Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-611/2024 05.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyşalı uşağı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tanışı Şahid3 Nuxrəl oğlu ilə birlikdə 25 oktyabr 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən o, 40 manat, Şahid3 isə 20 manat ödəməklə, cəmi 60 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 7,041 qram çəkidə psixotrop maddə metamfetamini əldə etdikdən sonra ödədikləri pul məbləğinə mütənasib olaraq aralarında bölüb həmin psixotrop maddə metamfetaminin 01 ədəd şəffaf sellofan bükülüdə 4,695 qram çəkidə olan hissəsini külli miqdarda özünə götürüb Abşeron rayonu Saray qəsəbəsinə daşıyaraq saxlamış, 26 oktyabr 2023-cü il tarixdə saat 01 radələrində Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu Saray qəsəbəsi, R.Nəbiyev küçəsində şübhəli bilinərək saxlanılıb Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin inzibati binasına gətirildikdən sonra orada həmin gün saat 04:45-dən 04:58-ə kimi onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sol cibindən siqaret qutusunun içərisində olan həmin 1 ədəd şəffaf sellofan bükümdə 4,695 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ofisiant kimi işləmiş, həftədə bir gün istirahət günü olmuş və o, istirahət günündə qapını təmir etməsi üçün tanıdığı Zaur adlı ustanı evlərinə çağırmış və Zaur gələrək qapını düzəltmişdir. Zaurla daha sonra Saray qəsəbəsində Zaurun anasıgilin evinin qapısı qarşısında görüşmüşlər və marixuana istifadə etmişlər. Onun siqareti bitdiyi üçün Zaurdan siqaret istəmişdir. Daha sonra yolu keçmək istəyərkən 3 nəfər polis əməkdaşının Zauru saxladıqlarını görmüşdür. Zaurun üzərindən psixotrop maddə aşkar olunmuşdur. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilərkən o, evin açarını, telefonu, pulu və Zaurdan aldığı siqareti təqdim etmişdir. Həmin vaxt onun sağ əlində siqaret olmuşdur. Polis əməkdaşları Zaurun verdiyi siqaret qutusuna baxarkən psixotrop maddə aşkar olunmuşdur. Daha sonra onu polis bölməsinə aparıb rəsmiləşdirmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, siqaret qutusundan psixotrop maddə olan metamfetamin aşkar olunsa da, o, metamfetamin istifadəçisi olmamışdır. O, axşam saat 11 radələrində tutulmuşdur. Polis bölməsində ona qarşı təzyiq və təsir göstərilmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu formada ifadə vermişdir. Onu Xırdalanda polis bölməsində Zaurla üzləşdirmişlər. Üzləşdirmə zamanı Zaur psixotrop maddəni birlikdə aldıqlarını söyləmişdir. Zaur onun dostu deyil, tanıdığı şəxsdir. Məhkəmədə polis əməkdaşları tərəfindən döyüldüyünü bildirməmişdir. İstintaq təcridxanasına qəbul olunarkən üzərində xəsarətlər olmuşdur. Ayağının altında və bədəninin digər hisslərində göyərtilər olmuşdur. İstintaq təcridxanasında onun xəsarətlərini qeyd etmişlər. Prokurorluğa bu barədə məlumat verilib-verilmədiyindən xəbəri yoxdur. Prokururluq əməkdaşları gəlib ondan izahat almamışlar. Onu məhkəmə-tibbi ekspertizasına yox, məkhəmə-narkoloji ekspertizasına aparıblar. Həmçinin, göstərmişdir ki, onun əlində olan siqaret qutusu farqli olmuş, Rotmans markalı siqaret olmuş, sonra polis bölməsində Sobranie markalı siqaret qutusu ortalığa çıxmışdır. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 26 oktyabr 2023-cü il tarixdə saat 11 radələrində Etibarla birlikdə Sarayda olan zaman polis əməkdaşları onlara yaxınlaşmış və onları şübhəli şəxs qismində Abşeron Rayon Polis İdarəsinin X16 aparmışlar. Polis bölməsində onun üzərindən metamfetamin aşkar olunmuş, amma Etibarın üzərindən heç nə aşkar olunmamışdır. Daha sonra Etibarı onun yanından aparmışlar və bir müddət sonra o, Etibarın qışqırıq səslərini eşitmişdir. Polis əməkdaşları Etibara fiziki təzyiqlər göstərmişdir. Etibar polis əməkdaşlarına narkotik vasitəni ondan götürdüyünü bildirmişdir. Polis əməkdaşları Etibara təzyiqlər göstərərək boynuna psixotrop maddə metamfetamin qoymuşlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Etibarın üzərindən narkotik vasitə çıxmayıb. Onlar axşam saat 11 radələrində Saray qəsəbəsində saxlanılmışlar. Saxlanılan zaman Etibarla o, birlikdə olmuşlar. Polis əməkdaşları onları avtomobillə polis bölməsinə aparmışlar. Gecə saat 01-02 radələrində vəkil gəlmişdir. Etibarı döymək üçün başqa otağa aparmışlar. Etibarın yanında onun üzərinə baxış keçirilmişdir. Onun yanına gələn zaman Etibarın döyüldüyünü bilmişdir. Saxlanılan zaman onların üzərinə baxış keçirilmiş və onun üzərindən 0,3 qram metamfetamin aşkar olunmuşdur. İbtidai istintaq zamanı təzyiq altında olduqları üçün düzgün ifadə verməmişlər. Etibarla onun arasında üzləşdirmə keçirilmişdir. Etibar məcbur qalaraq narkotik vasitəni ondan aldığını bildirmişdir. Onlar saxlanılan zaman Etibarın üzərinə baxış keçirilmiş və Etibarın üzərindən narkotik vasitə aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Mirzağa oğlu ifadəsində göstərmişdir ki, 26 oktyabr 2023-cü il tarixdə gecə saatlarında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində baş vermiş oğurluq hadisələri ilə əlaqədar sahənin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə xidmətdə olmuşdur. Saray qəsəbəsi ərazisində gecə saatlarında şübhəli şəxslərin olub-olmamasını yoxlayan zaman iki nəfər şübhəli şəxs görmüşlər və onları saxlamışlar. Özlərini təqdim etdikdən sonra həmin şəxsləri Abşeron Rayon Polis İdarəsinin X16 dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərində olan 1 ədəd siqaret qutusunun içərisindən psixotrop maddə metamfetamin aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Şahid3 üzərindən narkotik vasitə aşkar olunub-olunmadığını xatırlamır. Təqsirləndirilən şəxsi gecə radələrində saxlamışlar. Təqsirləndirilən şəxs siqret qutusunu könüllü şəkildə təqdim etmişdir. Şəxs könüllü şəkildə narkotik vasitə istifadəçisi olduğunu və üzərində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs polis bölmsəində narkotik vasitəni könüllü şəkildə təqdim etmiş və 5-6 aydır ki, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmişdir. Şəxslərdən hər ikisi üzərlərində narkotik vasitə olduğunu etiraf etmişlər. Təqsirləndirilən şəxs bölməyə gedən kimi onun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Onlar şəxsi gecə radələrində saxlamışlar. Ola bilsin ki, təhqiqatçı vaxtı dəqiq yazmayıb. Hadisənin üzərindən bir il keçdiyi üçün təqsirləndirilən şəxsin saxlanıldığı saatı hazırda dəqiq xatırlamır. Onlar vəkilin gəlməsini gözləmişlər və vəkil gəldikdən sonra şəxsin üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. O, çəkilişdə iştirak etmişdir. Təqsirləndirilən şəxs növbətçi hissəyə təqdim olunduqdan sonra raport yazılır, daha sonra təhqiqatçıya məlumat verilir və təhqiqatçı vəkili çağırır. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Onlar şəxsləri yolun kənarında saxlamış və onların şəxsiyyətlərini dəqiqləşdirmişlər. Təqsirləndirilən şəxsin üzərinə polis bölməsində çəkiliş aparılan zaman baxış keçirilmiş, saxlanılan zaman şəxslərin üzərinə baxış keçirilməmişdir. İbtidai istintaq zamanı da eyni məzmunda ifadə vermişdir. Təqsirləndirilən şəxs onun üzərindən aşkar olunmuş psixotrop maddəni yanındakı dostu Zaur adlı şəxsdən aldığını bildirmişdir. Şahid1 Mirzağa oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şəxs həmin ifadəsində göstərmişdir ki, 1993-cü ildə daxili işlər orqanlarında xidmət etməyə başlamışdır. 2023-cü ildən isə Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirir. Polis mayoru rütbəsindədir. 26 oktyabr 2023-cü il tarixdə gecə saatlarında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində baş vermiş oğurluq hadisələri ilə əlaqədar sahənin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə xidmətdə olmuşdur. Saray qəsəbəsi ərazisində gecə saatlarında şübhəli şəxslərin olub-olmamasını yoxlamışdılar. Gecə təxminən 03 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, R.Nəbiyev küçəsində həyət evlərinin yaxınlıqlarında iki nəfərin şəxsin olduğunu və həmin şəxslərin şübhəli olmasını görmüşdülər. Həmin şəxslərə yaxınlaşıb həmin şəxsləri saxlamış və özlərini təqdim edərək, Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları olduqlarını bildirmişdilər. Onlar həmin şəxslərin davranışlarında narkotik vasitənin təsiri altında olmasını hiss etmişdilər. Həmin şəxslərdən şəxsiyyətlərini təsdiq edən sənədləri soruşsaq da həmin şəxslər üzərlərində şəxsiyyət vəsiqələrinin olmadığını bildirmiş, lakin adlarının Zaur və Etibar olduqlarını bildirmişdilər. Buna görə də həmin şəxslərin hərəkətləri onlarda şübhə yaratmışdır. Ona görə həmin şəxslərin üzərlərində narkotik vasitə olubolmamasını soruşmuşdular. Həmin şəxslər səmimi olaraq üzərlərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxladıqlarını bildirmişdilər. Bundan sonra onlar həmin şəxsləri polis bölməsinə gətirmişdilər. Həmin şəxslərin Şahid3 və Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdilər. Buna görə də həmin şəxslər barəsində araşdırma aparılmasından ötrü tərəflərindən raport tərtib edilmişdir. Polis bölməsində müdafiəçi dəvət edildikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra şübhəli şəxsin, müdafiəçisinin, həmçinin Şahid2 və onun özünün iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan 4 tünd göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusunu çıxarıb təqdim etmiş və içərisində el arasında “patı” adlanan psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. O, içərisində psixotrop maddə metamfetamin olan siqaret qutusunu Zaur adlı tanışından almasını bildirmişdir. Belə ki, Etibar Zaur adlı şəxsdən siqaret almaq istədiyini, Zaurun isə həmin siqaret qutusunu ona verməsini bildirmişdir. Daha sonra isə içərisində psixotrop maddə metamfetamin olmasını bilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaret qutusunun içərisinə açılıb baxılmışdır. İçərisində siqaretlər aşkar olunmasa da içərisindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş kütlə aşkar olunmuşdur. Həmin bükülünün içərisinə açılıb baxıldıqda içərisindən ağ rəngli kristallik formada psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin bükülü ekspertizaya təqdim olunması üçün təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. Sonra şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar həmin protokolu düzgün hesab etməklə imzalamışdılar. O, əlavə olaraq Təqsirləndirilən şəxs dedikləri tam olaraq yalan olduğunu bildirmişdir. Belə ki, onlar xidməti ərazidə həmin şəxsləri görüb şübhəli şəxs kimi yaxınlaşmışdılar. Həmin şəxslərlə danışıq əsnasında onların narkotik vasitə təsiri altına olmasını hiss etmişdilər. Həmin şəxslərdən üzərində narkotik vasitə və psixotrop maddə saxlamasını soruşduqda hər ikisi üzərlərində narkotik vasitə və psixotrop maddə saxladıqlarını etiraf etmişdilər. Təqsirləndirilən şəxs həmçinin, 5-6 aydır ki, narkotik vasitə qəbul etdiyini də etiraf etmişdir. Etibar sadəcə özünü müdafiə etmək üçün üzərindən aşkar olunmuş metamfetmin olan bükülünün Zaurdan aldığını bildirmişdir. Etibar Zaurdan siqaret almaq istədiyini yalandan bildirmiş, lakin baxış zamanı siqaret qutusunun içərisindən də siqaret dənələrinin də aşkar olunmadığı aşkar olunmuşdur. Onlarda həmin şəxsin narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat daxil olmamışdır. Onlar Etibarı və Zauru təsadüfən şübhəli şəxs kimi saxlayıb bölməyə dəvət etmişdilər. Həmin vaxt isə Etibar sadəcə narkotik vasitəni istifadə etdiyini bildirib, satışı ilə məşğul olmadığını bildirmişdir. Həmçinin, onlar Zaur və Etibara zor tətbiq etməmiş, həmin şəxslər qanuni tələblərinə tabe olaraq onlarla birlikdə bölməyə gəlmişdir (cild 01, iş vər. 86-88). İfadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsdən psixotrop maddəni haradan əldə etdiyini soruşduqda Zaur adlı dostunun verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qutunun içərisində psixotrop maddə metamfetamin olduğunu bildiyini söyləmişdir. Təqsirləndirilən şəxsi saxlayan zaman saat 12-ini keçmişdi. Şəxs onlara qarşı heç bir müqavimət göstərməmiş, onlar şəxsə qarşı heç bir təzyiq göstərməmiş və xəsarət yetirməmişdir. Şəxsi onlar gətirib polis bölməsinə təhvil vermişdir. Şəxsi Abşeron Rayon Polis İdarəsinə kimin apardığını xatırlamır. Onlar şəxsi İstintaq Təcridxanasına təhvil verməmişdir. Səhv etmirsə şəxs saxlanılan zaman üzərində xəsarət izi var idi. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməmiş, ona fiziki və psixi təzyiqlər göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 Mirzağa oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarix “Raport”dan görünür ki, həmin tarixdə Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları Abşeron rayonu Saray qəsəbəsində xidməti ərazidə baş vermiş oğurluq hadisələri ilə bağlı gecə gəzintisində xidmətdə olduqları zaman iki nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxslərdən narkotik aludəçisi olduqlarını və üzərlərində hər hansı bir narkotik maddənin olub-olmamasını soruşduqda, həmin şəxslər narkotik aludəçisi olduqlarını və üzərlərində psixotrop maddə olmasını bildirdiyindən, həmın şəxsləri X16 dəvət etmişlər. Bölmədə məlum olmuşdur ki, həmin şəxslər xx.xx.1983-cü il təvəllüdlü Saray qəsəbəsi, R.Nəbiyev küçəsi ev 45 ünvanında yaşayan Şahid3 və xx.xx.1995-ci il təvəllüdlü ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən o, əynində olan tünd göy rəngli şalvarının sol cibindən çıxardığı siqaret qutusunun içərisində 1 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmiş, həmin kütlə müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, şəxsi axtarışın əks olunduğu video görüntü DVD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 27-29). Cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi eskpertizasının 26 oktyabr 2023-cü il tarixli 6/5742 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №56» dairəvi möhür əksi, “ vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....(imza) Təqsirləndirilən şəxs” yazısı və olan zərfdəki 1 (bir) ədəd bükümdə olan təmiz çəkisi 4,695 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 01, iş vər. 34- 38). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji eskpertizasının 11 dekabr 2023-cü il tarixli 8120 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 117-118). Cinayət işinin materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 3361 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədənədək, cinayət əməlini törətdiyi zaman və törətdiyi əməldən sonra xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci, 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir (cild 01, iş vər. 120-121). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətləri olmadığından, barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 149-156). Təqsirləndirilən şəxs saxlandığı istintaq təcridxanasında barəsində olan şəxsi işindən götürülmüş məlumatdan görünür ki, 28 oktyabr 2023-cü il tarixdə təxminən saat 16:20 radələrində Abşeron RPİ-nin müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasına təhvil verilmiş, xx.xx.1995-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, hazırkı iş üzrə Abşeron RPİ-nin İŞ-si tərəfindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində müəssisənin tibb-sanitar hissəsində üzərinə baxış keçirilən zaman sağ çiynin arxa səthində, bel nahiyyəsində, sol baldırın ön tərəfində və sağ ayaq pəncəsinin altında tünd-sarımtıl rəngli qançır izləri, sağ baldırın ön səthində isə qərtməkli yara xəsarəti aşkar olunmuşdur. Fakt ilə əlaqədar olaraq həbs olunmuş şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin xəsarələri həbs olunan zaman almışdır. Cinayət işinin materiallarına əlavə olunmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını göstərməsi ilə əlaqədar həmin xüsusata hüquqi qiymət verilməsi üçün həmin hissədə toplanmış material üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru, baş ədliyyə müşaviri X5 tərəfindən araşdırma aparılmış, araşdırma zamanı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə istintaqı zamanı əldə olunaraq cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi eskpertizasının 29 oktyabr 2024-cü il tarixli 514/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tibbi sənədlərə əsasən "sağ çiyinin arxa nahiyəsində, bel nahiyəsində, sol baldırının ön nahiyəsində və sağ ayaq pəncəsinin altında 7-8 sm ölçüdə tünd sarımtıl rəngli qançırı, sağ baldırın ön səthində 3-4sm ölçüdə sıyrılmış qartmaqlı yarası" aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri xarakterinə və rəng göstəricilərinə əsasən xx.xx.2023-cü il tarixdə, saat 12:00-da müəssisənin tibb sanitar hissəsində üzərinə baxış keçirilməsindən 9-11 gün əvvələ uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. 2.3. Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər müxtəlif şəraitlərdə, həmçininn özü tərəfindən bədənin müvafiq nahiyələrinin küt predmetlərə dəyməsi və ya çırpılması nəticəsində yaranmaları inkar olunmur. "Döyülmə" məhkəmə-tibbi məvhum deyildir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)-535/2024 saylı hökmündən görünür ki, Şahid3 CM-in 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Şahid3 göstərmişdir ki, o, narkotik vasitə və psixotrop maddə istifadə edir. 26 oktyabr 2023-cü il tarixdə gecə saatlarında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşmış və özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirərək X14 dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinin X16 gəlmişdir. Polis bölməsində ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra videogörüntü və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O da könüllü olaraq əynində olan boz rəngli gödəkcənin sol iç cibində olan ağ rəngli kağıza bükülmüş bir ədəd bükümü təqdim edərək içərisində psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Üzərindən aşkar olunaraq götürülmüş metamfetamini o, tanışı Təqsirləndirilən şəxs ilə birlikdə almışdır. Belə ki, 25 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Etibarla o, Saray qəsəbəsi ərazisində görüşüb birlikdə pul qoyaraq Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisinə metamfetamin almağa getmişlər. Metamfetamin satan şəxslə o yox Etibar əlaqə saxlamışdır. Ona görə də o, bir yerdə Etibarı gözləmiş, Etibar isə gedib onun verdiyi pulla birlikdə özü də üzərinə bir qədər pul qoyaraq metamfetamini alıb gəlmişdir. Daha sonra Etibarın aldığı metamfetamindən ona aid olan bir çəkimlik metamfetamini öz payı kimi şəxsi istifadəsi üçün Etibardan götürüb ağ kağıza büküb gödəkcənin sol iç cibinə qoymuşdur. Daha sonra isə geriyə yaşadığı Saray qəsəbəsində yerləşən yaşadığı evə qayıtmışdır. O, həmin metamfetamini yalnız öz şəxsi istifadəsi üçün əldə etmiş və üzərində saxlamışdır. 25 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Etibarla o, Saray qəsəbəsi ərazisində görüşüb birlikdə pul qoyaraq Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisinə metamfetamin almağa getmişlər. Metamfetamin satan şəxsi o yox, Etibar tanımışdır. Ona görə də o, bir yerdə Etibarı gözləmiş, Etibar isə gedib onun verdiyi pulla birlikdə özü də üzərinə bir qədər pul qoyaraq metamfetamini alıb gəlmişdir. Daha sonra Etibarın aldığı metamfetamindən ona aid olan bir çəkimlik metamfetamini o, öz payı kimi şəxsi istifadəsi üçün Etibardan götürüb ağ kağıza büküb gödəkcəsinin sol iç cibinə qoymuşdur. Daha sonra isə geriyə yaşadığı Saray qəsəbəsində yerləşən yaşadığı evə qayıtmışdır, tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. O həmin metamfetamini yalnız öz şəxsi istifadəsi üçün əldə etmiş və üzərində saxlamışdır. O, narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Aldığı metamfetamini də özü istifadə etmək üçün üzərində saxlamışdır. Etibarın psixotrop maddə olan metamfetamini aldığı şəxsin anket məlumatlarını və zahiri əlamətlərini bilməmişdir. O, həmin vaxt tutulmağının həyəcanından ola bilsin ki, fikrini tam izah edə bilməmişdir. Belə ki, o, Etibarla birlikdə pul qoyaraq şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin almışdır. Həmin psixotrop maddəni aldığı şəxslə Etibar danışdığı üçün bir qədər uzaqda Etibarın psixotrop maddə metamfetamini alıb gətirməsini gözləmişdir. Yəni həmin metamfetamini Etibar ona hədiyyə etməmiş və satmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yaxa qurtarmaq və məsuliyyəti onun üzərinə yıxmaq üçün belə yalan danışmışdır. O, özünə aid psixotrop maddəni Etibara xəbəri olmadan verməyi əsassız bir xüsusatdır. Onlar Etibarla birlikdə pul qoyub sonuncunun əlaqə saxladığı şəxsdən gedib psixotrop maddə metamfetamin almışlar. Həmin vaxt o, bir qədər uzaqda gözləmiş və Etibar alıb gətirdiyi metamfetamindən öz payına düşəni götürmüşdür. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)-535/2024 saylı hökmündən məhkum Şahid3 tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(105)-632/2024 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmədən və müvafiq hökm dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları Abşeron rayonu Saray qəsəbəsində xidməti ərazidə baş vermiş oğurluq hadisələri ilə bağlı gecə gəzintisində xidmətdə olduqları zaman iki nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxslərdən narkotik aludəçisi olduqlarını və üzərlərində hər hansı bir narkotik maddənin olub-olmamasını soruşduqda, həmin şəxslər narkotik aludəçisi olduqlarını və üzərlərində psixotrop maddə olmasını bildirdiyindən, həmın şəxsləri X16 dəvət etmişlər. Bölmədə həmin şəxslərin xx.xx.1983-cü il təvəllüdlü Saray qəsəbəsi, R.Nəbiyev küçəsi ev 45 ünvanında yaşayan Şahid3 və xx.xx.1995-ci il təvəllüdlü ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin də iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində olan siqaret qutusundan 1 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Götürülmüş kütlə ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək sözügedən kütlənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi şahid ifadələri, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs bölmədə olarkən polis əməkdaşları tərəfindən döyüldüklərini və Şahid3 məcbur qalıb onun əleyhinə ifadə verdiyini bildirsə də, məhkəmə kollegiyası vurğulamağı zəruri sayır ki, qeyd olunan xüsusatlar Baş prokurorluğun xidməti araşdırmalar idarəsində araşdırılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından, xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar hazırda qüvvədədir və müdafiə tərəfindən mübahisələndirilməmişdir. Həmçinin, məhkəmə kollegiyası o halı da vurğulayır ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi, təzyiq və təsirlərə məruz qalması ilə bağlı bildirdiyi xüsusatlara əsasən, o cümlədən istintaq təcridxanasına qəbul olunarkən müayinə zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlərlə bağlı məhkəmə istintaqı zamanı “Məhkəmə tibbi ekspertizasının təyin edilməsi barədə” qərar qəbul olunmuş və iş materiallarına əlavə olunmuş məhkəmə-tibbi eskpertizasının 29 oktyabr 2024-cü il tarixli 514/MEŞ nömrəli rəyindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunmuş xəsarətlər törənmə müddətləri xarakterinə və rəng göstəricilərinə əsasən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı tarixdən əvvəlki tarixə, yəni xx.xx.2023-cü il tarixdə, saat 12:00-da müəssisənin tibb sanitar hissəsində üzərinə baxış keçirilməsindən 9-11 gün əvvələ uyğun gəlir. İş materiallarına əsasən isə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması müəyyən olunur. Belə olan halda, mövcud rəyə əsasən sonuncunun sözügedən xəsarətləri polis əməkdaşları tərəfindən döyülmə nəticəsində deyil, məhz polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl alması müəyyən olunur. Habelə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, 26 oktyabr 2023-cü il tarixdə saat təxminən 23 radələrində Abşeron rayonu, Saray qəsəbəsində olduğu zaman polis əməkdaşları onu saxlayaraq polis bölməsinə aparmış, lakin onun saxlanılması daha gec rəsmiləşdirilmişdir. Bu xüsusatın da araşdırılması üçün müvafiq mobil operatorlardan həm təqsirləndirilən şəxsə, həm də polis əməkdaşlarına məxsus mobil telefon məlumatlarının götürülməsi ilə bağlı qərar qəbul olunmuş və məhkəmə istintaqı zamanı tədqiq olunan həmin məlumatlarından ("xxxx" MMC və "xxxx" MMC-dən alınaraq cinayət işinin materiallarına əlavə olunmuş məlumatlardan) müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan mobil nömrə 26 oktyabr 2023-cü il tarixdə gecə saat 02 radələrinə kimi işlək vəziyyətdə olmuş, həmin nömrədən müxtəlif istiqamətlərə zənglər olunmuş, danışıqlar qeydə alınmış, anten dairə məkanlarında hərəkətlilik olmuş, yalnız gecə saat 02 radələrindən sonra mobil nömrədən istifadə dayanmışdır. Eyni zamanda, polis əməkdaşlarına məxsus mobil nömrələr də məhz həmin ərəfələrdə Abşeron rayonu, Saray qəsəbəsində anten dairə məkanlarında qeydə alınmışdır. Bu isə onu göstərir ki, təqsirləndirilən şəxsin bu xüsusatla bağlı qeyd etdikləri də həqiqəti əks etdirməmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən üzərindən aşkar olunan siqaret qutusunun Rotmans markalı siqaret qutusu olduğunu bildirmiş, lakin həmin qutunun sonradan polis əməkdaşları tərəfindən Sobranie markalı siqaret qutusuna dəyişdirildiyini qeyd etmişdir ki, bu xüsusata münasibətdə məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə istintaqı zamanı polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra X14 şəxsin üzərinə şəxsi axtarış keçirilməsi barədə tərtib olunan protokola əlavə olunmuş video çəkilişə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin video çəkiliş zamanı müdafiəçi Təqsirləndirilən şəxs bu barədə soruşduqda sonuncu onun üzərindən məhz Sobranie markalı siqaret qutusunun aşkar olunduğunu qeyd etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni polis əməkdaşları tərəfindən döyülməsi, təsir və təzyiqlərə məruz qalması barədə müdafiəçisinə heç bir söz deməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə bildirməmiş, sadəcə barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. Beləliklə, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə bütövlükdə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır və onlarla razılaşmır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəyə gəldikdə isə məhkəmə kollegiyası şahidin Təqsirləndirilən şəxslə dost münasibətdə olmasını və bu halın şahidin təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsini anlaşılan edən hal olmasını əsas götürərək məhkəmə istintaqı zamanı onun verdiyi ifadəsinə tənqidi yanaşır və ona görə də, Şahid3 ibtidai istintaq zamanı heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsini işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsaslı hesab edərək, Təqsirləndirilən şəxs elan olunan ittihamın əsasına məhz şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıbformalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü (X8) və xx.xx.2020-ci il təvəllüdlü (X10) iki azyaşlı uşağı var (cild 01, iş vər. 79- 82). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 78). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, aşkar olunan psixotrop maddənin çəkisini nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 22). Cinayət işinin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 68-69). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzasının başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmamalı, lakin o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 4,595 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 114 AZN (yüz on dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsində saxlanılan 4,595 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 114 AZN (yüz on dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-611/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-611/2024
05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver