Məhkəmə qərarları › İş №1(124)-591/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-591/2024

21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-591/2024 21.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxx 1978-ci ildə Kürdəmir rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 dekabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 204.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 10 avqust 2021-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 26 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin külli miqdarda əldə edilməsi, saxlanması və daşınması barədə şəxsiyyəti istintaqa məlum olayan iki nəfər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılaşdıqdan sonra həmin şəxslərin istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni 888,810 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Quba rayonunda onların göstərəcəyi yerdən müəyyən pul müqabilində götürüb onlara təhvil vermək öhdəliyini götürmüş, həmin şəxslərlə birlikdə onların taksi kimi çağırdıqları istintaqa məlum olmayan avtomobillə Bakı şəhərindən çıxaraq “Quba-Quba Palace” avtomobil yolunun Quba rayonu, Almaz qazmaları kəndi ərazisinə gəlmiş, onlar onu avtomobildən düşürərək yolun kənarında yığılmış daş kərpicləri göstərib götürüləcək narkotik vasitənin həmin kərpiclərin arxasında olmasını bildirdikdən sonra uzaqlaşaraq getmiş, o, avtomobildən düşüb bir ədəd sellofan bağlamada olan narkotik vasitəni qeyd olunan yerdən götürərək əldə edib üzərində daşımaqla saxlamış, həmin vaxt ərazi üzrə xidmətdə olan Quba RPŞ-nin X7 X6 xidmətinin əməkdaşları tərəfindən o, 28 dekabr 2023-cü il tarixdə 01:55-də, Quba rayonu, Almaz qazmaları kəndi ərazisində, “Quba-Quba Palace” avtomobil yolunun kənarında yığılmış daş kərpiclərin arxasından bağlamanı götürüb əynindəki gödəkçəsinin altına qoyaraq uzaqlaşan zaman saxlanılaraq orada üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin altında saxladığı bir ədəd qara rəngli sellofan bağlamada xalis çəkisi 888,810 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisi deyildir, başqa şəxslər tərəfindən aldadılmışdır. O, Bakı şəhərində yerləşən kafelərin birində spirtli içki qəbul etmişdir. Kafedən çıxdıqda, təxminən saat 22:00 radələri idi. Tanımadığı şəxslər ona həmin vaxt yaxınlaşmışlar. Tanımadığı şəxslər ona yükü onlara verməyi müqabilində 250 manat pul verəcəklərini demişlər. Götürdüyü bağlama qara rəngli idi. Quba şəhərinə çatdıqda, tanımadığı yerdə avtomobili saxlayıb ona bir qədər aralıda bağlamanı götürməyini demişlər. O, avtomobildən düşüb bağlamanı götürən kimi onlar avtomobili sürüb getmişlər və o, orada qalmışdır. Həmin yerdə onu polis əməkdaşları saxlamışlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Quba Rayon Polis Şöbəsinin X7i bölməsinin yol-patrul xidməti inspektoru Şahid2 ifadəsində göstərdi ki, Quba rayonu, Almaz Qazmalar kəndi ərazisində axşam saatlarında xidmət apararkən bir nəfər şəxsin əlində bağlama olduğunu görmüşlər. Həmin şəxs onları görüb qaçmağa cəhd göstərmişdir. Onlar həmin şəxsə yaxınlaşmış, ondan şəxsiyyəti və həmin ərazidə nə etməsi barədə soruşmuşlar. Sonradan Təqsirləndirilən şəxs olduğunu bildikləri həmin şəxs onlara dəqiq cavablar vermirdi. Onlar da Quba Rayon Polis Şöbəsinə dərhal məlumat vermiş, əməliyyat müvəkkilləri hadisə yerinə gəlmişlər. Təqsirləndirilən şəxs heç kimin olmadığı ərazidə görmüşlər. Oğurluq hadisələri ilə bağlı Təqsirləndirilən şəxs şübhələnmişlər. Təqsirləndirilən şəxs yaxınlaşdıqları ərazidə hər hansı maşın olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Quba Rayon Polis Şöbəsinin X7i bölməsinin yol-patrul xidməti inspektoru Şahid1 ifadəsində göstərdi ki, Quba rayonu, Almaz Qazmalar kəndi ərazisində axşam saatlarında xidmət apararkən bir nəfər şəxsin əlində bağlama olduğunu görmüşlər. Həmin şəxs onları görüb qaçmağa cəhd göstərmişdir. Onlar həmin şəxsə yaxınlaşmış, ondan şəxsiyyəti və həmin ərazidə nə etməsi barədə soruşmuşlar. Sonradan Təqsirləndirilən şəxs olduğunu bildikləri həmin şəxs onlara dəqiq cavablar vermirdi. Onlar da Quba Rayon Polis Şöbəsinə dərhal məlumat vermiş, əməliyyat müvəkkilləri hadisə yerinə gəlmişlər. Təqsirləndirilən şəxs onları görüb qaçmağa cəhd etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmədə elan olunaraq tədqiq edilən Quba RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 28 dekabr 2023-cü il tarixdə Quba RPŞ-nin əməliyyat-istintaq qrupunun üzvü olaraq xidmətdə olarkən Quba RPŞ-nin X7 X6 Xidməti əməkdaşları Şahid1 və Şahid2 tərəfindən Quba rayonu, Almaz Qazmaları kəndi ərazisində, “Quba-Quba Palace” avtomobil yolunun kınarında narkotik vasitələri saxlamasında şübhəli bilinən bir nəfər şəxsin saxlanması barədə Quba RPŞ-yə verdikləri məlumat əsasında əməliyyat-istintaq qrupunun üzvü olaraq o, qrupun digər üzvləri olan Quba RPŞ-ninn Təhqiqat qrupunun təhqiqatçısı Cəlil Sultanov, Cinayət-axtarış Bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili Mirzəziz Hüseynzadə və şöbənin baş əməliyyat inspeltor-kriminalisti Fuad İsmayılov ilə birlikdə həmin yerə getmişlər. Ona məlum oldu ki, Şahid1 və Şahid2 28 dekabr 2023-cü il tarixdə sat 01:55-də “Quba-Quba Palace” avtomobil yolunda xidməti avtomobil ilə yavaş surətlə hərəkətdə olmaqla xidmət aparan zaman bir nəfər şəxsin, yəni sonradan tanıyaraq şəxsiyyəti barədə öyrəndiyi Təqsirləndirilən şəxs Quba rayonu, Almaz Qazmaları kəndi ərazisində yolun kənarında yığılmış daş kərpiclərin arxasına baxaraq nəsə götürüb gödəkcənin altına qoymasından şübhələndikləri üçün avtomobili saxlamış, Təqsirləndirilən şəxs bir neçə addım yola tərəf gəldikdən sonra onların avtomobilini görərək dayanmış, onlar avtomobildən düşüb Təqsirləndirilən şəxs yaxınlaşmış və özlərini təqdim edərək gecənin bu vaxtı yol kənarında hansı səbəbdən dayandığını və əynindəki gödəkcəsinin üstündən əli ilə sıxaraq altında nə saxladığını soruşmuş, Təqsirləndirilən şəxs gödəkcənin altında içərisində narkotik vasitə olan bağlama saxladığını bildirmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün onlar Quba RPŞ-yə məlumat verərək həmin yerə növbədə olan təhqiqatçını və digər üzvləri dəvət etmişlər. Onlar E. Osmanovun saxlanıldığı yerə çatdıqdan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Cəlil Sultanov tərəfindən şübhəli şəxs qismində tutularaq, ona polis əməkdaşlarının və müdafiəçi qismində dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə saxlanıldığı həmin yerdə üzərində şəxsi axtarış aparılacağı izah olunarkən etiraz etməmişdir. X3 tərəfindən aparılırdı. Şəxsi axtarış aparılmağa başlanarkən təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa hamısını təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində olanları təqdim etməzdən əvvəl qeyd etmişdir ki, Bakı şəhərində yerləşən Malakan bağı ərzzisində dilənçilik edərkən 3-4 saat əvvəl tanimadığı 2 nəfər şəxs yaxınlaşaraq Qubadan 250 manat pul müqabilində içərisində narkotik vasitə olan sellopan bağlamanı götürməyi təklif etmiş, maddi ehtiyacı olduğundan həmin şəxslərin təklifi ilə razılaşmış, həmin şəxslər Bakı şəhərindən ağ rəngli avtomobillə gətirib düşürən zaman bağlamanın olduğu yeri göstərmiş və avtomobili geriyə döndərib gələcəklərini deyərək getmiş, yolun kənarıdakı bağlamanı götürüb yola tərəf gələrkən polis tərəfindən saxlanılmışdır.Bunları bildirəndən sonra Təqsirləndirilən şəxs gödəkçəsinin altında saxladığı bir ədəd qara rəngli sellofan bağlamanı təqdim etmişdir. Bağlamanı açarkən içərisindən yaşıl rəngli bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu və bağlamanı 250 manat müqabilində götürməkçün Bakı şəhərindən gəldiyini bildirmişdir. Bağlama elektrok tərəzidə çəkilərkən 1030 qram təşkil etmiş, göy rəngli sellofan paketə qoyularaq qablaşdırılmışdır. Qablaşdırmanın üzərinə Elşən Orsmanov və m üdafiəçisi imza edərək tamlığını təsdiq etmişlər. Bundan başqa onun üzərində qanunla qadağan edilən heçnə aşkar edilməmişdir.(Cild 1, iş vərəqləri 87- 88). Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadələri elan olunaraq tədqiq olunmuş Quba RPŞ-in əməkdaşı Şahid4 da digər Şahid3 ilə oxşar məzmunlu ifadələr verərək onun ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 89-90) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” 28 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, əynindəki gödəkçənin altında saxladığı bir ədəd qara rəngli sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəq 26) “Şəxsi axtarışın keçirilməsi barədə” 28 dekabr 2023-cü il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 01 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 noyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1553 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş polietilen bağlamada sarı rəngli sellofanda xalis çəkisi 888,810 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin sellofanın içərisində xalis çəkisi 106,19 qram bitki mənşəli kütlənin tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur və o narkotik vasitələrə aid deyildir. (Cild 1, iş vərəqləri 32-35) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasına dair 03 fevral 2024-cü il tarixli, 706 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, profilaktik qeydiyyata alınması məsəhət görülür. (Cild 1, iş vərəqləri 101-102) Cinayət işi materiallarında olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 04 aprel 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından qalıq qalmış 887,76 qram marixuana maddi sübut kimi tanınaraq Quba RPŞ-in maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. Şəxsi axtarış görüntülərini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 111-120) Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitənin əldə etməməsi, 250 manat müqabilində aldanma nəticəsində narkotiki götürməyə getməsi və bilmədən yoldan torba götürməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X5 12-ci bəndinə əsasən əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 dekabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 204.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 10 avqust 2021-ci il tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 26 gün hissəsində vaxtından əvvəl şərti azad edilmişdir. (Cild 1, iş vərəqləri 76, 94-97) Azərbaycan Respublikası CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Göründüyü kimi təqsirləndirilən şəxs cinayət törədərkən onun məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivinin olması müəyyən edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivinin olması təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 28 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba rayon məhkəməsinin 29 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 66-68) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsəhət görülür. Bu səbəbdən də məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməli, yalnız ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 887,76 qram çəkidə narkotik vasitə marixuana məhv edilməlidir. 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 70 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, ««Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrii ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Quba RPŞ-də saxlanılan 887,76 qram çəkidə marixuana məhv edilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.Fəhmi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar