Məhkəmə qərarları › İş №1(124)-61/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-61/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-61/2025 09.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cı il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Sabirabad rayonu, M.S.ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Sarı Aşıq küçəsində nömrəsiz fərdi tikili evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs telefon vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan «Can Ciyər» adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni 200 manat müqabilində deyəcəyi yerdən götürüb başqa şəxslərə verməklə satışda vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 27 noyabr 2023-cü il tarixdə axşam saatlarında bir qrup şəxs halında həmin şəxsin Abşeron rayonu, Xırdalan şəhəri, «Ər-Riyad» ticarət mərkəzinin yaxınlığında ağacın dibinə qoyduğu 202,895 qram çəkidə külli miqdarda narkotik vasitə heroini və 35,449 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini götürüb satış məqsədi ilə qanunsuz əldə edərək üzərində saxlamaqla daşımış, 27 noyabr 2023-cü il tarixdə saat 23:00-da Abşeron rayonu, Xırdalan şəhəri, «Ər-Riyad» ticarət mərkəzinin qarşısında Abşeron rayon polis idarəsinin post patrul xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron RPİ-nin inzibati binasına gətirilmiş və həmin günü saat 23:45-dən 23:58-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd qara rəngli sellofan bükümün içərisində 01 ədəd sellofan bükümdə çəkisi 202,895 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və çəkisi 35,449 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, polis əməkdaşları “Ər-Riyad” ticarət mərkəzinin yaxınlığında ona yaxınlaşıb axtarışda olduğunu bildirmiş və onu bölməyə dəvət etmişlər, həmin vaxt üzərində narkotik vasitə olmamışdır. O, 10 qram narkotik vasitə arxasınca getmiş, lakin onun üzərinə ittihamda yazılan miqdarda narkotik vasitə qoymuşlar. O narkotik vasitəni istifadəçisidir, amma satan olmamışdır. Həmin gün də narkotik vasitəni götürməmiş tutulmuşdur. Verilən suallara cavab olaraq bildirdi ki, təxminən 5-6 il olar ki, narkotik vasitə istifadə etmişdir. İnternet vasitəsilə narkotik vasitəni iranlıdan sifariş etmişdir. Axırıncı dəfə 10 qram sifariş etmiş, pul verməmiş, götürəndən sonra verəcəkmiş. 4-5 dəfə narkotik vasitəni iranlının qoyduğu yerdən götürüb başqa yerə qoymuş, müqabilində 100-150-200 manat vermişdir. İbtidai istintaq zamanı təzyiqlər altında ifadə verdiyindən həmin ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 2-3 ildir ki, müxtəlif narkotik vasitələr və psixotrop maddələr istifadə edir. Təxminən 1 ay əvvəl «İnstagram» ünsiyyət proqramında təsadüfən adını dəqiq xatırlamadığı «Can Ciyər» adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Söhbət zamanı həmin şəxs ona narkotik vasitə aludəçisi olduğunu bildiyini, bu səbəbdən ona iş təklif etmək istədiyini bildirmişdir. Abşeron rayon və Bakı şəhərində müxtəlif ünvanlarda gizlədilmiş narkotik vasitə və psixotrop maddələri götürməyini və daha sonra onun tapşırığı götürdüyü narkotik vasitələr və psixotrop maddələri kiçik hissələrə bölərək Abşeron rayon və Bakı şəhərində müxtəlif ünvanlarda gizlətməyini bildirmişdir. Bunun əməlin qarşılığında hər dəfə götürəcəyi narkotik vasitələr və psixotrop maddələri lazımı yerlərə gizlətdikdən sonra ona 100-200 manat və götürdüyü narkotik vasitələr və psixotrop maddələrdən şəxsi istifadəsi üçün götürə biləcəyini bildirmişdir. Həmin vaxt maddi vəziyyəti pis olduğuna görə həmin şəxsin təklifi ilə razılaşmışdır. 2023-cü ilin oktyabr ayının axırlarından, 27 noyabr 2023-cü il tarixədək təxminən həmin şəxs 20 dəfə Abşeron rayonu və Bakı şəhərindən müxtəlif ünvanlardan narkotik vasitələr və psixotrop maddələri götürüb, onun taprşığı ilə kiçik hissələrə bölərək müxtəlif ünvanlara yerləşdirmişdir. 27 noyabr 2023-cü il tarixdə axşam saatlarında «Can Ciyər» adlı İran İslam Respublikasının vətəndaşı Whatcap ünsiyyət proqramı vasitəsi ilə onunla əlaqə saxlamış və Abşeron rayonu, Xırdalan şəhəri, «Ər- Riyad» ticarət mərkəzinin yaxınlığında narkotik vasitə və psixotrop maddələr gizələdildiyini onları götürməyini bildirmişdir. Həmin şəxsin tapşırığı ilə 27 noyabr 2023-cü il tarixdə saat 22:55 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, «Ər-Riyad» ticarət mərkəzinin yaxınlığında ağaçın dibindən içərisində narkotik vasitə və psixotrop maddələri olan bükümü götürmüşdür. Götürdüyü bükümlərin içərisinə narkotik vasitə və psixotrop maddə hesab olunan metamfetamin olduğunu aşkar etmişdir. Narkotik vasitə və psixotrop maddə hesab olunan metamfetamini üzərində saxlayaraq yaşadığı evə getmək üçün oradan uzaqlaşan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli bilindiyi üçün Abşeron RPİ-nə gətirmişlər. Polis idarəsində xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Abşeron RPİ-nə inzibati binasında xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı ilə videoçəkiliş altında baxış keçirilərkən, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan bükümü masının üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşları tərəfindən sellofan büküm açılmış və içərisində 02 ədəd sellofan büküm olduğunu aşkar olunmuşdur. Həmin bükümlərin birinin içərisində qəhvəyi rəngli maddə və digər bükümün içərisində isə şəfaf kristalik maddə olduğu aşkar olunmuşdur. Sorğu-sual zamanı sellofan bükümün içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir.(vərəqə : 66-68) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin PPX-nin polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə 23 radələrində Abşeron RPİ-nin PPX-nin digər əməkdaşları ilə birlikdə Abşeron rayonu, Xırdalan Şəhəri, “ƏR-Riyad” ticarət mərkəzinin yaxınlığında xidmət aparırmışlar. Ticarət mərkəzinin qarşısında bir şəxsin özünü şübhəli apardığını görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxsin üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmadığına görə onu Abşeron RPİ-nə dəvət etmişlər. Polis idarəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və həmin şəxs üzərində narkotik vasitə olduğunu söyləmişdir. Təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmiş və şəxsi axtarış aparılmağa başlanmışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin cibindən 01 ədəd qara rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, təhqiqatçı tərəfindən masanın üzərinə qoyulmuş qara rəngli sellofan büküm açılmış, içərsində 02 ədəd sellofan bükümlər olduğu aşkar edilmişdir. Həmin bükümlərin birinin içərisində şəffaf maddə və digər sellofan bükümün içərisində isə qəhvəyi rəngli maddə aşkar edilmiş, sorğu sual zamanı Təqsirləndirilən şəxs bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, aşkar olunmuş psixotrop maddə metamfetamini və narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə axşam saatlarında İran İslam Respublikaısnın vətəndaşı kimi tanıdğı “Can Ciyər” adlı şəxsdən tapşırığı ilə Abşeron rayonu, Xırdalan Şəhəri, “Ər-Riyad” ticarət mərkəzinin qarşısından götürdüyünü bildirmişdir. Aşkar olunmuş psixotrop maddə və narkotik vasitə zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray Polis bölməsinin polis sahə nəfəri, polis serjantı Şahid1 oxşar məzmunlu ifadə verərək Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid Abşeron RPİ-nin PPX-nin polis nəfəri, polis serjantı X1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Şahid2 göstərdiklərini mahiyyəti üzrə eynilə təsdiq etmişdir.( vərəqə 101-103) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 27 noyabr 2023cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddə olub-olmaması, olduğu halda onları könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd qara rəngli sellofan büküm təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində bir büküm qəhvəyi rəngli maddə və bir büküm ağ kristal şəkilində maddə aşkar edildi. Sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin maddələri İran İslam Respublikasının vətəndaşının sifarişi ilə ona göndərilən məkana gedib «Ər-Riyad» ticarət mərkəzinin qarşısında ağacın dibindən götürüb sonradan həmin şəxsin ona göndərəcəyi məkana qoymaq məqsədi ilə üzərində gəzdirdiyini, bunun müqabilində 200-300 manat pul alacağını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, əynindəki şalvarın sol yan cibindən 154 manat və sağ yan cibindən Samsunq markalı mobil telefon aşkar edilmişdir.(vərəqə : 26-27) Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 27 noyabr 2023cü il tarixli ‘‘şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda və ona əlavə edilmiş diskdə qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 06 dekabr 2023-cü il tarixli ‘‘DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi axtarışı və götürmə aparılması, baxış keçirmə və götürmə zamanı, Azərbaycan Respublikası CPM-nin 246.3cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişlərin yazıldığı 1(bir) ədəd DVD diskə müstəntiqin xidməti kompüterinin DVD qurğusu vasitəsi ilə baxış keçirilərkən, şəxsi axtarış və götürmənin, baxış keçirmə və götürmənin prosessual tələblərə uyğun və protokolda əks olunmuş qaydada aparıldığı bir daha müəyyən edilmişdir.(vərəqə : 86-90) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 29 noyabr 2023-cü il tarixli 3-16-16/2-6/6202 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar..” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 202,895 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 35,449 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir.(vərəqə : 40-45) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 736 №-li rəyindən görünür ki, Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(vərəqə : 105-106) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş «Respublika Psixiatriya Xəstəxanası» X8 xx.xx.2024-cü il tarixli 537 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb.(vərəqə : 92) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Əhədov X4 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1- ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.(vərəqə : 122-123) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 202,895 qram və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 202,845 qram çəkidə olan narkotik vasitə heroin, 35,449 qram və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 35,399 qram çəkidə olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmaqla Abşeron RPİ-də saxlanılır, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişlərin yazıldığı 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır.(vərəqə : 131-132) Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2024-cü il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X11 adında azyaşlı uşaqları vardır. (vərəqə : 137-140) Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək üzərində saxladığı narkotik vasitənin və psixotrop maddənin külli miqdarda olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 24 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram, “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59.1.4-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Həmçinin cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Binəqədi rayon məhkəməsinin 22 noyabr 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Təqsirləndirilən şəxs Binəqədi rayon məhkəməsinin 22 noyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş qalan 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub hesablanmaqla 01 (bir) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək qismən birləşdirilməlidir. Həmçinin Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Binəqədi rayon məhkəməsinin 22 noyabr 2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməkdə şübhəli şəxs kimi tutulduğu 11 mart 2022-ci il tarixdən 13 mart 2022-ci il tarixədək 02 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 29 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra Abşeron RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 202,845 qram çəkidə olan narkotik vasitə heroin və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 35,399 qram çəkidə olan psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı aparılmış videoçəkilişlərin yazıldığı 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Təqsirləndirilən şəxs Binəqədi rayon məhkəməsinin 22 noyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş qalan 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub hesablanmaqla 01 (bir) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 07(yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Binəqədi rayon məhkəməsinin hökmü ilə müəyyən edilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməkdə şübhəli şəxs kimi tutulduğu 11 mart 2022-ci il tarixdən 13 mart 2022-ci il tarixədək 02 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 07 (yeddi) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq qalmış 202,845 qram çəkidə olan narkotik vasitə heroin və 35,399 qram çəkidə olan psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar