Məhkəmə qərarları › İş №1(124)-61/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-61/2022

17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-61/2022 17.05.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu (məruzəçi hakim) və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt şəhər məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt şəhəri 13-cü mikrorayon ev 40 mənzil 35də qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 207,908 qram narkotik vasitə olan heroini əldə edib, həmin narkotik vasitə olan heroinin 1,595 qramını 14 may 2021-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən «Qərb» sarayının yaxınlığında tanışı X3 25 manata sataraq, qalan 206,313 qram narkotik vasitə heroini daşıyıb üzərində saxlamış, 15 may 2021-ci il tarixdə saat 03:55-da Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən «Ruzi» marketin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən boyun hissəsindən asılmış qara rəngli çantasında olan göy rəngli sellofan paketin içərisindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 206,313 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq, götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Şahid1 onu evladının doğum gününə dəvət etmişdir. Buna görə özünün mobil telefonu ilə “6555” taksi xidmətindən taksi sifariş edərək Fəridin Abşeron rayonu Saray qəsəbəsində yerləşən evinə getmişdir. 14 may 2021-ci il tarixdə günorta saat 14 radələrində Fəridin evində oğlunun doğum gününü qeyd edərkən fərdi yaşayış evinin qapısı döyülmüşdür. Polis əməkdaşları içəri daxil olaraq Fərid ilə onu Sumqayıt ŞPİ-ə aparmışdılar. Gecə saat 03 radələrində Elvin və Əli adlı şəxsləri ona qarşı ifadə verməsi üçün polis idarəsinə gətirmişlər. Lakin həmin şəxslərin heç biri ona qarşı ifadə vermək istəməmişlər. Polislər ona mənəvi-psixoloji təzyiq göstərərək cinayət əməlini törətməyini etiraf etməyini tələb etmişlər. Bu səbəbdən də təzyiqlərə boyun əyərək cinayət əməli törətməyini etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərdi ki, “kakos” deyilən narkotik vasitə heroindən istifadə etsə də narkotik vasitələrin satışı ilə məşğul olmamış, polis idarəsində ona mənəvi-psixoloji təzyiq göstərilmiş, polis idarəsinə Rəşad adlı şəxsin idarə etdiyi ağ rəngli “Sportage” markalı avtomobillə Şahid1lə birlikdə aparılmışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zaman verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunduğu ifadəsində o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 15 may 2021-ci il tarixdə saat 03:55-də Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən «Ruzi» marketin yaxınlığında tanışı Şahid1 ilə görüşərkən, polis əməkdaşları onlara yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərilərində gəzdirilməsində şübhəli olduğunu bildirib, onları Sumqayıt ŞPİ-yə dəvət etmişlər və üzərlərinə şəxsi axtarış keçiriləcəyini elan etmişlər. Onlar da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-yə gəlmişlər. Orada xidməti otaqların birində təhqiqatçı və polis əməkdaşları ona özlərini təqdim etmişlər, o da özünü onlara təqdim etmişdir. Daha sonra, onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X4 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. O, da boyun hissəsindən asılmış vəziyyətdə olan qara rəngli çantanın içərisini açaraq oradan göy rəngli sellofan paketi çıxartmış, həmin sellofan paketi açaraq oradan 1 ədəd şəffaf rəngli sellofan bükümü və 01 ədəd elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofan büküm açılmış, içərisinə baxılarkən sellofan bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı o, aşkar olunan qəhvəyi rəngli maddənin "kakos", yəni heroin olduğunu, onu şəxsi istifadə etmək üçün üzərində saxladığını demişdir. Daha sonra etiraf etmişdir ki, 14 may 2021-ci il tarixdə Allahverdiyev Elvin kimi tanıdığı şəxs də ondan şəxsi istifadə etməsi üçün 25 manata heroin almışdır. Üzərindən aşkar olunaraq götürülmüş heroin tərəzidə çəkilmiş, daha sonra tərəzi ilə birlikdə qablaşdırılmışdır. Sənədləşdirilmə aparılmış, o da sənədlərə imza etmişdir. Onlar saxlanılarkən Şahid1 onun üzərində narkotik vasitə olduğunu bilməmiş, ona bu barədə heç nə deməmiş, ümumiyyətlə Fərid onun narkotik vasitələrdən istifadə etdiyini və satışı ilə məşğul olduğunu bilməmişdir. Fərid meyxanaçı kimi fəaliyyət göstərdiyindən və onun pərəstişkarı oluğu üçün həmin günü onunla görüşmüşdür. Üzərindən aşkar olunmuş 01 ədəd elektron tərəzini sözügedən narkotik vasitə olan heroinin çəkisini müəyyən etməkdən ötrü üstündə gəzdirmişdir. Saxlanılarkən ona qarşı psixi və ya fiziki təsir tətbiq edilməmiş, heç bir hüququ pozulmamışdır. (Cild 1, iş vərəqləri 63-65) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 2021-ci ilin may ayında Sumqayıt şəhərində Cavid adlı şəxsin üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin saxlaması, satması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat müvəkkili Şahid3 daxil olduğu əməliyyat qrupu yaradılaraq gecə saat 03 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən “Ruzi” marketin yaxınlığında saxlayaraq Sumqayıt ŞPİ-nə dəvət etmişdirlər. Orada xidməti otaqların birində videoçəkiliş aparılmaqla vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaların təqdim edilməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs boyun hissəsindən asılmış vəziyyətdə olan qara rəngli çantanın içərisini açaraq içərisində 1 ədəd şəffaf rəngli sellofan büküm və 01 ədəd elektron tərəzi olan göy rəngli sellofan paketi çıxararaq təqdim etmişdir. Cavidin təqdim etdiyi bükümün içərisinə baxılarkən sellofan bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan qəhvəyi rəngli maddənin "kakos", yəni heroin olduğunu, onu şəxsi istifadə etmək üçün üzərində saxladığını, Bakı şəhərindən əldə etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkilli Şahid3 Şahid2lə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs meyxanaçı kimi tanıyır. 15 may 2021-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışdır. Bir müddət söhbət etdikdən sonra polis əməkdaşları onlara yaxınlaşaraq Sumqayıt ŞPİ-ə aparmışlar. Orada üzərlərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilmişdir. Lakin Cavidin üzərində həmin vaxt narkotik vasitə olduğunu bilməmişdir. Həmin vaxt onun üzərində də şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra, o, verilən suallara cavab olaraq göstərmişdir ki, evli olmaqla bir övladı var, övladının doğum günü sentyabr ayındadır və həmin gün onun evladının doğum günü olmamış, Təqsirləndirilən şəxs onun evində gəlməmiş, Cavidlə Corat ərazisində qarşılaşıb təxminən 10 dəqiqə söhbət etdikdən sonra polis əməkdaşları onlara yaxınlaşmış, hər ikisini ayrı-ayrı maşınlarda polis idarəsinə aparmışlar, bu zaman ona və Cavidə hər hansı bir təzyiq göstərilməmiş, Cavidin üzərində ilkin olaraq çanta görməmiş, lakin polis idarəsində çantanın olmasını görmüşdür. Bununla belə, Şahid1 məhkəmədə elan olunaraq tədqiq olunmuş ibtidai sitintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxsla 15 may 2021-ci il tarixdə saat 03:50 radələrində görüşmüş, Cavidin üzərində videoçəkilişlə axtarış aparılarkən o, boynuna keçirmiş qara çantasından 01 bükümdə narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı Cavid bildirmişdir ki, həmin heroini hardansa tapmış, həmin heroindən Elvin kimi tanıdığı Əli Allahverdizadəyə də pay vermişdir. (Cild 1, iş vərəqləri 110-111) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış keçirilməsi barədə” 15 may 2021-ci il tarixli protokoldan görünür ki, Sumqayıt ŞPİ-də xidməti otaqda Təqsirləndirilən şəxs və Şahid1 şəxsiyyətləri müəyyən olunur. Daha sonra, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində hər hansı bir qanunla qadağan olunan əşya varsa təqdim etsin. O, boyun hissəsindən asılmış vəziyyətdə olan qara rəngli çantanın içərisini açaraq oradan göy rəngli sellofan paketi, 01 ədəd elektron tərəzini və 01 ədəd «Samsung» markalı mobil telefonu çıxarıb təqdim edir. Cavidin təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açılır, içərisinə baxılarkən sellofan bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan qəhvəyi rəngli maddənin "kakos", yəni heroin olduğunu, onu tapdığını və şəxsi istifadə etmək üçün üzərində saxladığını, həmin heroindən Elvin kimi tanıdığı Əli Allahverdizadəyə də pay verdiyini bildirmişdir. Şahid1 üzərində isə hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroin və elektron tərəzi qablaşdırılaraq möhürlənmişdir. (Cild 1, iş vərəqləri 26-27) “Şəxsi axtarış keçirilməsi barədə” 01 may 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 20 may 2021-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 103-105) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 15.05.2021-ci il tarixli, 6/1921 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «…Vət.Təqsirləndirilən şəxs üzərindən…» sözləri olan zərfdəki bir bükümdə təmiz çəkisçi 206,313 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Üzərində «…Vət.Təqsirləndirilən şəxs üzərindən …» sözləri olan zərfdəki bir bükümdə təmiz çəkisi 206,313 qram onlar narkotik vasitə heroinlə üzərində «…X2 üzərindən…» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,595 qram olan narkotik vasitə olan heroin kimyəvi komponent tərkiblərinə görə eynidirlər. (Cild 1, iş vərəqləri 38-44) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 29.07.2021-ci il tarixli, 2555 saylı rəyindən görünür ki, müayinə zamanı Babaşov Cavid Nadir oğlunda opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 125-126) Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 19 may 2021ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 206,263 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, şəxsi axtarış istintaq hərəkəti keçirilməsi görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqi 93) İş materiallarında olan “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə” 19 avqust 2021-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəsinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********** nömrəli cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqləri 121-122) Bundan başqa, müdafiə tərəfi məhkəməyə vəsatətlə müraciət edərək Təqsirləndirilən şəxs narkotik vasitə satdığı X2 məhkəmədə dindirilməsini xahiş etmişdir. Müdafiə tərəfinin həmin vəsatəti təmin olunmuş, lakin cinayət işinin materiallarında olan Sumqayıt şəhər məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərarından görünür ki, X5 məhkəmədən gizləndiyi üçün barəsində axtarış elan edilmişdir. Daha sonra, müdafiə tərəfi məhkəməyə vəsatətlə müraciət edərək X2 tutularkən tərtib edilmiş şəxsi axtarış protokolunun və ona aid videogörüntülərin məhkəmədə tədqiq olunmasını xahiş etmişdir. Müdafiə tərəfinin həmin vəsatəti də təmin olunmuş və Əli Allahverdizadənin üzərində şəxsi axtarışın keçirilməsinə dair videogörüntülərə məhkəmə iclasında baxılarkən müəyyən olunmuşdur ki, o, üzərində aşkar olunmuş 1,595 qram narkotik vasitə heroinin Caviddən aldığını demişdir. Məhkəmə, Təqsirləndirilən şəxs tutularkən üzərində narkotik vasitənin olmaması, həmçinin narkotik vasitənin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi, ittihamda göstərilən yerdə və vaxtda deyil başqa yerdə və vaxtda tutulması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə həmçinin Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallara, yəni Təqsirləndirilən şəxs tutularkən onun boynunda çanta görməməsi, həmçinin günorta saatlarında tutulması ilə bağlı xüsusatlara tənqidi yanaşır və hesab edir ki, Şahid1 məhkmədə Təqsirləndirilən şəxs qarşı ifadə verərkən onu ifşa edən bəzi halları bilavasitə onun üzünə qarşı deməkdən çəkinməsi şahidin təqsirləndirilən şəxslə dostluq və tanışlıq münasibətinin olması ilə izah olunur. Bu səbəbdən məhkəmə şahid Fərid Sadıyevin ibtidai istintaq zamanı verdiyi ifadəsini daha obyektiv ifadə kimi qəbul edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 206,313 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 1375 dəfə,külli miqdardan isə təxminən 103 dəfə artıq olması, eləcə də narkotik vasitənin bir hissəsini Əli Allahverdizadəyə satması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Cild 1, iş vərəqləri 147-153) Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 15 may 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 16 may 2021-ci il tarixli qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə həbsdə saxlanılma müddti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 73-77) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 may 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan: tədqiqatdan sonra qalıq çəkisi 206,263 qram olan narkotik vasitə heroin hazırki cinayət işindən narkotik vasitənin mənbəsinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrılan ********* nömrəli cinayət işində saxlanılmalı, 01 ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınmalı, iş materiallarında olan 01 (bir) ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24.12.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 15 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs oğlu barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan: 206,263 qram narkotik vasitə heroin hazırki cinayət işindən ayrılmış cinayət işinə əlavə edilsin, 01 ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınsın, 01 (bir) ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar