Məhkəmə qərarları › İş №1(124)-61/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-61/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-61/2023 29.03.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər şəhər Regional Vəkil Bürosunun vəkili X1, xx.xx.1991-ci il tarixində Sumqayıt şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivi, ev 348-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda 248,801 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış, 08 yanvar 2022-ci il tarixdə saat 17:45-də Sumqayıt şəhəri, Sülh küçəsi, Məhkəmə kompleksinin qarşısında Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra, polis idarəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibində “Kent” markalı siqaret qutusunun içərisində saxlamış olduğu 01 ədəd şəffəf sellofan bükümdə təmiz çəkisi 248,801 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitələri internet vasitəsi ilə əldə etmiş, 10 qram narkotik vasitə almaq üçün 118 manat pul ödəmişdir. O, saxlanılarkən üzərində 10 qram narkotik vasitə olmuşdur. Onu polis bölməsinə aparandan sonra polis əməkdaşları ona aid olmayan narkotik vasitəni onun üzərinə qoymuşdurlar. Çəkiliş zamanı da görsənir ki, narkotik vasitə siqaret qutusuna yerləşmir çünki, polis əməkdaşları narkotik vasitənin çəkisini artırmış və 256 qram etmişdirlər. 1 ildir ki, narkotik vasitə istifadə etmişdir. ***-***-**-** və ***-***-**-** mobil nömrələri işlətmişdir. Telefonunda narkotik vasitə almaqla bağlı mesajlar olmuşdur. Saxlanılarkən üzərində 10 qram narkotik vasitə olmuşdur. Narkotik vasitəni şəxsi istifadə məqsədi ilə almışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkum olunmamışdır. Bir il olar ki, narkotik vasitə olan heroini istifadə edirmiş. O, narkotik vasitəni tanımadığı iran vətəndaşlarından əldə edirmiş və sonunculara pul ödəyirmiş. O, xx.xx.2022-ci il tarixdə, təxminən saat 17:40 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən Məhkəmə kompleksinin qarşısı ilə tanışı Rafiq Novruzovun taksi kimi istifadə etdiyi avtomobili ilə Sumqayıt şəhəri istiqamətinə gələrkən polis əməkdaşları avtomobili saxlamışdırlar. Onun narkotik vasitələrin qəbulu və üzərilərində gəzdirilməsi üçün saxladıqlarını bildirib onları Pİ-nə dəvət etmişdirlər, Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 təqdim olunmuşdur. Daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub -olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman özü əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu bir ədəd bükümü təqdim etmişdir. Həmin bükümdə «heroin» ə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı o, aşkar olunan həmin bükümün olan maddənin «kakos» adlandırdığı heroin olduğunu, aşkar olunmuş həmin bükümdəki maddənin Sumqayıt şəhərində, Ceyranbatan ərazisi tərəfində sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşından əldə etdiyim bildirmişdir. Həmin maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin tütün qutusu ilə birlikdə 256,49 qram olduğu müəyyən edilmiş, aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmişdir. Onlar tərtib edilmiş protokola imza etmişdirlər. Həmçinin, baxış zamanı üzərindən iki ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. O, ifadə zamanı verilmiş əlavə suallara cavab olaraq ondan götürülmüş narkotik vasitə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisində tanımadığı İran İslam Respublikasının vətəndaşınını qoyduğu yerdən əldən etdiyini və buna görə həmin İran vətəndaşına 118 manat pul ödədiyini. 118 manat pulu 7 qram narkotik vasitə olan heroin üçün göndərdiyini, həmin narkotik vasitəni öz istifadəsi üçün aldığını, əvəllər kiməsə narkotik vaistə satmadığını və hədiyyə vermədiyini bildirmişdir. (cild 1, iş vərəqə 64-66) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcədə satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin CAŞ-nın kiçik inspektorları, polis baş serjantı Şahid2, kiçik inspektor, polis serjantı Şahid3, kriminalistik təhqiqatlar bölməsinin inspektor-kriminalisti, polis kapitanı Orxan Aslanovdan ibarət əməliyyat qrupu təşkil etmişdirlər. Saat 17:30 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Sülh küçəsi istiqamətində taksidə olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri Məhkəmə kompleksinin qarşısına gəlmişdirlər. Təxminən bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs olduğu avtomobilin gəldiyini görmüşdürlər. Onlar 17:45-də Təqsirləndirilən şəxs olduğu avtomobili saxlamış və özlərini təqdim etdikdən sonra sürücüdən və sərnişindən özünü təqdim etməsini xahiş etmişdirlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs və X6 olduqlarını bildirmişdirlər. Daha sonra saxlanılan şəxsə hansı əsəslarla saxlanıldığını bildirmişdirlər və həmin şəxsləri Sumqayıt ŞPİ-nə dəvət etmişdirlər. Həmin şəxslər buna etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nə gəlmişdirlər. PB-də xidmtəi otaqların birində üzərinə videogörüntü ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir və Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibində saxladığı “Kent” markalı siqaret qutusunun içərisindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim etmişdir. Həmin bükümdə nə olduğu soruşulan zaman Təqsirləndirilən şəxs “Kakos” yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Təhqiqatçının müvafiq suallarına uyğun olaraq saxlanılan şəxs narkotik vasitəni internet vasitəsi ilə tanış olduğu, adını bilmədiyi iran vətəndaşından terminal vasitəsilə 118 manat ödəyərək şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nın kiçik inspektorları, polis baş serjantı Şahid2, polis serjantı Şahid3 Rafıq oğlu eyni məzmunlu ifadə verərək şahid ŞPİ-nin CAŞ-nın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 yanvar 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair ” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlaması, satması, üzərində gəzdirməsi və istifadə etməsi barədə Sumqayıt ŞPİ-nin CAŞ-na məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin hakimi Zaur Hacıyevin qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirlərinin aparılması barədə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 xx.xx.2022-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. (cild 1, vərəqə 4, 79-80) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş diskə baxış və şəxsi axtarış keçirilməsi haqqında protokollardan görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Etibar adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 17:45-də Sumqayıt şəhəri Sülh küçəsində Sumqayıt CAŞ-nın əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunur. Etibar da əynində olan qara rəngli gödəkçənin sağ yan cibində “Kent” markalı tütün qutusunun içində saxlanmış olduğu 01 ədəd bükümdə şəffaf sellofana bükülmüş spesifik iyə malik qəhvəyi rəngli narkotik maddə heroinə bənzər müəyyən olundu. Sorğu zamanı Etibar bildirdi ki, üzərindən aşkar olunmuş bükümün içində “kakos” adlandırdığı narkotik maddə heroindir. Aşkar olunmuş həmin maddəni tutulmamışdan 3 gün əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam respublikasının vətəndaşına 118 manat pulu kart vasitəsi ilə ödəmiş və həmin iran vətəndaşı ona narkotik vasitənin olduğu Ceyranbatan qəsəbəsi ərazisində olmasını bildirdikdən sonra ordan əldə edərək üzərində saxlamaqala daşımışdır. Həmin vaxt onun üzərindən aşkar olunmuş 01 büküm narkotik vasitə olan heroin tərəzidə çəkilərək, Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılıb Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənir. Etibarın üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş Nokia markalı telefon aşkarlanaraq gələcəkdə sübut əhəmiyyətli kəsb etməsi ehtimal olunduğundan götürüldü. Bundan sonra videoçəkiliş dayandırılır. (cild 1, iş vərəqə 26-27, 83) Diskə baxış və şəxsi axtarış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyavi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/108 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 248,801 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/108 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 39-43) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 290 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 122-123) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 34 saylı rəyindən görünür ki, Vət. Təqsirləndirilən şəxsun bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilmədi. (cild 1, iş vərəqə: 119-121) Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixdə daxil olmuş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskə daxil olduqda, diskin yaddaşında 05 ədəd fayl vardır. Həmin fayllara ardıcıl olaraq baxış keçirildikdə "xxxx" mobil operatoruna məxsus ********* mobil nömrəsinin Təqsirləndirilən şəxs adına qeydiyyata alındığı, mobil operatoralara məxsus mobil nömrələrinin sahibləri arasında mütəmadi olaraq telefon danışıqları həyata keçirilməsi və sms mətnləri göndərildiyi müəyyən olundu. Baxış keçirilən sms mətnləri aşağıdakılardır: Qaqa ele bildim yarini elvine bildirme dedin. Qaqa ele bildim yarini elvine bildirme dedin. Oxudunsa smsi mene vizv at bilim. Oxudunsa smsi mene vizv at bilim. İndi yarini goturub geldim burn ustunden 1 cet. Men indi yarini goturub geldim bura ustunden 1 cet. Sehv anladim bayaq ele bildim elvine deme deyirsen ele bildim Yalanci cixmayim elvine. Sehv anladim bayaq ele bildim elvine deme deyirsen ele bildim. Gel yanimiza cixanda vererem ya terslik cixsa evden cixa bilmesem tek goture bilersense at pulu Anar bibiogiu indi geldi bizdedi. Yene menim xestexana yatmaq sohbetim gedir. Yene soz sohbetdi kisiy isteyirsen ona gore atma pulu. Ya terslik cixsa evden cixa bilmesem tek goture bilersense at puhi Anar bibiogiu indi geldi bizdedi. Yene menim xestexana yatmaq sohbetim gedir. Yene soz sohbetdi kisiy Melik sendce summa 80di 40di? Qaqa men bele seher yatacam yatdim getdim men Qaqa and icirki 04 05 zad goturudum 01 zad qalib hardasa bele yatasi olmadiin men seher gel ozum vererm Qaqa and icirki 04 05 zad goturudum 01 zad alib hardasa bele yatasi olmadim men seher gelecem ozum vererm, yığıram seni mene de qederin yigim onu gel gotur bele qramnan coxuydu onda - məzmunda sms mübadilələrin aparılması müəyyən edilmişdir. Bundan başqa iş üçün əhəmiyyət kəsb edən sms-lər, telefon danışıqları aşkar edilməmişdir. (cild 1, iş vərəqə 112-113) Cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 248, 701 qram olan heroin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayan şəxsdir. (cild 1, iş vərəqə: 93) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 Saylı məhəllə komitəsindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bağçılıq Cəmiyyətinə şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitələri satmaq məqsədinin olmaması və narkotik vasitənin miqdarının ittihamda göstərildiyi qədər olmadığı barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda olması, narkotik vasitələrin satışı məqsədli yazışmalarının olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş bir ədəd bükümdə təmiz çəkisi 248, 701 qram olan heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 08 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş bir ədəd bükümdə təmiz çəkisi 248, 701 qram olan heroin məhv edilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar