Məhkəmə qərarları › İş №1(124)-60/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-60/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-60/2024 02.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxx 1987-ci ildə Masallı rayonu, Xıl kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Xıl kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa şəxsiyyəti məlum olmayan “Vüsal” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun «Şəhriyar» adlı istintaqa şəxsiyyəti məlum olmayan şəxsdən əldə edəcəyi külli miqdarda narkotik vasitə heroini, qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini 1.000 manat qazanc müqabilində qoyulduğu Biləsuvar rayonu ərazisindən götürüb ona deyiləcək yerə qoyması barədə qabaqcadan ümumi razılığa gəlmiş, bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində “Şəhriyar” adlı şəxsin Biləsuvar şəhərinin girişində üzərində “Biləsuvar” sözləri yazılmış lövhənin altına qoyduğu 03(üç) ədəd bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan ayrı-ayrılıqda çəkiləri 22,866 qram, 980 qram, 620 qram, ümumi çəkisi 1.622,866 qram olan qəhvəyi rəngli xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini və 01(bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 1.010 qram külli miqdarda bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda qurudulmuş marixuananı, 2 (iki) ədəd bükümdə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrinin siyahısına” Siyahı (İİ) daxil olan ayrı-ayrılıqda çəkiləri 9,650 qram, 1045 qram, ümumi çəkisi 1.054,65 qram olan ağ rəngli xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kristalşəkilli kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini götürüb, qanunsuz olaraq satış məqsədi ilə əldə edib, Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə daşıyaraq, bir hissəsini yəni l(bir) ədəd qara rəngli torbanın içərisində 2(iki) ədəd ayrı-ayrılıqda çəkiləri 980 qram, 620 qram olan ümumi çəkisi 1600 qram narkotik vasitə heroini, 01(bir) ədəd bükümdə ümumi çəkisi 1045 qram olan psixotrop maddə metamfetamini, bir ədəd bükümdə 1.010 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı ünvan 2 ünvanda, digər hissəsini yəni ümumi çəkisi 22,866 qram narkotik vasitə heroini, ümumi çəkisi 9,650 qram psixotrop maddə metamfetamini isə üzərində saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 10 iyun 2022-ci il tarixdə saat 15:15-də Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçə, 200 saylı evin yaxınlığında saxlanılaraq, Abşeron RPİ-yə gətirilmiş və həmin gün üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən həmin ümumi çəkisi 22,866 qram narkotik vasitə heroin, ümumi çəkisi 9,650 qram psixotrop maddə metamfetamin, əməliyyat axtarış tədbirlərinin davamı kimi həmin gün saat 19:15-dən 19:32-yə dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçə, ev 200-də keçirilən baxış zamanı həyətin girişindən sağ tərəfdə olan otaqda yerləşən taxta konstruksiyalı yataqdakı yastığın altında l(bir) ədəd qara rəngli torbanın içərisində 02(iki) ədəd ayrı-ayrılıqda çəkiləri 980 qram, 620 qram olan, ümumi çəkisi 1.600 qram narkotik vasitə heroin, 01(bir) ədəd bükümdə ümumi çəkisi 1.045 qram olan psixotrop maddə metamfetamin, bir ədəd bükümdə 1.010 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Vüsal adlı şəxs ona zəng edərək, çanta veriləcəyini, həmin çantanı götürüb Bakı şəhərinə gətirməli olduğunu bildirmişdir. Həmin çantanı ona verilən mobil telefon nömrəsinə zəng edərək, həmin nömrənin sahibinə verməli idi. Çantanı Biləsuvar rayonundan götürdükdən sonra ona verilən mobil telefon nömrəsinə zəng etmiş, laki həmin nömrə ilə əlaqə saxlamaq mümkün olmamışdır. O da çantanı yaşadığı evə gətirmişdir. Daha sonra polis əməkdaşları onu saxlamışlar. Çantanın içərisində sadəcə 800 qram miqdarında marixuana növündə narkotik vasitə var idi. Çantanın içərisində heroin növündə narkotik vasitə və metamfetamin növündə psixotrop maddə olmamışdır. O, əvvəllər marixuana növündə narkotik vasitə istifadə etmişdir. Çantanı götürdükdən sonra onu boşaldıb içərisinə baxmışdır. Çantanın içərisində narkotik vasitə olduğu ona məlum idi. 1 büküm narkotik vasitəni yoxlamaq üçün götürmüşdür. Həmin çantanı Bakı şəhərinə gətirməli və Vüsal adlı şəxs də ondan götürməli idim. Çantanın qeyd olunan ünvana çatdırılması üçün 200 manat məbləğində pul üçün razılaşmışlar. Polis əməkdaşları ona fiziki təzyiqlər göstərmişlər. Bədən nahiyəsində xəsarətlər var idi, lakin bu xəsarətlər gözlə görünən deyildi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, marixuanadan başqa heç bir narkotik vasitədən və psixotrop maddədən istifadə etmir. 10 iyun 2022-ci il tarixdə saat 15:15 radələrində Abşeron rayonu, Xırdalan şəhərində piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs mənə yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, onu polis İdarəsinə dəvət etmişlər. Polis idarəsində dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələrim izah olunmuş, üzərinə müdafiəçisi Kərim Bağırovun və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyim təklif olunmuşdur.Bundan sonra əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik heroini, l(bir) bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetamini təqdim etmiş, sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefon, 30(otuz) AZN pul, sol arxa cibindən l(bir)ədəd açar aşkar olunmuşdur. Üzərindən aşkar edilmiş 30 manat pul və açar geri özünə qaytarılmış, heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 24 qram(iyirmi dörd qram) olmuş, sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 11 qram olmuş, həmin kütlələr qablaşdırılmış, şübhəli şəxs, müdafiəçi, tərəfindən imzalanmış və götürülmüşdür. Həmçinin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon götürülmüşdür. Bundan sonra yaşadığı evdə narkotik vasitə olub olmaması barədə soğru edilmiş, sorğu zamanı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı ərizəsi alınmışdır. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə ünvan 4 ünvanına getmiş, evin həyətinin girişindən sağ tərəfdə yerləşən tək otaqda yerləşən taxta konustruksiyalı yataqdaki yastığın altında gizlətdiyi 1 ədəd qara rəngli torbanı təqdim etmiş, həmin torbanın içindəni (bir) bükümdə, ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetamin, 2 bükümdə, açıq qəhvəyi rəngli, narkotik vasitə heroin, 1 bükümdə, açıq yaşıl rəngli, qurudulmuş marixuana, l(bir) ədəd elektron tərəzi həmçinin, əlavə olaraq həmin otaqdaki stolun üzərindən narkotik vasitələrin dövriyyəsinə aid qeydlər olan l(bir) ədəd dəftər aşkar olunmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1 kq 55 qram(bir kq əlli beş qram) olmuş, sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1 kq 609 qram olmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1 kq 63 qramolmuş, daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış və üzərində müvafiq qeydlər aparılmaqla möhürlənib götürülmüşdür. Daha sonra evin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb etdiyi üçün ona məxsus sürücülük vəsiqəsi və bank kartı qonaq otağındaki taxta konustruksiyalı masanın üzərindən götürülmüşdür. Göstərmişdir ki, təxminən 1 aydan çoxdur ki, adını Vüsal kimi bildiyi bir nəfər şəxslə tanış olmuş, ona müştəri kimi həmişə gediş haqqından artıq məbləğ ödəmiş, Vüsal müxtəlif nömrələrlə ona vatsap sosial şəbəkəsi vasitəsilə zəng vurmuş, onu müxtəlif ünvanlara sürdürmüş, sonradan isə gediş haqqının 1-2 və bir qədər də artıq mislini vermişdir. Onun dəqiq olaraq hara getməsi barədə məlumatı olmamış, bu barədə ondan heç nə soruşmamışdır. Lakin artıq münsibətləri yaxşı olmuş, ona etibar etdiyini hiss etmiş, Vüsal görüşlərin birində ondan bü günlərdə nə işinin olacağı barədə soruşmuş, sonuncuya xx.xx.2022-ci il tarixdə Masallı rayonuna gedəcəyini bildirmiş, Vüsal bildirmişdir ki, bir nəfər Şəhriyar adlı İran İslam Respublikasının vətəndaşı ilə Masallı rayonundan Biləsuvar rayonuna gedən yolda görüşəcəkdir, ona həmin şəxs paket verəcək və həmin paketi Vüsalın dediyi yerlərə qoyduqdan sonra bunun müqabilində 1000 manat pul alacaqdır. O razılaşmış və Vüsal ona məxsus telefonun Watsap sosial şəbəkəsi vasitəsilə ilə +**********53 nömrəsi ilə danışıb, lazımlı paketin onun tərəfindən götürüləcəyini bildirmiş, o atasının il dönümündə iştirak etdikdən sonra həmin şəxslə saat 12 radələrində telefonla danışmış və onunla Masallıdan Bilasuvara gedən yolda görüşəcəyini bildirmişdir. Lakin həmin şəxslə görüşməmiş, həmin şəxs yolda paketi gizlətdiyi yeri ona bildirmiş, o da təxminən 30 dəqiqə sonra gedib həmin paketləri qoyulduğu yerdən özü ilə götürmüşdür. Həmin paketi Masallıdan Biləsuvara gedən yolda üzərində “Biləsuvar” sözləri yazılmış lövhənin altından götürmüşdür. Bakı şəhərinə gəldikdən sonra Abşeron rayonunda yaşadığı evdə həmin paketləri gizlətmiş, həmin paketləri götürdükdən sonra içərisində narkotik vasitə olduğunu bilmiş, sonradan həmin paketlərin içərisindən iki ədəd bükümü götürmüş ki, Vüsala versin, lakin həmin vaxt polis əməkdaşları tərəfindən saxlanılmışdır. Narkotik vasitə götürdüyü şəxsin dəqiq İran İslam Respublikasının vətəndaşı olduğunu bilməmiş, bu barədə ona Vüsal demiş, dəftərində aşkar edilmiş rəqəmlər və hesablar onun şəxsi xərcləridir. (Cild 2, iş vərəqləri 97-99) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 10 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. 10 iyun 2022-ci il tarixdə əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisinə getmişlər. Qeyd olunan ünvanda müşahidə aparan zaman Təqsirləndirilən şəxs görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrimizi göstərməklə özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs ilk öncə üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə, 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələri təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən eyni zamanda açar da aşkar olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı olan şəxsin vasitəsi ilə Biləsuvar şəhəri ərazisində əldə etdiyini, əlavə olaraq Abşeron rayonunda yerləşən yaşadığı evdə narkotik vasitələr saxladığını, orada saxladığı narkotik vasitələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Keçirilmiş tədbirin davamı olaraq Təqsirləndirilən şəxs, müdafiəçisi və qrup üzvləri ilə birlikdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisində yerləşən yaşayış evinə özünün icazəsi ilə daxil olunmuş və baxış keçirilməyə başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs sözügedən evdə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs 1 ədəd qara rəngli torbanı təqdim etmişdir. Həmin torbanın içindən metamfetamin növündə psixotrop maddələr, heroin və marixuana növündə narkotik vasitələr və elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılması əməliyyatı zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 10 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. 10 iyun 2022-ci il tarixdə əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisinə getmişlər. Qeyd olunan ünvanda müşahidə aparan zaman Təqsirləndirilən şəxs görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrimizi göstərməklə özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs ilk öncə üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə, 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələri təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən eyni zamanda açar da aşkar olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı olan şəxsin vasitəsi ilə Biləsuvar şəhəri ərazisində əldə etdiyini, əlavə olaraq Abşeron rayonunda yerləşən yaşadığı evdə narkotik vasitələr saxladığını, orada saxladığı narkotik vasitələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Keçirilmiş tədbirin davamı olaraq Təqsirləndirilən şəxs, müdafiəçisi və qrup üzvləri ilə birlikdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisində yerləşən yaşayış evinə özünün icazəsi ilə daxil olunmuş və baxış keçirilməyə başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs sözügedən evdə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs 1 ədəd qara rəngli torbanı təqdim etmişdir. Həmin torbanın içindən metamfetamin növündə psixotrop maddələr, heroin və marixuana növündə narkotik vasitələr və elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılması əməliyyatı zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Həyat yoldaşı taksi sürücüsü kimi fəaliyyət göstərirdi. Bir gün evdə oturduqları zaman təxminən 20 nəfər polis əməkdaşı evə daxil olmuşlar. Evdə axtarış keçirilmiş, qanunsuz heç bir vasitə aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları getmişlər. Daha sonra yenidən polis əməkdaşları gəlmişlər. Onlar yaşadıqları evin mansardına qalxaraq orada videoçəkiliş vasitəsilə axtarış həyata keçirmişlər. Ona evin mansardına qalxmağa icazə verməmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs fiziki təzyiqlər göstərmişlər. Polis əməkdaşları yaşadıqları evə ikinci dəfə gəldikdə əllərində çanta olmuş, lakin çantanın içərisində nə olduğunu bilməmişdir. O, yaşadıqları evdən narkotik vasitə aşkar olunduğunu görməmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsasən o, əri Əhliman ilə eyni ünvanda yaşayır. 10 iyun 2022-ci il tarixdə günorta radələrdə oğlu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulması barədə məlumat almış, bundan sonra oğlunun tutulması ilə bağlı maraqlandıqda məlum olmuşdur ki, oğlu Əhliman yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçədə yaşadıqları evin yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və narkotik vasitələrin aludəçisində şübhəli olduğu bildirilərək Abşeron RPİ-yə dəvət edilmiş, Polis idarəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə oğlumun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı oğlunun əynində olan göy rəngli şalvarın sağ yan cibində saxladığı narkotik vasitə heroin, psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları tərəfindən yaşadığı evə razılığı əsasında oğlu Əhlimanın iştirakı ilə baxış keçirilmiş, evinə baxış zamanı Təqsirləndirilən şəxs evin həyətinin girişindən sağ tərəfdə yerləşən tək otaqda olan taxta kostruksiyalı yataqdakı yastığın altında gizlətdiyi bir ədəd qara rəngli torbanı təqdim etmiş, həmin torbanın içərisində bir ədəd bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər, 2 ədəd bükümdə heroinə bənzər, bir ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlələr, bir ədəd elektron tərəzi aşkar edilmişdir. Bundan sonra həmin torbadaki maddələr iştirakları ilə zərfə qoyularaq qablaşdırılmışdır. Göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs polis tərəfindən tutulanadək onun ümumiyyətlə narkotik vasitələrdən və yaxud psixotrop maddələrdən istifadə etməsindən, yaşadığı evdə, həmçinin üzərində saxlamasından xəbərsiz olmuş və onun belə hərəkətlərindən şübhələnməmişdir. Oğlunun narkotik vasitələri, həmçinin psixotrop maddələri haradan kimdən əldə etməsi barədə heç bir məlumatım yoxdur. (Cild 1, iş vərəqləri 139-141) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarış və götürmə barədə” 10 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən narkotik vasitə heroin, psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 33-35) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq “evə baxış keçirilməsi və götürmə haqqında” 10 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış keçirilərkən həyətin girşindən sağ tərəfdə yerləşən otaqda yerləşən taxta konstruksiyalı yataqdakı yastığın altında 1(bir) ədəd qara rəngli torbanın içərisində 2(iki) ədəd narkotik vasitə heroinə bənzər, 1(bir) ədəd psixotrop maddə metamfetaminə bənzər, bir ədəd çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananaya bənzər maddə və üzərində heroin izləri olan bir ədəd tərəzi aşkar edilərək götürülmüş və qablaşdırılaraq möhürlənmişdir. (Cild 1, iş vərəqləri 41-43) “Şəxsi axtarış və götürmə barədə” və “evə baxış keçirilməsi və götürmə haqqında” 10 iyun 2022-ci il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və evə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 36,44) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 6/3280 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «....şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən» sözləri yazılmış bir ədəd bükümdə təmiz çəkisi 9,650 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 01 ədəd bükümdə təmiz çəkisi 22,866 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Üzərində «....şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən» sözləri yazılmış bir ədəd bükümdə təmiz çəkisi 1045 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 980 qram, 620 qram qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Gümüşü rəngli elektron tərəzinin üzərində heroinin izləri müəyyən edildi. Tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ümumilikdə 1054 ,65 qram metamfetamin kütlələri kimyavi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, həmçinin ümumilikdə təmiz çəkiləri 1622,866 qram heroin kütlələri kimyavi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. (cild 1, iş vərəqləri 51-56) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 7/610 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «....şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş» sözləri yazılmış ağ rəngli bağlamada skoçla bağlanmış qara rəngli bağlamada bir ədəd poletilen bağlamada təmiz çəkisi 1010 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan marixuananın hissəcikləri yoxdur. Marixuananın hissəcikləri olmadığına görə təqdim olunmuş matarixuana ilə müqayisəli tədqiqat aparılmadı. (cild 1, iş vərəqləri 57-61) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4496 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 168- 169) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizası qərarına əsasən «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» Publik Hüquqi şəxsindən alınmış xx.xx.2022-ci il tarixli 2250 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, ittihamda qeyd olunan əməl törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməli, Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. (Cild 1, iş vərəqləri 170-173) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə Abşeron RPİ-də aparılmış ********* nömrəli işin icraatına xx.xx.2018-ci il tarixdə CPM-nin 39.1.11 -ci maddəsinə əsasən xitam verilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxs hesab edilməlidir. (Cild 1, iş vərəqləri 111-112) Cinayət işi materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 15 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 1622,766 qram heroin, 1054,55 qram psixotrop maddə metamfetamin, 1009,95 qram marixuana maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 75-85) “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram, narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı, daşıdığı narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin həmin narkotik vasitə və psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddindən, həmçinin külli miqdar daxil olmaqla aşağı həddindən xüsusilə böyük həcmdə olub artıq olması, eləcə də təqsirləndirilən şəxsin özünün narkomaniya xəstəliyindən əziyyət çəkməməsi onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları, yəni çantanın içərisində heroin növündə narkotik vasitə və metamfetamin növündə psixotrop maddə olmaması, polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı gətirdiyi dəlilləri və irəli sürdüyü iddiaları özünü müdafiə xarakterli kimi qiymətləndirib, hesab edir ki, bu dəlillər və iddialar işin hallarına uyğun olmamaqla yanaşı iş üzrə digər obyektiv sübutlarla təkzib olunur. Məhkəmə həmçinin Şahid3nın məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallara, yəni Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması, narkotik vasitə aşkar olunmaması ilə bağlı xüsusatlara tənqidi yanaşır və hesab edir ki, onun məhkəmədə əri Təqsirləndirilən şəxs leyhinə ifadə verməsi şahidin təqsirləndirilən şəxslə yaxın qohumluq (ər-arvad) münasibətinin olması ilə izah olunur. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 30 noyabr 2022-ci il tarixli qərarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və sair qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı iddiaları öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs və onun arvadı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadələri işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadələr daha səmimi ifadələr və mötəbər sübutlar kimi qəbul olunmalıdır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 10 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 12 iyun 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti fasiləsiz olaraq uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 97-102, Cild 2, iş vərəqləri 5-6, 23-27, 65-68) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə Abşeron RPİ-də saxlanılan 01 ədəd elektron tərəzi xüsusi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 1622,766 qram heroin, 1054,55 qram psixotrop maddə metamfetamin və 1009,95 qram qurudulmuş marixuana məhv edilməlidir. 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 199 (yüz doxsan doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrii ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 1622,766 qram çəkidə heroin, 1054,55 qram çəkidə psixotrop maddə metamfetamin və 1009,95 qram çəkidə qurudulmuş marixuana məhv edilsin, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 199 (yüz doxsan doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Fəhmin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar