılanlarla bağlı olmuşdur. Belə ki, həmin protokolda göstərilənlərlə sözügedən prosessual hərəkətin gedişini özündə əks etdirən video görüntülər arasında ziddiyyət müəyyən olunmuşdur. Ziddiyyətli məqam odur ki, hər nə qədər iş üzrə ilkin təhqiqat hərəkətlərini aparmış təhqiqatçı Aslan Allahverdiyev məhkəmə iclasında özü tərəfindən həyata keçirilən bütün prosessual hərəkətlərin (xüsusən də şəxsi axtarışın) qanun çərçivəsində və protokolda göstərilən tarixdə, o cümlədən protokolda göstərilən zaman kəsiyində həyata keçirildiyini, heç bir gecikmə (şəxs polis idarəsinə gətirildikdən dərhal sonra prosessual hərəkətlər aparılmışdır) və ya yanlışlıq (protokolda qeyd olunan tarixdə və saatlarda) olmadığını bildirsə də, video görüntülərdən aşkar olunur ki, ümumiyyətlə təhqiqatçı həmin prosessual hərəkətin hansı tarixdə və hansı saatda aparıldığını, eyni zamanda hansı tarixdə və hansı saatda sonlandırıldığını göstərməmiş, bu informasiyanı yalnız prosessual hərəkətin gedişatının əks olunduğu protokolda qeyd etməklə kifayətlənmişdir. Bu hal ilk baxışdan narahat verici bir məqam kimi görünməsə də, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi və onun üzərindən aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, sözügedən saatda və iş materiallarında göstərilən məkanda saxlanılmaması barədə bildirdikləri fonunda məsələyə diqqət yetirəndə, o cümlədən sonrakı ardıcıllıqla sübutları tədqiq etdikdə, təqsirləndirilən şəxs tərəfindən qeyd olunanların heç də müdafiə taktikasından irəli gərəln hərəkətlər olmaması ilə bağlı qənaət formalaşmışdır. Həmin video görüntü (şəxsi axtarış) tədqiq edilərkən diqqət çəkən digər məqam təqsirləndirilən şəxsin üzərindən mobil telefonun aşkar olunması olmuşdur. Belə ki, həmin mobil telefon təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmaqla götürülmüş (halbuki sözügedən protokolda həmin mobil telefonun ümumiyyətlə qablaşdırılmaqla götürülməsi qeyd olunmamışdır), çəkiliş zamanı həmin mobil telefonun işlək vəziyyətdə olub-olmaması yoxlanılmamış, telefona diqqətlə baxılmış, ani zaman kəsiyində tərəddüdlə ekranı sönülü vəziyyətdə yandırılmadan zərfə qoyularaq yalnız təqsirləndirilən şəxsdən işlək vəziyyətdə olması soruşulmaqla qablaşdırılmışdır. Məhkəmə istintaqının sonrakı gedişində mövcud sübutları tədqiq etdikcə məhkəmə heyətində formalaşan qənaət ondan ibarət olmuşdur ki, təhqiqatçının həmin vaxt sözgedən mobil telefonun ekranını yandırmamaqda, mobil telefonun ümumiyyətlə işlək vəziyyətdə olub-olmamasını yoxlamamaqda məqsədi kənar izləyicilər tərəfindən (yəqin ki, məhkəmə tərəfindən) həmin anda mövcud olan zamanın müəyyən edilməməsi olmuşdur (çünki təhqiqatçı çəkiliş gedən zaman həmin mobil telefonun açılması ilə ekranda tarix və zamanın görünəcəyini təxmin edirdi). Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdikləri diqqətlə araşdırılarkən şahid ifadələrində (xüsusən də əməliyyat tədbirini keçirən polis əməkdaşlarının ifadələrində) olan ziddiyyətli məqamlar da bir-bir müəyyən olunmuş və belə olan halda həmin şəxslərin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı qeyd etdiklərinə şübhə yaranmışdır. Belə ki, təqsirləndirilən şəxs hadisə günü öz şəxsi istifadəsində olan “Toyoto-Prius” markalı avtomobillə hərəkətdə olan zaman Abşeron rayonu, Zəngilan Köçkün Şəhərciyi adlanan yerdə saxlanıldığını və polis əməkdaşları tərəfindən avtomobildə olan Emin adlı sərnişinlə, həmçinin yaşadığı evdən götürülən Səbahət adlı qeyri-rəsmi formada ər-arvad münasibətində olduğu qadınla birlikdə polis idarəsinə gətirildiyini, istifadəsində olan avtomobilin də polis idarəsində saxlanıldığını və sonradan qaytarıldığını, onu saxlayan şəxslərin içərisində Şahid1 olmadığını, onun sonradan video çəkilişlə üzərinə şəxsi axtarış keçirilən vaxtı prosesə qoşulduğunu qeyd etmiş, bunun əskinə olaraq polis əməkdaşları isə şəxsin Masazır kəndində piyada hərəkətdə olarkən saxlanıldığını və tək olaraq polis idarəsinə gətirildiyini bildirmişdir. Qeyd olunan məqamlarla bağlı məhkəmə istintaqı zamanı həm Səbahət Alışlı əlavə şahid qismində dindirilmiş, həm də müvafiq mobil operatorlardan həmin vaxt əməliyyat tədbirində iştirak etmiş şəxslərin üzərində olan mobil nömrə ilə bağlı anten dairə məlumatları, o cümlədən təqsirləndirilən şəxsə məxsus olan mobil nömrə üzrə anten dairə məlumatları götürülmüş, iş materialları ilə birlikdə tədqiq edilmişdir. Məhkəmə istintaqı ilə təqsirləndirilən şəxsin məhkəmədə söylədiklərində həqiqət payının olduğu müəyyən olunmuşdur. Belə ki, onun qeyd etdiklərini həm məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilən Səbahət Alışlı təsdiq edərək ətraflı ifadə vermiş və baş verən hadisələri geniş şəkildə ən xırda incəliklərinə qədər təsvir etmiş, eyni zamanda onun və təqsirləndirilən şəxsin söylədikləri həm bir-birini tamamlamaqla üst-üstə düşmüş, həm də iş materiallarında olan sübut əhəmiyyətli sənədlərlə eyniyyət təşkil etmişdir. Belə ki, iş materiallarında olan qəbzdən (cild 01, iş vər. 93) həqiqətən də Təqsirləndirilən şəxs idarə etdiyi “Toyoto-Prius” markalı **-EP-*** qeydiyyat nişanlı avtomobilin Abşeron Rayon Polis İdarəsində saxlanıldığı və xx.xx.2024-cü il tarixdə iş üzrə müstəntiq Ramiq Əzimli tərəfindən həmin avtomobili idarə etmək hüququ olan Seymur Quliyevə təhvil verildiyi müəyyən olunmuşdur. Bununla yanaşı, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş məlumatlardan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məxsus mobil nömrələr (********** və **********) üzrə anten dairə məlumatları xx.xx.2024-cü il tarixdə saat 20:11-də Abşeron rayonu Masazır kəndi ərazisində, həmin tarixdə 21:31-də Abşeron rayonu ərazisində, saat 22:51-də Abşeron rayonu, Əliağa Vahid küçəsində, həmin tarixdə saat 22:57-də isə Abşeron rayonu, Zəngilan Köçkün şəhərciyi ərazisində qeydə alınmışdır. Bundan sonra ona məxsus mobil nömrə üzrə həmin tarixə aid heç bir məlumat qeydə alınmamışdır. Polis əməkdaşı Şahid2 məxsus mobil nömrə (**********) üzrə anten dairə məlumatları xx.xx.2024-cü il tarixdə saat 21:32-də Abşeron rayonu ərazisində, həmin tarixdə saat 22:51-də isə Abşeron rayonu, Zəngilan Köçkün şəhərciyi ərazisində qeydə alınmışdır. "xxxx" MMC-dən daxil olmuş məlumatlardan isə müəyyən olunmuşdur ki, polis əməkdaşı Şahid1 məxsus mobil nömrə (**********) üzrə anten dairə məlumatları xx.xx.2024-cü il tarixdə yalnız bir dəfə aktiv olmuş və həmin tarixdə saat 14:27-də həmin nömrəyə polis əməkdaşı olan Şahid2 istifadəsində olan ********** saylı mobil nömrədən zəng gəlmiş, 13 saniyə danışıq qeydə alınmışdır. Həmin vaxtı Şahid1 məxsus mobil nömrə X19 küçəsində qeydə alınmışdır. Göründüyü kimi, bu məlumatlar əsasında təqsirləndirilən şəxsin söylədikləri öz təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrələr üzrə son məlumat Abşeron rayonu, Zəngilan Köçkün şəhərciyi ərazisində qeydə alınmış, o cümlədən iş üzrə şahid qismində dindirilən polis əməkdaşı Şahid2 də mobil nömrə məlumatı həmin tarixdə və həmin saatda Abşeron rayonu, Zəngilan Köçkün şəhərciyi ərazisində qeydə alınmışdır. Şahid1 məxsus mobil nömrə üzrə isə həmin tarixdə sözügedən ərazidə hər hansı bir məlumat qeydə alınmamışdır. Eyni zamanda, qeyd olunmalıdır ki, əgər iş materiallarında göstərildiyi kimi həqiqətən də Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:30-da Masazır kəndində saxlanılmaqla Abşeron Rayon Polis İdarəsinə gətirilmişdirsə və həmin tarixdə saat 22:30-dan saat 22:45-dək iş üzrə təhqiqatçının da protokolda qeyd etdiyi və məhkəmədə söylədiyi kimi Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməklə həm maddi sübut olan narkotik vasitə, həm də ona məxsus mobil telefon aşkar olunmuşdursa, onda necə ola bilər ki, həmin Təqsirləndirilən şəxs məxsus mobil telefon və mobil nömrə üzrə, həm də polis əməkdaşı Şahid2 məxsus mobil telefon və mobil nömrə üzrə anten dairə məlumatı xx.xx.2024-cü il tarixdə məhz saat 22:51-də Abşeron rayonu, Zəngilan Köçkün şəhərciyi ərazisində qeydə alınsın? Bununla yanaşı bir məqamda vurğulanmalıdır ki, məhkəmə istintaqı zamanı müdafiə tərəfi məhkəmə heyətinə xx.xx.2024-cü il tarixdə Abşeron rayon prokuroru vəzifəsini icra edən, baş ədliyyə müşaviri Aslan Surxayev tərəfindən təsdiq olunmuş X5 CM-in 234.1-1-ci maddəsi ilə ittiham olunmasını əks etdirən ittiham aktını və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarını təqdim etmiş və qeyd etmişdir ki, Ruslan Zülfüqarlı xx.xx.2024-cü il tarixdə Abşeroon Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saat 22:30-da narkotik vasitə istifadəsi şübhəsi ilə saxlanılmış və artıq məhkəmə qərarı ilə məhkum olunmuş, onun barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə çıxarılmış ittiham hökmü Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə qanuni qüvvəyə minmişdir. Ruslan Zülfüqarlı barəsində olan məhkəmə qərarlarından müəyyən olunur ki, onun xx.xx.2024-cü il tarixdə saat 22:30-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən Bravo supermarketin yaxınlığında saxlanılmasında da Abşeron Rayon Polis İdarəsinin polis əməkdaşı olan Şahid2 şəxsən iştirak etmişdir. Bir daha qeyd olunmalıdır ki, əgər iş materiallarında göstərildiyi kimi həqiqətən də Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:30-da Şahid2 iştirakı ilə Masazır kəndində saxlanılmaqla Abşeron Rayon Polis İdarəsinə gətirilmişdirsə, həmin tarixdə saat 22:30-dan saat 22:45-dək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdirsə və həmin prosessual hərəkətin keçirilməsində video görüntüdən də göründüyü kimi Şahid2 şəxsən iştirak etmişdirsə, onda necə ola bilər ki, X5 xx.xx.2024-cü il tarixdə saat 22:30-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən Bravo supermarketin yaxınlığında saxlanılmasında da polis əməkdaşı Şahid2 iştirak etmiş olur? Eyni vaxt kəsiyində (xx.xx.2024-cü il tarixdə saat 22:30-da) bir şəxsin (polis əməkdaşı Şahid2) həm Təqsirləndirilən şəxs üzərinə Abşeron Rayon Polis İdarəsinin inzibati binasında şəxsi axtarışın keçirilməsində, həm də X5 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən Bravo supermarketin yaxınlığında saxlanılmasında iştirak etməsi qeyri-mümkün olduğundan, məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs saxlanılması, onun şübhəli şəxs qismində tutulması və üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı iş materiallarında əksini tapan müddətlər (zaman) həqiqəti əks etdirmir. Bütün bunlar Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə məhz saat 21:30-da saxlanmasını, həmin tarixdə saat 22:30-dan saat 22:45-dək onun üzərində video çəkilişlə şəxsi axtarışın keçirilməsi gərçəkliyini, o cümlədən iş üzrə Şahid2 məhz həmin vaxtı şəxsi axtarışın keçirilməsində iştirakını şübhə altına alır. Odur ki, mövcud vəziyyət sözügedən maddi sübutun məhz xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxsin üzərindən aşkar olunması prosesini özü-özlüyündə bütünlükdə etibarsız edir. Məhkəmə kollegiyası bir məsələni də qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar 728-İQ nömrəli Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-in 445.2-ci maddəsinə və “Əməliyyat axtarış fəaliyyəti haqqında” qanunun 10-cu maddəsinin İV hissəsinə əsasən şəxsiyyət əleyhinə olan ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaqasma, poçt, teleqraf və digər göndərişləri yoxlama, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxarma, habelə insanları güdmə kimi əməliyyataxtarış tədbirləri; cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün isə binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirmə əməliyyat-axtarış tədbiri məhkəmə qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. CPM-in 445.2-ci maddəsinə və 728-İQ nömrəli Qanunun 10-cu maddəsinin V hissəsinə əsasən həmin maddənin İV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyataxtarış tədbiri məhkəmə qərarı olmadan həyata keçirildikdə, onun keçirilməsindən sonra 48 saat ərzində əməliyyat-axtarış fəaliyyətinin subyekti (səlahiyyətli şəxs) həyata keçirilmiş tədbirlər barədə əməliyyat-axtarış tədbirini həyata keçirən orqanın yerləşdiyi yer üzrə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidir. İstinad edilən CPM-in və 728-İQ nömrəli Qanunun müddəalarından, eləcə də CPM-in məhkəmə nəzarətinin həyata keçirilməsini tənzimləyən Lİİ fəslinin digər normalarından göründüyü kimi, məhkəmə nəzarəti yalnız CPM-in 445.1-ci maddəsində və 728-İQ nömrəli Qanunun 10-cu maddəsinin İİİ hissəsində dəqiq müəyyən olunmuş əməliyyat-axtarış tədbirlərinə münasibətdə, məhz bu tədbirlərin keçirilməsi üçün məhkəmə qərarının alınmasına dair əməliyyat-axtarış fəaliyyəti subyektinin (səlahiyyətli şəxsin) vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında vəsatətin təmin edilməsi üçün əsasların müəyyən edilməsindən asılı olaraq müvafiq tədbirin keçirilməsinə və yaxud bundan imtina edilməsinə dair məhkəmə qərarı çıxarılmaqla, əməliyyat-axtarış tədbiri məhkəmə qərarı olmadan əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin qərarı əsasında keçirildikdə həmin qərarın və keçirilmiş tədbirin qanunauyğunluğunun sonradan yoxlanılması yolu ilə həyata keçirilməlidir. Cinayət işlərinə mahiyyəti üzrə baxan məhkəmələr isə məhkəmə nəzarətinin bu bənddə əksini tapmış hüquqi mövqelərə uyğun şəkildə həyata keçirilib-keçirilmədiyinə diqqət yetirməli, məhkəmə nəzarəti lazımınca həyata keçirilmədiyi hallarda müvafiq sübutların mümkünlüyü məsələsini xüsusi səylə araşdırmalı, lakin heç bir halda əməliyyataxtarış tədbiri ilə əlaqədar məhkəmə nəzarətinin həyata keçirilməsi faktına (müvafiq məhkəmə qərarının olmasına) özü-özlüyündə əməliyyat-axtarış tədbiri gedişində əldə olunaraq cinayət təqibi orqanı tərəfindən sübut kimi qiymətləndirilmiş materialın CPM-in 125-ci maddəsinin və digər normalarının tələbləri baxımından yolverilən olmasına dəlalət edən, məhkəməni hər bir sübutu aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsindən azad edən əsas kimi istinad etməməlidirlər. CPM-in və 728-İQ nömrəli Qanunun yuxarıda istinad olunan və digər normaları (məsələn, Qanunun 11 və 12-ci maddələri, 13-cü maddəsinin 1-ci hissəsi və s.) əməliyyataxtarış tədbirinin, o cümlədən barəsində məhkəmə nəzarəti həyata keçirilməli olan əməliyyat-axtarış tədbirinin məhkəmə qərarı olmadan keçirilməsinə dair əməliyyat-axtarış fəaliyyəti subyektinin səlahiyyətli şəxsinin qərarının əsaslandırılmış olmasını, qərarda 728- İQ nömrəli Qanunun 10-cu maddəsində təsbit edilmiş əməliyyat-axtarış tədbirlərindən hansının keçiriləcəyinin və onu zəruri edən halların dəqiqliklə göstərilməsini, əməliyyataxtarış tədbiri barəsində məhkəmə nəzarəti həyata keçirilməli olan tədbirlər dairəsinə aiddirsə, bunun, eləcə də məhkəmə qərarı alınmadan tədbirin keçirilməsinə hansı halın əsas olduğunun əks etdirilməsini tələb edir. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarın qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası DİN Abşeron RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 xx.xx.2024-cü il tarixli qərarı Abşeron Rayon Məhkəməsinin hakimi Cəmilə Səfiyeva tərəfindən qəbul edilmiş 21 fevral 2024-cü il tarixli qərarla (qərar iş materiallarına əlavə olunmuşdur) baxılaraq sənədlər natamam olduğundan və s. əsaslarla geri qaytarılmışdır. Təqsirləndirilən şəxs barəsində qərarın qanuniliyinin yoxlanması barədə qərar təkrarən məhkəməyə göndərilməmişdir. Göründüyü kimi, ibtidai istintaq zamanı həmçinin Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə polis əməkdaşı Şahid1 xx.xx.2024-cü il tarixli qərarının qanuniliyi yoxlanılmamışdır. İş üzrə mövcud olan və ittiham tərəfinin istinad etdiyi digər sübutlara, o cümlədən polis əməkdaşlarının həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadələrdə Təqsirləndirilən şəxs əleyhinə göstərdiyi xüsusatlara gəldikdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, əvvəla həmin şahidlər ittiham tərəfin şahidləridir və müvafiq əməliyyat tədbirinin keçirilməsində iştirak edən polis əməkdaşları olmaqla işin nəticəsində birbaşa maraqlı olan şəxslərdir. Onların maraqlı olması xüsusilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalmasını, sözügedən narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması və təsir nəticəsində etirafedici ifadələr verməsini iddia etdiyini nəzərə alaraq daha aydın təzahür edir. Digər tərəfdən, onların şahid ifadələri (həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr) iş materialları və məhkəmə istintaqı zamanı əldə olunaraq tədqiq olunmuş sübutlarla (yuxarıda sadalanmışdır) üst-üstə düşməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi presedent hüququ yaratdığı bir sıra qərarlarında, o cümlədən “Kobiaşvili Gürcüstana qarşı” işi üzrə 14 mart 2019-cu il tarixdə çıxardığı qərarında da bu qəbildən olan işlər üzrə, yəni müvafiq əməliyyat tədbirinin keçirilməsində məsul olan şəxslərin polis əməkdaşları olduğu cinayət işləri üzrə məhz həmin polis əməkdaşlarının verdiyi ittihamedici ifadələrinə bu formada tənqidi yanaşmış, həmin sübutların birmənalı şəkildə əsaslı sübut növü kimi qəbul olunmasının düzgün olmaması ilə bağlı mövqe formalaşdırmışdır. Odur ki, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən, habelə məhkəmə istintaqı zamanı müəyyən olunan hallar əsas götürülməklə sözügedən polis əməkdaşlarının ifadələrinə tənqidi yanaşır və həmin ifadələri əsaslı sübut növü kimi qəbul etmir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs və iş üzrə əlavə şahid qismində dindirilən Səbahət Alışlının məhz məhkəmə istintaqı zamanı verdiyi ifadələrini iş materialları, o cümlədən məhkəmə istintaqı zamanı müəyyən olunan hallarla üst-üstə düşüb bir-birini tamamladığı üçün əsaslı sayır və Təqsirləndirilən şəxs elan olunan bəraətin əsasına məhz həmin ifadələri qoyur. Bununla bağlı məhkəmə kollegiyası CPM-in 21.2 və 145.3-cü maddələrinin müddəalarını əsas götürüb, sözügedən sübut növünü, yəni şəxsin həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində verdiyi yeganə etirafedici ifadələri məhz bu əsasla da mötəbər sübut kimi qəbul etmir. CPM-in 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmçinin, CPM-in 145.3-cü maddəsində göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət işinin materiallarında olan ayrı-ayrı ekspert rəylərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, aşkar olunan kütlənin narkotik vasitə və psixotrop maddə olması ilə bağlı ekspert rəyləri həmin maddi sübutun aşkar olunması prosesinin etibarlılığı fonunda əhəmiyyətli sübut növü kimi qəbul edilir və dolayısı ilə də onun aşkar olunması ilə bağlı protokolla birlikdə götürüldükdə vacib əhəmiyyət kəsb edir. Hazırki halda isə sözügedən narkotik vasitənin və psixotrop maddənin aşkar olunması prosesi məhkəmə tərəfindən bütünlükdə etibarsız sayıldığından, həmin sübut yalnız faktı təsdiq edən, yəni aşkar olunan kütlənin narkotik vasitə və psixotrop maddə olmasını təsdiq edən sübut növü rolunu oynayır. Digər bir ekspert rəyi, yəni şəxsin narkomaniya xəstəliyindən əzab çəkməsi ilə bağlı qənaəti formalaşdıran narkoloji ekspertizanın rəyi də, yalnız faktı, yəni şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi faktını təsdiq edir. Bu sübut da yalnız digər sübutlarla birgə götürüldükdə əhəmiyyət kəsb etmiş olur. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmalı və ona izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. Habelə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, lakin Abşeron Rayon Məhkəməsinin hakimi Vaqif Həsənov tərəfindən icraatında olan 1(012)-460/2024 saylı işlə bağlı onun barəsində həbs qətimkan tədbirinin seçilməsi (Abşeron Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı iş materiallarına əlavə edilmişdir) nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 4,181 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 ədəd polietilen bükülüdə təmiz çəkisi 26,90 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana onun əldə edilmə mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrılmış materiala əlavə edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınmalı və “Redmi” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs 182 AZN (bir yüz səksən iki manat) təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikası dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilməli və həmin pul dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınsın və ona izah edilsin. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, onun barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi və istintaq təcridxanasında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 4,181 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 ədəd polietilen bükülüdə təmiz çəkisi 26,90 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana onun əldə edilmə mənbəyinin müəyyən edilməsi üçün hazırkı cinayət işindən ayrılmış materiala əlavə edilsin, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınsın və “Redmi” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs 182 AZN (bir yüz səksən iki manat) təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödəmək vəzifəsindən azad edilsin və həmin pul dövlət büdcəsinə aid edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-59/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-59/2025
02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver