Məhkəmə qərarları › İş №1(124)-606/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-606/2024

07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-606/2024 07.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Tərcüməçi- X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı il tarixdə Gürcüstanın Qardabani rayonunda doğulmuş, Gürcüstan vətəndaşı, subay, orta təhsilli, yük avtomobili sürücüsü işləyən, Gürcüstanın Qardabani rayonunun, Axalsopeli kəndində qeydiyyatda olmaqla yaşayan, məhkumluğu olmayan, 14 dekabr 2023-cü il tarixdə tərəfimdən qəbul edilmiş qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsi ilə ittiham elan edilərək Bakı şəhər Yasamal rayon Məhkəməsinin hakimi X3 20 noyabr 2023cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 206.3.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan yerdə və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qəsdən qanunsuz olaraq əldə etdiyi 1 kağız bükümdə, 3,348 qram qurudulmuş marixuana narkotik vasitəsini əyninə geyindiyi gödəkçənin sol qolundakı cibin içərisində yerləşdirib idarə etdiyi “Daf” markalı, QQ902LQ/GG823C dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Gürcüstandan Rusiya Federasiyasına gedərkən 18 noyabr 2023-cü il tarixdə saat 10:30 radələrində Gürcüstandan Azərbaycan Respublikasına daxil olarkən Balakən Gömrük İdarəsinin Balakən rayonu ərazisində yerləşən “Mazımqara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bundan sonra o, təkrar olaraq qeyd olunan, istintaqa məlum olmayan yerdə və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qəsdən qanunsuz olaraq əldə etdiyi 1 kağız bükümdə, 3,348 qram qurudulmuş marixuana narkotik vasitəsini idarə etdiyi “Daf” markalı, QQ902LQ/GG823C dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedərkən 19 noyabr 2023-cü il tarixdə saat 11 radələrində Xaçmaz Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Şirvanlı” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin tarixdə, saat 12 radələrində gömrük əməkdaşları tərəfindən keçirilmiş yoxlama nəticəsində qeyd edilən narkotik vasitə saxlanıldığı yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Gürcüstandan Azərbaycana gələn zaman üzərində narkotik vasitə olmamışdır. Gürcü sürücü ilə rastlaşmış, Azərbaycanda narkotik vasitənin qadağan olduğunu ona deməmişdir. Gürcüstanda bu əməl cinayət deyildir. Həmin narkotik vasitəni cibinə qoymuşdur. Gürcüstandan Azərbaycana keçən zaman onun üzərinə baxış keçirilməmişdir. Xaçmaz Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Şirvanlı” gömrük postunda ona birbaşa olaraq cibini açmağını xahiş etmişdirlər. Narkotik vasitəni cibinə qoyularkən görüblər deyə birbaşa həmin cibinə baxıb cibini açmağını xahiş etdiklərini düşünmüşdür. Verilən suallara cavab olaraq bildirdi ki, marixuananın 20 il əvvəl dadını yoxlamış, mütəmadi olaraq ondan istifadə etməmişdir. Evdə olanda, işləməyəndə narkotik vasitə istifadə etmişdir. Cinayət işinin materiallarındakı rəydə görünür ki, müalicəyə ehtiyacı var, amma asılılığı yoxdur. Narkotik vasitə hədiyyə olmuş, ona pul verib almamışdır. Rusiya- Azərbaycan sərhədində, Xaçmaz rayonu ərazisində tutulmuşdur. Üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitənin burada qanunsuz olduğunu bilməmişdir. Gürcüstanda hansı miqdardan sonra cinayət məsuliyyət yaratdığını dəqiq bilməmiş, 3 qram narkotik vasitəyə görə Gürcüstanda cəza olmamış, külli miqdar narkotik vasitəyə görə yəqinki cəza olmuşdur. Maşın dostunundur. Hər dəfə boş maşınla gələndə Azərbycandan Rusiyaya getmiş, Rusiyadan mal yükləyib Gürcüstana daşımaq üçün maşınla gəlmişdir. Tranzitlə Rusiyaya keçmək üçün 1 ay vaxt lazım olur. Üstündə qadağan olunmuş əşya olmamışdır. Maşına baxış keçirilərkən gömrük əməkdaşlarından biri sağ qapıya digəri isə sol qapıya qalmalıdır. Həmin vaxt sükan arxasında əyləşmişdir. Həmin narkotik vasitəni yenidən onun cibinə qoyub, otaqda çəkilişə başlamışdırlar. Onun cibinə qoyduqları narkotik vasitə olmuşdur. İbtidai istintaqa verdiyi ifadəni təsdiq etmir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməmiş, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən 15 il olar ki, narkotik vasitə olan marixuanadan istifadə etmiş, qurudulmuş marixuana narkotik vasitəsi istifadə etmək Gürcüstanda cinayət olmamış, əldə etmək asan olmuş, istifadə etdiyi qurudulmuş marixuana narkotik vasitəsini Gürcüstanda tanımadığı şəxslərdən əldə etmişdir. Təxminən 14 ildir sürücülük fəaliyyəti ilə məşğul olmuş, Gürcüstandan digər ölkələrə yüklərin daşınmasını həyata keçirmiş, özünə məxsus olan yük nəqliyyat vasitəsi olmuş, çalışdığı şirkətlərə məxsus yük nəqliyyat vasitələrini idarə etmiş, hazırda “DAF” markalı, QQ902LQ/GG823C dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş, həmin yük avtomobili işçisi olduğu şəxsə məxsus olmuşdur. xx.xx.2023-cü il tarixdə idarə etdiyi nəqliyyat vasitəsi ilə Rusiya Federasiyasının Vladiqafqaz şəhərinə getmək üçün yola düşmüş, oraya Gürcüstana taxıl yükü gətirmək üçün getmişdir. Yola düşməzdən əvvəl şəxsi istifadəsi üçün az miqdarda qurudulmuş marixuana narkotik vasitəsi götürmüş və həmin narkotik vasitəni kağıza bükərək əynindəki gödəkcənin sol qol cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə Gürcüstandan Azərbaycan Respublikası ərazisinə daxil olmuş və Rusiya Federasiyası ərazisinə daxil olmaq üçün “Şirvanlı” gömrük postu istiqamətində yolua davam edərək xx.xx.2023-cü il tarixdə “Şirvanlı” gömrük postuna çatmışdır. Orada gömrük əməkdaşı ondan gömrük nəzarətinə bəyan olunmalı mallarının olub-olmadığını soruşmuş, o, idarə etdiyi nəqliyyat vasitəsində şəxsi geyim əşyalarının olduğunu bildirmişdir. Bundan sonra, gömrük əməkdaşı ona idarə etdiyi “DAF” markalı, QQ902LQ/GG823C dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yoxlama keçiriləcəyini bildirib və yoxlama keçirməyə başlamışdır. Yoxlama zamanı idarə etdiyi nəqliyyat vasitəsindən qadağan olunmuş hər hansı bir predmet aşkar edilməmişdir. Sonra gömrük əməkdaşı üzərində şəxsi yoxlama aparılacağını bildirib onu postun şəxsi yoxlama otağına dəvət etmiş, üzəri yoxlanılan zaman, əynindəki gödəkcənin sol cibindəki kağıza bükülü şəkildə olan marixuana aşkar edilmişdir. Həmin marixuananı gömrük əməkdaşı protokol tərtib edərək götürmüş, sənədlər tərtib edilmiş, tərcüməçi tərəfindən ona oxunmuş, o da sənədləri imzalamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, “Mazımqara” gömrük postundan keçməklə Azərbaycana gəlmiş, Gürcüstan-Rusiya sərhədində həddindən artıq çox növbə olduğu üçün Azərbaycana daxil olaraq getmək qərarına gəlmiş, qurudulmuş marixuana narkotik vasitəsi Gürcüstandan Azərbaycan Respublikasına daxil olduğu zaman da üzərində olmuş, orada gömrük əməkdaşları idarə etdiyi avtomobili yoxlamış, lakin tapa bilməmişlər, o da deməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz Gömrük İdarəsinin “Şirvanlı” gömrük postunun baş inspektoru Şahid ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə, “Şirvanlı” gömrük postunda növbədə olduğu gün, saat 10:50 radələrində postun ixrac gömrük nəzarəti zonasına şəxsiyyəti sonradan ona məlum olan Gürcüstan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı nəqliyyat vasitəsi ilə daxil olmuşdur. O, sürücüyə yaxınlaşaraq sənədlərini alıb nəzər yetirmiş, nəqliyyat vasitəsinin yüksüz olaraq Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Gürcüstandan Rusiya Federasiyasına getdiyi və ölkə ərazisinə Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postundan keçməklə daxil olması məlum oldu. O, Təqsirləndirilən şəxs gömrük nəzarətinə bəyan olunmalı və ya gizlədilmiş mallarının olub-olmadığını soruşmuş, həmin şəxs bəyan edilməli və ya gizlədilmiş mallarının olmadığını bildirdi. Bundan sonra o, sürücüyə idarə etdiyi nəqliyyat vasitəsinə yoxlama keçiriləcəyini bildirib videoçəkilişlə yoxlama keçirməyə başlamışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, nəqliyyat vasitəsindən gömrük nəzarətinə bəyan olunmayan, gömrük nəzarətindən gizlədilmiş, qanunla qadağan olunmuş hər hansı bir predmet aşkar edilmədi. Yoxlama zamanı Təqsirləndirilən şəxs hərəkətləri şübhə doğurduğu, özünü həyəcanlı apardığı üçün üzərində şəxsi yoxlama aparmaq qərarına gələrək bu barədə rəhbərliyə məlumat verib müvafiq icazə əsasında Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparmaq üçün onu postun şəxsi yoxlama otağına dəvət edərək videoçəkilişlə şəxsi yoxlama aparmağa başlamışdır. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi gödəkcənin sol qolundakı cibindən bir ədəd kağız büküm aşkar edildi. Həmin bükümə keçirilmiş baxış nəticəsində içərisində spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edildi, həmin kağız büküm elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə təxmini çəkisinin 7,1 qram təşkil etdiyi müəyyən edildi. Yoxlamalar bitdikdən sonra zəruri protokollar tərtib edildi və dəvət olunmuş tərcüməçi tərəfindən Təqsirləndirilən şəxs oxunmuş, iştirakçılar tərəfindən imzalandı. Narkotik vasitəni hardan əldə etdiyini deməmişdir. Qeyri-adekvat hərəkətlər etdi. Şəxsi yoxlama otağında narkotik vasitə aşkarlandı. Maşının içərisində cibinə baxış keçirildi. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, şahidin ifadəsi ilə razı deyildir. Maşında olarkən cibini yoxlamamışdırlar. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Xaçmaz Gömrük İdarəsinin “Şirvanlı” gömrük postunda tərtib edilmiş 19 noyabr 2023-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, yoxlama zamanı Təqsirləndirilən şəxs üzərində gömrük nəzarətinə bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş, qanunla qadağan olunmuş heç bir şey olmadığını bildirmiş, şəxsi yoxlama zamanı, X1 üzərindəki gödəkçənin sol qolunda yerləşən cibindən gömrük nəzarətinə bəyan olunmayan kağıza bükülü şəkildə ümumi təqribi çəkisi 7,1 qram təşkil edən, spesifik iyə malik narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki aşkar olunmuşdur. (Cild İ, iş vərəqə17-19) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22 noyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokolla Təqsirləndirilən şəxs idarə etdiyi “Daf” markalı, QQ902LQ/GG823C dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə, saat 10:27-də “Mazımqara” DSMB-dən keçməklə Gürcüstandan Azərbaycan Respublikasına daxil olduğu, xx.xx.2023-cü il tarixdə saat 10:50-də Xaçmaz Gömrük İdarəsinin “Şirvanlı” gömrük postunda tranzit çıxış məqsədilə qeydiyyata alındığı müəyyən edilmişdir. (Cild İ, iş vərəqə 128-131) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Xaçmaz Gömrük İdarəsinin əməliyyat və təhqiqat şöbəsində qəbul edilmiş 19 noyabr 2023-cü il tarixli qərarla məhkəmə-bioloji ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2023-cü il tarixli, 3-16- 16/2/7/1588 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 3,348 qram maddə bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış tədqiqatdan sonra qurudulmuş marixuana narkotik vasitəsinin qalığı 3,308 qram təşkil etmişdir. (Cild İ, iş vərəqə 48, 56-58) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 04 dekabr 2023-cü il tarixli, 7925 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyində göstərilmişdir ki, Müayinə zamanı Təqsirləndirilən şəxs kannabionidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild İ, iş vərəqə 112-113, 145-147) Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3,348 qram qurudulmuş marixuana narkotik vasitəsi 21 noyabr 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Aparılmış tədqiqatdan sonra qalıq çəkisi 3,308 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi məhkəmənin yekun qərarınadək saxlanılması üçün Əməliyyat – İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. (Cild İ, iş vərəqə126-127) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 18 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən ondan götürülmüş 1 ədəd “Redmi” makalı mobil telefonun qaytarılması ilə bağlı özü və ya yaxın qohumları tərəfindən müüraciət daxil olmadığı üçün həmin mobil telefonun təyinatı məsələsi yekun məhkəmə qərarı ilə həll edilməsi məqsədi ilə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (Cild İ, iş vərəqə 183-192 ) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statisik və İnformasiya İdarəsi tərəfindən daxil olmuş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild İ, iş vərəqə 42-144) Məhkəmə, Təqsirləndirilən şəxs Gürcüstan Respublikasından Azərbaycan Respublikasına keçən zaman üzərində narkotik vasitə olmaması, narkotik vasitəni ona tanımadığı bir şəxsin verməsi və Azərbaycan Respublikası ərazsində törətdiyi əməlin cinayət olmasını bilməmisi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza, eləcə də qanunla nəzərdə tutulmuş əlavə cəza təyin edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair» 06 yanvar 2021-ci il tarixli Qərarının tələblərini rəhbər tutur. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır. Satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu normasının tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi, müsbət xarakterizə olunması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, ailəni dolandıran yeganə şəxs olması da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin yuxarıda sadalanan halları, eləcə də cinayət qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət qanununun maddəsinin sanksiyası ilə müəyyən edilmiş aşağı həddindən az azadlıqdan məhrum etmə növündə cəzaya məhkum etməklə də, ona təyin edilmiş cəzanın məqsədinə nail olmaq mümkündür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası ilə müəyyən edilmiş aşağı həddində az azadlıqdan məhrum etmə növündə cəzanı çəkməklə islah olunmasını, bununla da cəzanın məqsədinə nail olunmasını mümkün hesab edir: Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu – məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verməyən, cinayət tərkibi yaratmayan həddə 3,348 qram qurudulmuş marixuananı Azərbaycan Respublikası gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Azərbaycan Respublikasının ərazisindən tranzit keçməsi səbəbindən onun təkrarən qaçaqmalçılıq əməlini törətməyə qərəzli motivi və məqsədi olmamışdır. Cinayətin motivi təqsirləndirilən şəxs tərəfindən həmin narkotik vasitənin yol boyu istifadə etmək olsa da, cinayətin məqsədi yalnız gömrükdə bəyan etməməklə bu narkotik vasitənin Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsi olmuşdur. Bu zaman təqsirləndirilən şəxsin məqsədi cinayət qanunu ilə qorunan hər hansı bir digər ictimai münasibətlərə və obyektlərə zərər yetirmək olmamışdır. Başqa, sözlə Təqsirləndirilən şəxs qurudulmuş marixuananı Azərbaycan Respublikasının ərazisində yayılmasına, bundan qazanc əldə olunmasına, nəticədə ölkə vərəndaşlarının sağlamlığına zərər yetirilməsinə yönəlmiş hərəkətlər etməmiş, bununla bağlı motivi və məqsədi də olmamışdır. Onun, məqsədi yalnız tranzit olaraq Azərbaycan Respublikası ərazisindən keçərkən onda olan, yaşadığı ölkədə istifadəsinə icazə verilən qurudulmuş marixuananı gömrük sərhədində bəyan etməməyə yönəlmişdir. Təqsirləndirilən şəxsin cinayətin törədilməsində roluna gəldikdə isə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayəti başqa şəxslərlə əlbir olaraq, xüsusi hazırlanmış, əvvəlcədən planlaşdırılmış və cinayətin aşkarlanmasını çətinləşdirən usul və vasitələrdən istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə cinayət törətməmiş, o, yalnız şəxsi istifadəsi üçün tnarkotik vasitəni bəyan etməmişdir. Cinayətin törədilməsi zamanı və bundan sonra təqsirləndirilən şəxsin davranışı – məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs cinayətin predmetini gizlətməyə çalışmamış, törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam etiraf edərək, istintaqla əməkdaşlıq etmiş, ibtidai istintaq və məhkəmə istintaqı zamanı səmimi ifadələr vermişdir. Bu isə onun şəxsiyyətinin cinayətə meyilli olmadığının və törətdiyi əməldən nəticə çıxarmaqla islah yoluna qədəm qoymasının təzahürüdür. Cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar – məhkəmə qeyd edir ki, təsirləndirilən şəxs Azərbaycan Respublikası gömrük sərhədindən külli miqdarda narkotik vasitə, psixotrop, zəhərləyici və partlayıcı maddələr, odlu silah və ya döyüş sursatı keçirməmişdir. O, şəxsi istifadəsi üçün, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibini belə yaratmayan həddə narkotik vasitəni bəyan etməməklə gömrük sərhədindən keçirmişdir. Məhkəmə hesab edir ki, ağır cinayət hesab olunsa belə hər hansı bir ağır nəticələrə səbəb olmayan əmələ görə vətəndaşı olduğu ölkədə istifadəsi cinayət məsuliyyəti yaratmayan təqsirləndirilən şəxsin azı 5 il müddətində Azərbaycan Respublikası ərazisində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi və bu müddət ərzində onun saxlanılmasına dövlət büdcəsindən külli miqdarda pul xərclənməsi cəzanın məqsədinə uyğun olmaqla, cəmiyyətin və dövlətin maraqlarına da uyğun deyildir. Əksinə Azərbaycan Respublikasının vətəndaşı olmayan və nəticə etibarı ilə cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılacaq bir gənc əcnəbinin uzun müddət ərzində azadlıqdan məhrum etmə yerində saxlanılmaqla islah olunmasının gözlənilməsi əvəzinə, islah yolunda olan bu şəxsə münasibətdə əlavə cəzanın icrasına daha tez nail omaqla onun ölkə hüdudlarından kənara məcburi çıxarılması ümumilikdə ona təyin olunan əsas və əlavə cəzanın məqsədinə uyğun olmaqla yanaşı, bu yanaşmanı dövlətin və cəmiyyətin maraqlarına da uyğun yanaşma kimi qəbul etmək olar. Məhkəmə həmçinin qeyd edir ki, cinayət törətmiş şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu institutuna həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin onun əməlinə görə qanunla nəzərdə tutulmuş cəzanın aşağı həddindəndə az cəza çəkməklə islah olunacağına dair inam onun barəsində bu institutun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X4rşı, § 26). Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Cinayət qanunun həmin normasını rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu 19 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Cinayət qanunun həmin normasını rəhbər tutaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və məhkəmənin yekun qərarınadək saxlanılması üçün Əməliyyat – İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş 3,308 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi məhv edilməlidir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən ondan götürülmüş 1 ədəd “Redmi” markalı mobil telefonu onun yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli 19 noyabr 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Əməliyyat – İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş 3,308 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi məhv edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən ondan götürülmüş 1 ədəd “Redmi” markalı mobil telefonu onun yaxın qohumlarına qaytarılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar