Məhkəmə qərarları › İş №1(124)-61/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-61/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-61/2024 02.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxx 1994-ci il tarixində Sabirabad şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu. Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, döngə 2, ev 8A-da qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma, Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Adil” adlı şəxs və qevriləri ilə əlaqə saxlayıb əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən iran İslam Respublikasının vətəndaşı “Adil” adlı şəxs 25 avqust 2022-ci il tarixdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə qanunsuz, olaraq satış məqsədi ilə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil olan külli miqdarda - 1020 qram çəkidə narkotik vasitə heroini Sumqayıt şəhəri, 9-cu məhəllə, ev 20/29-un qarşısında yerləşən “Yaşıl” marketin yaxınlığında 01 ədəd sellofan bükümdə gizlədib yerləşdirmiş, yerləşdirilmiş bükümü və yerin fotoşəkillərini Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung Galaxy A40” markalı mobil telefonda quraşdırılmış “Whatsapp" proqram təminatına göndərmiş, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı “Adil“ adlı şəxsin göndərdiyi külli miqdarda narkotik vasitəni satış məqsədi ilə həmin yerdən qanunsuz əldə etmiş, əldə eldiyi narkotik vasitəni sağ qoltuqallı nahiyəsində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən həyala keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 25 avqust 2022-ci il tarixdə saat 03:10-da Sumqayıt şəhəri, 9-cu məhəllə, ev 20/29-un qarşısında yerləşən “Yaşıl“ marketin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman sağ qotuqalıı nahiyəsindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda təmiz, çəkisi 1.020 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin avqust ayının 24-dən 25-nə keçən gecə saat 00:00-00:30 radələrində polis əməkdaşları onu saxlamışlar. Onlar onu saxladıqları tarixi həmin gecə saat 03:00-03:30 radələri olaraq rəsmiləşdirmişlər. Həmin müddət ərzində polis əməkdaşları ona həm fiziki, həm də psixi təzyiqlər göstərmişlər ki, 1 kiloqram heroini üzərinə götürsün. Əslində isə o, İran islam Respublikasının vətəndaşı olan şəxsə 5 qram miqdarında heroin növündə narkotik vasitə sifariş vermişdir. Əgər aldığı narkotik vasitəni bəyənsəydi, əlavə olaraq da 40 qram miqdarında sifariş verəcəkdi. O, Qeyd etdiyi miqdarda narkotik vasitə üçün 125 manat məbləğində ödəniş etməli idi. İran İslam Respublikasının vətəndaşı olan Adil adlı şəxsi təxminən 5-6 ay olar idi ki, tanısa da heç vaxt ondan narkotik vasitə almamışdır. Onun qardaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbçisidir. Polis əməkdaşları qardaşını işdən çıxarmaq ilə hədələmişlər. Polis əməkdaşlarının onu saxladıqları yeri tanımamışdır, həmin ünvanı İran İslam Respublikasının vətəndaşı olan şəxs ona göndərmişdir və o oraya naviqasiya proqramı vasitəsilə getmişdir. Sifariş verdiyi narkotik vasitəni Sumqayıt şəhərindən götürməli olmuşdur. Polis əməkdaşları onu saxladıqlarında o, sifariş verdiyi narkotik vasitəni götürməmişdir. Polis əməkdaşları onu saxladıqlarında onun üzərində 1020 qram miqdarında narkotik vasitə olmamışdır. Onun mobil telefonunda İran İslam Respublikasının vətəndaşı olan şəxslə yazışmaları mövcuddur. Polis əməkdaşları tərəfindən saxlanılanadək ***-***-**-** saylı mobil telefon nömrəsi onun istifadəsində olmuşdur. İstifadəsində xatırlamadığı başqa mobil telefon nömrəsi də olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-ci ildən narkotik vasitə olan heroini tüstü vasitəsi ilə çəkərək qəbul edir. xx.xx.2022-ci il tarixdə, təxminən saat 03:10 radələrində Sumqayıt şəhəri 9-cu məhəllə ərazisində «Yaşıl» marketin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb onun, narkotik vasitələrin qəbulu, qanunsuz gəzdirilməsi və satışında şübhəli olduğu üçün saxladıqlarını bildirib Pİ-nə dəvət etdilər. O, polislərə etiraz etməmiş və polislərlə birlikdə idarəyə getmişdir. Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquqları izah olunaraq müdafiəçi dəvət edilmişdir. Daha sonra vidoeçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər-hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman özü sağ qoltuqaltı nahiyəsində saxlamış olduğu 1 ədəd sellofan bağlamanı təqdim etmişdir. Həmin bağlama açılan zaman içərisində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı üzərindən aşkar olunmuş maddənin narkotik vasitə olan “kakos” olduğunu, həmin maddəni bu gün “Adil” adlı İran vətəndaşı ilə “vatsap” vasitələsi ilə əlaqə saxlayaraq aldığını, belə ki, İran vətənaşının həmin narkotik vasitəni Sumqayıt şəhəri ərazisinə atdığını, Sumqayıt şəhərinə gələrək narkotik vasitəni oradan götürdüyünü, narkotik vasitəni 750 manata aldığını, lakin, 125 manat pulu nağd onlayn ödədiyini, İran vətəndaşına 625 manat borcu qaldığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş qəhvəyi rəngli toz halında maddə tərəzidə çəkilən zaman həmin maddənin gümüşü rəngli siqaret kağızı ilə birlikdə çəkisinin 1,040 kiloqram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə qablaşdırılaraq möhürlənmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş ***-***-**-** və ***-***-**-** nömrə ilə işləyən “Samsung A40” mobil telefon xüsusi qaydada qablaşdırılıb protokola əlavə edilmiş, alışqan və 2 manat pul əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. O, ifadə zamanı verilmiş əlavə suallara cavab olaraq, narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını, əvvəllər heç kimə satmadığını və hədiyyə vermədiyini bildirmişdir. (Cild 1, iş vərəqləri 71-72) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri qəbul etməsi, üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. 25 avqust 2022-ci il tarixdə keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu məhəllə ərazisində yerləşən “Yaşıl” marketin yaxınlığında saxlanılmış, özlərini təqdim etdikdən sonra ona barəsində daxil olmuş əməliyyat məlumatı barədə məlumat verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs sağ qoltuqaltı nahiyəsində sellofan bağlama vardı. Həmin sellofan bağlama barədə soruşduqda onun içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Polis İdarəsinə gətirdik. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən 1 kq narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs 25 avqust 2022-ci il tarixdə təxminən gecə saat 03:00-03:30 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılması əməliyyatı zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. O, saxlanılan zaman qaçmağa cəhd etsə də, buna icazə verməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri qəbul etməsi, üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. 25 avqust 2022-ci il tarixdə keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu məhəllə ərazisində yerləşən “Yaşıl” marketin yaxınlığında saxlanılmış, özlərini təqdim etdikdən sonra ona barəsində daxil olmuş əməliyyat məlumatı barədə məlumat verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs sağ qoltuqaltı nahiyəsində sellofan bağlama vardı. Həmin sellofan bağlama barədə soruşduqda onun içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişlər. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, onun üzərindən aşkar edilən heroin növündə narkotik vasitədir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin miqdarı 1 kg. olmuşdur. Təqsirləndirilən şəxs onun saxlanıldığı yerə taksi avtomobili vasitəsilə gəlmiş və daha sonra həmin taksi sürücüsü də polis idarəsinə dəvət edilmiş, ondan izahat alınmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Sumqayıt ŞPİ-nin əməkdaşı Şahid3 ifadəsində digər şahidlər Şahid2 və Şahid1lə oxşar məzmunlu ifadələr verərək onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 118-120) Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, “Bolt” nəqliyyat şirkətində taksi sürücüsü kimi fəaliyyət göstərir. Bir gün qeyd etdiyi şirkətə məxsus mobil tətbiq vasitəsilə Bakı şəhəri, 20 Yanvar dairəsi deyilən ərazidən Sumqayıt şəhərinə və daha sonra həmin ünvandan yenidən Bakı şəhəri, 20 Yanvar dairəsi deyilən əraziyə qayıtmağa dair sifariş verilmişdir. Həmin sifariş əsasında adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs qeyd olunan ünvandan götürmüş və Sumqayıt şəhəri istiqamətində hərəkət etmişlər. O, taksi fəaliyyəti ilə Bakı şəhəri ərazisində məşğul olduğu üçün Sumqayıt şəhərini tanımırdı və həmin gün konkret olaraq Sumqayıt şəhərində yerləşən hansı əraziyə gəldiyini xatırlamır. Sumqayıt şəhəri ərazisində qeyd olunan ünvana çatmış və Təqsirləndirilən şəxs ona 10 dəqiqə müddətində gözləməyini bildirmişdir. O, binaların arasından məhəllənin içərisinə doğru getmiş və bu zaman onları polis əməkdaşları saxlamışlar. Polis əməkdaşlarıtəxminən saat 00:00-00:30 radələrində ona da yaxınlaşaraq, nə üçün orada gözlədiyini və s. soruşmuşlar, bundan sonra onu da polis idarəsinə gətirmişlər. Təqsirləndirilən şəxs qarşı polis idarəsində elektroşok və s. fiziki təzyiq tətbiq olunduğunu görmüşdür. Polis əməkdaşları ona da psixoloji təzyiqlər göstərərək, onun da narkotik vasitələrin daşınmasında iştirak etdiyini və s. bildirmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarışın keçirilməsi barədə” 25 avqust 2022-ci il tarixli protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində qanunla qadağan olunan əşya olduğu halda onu təqdim etsin. O da sağ qoltuqaltı nahiyəsində saxlamış olduğu içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd sellofan bağlamanı, şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. “Şəxsi axtarışın keçirilməsi barədə” 25 avqust 2022-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 01 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş CD diskdə olan məlumatlara baxış keçirilən zaman 50-262-62-40 və 51-439- 11-91 mobil telefon nömrələrinin Təqsirləndirilən şəxs istifadəsində olması və həmin nömrə ilə aşağıdakı məzmunda SMS yazmışları aparılması müəyyən edilmişdir: xx/xx/2022, 20:31:44, **********40, **********11 “dunen nece defe zeng vurdum acmadun pawdi 2qr ayniyonum qalib 1 2 saat atacam kartiva narahat olma senin pulun mende qalasi dorr”; xx/xx/2022, 17:56:54, **********17, **********91 “bidene qram isdir bele ancaq 4.5 5.5 ele”; xx/xx/2022, 01:24:43, **********17, **********91 “aye saat 10 a 11 e 4q kola vere bıleruy he yox de cavab verım”; xx/xx/2022, 23:25:55, **********00, **********91, “hardasan torpaq var”; xx/xx/2022, 14:49:04, **********91, **********00 “aaa ded yeke oqpasan lomkadayam menimle eleqe saxla iwim var”; xx/xx/2022, 02:07:13, **********00, **********91 “ne isdiyirsen qaqa lomkadasan 3 paçka meti var tuxda isdiyirsen verim sene”; xx/xx/2022, 21:34:09, **********17, **********91 “emioqlu pati cekmey ırtirem pul tapammirem toba ozunde olub elese braz verersen me sallah”; xx/xx/2022, 21:42:42, **********17, **********91 “yarim ya qram patun olsiydi vererdim ozumde cekerdim”; xx/xx/2022, 15:07:41, **********71, **********91 “qaqa 5k 5p lazimdi ıwin duzelen kimi de”; xx/xx/2022, 10:18:44, **********17, **********91 “aye 5 qram kola ıstyen var tezle yiq”; xx/xx/2022, 12:22:53, **********17, **********91 “dur 5 qrm verdene qaqa”; xx/xx/2022, 21:27:25, **********17, **********91 “bu weyden 100 qram ısdırler ındı yıq bısozde xeber gozdyrler menden”; xx/xx/2022, 04:54:57, **********91, **********71 “hemdekii lazim olsa 1 qira p varimdi pulun verersen verem sene”; xx/xx/2022, 00:17:10, **********74, **********91 “brat saşadı mal verim balca ot ver” Bundan başqa baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 02:21-də Sumqayıt şəhərində olmuşdur. (Cild 1, iş vərəqləri 100-104) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən “Mobil telefona baxış keçirilməsi haqqında” 28 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, “Samsung Galaxy A40” markalı mobil telefona baxış keçirilən zaman “Whatsapp” mobil tətbiqinin “Söhbətlər” bölməsində adı “Məhəmməd Qaqa Q” kimi qeyd edilmiş +99451 *** ** ** mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında yazışmalar müəyyən edilmişdir. Belə ki, 21 avqust 2022-ci il tarixdə saat 18:50-dən 18:53-dək həmin nömrə istifadəçisi Təqsirləndirilən şəxs “Biraz miret ver çekim”, “biraz daş ver çəkim”, “Xcrsan kucit3 seyi cekey”, “lomkiyam biraz pati verdene me beble vakti se gözdiyrem indide seti baqlirsan” məzmununda ismarıc yazmışdır. 23 avqust 2022-ci il tarixdə saat 07:19-da həmin nömrə sahibi Təqsirləndirilən şəxs “A dur qram kola ver ”, “dur qram kola ver” ismarıc yazmışdır Bundan başqa “Whatsapp” mobil tətbiqinin “Zənglər” bölməsində Təqsirləndirilən şəxs iranlı şəxsə məxsus +98 914 *** **** saylı mobil nömrə ilə əlaqə saxlaması halları müəyyən edilmişdir. (Cild 1, iş vərəqləri 121-123, 124-127) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-kimyavi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4531 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №124”-li dairəvi möhür əksi, “saxlanılan şəxs: (imza) Təqsirləndirilən şəxs” Yazısı və imzalar olan bağlamadakı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1020 qram (1kq 20qr) qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1, iş vərəqləri 43-47) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6561 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “narkotik vasitələrin və psixatrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əll olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 134-135) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2413 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər-hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərkətlərinin faktii xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmal, Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, kobudluq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Emosional halından asılı olaraq o, öz hərəkətlərinitam dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət əməli törədərkən o, fiziolji (psixoloji) affekt halında olmamışdır. (Cild 1, iş vərəqləri 139-142) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqləri 132- 133) Cinayət işi materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 18 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 1019,98 qram heroin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nə təhvil verilmişdir. 01 ədəd “Samsung Galaxy A40” markalı mobil telefon və 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 150-160) “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı, daşıdığı narkotik vasitə heroinin həmin narkotik vasitənin külli miqdar daxil olmaqla aşağı həddindən böyük həcmdə artıq olması və narkotik vasitələrin satışı ilə bağlı yazışmaların müəyyən edilməsi onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları, üzərində ittihamda göstərilən miqdarda narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması və bununla bağlı gətirdiyi dəlilləri və irəli sürdüyü iddiaları özünü müdafiə xarakterli kimi qiymətləndirib, hesab edir ki, bu dəlillər və iddialar işin hallarına uyğun olmamaqla yanaşı iş üzrə digər obyektiv sübutlarla təkzib olunur. Məhkəmə bu qənaətə gələrkən qeyd edir ki, cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1281 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxsun bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilmədi. (Cild 1, iş vərəqləri136-138) Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs ilkin tutulmasından sonra qəbul olunduğu istintaq təcridxanasına sorğu verilmiş və müəyyən edilmişdir ki, təcridxanaya qəbul olunarkən onda hər hansı bir xəsarət olmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi ifadə və mötəbər sübut kimi qəbul olunmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Şahid4 onun yanında polis əməkdaşlarının Təqsirləndirilən şəxs işgəncə verməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatlar yuxarıda qeyd edilən səbəblərdən məhkəməyə inandırıcı gəlmir və Şahid4 bu ifadəsini məhkəmə təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X3 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci və 61.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanunun həmin maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlil olması və onun ailə üzvü olan qardaşı Babaşov Nicat Telman oğlunun 44 günlük Vətən müharibəsində döyüşərək medal və digər təltiflər ilə təltif olunması da onun cəzasını yüngülləşdirn hallar kimi qəbul olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 25 avqust 2022-ci il tarixdə şübhəi şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 26 avqust 2022-ci il tarixli qərarı ilə barəsində barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 79-81) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs İİ dərəcəli əll olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 1.019,8 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməlidir. 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsə və ya onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 114 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 1019,8 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. 02 ədəd disk iş materiallarında saxlanılsın. İş materiallarına əlavə edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsə və ya onun yaxın qohumlarından birinə qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar