Məhkəmə qərarları › İş №1(124)-605/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-605/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-605/2024 27.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 2007-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, Abşeron rayonu, Saray qəsəbəsi, 1 nömrəli tam orta məktəbin 11C sinif şagirdi, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 29 dekabr 2023-cü il tarixdə saat 20:50 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən «Saray market»in qarşısında tanışı Zərərçəkmiş şəxs əmisi nəvəsi X6 ilə 3-4 gün əvvəl aralarında olmuş mübahisəyə aydınlıq gətirən zaman, aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs bir dəfə onun sol xaya nahiyəsindən təpiklə vuraraq, ona sol xayanın üst hissəsinin sıyrılmış yarası kimi sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirdikdən sonra, o, üzərindəki soyuq silah hesab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə qəsdən vuraraq, ona qarın nahiyəsinin yuxarı şöbəsinin sağ iç hissəsinin daxilə keçərək diafraqmanın sağ hissəsini və qaraciyərin sol payını zədələyərək daxili qanaxmaya və hemopnevmotoraksa səbəb olan kəsilmiş-deşilmiş yarası kimi zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə 29 dekabr 2023-cü il tarixdə, saat 21:00 radələrində baş vermişdir. Hadisə baş verməzdən 2-3 gün əvvəl Şahid1 ilə aralarında mübahisə yaranmışdır. Şahid1 də bu barədə Zərərçəkmiş şəxs bildirmişdir. Zərərçəkmiş şəxs ona zəng edərək, bu məsələyə aydınlıq gətirmək istədiyini demişdir. Zərərçəkmiş şəxsla görüşmüşlər. Aralarında mübahisə yaranmış və dalaşmağa başlamışlar. Hadisə yerində çoxlu sayda adamlar vardı. Yəqin ki, orada olan şəxslərdən hər hansı birinin bıçağı yerə düşmüşdü. O, yerdə bıçaq görmüşdür. Həmin vaxt qorxmuş və bıçağı götürüb vurmuşdur. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə 29 dekabr 2023-cü il tarixdə baş vermişdir. Şahid1 Təqsirləndirilən şəxs ilə aralarında mübahisə baş verdiyini ona demişdir. O da Təqsirləndirilən şəxs çağıraraq, Şahid1 ilə onu barışdıracağını düşünmüşdür. Təqsirləndirilən şəxs ondan yaş olaraq çox kiçikdir. O, onu hər hansı mübahisəyə aydınlıq gətirmək üçün çağırmamışdır. Təqsirləndirilən şəxslə görüşmüşlər. Təqsirləndirilən şəxs həyəcanlanmışdır. Birdən-birə aralarında mübahisə yaranmış və onlar dalaşmağa başlamışlar. Həmin vaxt yaxınlıqdakı marketin qarşısında çoxlu sayda adamlar olmuşdur. Həmin şəxslər Təqsirləndirilən şəxslə aralarında olan dava ilə əlaqəsi olmayan şəxslər idi. Onların aralarında baş verən dava 1 dəqiqədən çox davam etməmişdir. Təqsirləndirilən şəxs yerə yıxmış, ona şillə və təpik vurmuşdur. Daha sonra yaralandığını görmüşdür. Təqsirləndirilən şəxs bıçaqla onu vurmuşdu. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar. Məhkəmədə şahid qismində dindirilmiş X7 Alayının Patrul bölüyünün polis nəfəri Şahid4 ifadəsində göstərdi ki, 29 dekabr 2023-cü il tarixdə Şahid3 ilə birlikdə xidməti vəzifələrini həyata keçirərkən, xidmətdə olduqları ərazidə dava baş verdiyini görmüşlər. Hadisə baş verdiyi yerə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs hadisə yerindən qaçmışdır. O, hadisə yerində qalmış, Şahid3 Təqsirləndirilən şəxs arxasınca qaçmış və onu saxlamışdır. O da zərərçəkmiş şəxsə kömək etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 Alayının Patrul bölüyünün polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, hadisə 29 dekabr 2023-cü il tarixdə saat 22:00-23:00 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Saray” marketin yaxınlığında baş vermişdi. Şahid4 ilə birlikdə xidməti vəzifələrini həyata keçirərkən, xidmətdə olduqları ərazidə dava baş verdiyini görmüşlər. Hadisə baş verdiyi yerə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs hadisə yerindən qaçmışdır. O, onun arxasınca qaçmış və təxminən 700-800 metr qaçdıqdan sonra onu saxlamışdır. Şahid4 hadisə yerində qalmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurmuşdu. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə aralarında mübahisə baş vermişdi. O, Zərərçəkmiş şəxs aralarında baş verən mübahisə barədə bildirib ondan onları barışdırmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs da bunun üçün Təqsirləndirilən şəxs çağırmış və onlar görüşmüşlər. Lakin, bu dəfə onlar arasında mübahisə yaranmışdır və daha sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “ifadənin yerində yoxlanılması barədə” 26 fevral 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Tahirov X5 rayonu, Saray qəsəbəsi, “Saray marketin” qarşısında Təqsirləndirilən şəxs tərəfindən bıçaqla xəsarət yetirildiyi yeri əyani şəkildə göstərmişdir. (Cild 1, iş vərəqləri 116-118) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 12 yanvar 2024-cü il tarixli 50 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs anlaqlıdır hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onun əqli intellektual imkanlar (yaddaş, diqqət, qavrama, təfəkkür, dərketmə və s.) normaya uyğun olması müəyyən olunur. O, iş üçün əhəmiyyət kəsb edən halları adekvat qavrama, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. (Cild 1, iş vərəqləri 90-93) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 40/2024- MTKŞ saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar və alt şalvarı üzərində zədə və zədə izləri aşkar edilmədi. (Cild 1, iş vərəqləri 95-97) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 328 №-li ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthi üzərində aşağıdakı xəsarətlər vardır: qarın nahiyəsinin yuxarı şöbəsinin sağ iç hissəsinin daxilə keçərək diafraqmanın sağ hissəsini və qaraciyərin sol payını zədələyərək daxili qanaxmaya və hemopnevmotoraksa səbəb olan 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası iti kəsici-deşici xarakterə malik əşyanın (alətin) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyəyə bıçaqla vurulma nəticəsində yarana bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (Cild 1, iş vərəqləri 99-101) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 08 №- li ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs bədən səthi üzərində aşağıdakı xəsarətlər vardır: sol xayanın üst hissəsinin sıyrılmış yarası küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyəyə kənar şəxsin bədən hissəsinin təsirindən yarana bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. (Cild 1, iş vərəqləri 156-157) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 3/93 №-li ekspert rəyinə əsasən tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. (Cild 1. iş vərəqləri 147-149) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəq 80) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət törədərkən yetkinlik yaşına çatmaması, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsi və zərərçəkmiş şəxslə barışması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2, 59.1.8 və 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, məktəbli olması, əməlindən peşman olması və atasının ikinci dərəcə əlil olması da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan, məktəbli olan təqsirləndirilən şəxsə təhsilinin davam etdirilməsinə şərait yaradılmalı, onun gənc olması, həyat təcrübəsinin az olması və ailə vəziyyəti nəzərə alınaraq islah olunmasını təcəssüm etməsinə ən azı bir dəfə şans verilməlidir. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının 09 aprel 2002-ci il tarixli Qanununun 1.0.2-ci maddəsinə əsasən yaşı 14-dən 29-dək olan şəxslər gənc hesab olunurlar. Həmin Qanunun 3.1-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında gənclər siyasətinin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına, sosial və iqtisadi problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına kömək etməkdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamın 8-ci bəndində qərara alınmışdır ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bu məqsədlə Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli Qərarının 2ci bəndinə əsasən Cinayət Məcəlləsinin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayəthüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X2rşı, § 26). Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ictimai təhlükəli olmadığını və azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq çəkməklə islah oluna biləcəyini mümkün hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, şərti məhkum etmə təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxsin üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 11 yanvar 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 44-46, 56-59) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 01 ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən həyata keçirilsin. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 01 ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar