Məhkəmə qərarları › İş №1(124)-603/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-603/2023

27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-603/2023 27.12.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "Bion Medical”-da mühasib işləmiş, əvvəllər məhkum olunmamış, Yasamal rayonu, Z.Xəlilov küçəsi ev 66-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdə Abşeron rayonu, Digah qəsəbəsində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 8,064 qram çəkidə külli miqdarda ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 05 aprel 2023-cü il tarixdə saat 19 radələrində Abşeron RPİ-nin Mehdiabad polis bölməsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu,Digah qəsəbəsində piyada hərəkət edərkən saxlanılıb polis bölməsinə gətirilmiş və həmin gün saat 20:37-dən 21:00-dək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan paltonun sol yan cibindən bir ədəd bükümdə həmin 8,064 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə günü onu maşına mindirərək bölməyə aparmışlar, üzərinə baxış keçirilmiş, üstündən az miqdarda metamfetamin çıxmışdır. Üzərindən çıxan metamfetamini tapmışdır. Yorğun, əsəbi olanda istifadə etmişdir. Heç kimdən narkotik vasitə almamış, heç kimə də verməmişdir. Bölmədə videoçəkilişlə üzərindən çıxan metamfetamin 8 qrama yaxın olmuş, polis əməkdaşları hazır paketdə özləri onun üstünə qoymuşdur. 8 qram metamfetamin ona məxsus olmamışdır. Onun üzərindəki büküm az miqdarda olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 aprel 2023-cü il tarixdə yaşadığı Digah qəsəbəsi ərazisində yolun kənarı ilə gedərkən boşluq sahədən şəffaf süllofan bükümnüdə 1 ədəd bağlama tapmış, həmin bükümü açdıqda içərisində ksristal formalı psixiotrop maddə metamfetamin bənzər maddə olduğunu görmüş, əvvəllər əsəblərini sakitləşdirmək üçün psixiotrop maddələrdən və marixuanadan istifadə etdiyindən metamfetamini tanımış və gələcəkdə hissə-hissə istifadə etmək üçün tapdığı həmin bükümü özündə saxlamışdır. 05 aprel 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı evdən çıxıb bir qədər piyada hərəkət etdikdən sonra 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özllərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib, onun narkotik vasitələrin istifadəsində şübhəli olduğunu deyib, birlikdə Mehdiabad polis bölməsinə getmələrini xahiş etmişlər. Mehdiabad polis bölməsində dəvət edilmiş vəklinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmiş, polis əməkdaşları ondan üzərində qeyri-qanuni əşyaları təqdim etməsini təklif etdikdən sonra o, əynindəki paltonun sol yan cibindən 1ədəd bükümdə metamfetamini çıxararaq təqdim etmişdir. Bundan sonra təqdim etdiyi büküm zərfə qablaşdırılıb möhürlənmiş və daha sonra zərf iştirakçılar, o cümlədən onun tərəfindən imzalanmışdır. Daha sonra axtarış yekunlaşdırılmış və bu barədə protokol tərtib edilib ucadan oxunmuş və doğruluğu iştirakçılar və onun tərəfindən imzalanmışdır. (cild 1, iş vərəqə 126-127) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiadab Polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat-müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 05 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələri qəbul etməsi, saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 05 aprel 2023-cü il tarixdə, saat 19 radələrində Abşeron rayonu Digah qəsəbəsində yerləşən yaşadığı fərdi evin yaxınlığında piyada hərəkət edən zaman Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər, Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilmiş və onu Abşeron RPİ Mehdiabad Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində xidməti otaqların birində videoçəliliş və vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən 1 ədəd sellofana bükülmüş olan bağlamanı təqdim etmişdir. O, üzərindən aşkar olumuş kütlənin metamfetamin olduğunu, 03 aprel 2023-cü il tarixdə həmin kütləni yaşadığı evin yaxınlığında boş sahədən tapdığını, orada olan uşaqların onu tapıb istifadə edə bilməməsi üçün götürdüyünü, həmin kütləni məhv etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad Polis bölməsinin sahə polis nəfərləri Şahid2 və Şahid3 məhkəmədə ifadəsi alınmış digər polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 05 aprel 2023-cü il tarixli “əməliyyat-axtarış təbdirlərinin həyata keçirilməsinə dair” görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 66, mənzil 82-də qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələri qəbul etməsi, saxlaması və Abşeron rayonu Digah qəsəbəsi ərazisində satışı ilə məşğul olaraq üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur.(cild 1, iş vərəqə 5) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında" 05 aprel 2023-cü il tarixli protokoldan görünür ki, 05 aprel 2023-cü il tarixdə saat 20:37-dən 21:00-dək video çəkilişdən istifadə etməklə şübəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki paltonun sol yan cibindən 1 ədəd şəffaf sellofan büküm təqdim etmiş və həmin bükülünün içərisindəki maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin bükümü 03 aprel 2023-cü il tarixdə yaşadığı Digah qəsəbəsində boşluq sahədən tapdığını bildirmişdir. ( cild 1, i.v. 25-26) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 05 aprel 2023-cü il tarixdə saat 20.37-də Abşeron RPİ Mehdiabad PB-nin inzibati binasında TŞ-nin təhqiqatçısı polis mayoru X4 xidməti iş otağında süni işıqlandırma şəraitində qeydə alınır. Videogörüntüdən müəyyən edilir ki, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı polis mayoru Z.Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürülmə aparılır. Z.Məmmədov özünü təqdim etdikdən sonra iştirakçıları Mehdİabad PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1, PB-nin sahə polis nəfərləri polis serjantı Şahid3, polis kiçik serjantı Şahid2 və Abşeron rayon vəkil bürosunun vəkili X7 və Təqsirləndirilən şəxs təqdim etmiş, şəxsi axtarış və götürülmə videoçəkilişlə qeydə alınmışdır.Təqsirləndirilən şəxs müdafiəçi qismində təyin edilmiş vəkil Rasim Əliyev təqdim edilir, ona qanunsuz olaraq psixotrop maddələri üzərində saxlaması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılaraq şübhəli şəxs qismində tutulması, Azərbaycan Respublikası CPMnin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində, geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Təqsirləndirilən şəxs könüllü olaraq sol əlini əynindəki qara rəngli gödəkcənin sol yan cibinə salib 1 ədəd şəffaf sellofana bükülmüş olan bağlamanı təqdim etməsi müşahidə olunur. Həmin bağlama açılır və içərisində ağ rəngli kristal şəkilli maddənin olması videogörüntü zamanı qeydə alınır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə olaraq hər hansı əşya və predmet aşkar olunmur. Bundan sonra sorğu- sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş kütlənin metamfetamin olmasını, 2 gün əvvəl, yəni 03 aprel 2023-cü il tarixdə həmin kütləni yaşadığı evin yaxınlığında boş sahədən tapmasını, zərərli maddə olduğundan orada olan uşaqların onu tapıb istifadə edə bilməməsi üçün götürməsini, həmin kütləni qazıb basdırmaq, yəni məhv etmək üçün üzərində gəzdirdiyini, verilən sualları tam aydın formada başa düşdüyünü, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir təzyiq göstərilmədiyini bildirmişdir. ( cild 1. İş vərəqə 105) Şəxsi axtarış və götürmə aparılması haqqında, diskə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 aprel 2023-cü il tarixli, 6/1998 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “vət. Təqsirləndirilən şəxs götürülmüş maddi sübut” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 8,064 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. ( Cild 1, iş vərəqə 36-40) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoioji ekspertizasının xx.xx.2023-cü mil tarixli 3483 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorın qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 76) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi - 8,064 qram psixotrop maddə metamfetamin ********* №-li cinayət işi üzrə maddi sübut hesab edilmiş və metamfetaminin 8,014 qram qalığı saxlanılması üçün Abşeron RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir, video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 98-99, 106) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( cild 1, iş vərəqə 76) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Yasamal rayon İcra hakimiyyəti 24 saylı MKTB tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 81) Elektron məhkəmə sistemindən görünür ki, təsirləndirilən şəxsin himayəsində xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X6 adlı iki övladı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində külli miqdarda psixotrop maddə olan metamfetamin olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «metamfetamin» psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 07 aprel 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs psixostimulyatorın qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-nin Növbətçi Hissəssinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış – 8.014 qram metamfetamin məhv edilməli, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs olan 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 05 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-nin Növbətçi Hissəssinə təhvil verilmiş ekspertiza təqqiqatından sonra qalıq qalmış – 8.014 qram metamfetamin məhv edilsin, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar