Məhkəmə qərarları › İş №1(124)-60/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-60/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-60/2023 24.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxx 1999-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti 6 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 01 dekabr 2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi Əliağa Vahid küçəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq, 60 manat pul müqabilində külli miqdarda 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı»na daxil olan 09 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,025 qram, 0,049 qram, 0,058 qram, 0,044 qram, 0,301 qram, 0,240 qram, 0,251 qram, 0,170 qram və 8,112 qram olmaqla ümumilikdə - 9,250 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı»na daxil olan 1,815 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 01 dekabr 2021-ci il tarixdə saat 17 radələrində Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, o, Abşeron rayonu Masazır qəsəbəsi, Ş. Qurbanov küçəsində yerləşən məscidin yaxınlığında saxlanılıb, Abşeron RPİ-nin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əlində olan qara rəngli pul kisəsinin içərisindən 09 ədəd bükümlərdə həmin 9,250 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə həmin 1,815 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ittiham olunduğu əməllər üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, evə getdiyi zaman polis əməkdaşları onu saxlamışdırlar. Ona oğurluq telefon satmışdırlar. Həmin telefonla bağlı izahatın alınması üçün onu saxlamışdırlar. Narkotik vasitə istifadəçisi olomuşdur. Binə bazarında işləmişdir. Tutulan zaman üzərində 1 qram heroin olmuşdur. Narkotik vasitəni Masazırdan narkotik satan şəxsdən almışdır. Hal-hazırda onun adın xatırlamır. Narkotik vasitəni kimdən aldığını ondan soruşmuşdurlar. Tutulan vaxt üzərində 1 qram yəni bir büküm narkotik vasitə olmuşdur. Onu günorta saatalrında saat 12-1 arası saxlamışdırlar. O doqquz büküm narkotik vasitənin ona məxsus olmasını təzyiq altında qəbul etmişdir. Polis bölməsində onu döymüşdürlər. Oğurluq hadisəsini boynuna almaq üçün təzyiq edilmişdir. Onu Masazırda məscidin arxasında saxlamışdırlar. Kürdəxanıya aparılan zaman üzərində xəsarət izləri olmuşdur. Ana atası rəhmətə getmiş onu nənəsi böyütmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o heç yerdə işləmir. Fiziki və psixi cəhətdən sağlamdır. Şübhəli şəxs qismində saxlanıldığı anda ona hüquq və vəzifələri izah edilmişdir. O, latın qrafikalı əlifba ilə oxumağı da, yazmağı da bacarır, latın qrafikalı əlifba ilə kompüterdə yazılmasına etiraz etmir. O, Abşeron Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu Masazır qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayır. Həmçinin o, təxminən 2-3 ildir ki, narkotik vasitə və psixotrop maddələrin istifadəçisidir. 01 dekabr 2021-ci il tarixdə o, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu saxlayıb Abşeron RPİ-nə dəvət etmişlər. Abşeron RPİnin xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub- olmadığı soruşulmuşdur. O da elində olan qara rəngli pul kisəsinin içərisində saxladığı biri böyük və dördü kiçik ölçülü olmaqla beş büküm sellofan torbalara bükülmüş və dörd ədəd siqaret kağızına bükülmüş ümumi sayı doqquz büküm olan narkotik vasitə heroini, həmçinin həmin pul qabında olan bir ədəd şəffaf rəngli selofan torbaya bükülmüş ağ rəngli, kristal formalı psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Həmin kütlələlər şəxsi axtarış zamanı kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. O, həmin doqquz büküm narkotik vasitələri və bir büküm psixotrop maddəni 01 dekabr 2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi Əliağa Vahid küçəsində tanımadığı şəxsdən altmış manata almışdır. Həmin narkotik vasitəni özü istifadə etmək üçün özündə saxlamışdır. (cild 1, iş vərəqə 67-69) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru X2 ifadəsində göstərdi ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində narkotik vasitə olan heroinin dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 iştirakı ilə tərəfindən 01 dekabr 2021-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2021-ci il tarixdə o və əməliyyat qrupunun digər iştirakçısı Şahid1 Abşeron rayonu, Masazır qəsəbəsində olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq sonuncuya özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Natiqə narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə gəlmiş, orada xidməti otaqların birində Təqsirləndirilən şəxsə hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs əlində olan qara rəngli pul qabının içərisindən biri böyük və dördü kiçik ölçülü olmaqla 5 bükümdən ibarət sellofan torbaya bükülmüş və 4 ədəd siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroine bənzər maddə olan kütləni və bir ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş içərisində ağ rəngli, kristal formalı, psixotrop maddə olan metamfetaminə bənzəyən kütləni çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxsdən əlində olan qara rəngli pul qabıdan aşkar olunmuş bükümlərin içərisində olan maddələrin nə olması və onları haradan eldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 05-i sellofan torbaya, 04-ü isə siqaret kağızına bükülməklə ümumilikdə 09 ədəd bükümün içerisindəkinin qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan heroin, digər 01 ədəd şəffaf rəngli sellofana bükülmüş kütlənin isə psixotrop vasitə olan metamfetamin olduğunu bildirmişdir. O, həmin narkotik vasitə olan heroini və psixotrop vasitə olan metamfetamini xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində 60 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs polis idarəsinə gətirilərkən Natiqə qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Şahid Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, məhkəmədə ifadəsi alınmış Abşeron RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru X2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. (cild 1, vərəqə 130 -141) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 dekabr 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroininin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 01 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2021-ci il tarixdə saat 10 radələrində Abşeron rayonu Masazır qəsəbəsi, Ş. Qurbanov küçəsində yerləşən məscidin yaxınlığında saxlanılaraq Abşeron RPİ-nə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əlindəki qara rəngli pul qabının içindən biri böyük və dördü kiçik ölçülü olmaqla 5 bükümdən ibarət sellofan torbaya bükülmüş və 4 ədəd siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroine bənzər maddə və bir ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş içərisində ağ rəngli, kristal formalı, psixotrop maddə olan metamfetaminə bənzər maddələr aşkar olunaraq götürülmüşdür. (cild 1, vərəqə 29-31) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 31 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Abşeron rayon Pİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd ağ rəngli DVD formatlı diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə olan “20211201 _192210" adlı video formatlı faylda əks edilmiş görüntülər 01 dekabr 2021-ci il tarixdə saat 17:50-də qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Abşeron RPİ-nİn xidməti otaqdır. Baxış zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir qanunsuz əşya və ya maddə olub-olmaması, olduğu halda onları könüllü təqdim etməsi təklif edildi. Bundan sonra Təqsirləndirilən şəxs əlindəki qara rəngli pul qabının içindən çıxartdığı biri böyük və dördü kiçik ölçülü olmaqla 5 bükümdən ibarət sellofan torbaya bükülmüş və 4 ədəd siqaret kağızına bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər maddə olan kütləni və bir ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş içərisində ağ rəngli, kristal formalı, psixotrop maddə olan metamfetaminə bənzəyən kütləni təqdim edərək onlardan sellofana və gümüşü rəngli kağızı bükülü olanların heroin, digər şəffaf rəngli sellofonda bükülü olan vasitənin isə metamfetamin olduğunu və onu Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 60 manat qarşılığında aldığını və üzərində gəzdirdiyini bildirmişdir. (cild 1. i/v 126) Şəxsi axtarış və götürmə aparılması haqqında, diskə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə 02 dekabr 2021-ci il tarixli, 6/5330 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №56" möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən...” və s. Yazılar, imzalar olan zərfdəki 09 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,025 qram; 0,049 qram; 0,058 qram; 0,044 qram; 0,301 qram; 0,240 qram; 0,251 qram; 0,170 qram; 8,112 qram; ümumi təmiz çəkiləri 9,250 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; 01 ədəd bükümdə təmiz çəkisi 1,815 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (cild 1, iş vərəqə 37-41) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 10 dekabr 2021-ci il tarixli 2923 nömrəli rəyində göstərilmişdir ki, vət. Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarətin izi aşkar olunmamışdır. (cild 1, iş vərəqə: 135-136) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Məhkəmənarkoloji ekspertizasının 02 fevral 2022-ci il tarixli, 480 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodilərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhə görülür. (cild 1, iş vərəqə 146-147) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 31 yanvar 2022-ci il tarixli 238 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törətdiyi zaman və ona qədər xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən olunmayıb. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. (cild 1, iş vərəqə 148-150) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş əlavə məhkəmə kimyəvi ekspertiza üzrə 10 dekabr 2021-ci il tarixli, 6/5389 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən..." qeydli zərfdəki 09 ədəd bükümdə olan heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. (cild 1, iş vərəqə 137-140) Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs oğlunun üzərindən götürülmüş, qalıq çəkisi - 9,250 qram çəkidə narkotik vasitə olan heroin və 1,815 qram çəkidə psixotrop maddə olan metamfetamin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılır. Bundan başqa iş üzrə 01 dekabr 2021-ci il tarixdə Abşeron RPİ-nin xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə151-158) Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 119) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində ittihamda göstərildiyi miqdarda narkotik vasitə aşkar olunmaması və satış məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik külli miqdarda və müxtəlif növlərdə olması, onları müxtəlif bükümlərə ayırması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 01 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opiodilərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil qalıq çəkisi - 9,250 qram çəkidə narkotik vasitə olan heroin və 1,815 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 219,8 (iki yüz on doqquz manat səksən qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 6 il 6 ay (altı il altı ay) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 01 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Abşeron RPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil qalıq çəkisi - 9,250 qram çəkidə narkotik vasitə olan heroin və 1,815 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 219,8 (iki yüz on doqquz manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar