Məhkəmə qərarları › İş №1(124)-617/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-617/2024

22.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-617/2024 22.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi:X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı və külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə İran İslam Respublikası vətəndaşı Cavid adlı şəxslə və qeyriləri ilə “Whatsapp” proqram təminatı vasitəsi ilə əlaqə saxlayıb əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında bu məqsədlə xx.xx.2024-cü il tarixdə İran İslam Respublikası vətəndaşı Cavid adlı şəxslə danışıqlar apararaq cinayətkar niyyətin həyata keçirilməsi üçün aralarındakı rol bölgüsünə əsasən İran İslam Respublikası vətəndaşı Cavid adlı şəxsin qeyriləri vasitəsilə qanunsuz olaraq satış məqsədilə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı və külli miqdarda, 1 (bir) bükümdə təmiz çəkisi - 119,578 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin yaxınlığındakı lepka mağazasının yanında qoydurması, həmin odlu silah, onun komplekt hissələrini, döyüş sursatı və narkotik vasitə heroini götürdükdən sonra bildirəcəyi ünvanlara çatdırması və başqa şəxslərin götürməsi üçün həmin yerlərin fotoşəkilini çəkərək məkan yeri ilə birlikdə sonuncuya göndərməsi, bunun müqabilində sonuncunun onun hesab kartına 500 manat pul göndərəcəyi ilə bağlı razılığa gəldikdən sonra, İran İslam Respublikası vətəndaşı Cavid adlı şəxsin ona “Whatsapp” proqram təminatı vasitəsi ilə göndərdiyi məkan və fotoşəkillər əsasında həmin tarixdə axşam saatlarında qeyd olunan ərazini müəyyən edib sonuncunun qoydurduğu yerdən külli miqdarda, 01 bükümdə təmiz çəkisi-119,578 qram narkotik vasitə heroin və 01 ədəd zavod üsulu ilə 1994-cii ildə xarici dövlətdə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı AKMS modelli TE-9014 nömrəli, 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı olan silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməyən odlu yivli silahı, 27 ədəd atəş üçün yararlı, döyüş sursatı hesab edilən zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarını, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab edilməyən, texniki cəhətdən saz və istifadə üçün yararlı olan 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi-darağı götürərək İran İslam Respublikası vətəndaşı Cavid adlı şəxsin bildirəcəyi yerlərə çatdırması məqsədi ilə üzərində daşımaqla saxlamış, 25 yanvar 2024-cii il tarixdə saat 21:20- də, Sumqayıt şəhər polis İdarəsinin cinayət-axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən, "Bravo" marketin arxasında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş və şübhəli şəxs qismində tutulduqdan sonra üzərində keçirilən şəxsi axtarış zamanı özündə saxladığı üzərində "Adidas" yazısı olan göy rəngli idman çantasının içərisindən külli miqdarda, 1 bükümdə təmiz çəkisi-119,578 qram narkotik vasitə heroin, 01 ədəd zavod üsulu ilə 1994cii ildə xarici dövlətdə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı AKMS modelli, TE-9014 nömrəli, 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı olan silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməyən odlu yivli silah, 27 ədəd atəş üçün yararlı, döyüş sursatı hesab edilən zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab edilməyən,texniki cəhətdən saz və istifadə üçün yararlı olan 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi-daraq aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun İran İslam Respublikası vətəndaşı ilə “Whatsapp” danışığı olmamış, o, həmin şəxsi ümumiyyətlə tanımamışdır. Narkotik istifadəçisi olmağı ilə bağlı özünü təqsirli bilmiş, lakin o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Özü kasıb şəraitdə böyüyən biri olmuş, himayəsində azyaşlı uşaqları olmuş və onlara görə heç zaman belə əməli törətmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq göstərdi ki, o, marixuanadan 2003-cü ildən istifadə etmişdir. O, Cavid adlı şəxslə “Contakt” sosial şəbəkəsi vasitə ilə tanış olmuş, Cavid adlı şəxsi telefonunun mobil kontaktında “Javid” olaraq qeyd etmişdir. Cavidin ona 17 qram marixuana göndərilməli olduğunu bildirmiş və bunun üçün də ona 100 manat pul göndərmişdir. Gün ərzində marixuanadan 1-2 dəfə istifadə etdiyini bildirmişdir. Kalaşnikov avtomatı ilə bağlı heç bir məlumatım olmamış, avtomatı onun boynuna qoymuş və ona hədə-qorxu gəlmişlər. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, onu Sumqayıt şəhəri ərazisində “Bravo” marketin yanında 9-10 nəfər polis əməkdaşı saxlamış, polis əməkdaşları tərəfindən saxlanılan zamanı ona qarşı fiziki təsir olmuş və onu döymüşdürlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞın əməliyyat müvəkkili Şahid1 Hafiz oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəsinin dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə edilmiş, tərəflərindən əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxsi ‘’Bravo’’marketin yaxınlığında saxlayıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində çanta olmuş, saxladıqdan sonra onu idarəyə aparmışdırlar. Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməmiş, özü könüllü şəkildə hər şeyi etiraf etmiş, iranlı ilə əlaqəsi olduğunu bildirmiş, idarədə hər şeyi təqdim etmişdir. Təqsirləndirilən şəxsdən miqdarını xatırlamadığı qədər narkotik vasitə və silah aşkar olunmuş, həmin silah avtomat olmuşdur. Şahid1 əməliyyata özünün rəbərlik etdiyini və qəti şəkildə təqsirləndirilən şəxsə təzyiq göstərilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞnin kiçik inspektoru, polis serjantı X4 ifadəsində göstərmişdir ki, onlara Təqsirləndirilən şəxs barəsində narkotik vasitənin dövriyyəsi və satışı ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur.Əməliyyat qrupunun rəhbəri polis kapitanı Şahid1, cinayət axtarış şöbəsinin rəis müavini Şahid2 və özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Axşam radələrində onlar ‘’Bravo’’ marketin yaxınlığında təqsirləndirilən şəxsə yaxınlaşmış və özlərini təqdim etmişlər.Təqsirləndirilən şəxsin üzərində narkotik vasitəsi və odlu silah olmuş, Təqsirləndirilən şəxs idarəyə aparılmış, ona qarşı heç bir təzyiq göstərilməmişdir. Şahid Sumqayıt ŞPİ-nin CAŞ-ın rəis müavini, polis mayoru Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Neftçala rayonu, Bankə qəsəbəsi, C.Mikayılov küçəsi ev 105-də yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin istifadəsi, satışı, üzərində gəzdirməsi və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı İdarə rəisinə raportla məruzə olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ondan başqa İdarənin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 və CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid3 də daxil edilmişdir. Əməliyyat qrupuna rəhbərliyi Şahid1 etmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat marağı kəsb edən məlumatların yoxlanılması məqsədilə 25 yanvar 2024-cü il tarixdə onun ola biləcəyi yerlər tərəflərindən müşahidəyə götürülmüş, saat 21:20 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mkr, "Bravo" marketin yaxınlığında əlində saxladığı üzərində "Adidas" yazısı olan idman çantası ilə piyada gedərkən görmüşlər və yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışlar. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində, qanunsuz olaraq odlu silah, onun komlekt hissələrini və döyüş sursatı əldə edib gəzdirməsində şübhəli olduğunu bildirmişlər və həmin yerdə şəxsi axtarış keçirilməsi üçün normal şərait olmadığına görə onu Sumqayıt ŞPİ-nə gətirmişlər. Polis İdarəsində təhqiqatçı və müdafiəçinin iştirakı təmin edildikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlanmazdan əvvəl Təqsirləndirilən şəxs olan qara rəngli "Samsung" markalı mobil telefona davamlı zənglər gəldiyindən şəxsi axtarışla bağlı aparılan müvafiq sənədləşmə işlərinə maneə olmaması üçün sonuncudan mobil telefonunu götürüb özlərində saxlamışlar. Bundan sonra Anar Məməmdova üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs yanında saxladığı üzərində "Adidas" yazısı olan göy rəngli idman çantasını masanın üzərinə qoyub təqdim etmişdir. Həmin idman çantası açılıb içərisinə baxılanda 1 ədəd qara rəngli büküm və şəffaf yapışqanlı lentlə bükülmüş sellofan bükülünün içərisindəki şəffaf sellofan bükülüdə 1 ədəd avtomat və içərisində patronlar olan avtomat darağı aşkar olunmuşdur. 1 ədəd qara rəngli bükümün içərpisinə baxılanda heroinə bənzər maddə, avtomata baxılanda üzərində "9074,1994" rəqəmləri, 1 ədəd darağın içərisində isə 27 ədəd patronlar olması müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs qara rəngli bükümün içərisində "kakos", yəni heroin, yapışqanlı lentlə bükülmüş sellofan bükülünün içərisindəki şəffaf sellofan bükülüdə isə Kalaşnikov avtomatı, avtomat darağının içərisində isə avtomat patronları olduğunu, həmin heroini, avtomatı və içərisində patronlar olan avtomat darağını telefon vasitəsilə tanış olduğu İran vətəndaşının Sumqayıt şəhərinə qoydurduğu yerdən ona göndərdiyi konum vasitəsilə yerini tapıb əldə etdiyini və İran vətəndaşının ona deyiləcək digər yerə aparıb qoymağı müqabilində ona hamısına görə 500 manat pul göndərəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sol üst cibindən Rotmans siqareti, alışqan, 10 qəpik pul, sağ üst cibindən pasport, şəxsiyyət və sürücülük vəsiqəsi, gediş kartı aşkar olundu, başqa hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Həmçinin idman çantasında riboksin ürək dərmanından başqa bir şey aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 1 bükümdə heroinə bənzər maddə elektron tərəziyə qoyulub çəkilərək olduğu sellofan bükülü ilə birlikdə çəkisi 120,04 qram olmuşdur. Həmin maddə ekpertizaya göndərilməsi üçün zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd avtomat, 27 ədəd patronlar və avtomat darağı xüsusi qaydada qablaşdırılaraq möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş Rotmans siqareti özünə qaytarılmış, alışqan, 10 qəpik pul, pasport, şəxsiyyət və sürücülük vəsiqəsi, gediş kartı təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra protokol tərtib edilən zaman şəxsi axtarış başlanmazdan əvvəl Təqsirləndirilən şəxs götürdüyü qara rəngli "Samsung" markalı mobil telefon təhqiqatçıya təqdim edilmiş və həmin mobil telefon təhqiqatçı tərəfindən götürülmüş, daha sonra keçirilən şəxsi axtarışla bağlı tərtib edilmiş protokolun məzmunu onlara ucadan oxunmuş, doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroini, oldu silah Kalaşnikov avtomatını, içərisində 27 ədəd patronlar olan avtomat darağını İran vətəndaşının vasitəsilə əldə etdiyi barədə məlumatlar daxil olmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin istifadəsində, satışında, üzərində gəzdirməsi və qanunsuz odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı isttisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməsi barədə etibarlı mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş əməliyyat-axtarış tədbirinin videogörüntüsünü əks etdirən 1 ədəd DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs hüqüq və vəzifələri izah olunduqdan sonra üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunur. Təqsirləndirilən şəxs yanında saxladığı üzərində "Adidas" yazısı olan göy rəngli idman çantasını təqdim edərək masanın üzərinə qoyur, həmin idman çantası açılıb içərisinə baxılanda 1 ədəd qara rəngli büküm və şəffaf yapışqanlı lentlə bükülmüş sellofan bükülünün içərisindəki şəffaf sellofan bükülüdə 1 ədəd avtomat və içərisində patronlar olan avtomat darağı aşkar olunduğu, 1 ədəd qara rəngli bükümün içərisinə baxılanda heroinə bənzər maddə, avtomata baxılanda üzərində "9074,1994" rəqəmləri, 1 ədəd darağın içərisində isə 27 ədəd patronlar olması müəyyən olunur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs qara rəngli bükümün içərisində "kakos", yəni heroin, yapışqanlı lentlə bükülmüş sellofan bükülünün içərisində Kalaşnikov avtomatı, avtomat darağının içərisində isə avtomat patronları olduğunu, həmin heroini, avtomatı və içərisində patronlar olan avtomat darağını telefon vasitəsilə tanış olduğu İran vətəndaşının Sumqayıt şəhərinə qoydurduğu yerdən ona göndərdiyi konum vasitəsilə yerini tapıb əldə etdiyini və İran vətəndaşının ona deyiləcək digər yerə aparıb qoymağı müqabilində ona hamısına görə 500 manat pul göndərəcəyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı aşkar olunmuş 1 ədəd avtomat, 27 ədəd patronlar və avtomat darağı və narkotik vasitə heroinin olduğu büküm ayrı-ayrılıqda xüsusi qaydada qablaşdırılaraq möhürlənir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş Rotmans siqareti özünə qaytarılır, alışqan, 10 qəpik pul, pasport, şəxsiyyət və sürücülük vəsiqəsi, gediş kartı isə təhqiqatçı tərəfindən götürülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş “telefona baxış keçirilməsi barədə” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs istifadəsində olan üzərində ***-***-**-** saylı nömrə və ***-***-**-** saylı "Whatsapp" nömrəsi olan "Samsung Galaxy A10S" markalı mobil telefonun ***-***-**- ** saylı nömrənin "Whatsapp" proqram təminatına daxil olduqda orada İran İslam Respublikasının mobil operatoruna məxsus +98 ********** nömrəsinin "javid baba" adının yaddaşa qeyd olunduğu görünür. Mesaj qutusuna daxil olduqda orada "javid baba"(jb) profil ilə - Təqsirləndirilən şəxs (AM) profili arasında olan danışıqları görünür. Mesaj qutusuna baxdıqda orada aşağıdakı məzmunlu yazışmanın olduğu məlum olur: 24.01.2024- cü il tarixdə saat 18:46-da "jb" adlı şəxs "AM" adlı şəxsə göndərdiyi səs yazısında qadın cinsli şəxsin "Salam, bu gün çıxıb ata bilmirəm, uşaq narahatdır deyə, sabaha mütləq atacam" 18:46 "Satam bacı, o,otumuzdan sənə deyəcəm nə qədər bağlıyarsan, çıxıb tez qoya bilərsən? mənim kliyentim var,ayıbdır, onların yanında sözüm yalan çıxmasın,bilirəm başın qarışıqdı,ama onu tez eliyərsən", saat 18:47-də "indi bilmirəm mənim barəmdə nə fikirləşirsən fikirləş, səs atmışam ki mal at, deyir eləyə bilmirəm, xəstəxanadayam, uşaq xəstədir", saat 18:47-də "ama səhər yüz faiz atacam, mənim səsimi saxla, səndən bir şey istəmirəm ki, deyirəm yüz faiz məhər ataram". 25.01.2024- cü il tarixdə saat 10:45-dən 10:48-dək "jb" adlı şəxslə "AM" adlı şəxslə qarşılıqlı yazışması "salam qardaşım, necəsən(jb) Salam brat(AM) Telefon düzəldi.(jb)Yox baba(AM)01du zəng eliyərəm(jb), Ok. Saat 14:21-dən 14:24-dək Qaqa 1 xəbər yoxdu,yaz(AM),qaqa, mən yox,yaza bilmirəm(jb). Ok,zəng vuracam(AM). Zəng elə ətraflə danışarıq(jb). Saat 16:18-də Atırsan ya yox?(AM). 25.01.2024- cü il tarixdə saat 16:19-da "jb" adlı şəxs "AM" adlı şəxsə " Salam , qardaş, ayıbdı o nə cür yazmaqdı? atırsan ya yox? adam salam verər, halını soruşar, çox narazısan kartını at axşama kimi pulu vurum sənə" səsli sıııs göndərir. 25.01.2024- cü il tarixdə saat 16:20-də "jb" adlı şəxs "AM" adlı şəxsə " gündüz günorta çavğı mən sənə nə təhər atım, nə atım? Sən özün çıxıb ata bilərsən? " səsli sms göndərir. 25.01.2024- cü il tarixdə saat 17:03-də "AM" adlı şəxs "jb" adlı şəxsə " telefonu düzəltdirdim işlədi, hazırdır səni gözdüyürəm?" səsli sms göndərir. 25.01.2024- cü il tarixdə saat 17:04-də "jb" adlı şəxs "AM" adlı şəxsə " danışmışam,sənə indi özüm zəng edəcəm" səsli sms göndərir. 25.01.2024- cü il tarixdə saat 17:52-də "jb" adlı şəxs "AM" adlı şəxsə " qardaşımsan dediklərini tez hazırla at mənə,videoda deyəcəksənki, Cavid qardaşa ömür boyu xəyanət etmərəm, götürdüyüm malları yerinə qoyacam hara desə, bidənə də şəxsiyyət vəsiqəni at mənə" səsli sms göndərir. 25.01.2024- cü il tarixdə saat 17:52-də "jb" adlı şəxs "AM" adlı şəxsə " 50 qram patıdı, 50 qramda koladı" səsli sms göndərir. 25.01.2024- cü il tarixdə saat 17:52-də "jb" adlı şəxs "AM" adlı şəxsə "indi bağlıyaq hamısını,deyirəm götürüb gətirirsən,mən dediyim yerlərə ünvan eliyəcəysən,ondan sonra indi üstündə özünün kliyentin olacan, götürüb sataqaqsan,onu da neçəyə satsan mən sənə 25-dən hesabaylacam" səsli sms göndərir. 25.01.2024- cü il tarixdə saat 17:58-də "AM" adlı şəxs "jb" adlı şəxsə Təqsirləndirilən şəxs Məmmdağa oğlunun adma olan şəxsiyyət vəsiqənin fotoşəklini, saat 17:59-da isə 16 saniyəlik videogörüntüdə Təqsirləndirilən şəxs "Salam aleykum, Cavid mənim bratımdı, Cavidlə mən neçə ildir ki işləyirəm, ömtirboyu da Cavidə xəyanət etmərəm, bizim qabımızda yoxdu xəyanət etməy, veçni də sənlə haqqına kişi kimi işləyəcəm, əgər işləməsəm aldatsam əlindən nə gəlir edə bilərsən Cavid" deyir. 25.01.2024- cü il tarixdə saat 18:02-də "AM" adlı şəxs "jb" adlı şəxsə "mənim qardaşım sənə atdığım şəkil və videodan Aydının xəbəri olmasın, bu sənimnə mənim aramdadı.mən aydına heçnə demiyəcəm" səsli sms göndərir. 25.01.2024- cü il tarixdə saat 18:03-də "jb" adlı şəxs "AM" adlı şəxsə " nigaran olma qardaşım, o məndə Allah əmanətidir, o, günə qədər ki, mənimlə düzsən" səsli sms göndərir. 25.01.2024- cü il tarixdə saat 18:02-də "AM" adlı şəxs "jb" adlı şəxsə "başına dönüm sabaha saxlatdırma,bu gün iş eləyək, dünən yalançı çıxdjım mən, istəyən var idi, saxlamışam bu günə, bu gün də yalançı çıxsam onlarda əlimizdən çıxacaq,qaçacaq o kliyentlər də" səsli sms göndərir. 25.01.2024- cü il tarixdə saat 18:04-də "jb" adlı şəxs "AM" adlı şəxsə "50 pati,50 kola" məzmunlu sms göndərib. 25.01.2024- cü il tarixdə saat 18:05-də "AM" adlı şəxs "jb" adlı şəxsə " mən indi hansı tərəfə gedəcəm, təxmini adres de, mən indidən çıxım gedim gözləyim orda" səsli sms göndərir. 25.01.2024- cü il tarixdə saat 18:06-də "jb" adlı şəxs "AM" adlı şəxsə "Sumqayıt" məzmunlu sms göndərib. 25.01.2024- cü il tarixdə saat 18:06-də "AM" adlı şəxs "jb" adlı şəxsə " gedim ora" məzmunlu sms göndərib. 25.01.2024- cü il tarixdə saat 18:06-də "jb" adlı şəxs "AM" adlı şəxsə "10 dəqiqə gözlə xəbər eləyirəm" səsli sms göndərir. 25.01.2024- cü il tarixdə saat 18:06-də "jb" adlı şəxs "AM" adlı şəxsə "qardaşım hazırlaş inqdi çıxırsan, 10-15 dəqiqəyə deyirəm çıxırsan" 25.01.2024- cü il tarixdə saat 18:41-də "AM" adlı şəxs "jb" adlı şəxsə "mənim qardaşım, mən hazıram səni gözləyirəm", səsli sms göndərir. 25.01.2024- cü il tarixdə saat 19:25-də "jb" adlı şəxs "AM" adlı şəxsə "qaqa çatıbsansa mənə de" səsli sms göndərir. 25.01.2024- cü il tarixdə saat 19:25-də "AM" adlı şəxs "jb" adlı şəxsə " yoldayam" məzmunlu sms göndərib. 25.01.2024- cü il tarixdə saat 19:26-da "jb" adlı şəxs "AM" adlı şəxsə "indi deyirəm çıxsın aparsın qoysun,şəkil,konum hamısını hazırlasın" səsli sms göndərir. 25.01.2024- cü il tarixdə saat 19:27-də "AM" adlı şəxs "jb" adlı şəxsə " maşındayam səs ata bilmirəm,20 dəqiqəyə çatıram, orda küçədə qalmayım day" məzmunlu sms göndərib. 25.01.2024- cü il tarixdə saat 20:09-da "AM" adlı şəxs "jb" adlı şəxsə " qaqa çatdım mən, Sumqayıtdayam girmişəm avtovağzalın içinə, çatmışam, nə edim brat" səsli sms göndərir. 25.01.2024- cü il tarixdə saat 20:01-də "jb" adlı şəxs "AM" adlı şəxsə "Sumkadadı yer tapım atıram nəyin var qoydum sumkaya abi Allah xeyir versin" məzmunlu sms göndərir. 25.01.2024- cü il tarixdə saat 19:36-da "jb" adlı şəxs "AM" adlı şəxsə "fotoşəkillərdə Bravo market və lepka mağazasının yanında işarələnmiş'Totoşəklini və məkan yeri(konum) göndərir. 25.01.2024- cü il tarixdə saat 21:02-də "jb" adlı şəxs "AM" adlı şəxsə "9mk bravonun arxasında lepka sexinen ara yol girir ordadı) məzmunlu sms, "qaqa telefonu niyə setdən çıxarırsan, mənlə əlaqəyə çıx", saat 21:14-də "ay qaqa yarım saat keçdi, götürübsənsə xəbər elə, nigaranam"səsli sms göndərir. 25.01.2024-cü il tarixdə saat 21:23-də "jb" adlı şəxs "AM" adlı şəxsə "alo, qaqa sumkanm içində avtomat var onu səhər ünvan eliyərsən, sənə 800 manat pul vuracam" məzmunlu sms göndərir. 25.01.2024- cü il tarixdə saat 21:43-də "jb" adlı şəxs "AM" adlı şəxsə " mənim zakazım vardır, mənimlə danış, dəmir səhər ünvan eləməlisən, adam səni gözləyir", "ayrı hərəkət eləyə bilməzsən, yəni avtomatnan 100 qram daşı burnundan gətirərəm, telefonu aç səninlə işim var", "ay bədbaxt 800 manat sənə pul verəcəm də, bunun nə problemi vardır?" səsli sms göndərir. 25.01.2025- Baxış zamanı Təqsirləndirilən şəxs həmin telefonda olan ***-***-**-** saylı nömrənin Whatsapp proqram vasitəsi ilə mobil nömrəsi +98 ********** olan “javid baba” adlı profili ilə adını mobil telefonuna qeyd etdiyi Cavid adlı İran vətəndaşı ilə mesajlaşma aparan şəxsin özü olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/664 nömrəli rəyindən görünür ki, "Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) büküm maddə..." və s.soyadlar, imzalar olan 01 ədəd zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 119,578 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş " Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına(Siyahı İ) daxildir. Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 24/195 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd TE-9014 №-li silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə 1994-cü ildə xarici dövlətdə istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKMS modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 27 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən "güllə- giliz" kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-11/2-2136/2024 saylı məktubdan görünür ki, 01 ədəd 7,62 mm kalibrli TE-9014 №-li Kalaşnikov konstruksiyalı AKMS modelli avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri İdarənin "Güllə-Giliz" kartotekasında "Arsenal" avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanılmış və müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cii il tarixli, 841 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 02 fevral 2024-cü il tarixli “Əşyanın maddi sübut kimi tanınması” haqqında qərardan görünür ki, 1 bükümdə ekspert tədqiqatından sonra qalıq qalmış 119,478 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 25 mart 2024-cü il tarixli “Əşyanın maddi sübut kimi tanınması” haqqında qərardan görünür ki, 01 ədəd Kalaşnikov konstruksiyalı AKMS modelli, TE-9014 nömrəli, 7,62 mm kalibrli odlu yivli silah, 27 ədəd atəş üçün yararlı, döyüş sursatı hesab edilən 7,62x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahların patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi – daraq maddi sübut kimi tanınmış və maddi sübut qismində Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş 25 mart 2024-cü il tarixli “Əşyanın maddi sübut kimi tanınması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş içərisində AKMS modelli, odlu yivli silah, 27 ədəd patron və 01 ədəd avtomat darağı, həmçinin bir ədəd bükümdə ümumi təmiz çəkisi 119, 578 qram narkotik vasitə heroinin olduğu üzərində “Adidas” yazısı olan idman çantası maddi sübut qismində Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan 27 aprel 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi, cinayət əməllərinin hüquqi tövsifi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışın videotəsvirlərini əks etdirən 1 ədəd DVD disk, Anar Əhmədovun "Cavid" adlı şəxslə danışıqlar aparan zaman bir-birinə göndərdikləri səsli mesajları əks etdirən 1 ədəd CD disk və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd "Samsung Galaxy A10S" markalı mobil telefon maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmaması, narkotik vasitəni yalnız öz şəxsi istifadəsi məqsədilə əldə etməsi, saxlanılan zaman üzərində olan, içərisindən narkotik vasitə heroin və odlu yivli silah, 27 ədəd atəş üçün yararlı, döyüş sursatı hesab edilən patronlar və Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi – daraq aşkar edilən çantanın ona məxsus olmaması, həmin çantanı Cavid adlı şəxsin göstəriş ilə götürməməsi, həmin çantanı yenə həmin şəxsin təlimatı ilə deyiləcək ünvana qoymaq kimi bir fikir və məqsədinin olmaması, həmin çantanı polis əməkdaşları tərəfindən ona göstərilən fiziki və psixi təzyiq nəticəsində video çəkiliş zamanı özünə məxsus olduğunu deməsi barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Neftçala İcra Hakimiyyəti Başçısının Bankə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi arvadı, xx.xx.2015-ci il təvəllüdlü qızı X3 və xx.xx.2019-cu il təvəllüdlü oğlu X2 ibarətdir. Yaşadığı müddət ərzində onun barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışıdr. Təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, xx.xx.2021-ci il tarixdə Neftçala rayon Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2021 -ci ildə cəzasının sonu ilə azad edilmişdir. Hal hazırda Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin saxlanc otağında saxlanılan 01 ədəd Kalaşnikov konstruksiyalı AKMS modelli, TE-9014 nömrəli, 7,62 mm kalibrli odlu yivli silah, 27 ədəd atəş üçün yararlı, döyüş sursatı hesab edilən 7,62x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahların patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi - daraq məcburi qaydada dövlət nəfinə müsadirə olunmalı, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 119,478 qr. narkotik vasitə heroin və bir ədəd idman çantası məhv edilməli, cinayət işinin materiallarında saxlanılan "Samsung Galaxy A10S" markalı mobil telefon təqsirləndirilən şəxslərin yaxın qohumlarına qaytarılmalı, iki ədəd diskin iş materiallarına saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-in 228.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin başlanğıcı 25 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs 114 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş 119,478 qram qalıq narkotik vasitə heroin və bir ədəd idman çantası məhv edilsin, 01 ədəd Kalaşnikov konstruksiyalı AKMS modelli, TE-9014 nömrəli, 7,62 mm kalibrli odlu yivli silah, 27 ədəd atəş üçün yararlı, döyüş sursatı hesab edilən 7,62x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahların patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi – daraq dövlət nəfinə alınaraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət işinin materiallarında saxlanılan "Samsung Galaxy A10S" markalı mobil telefon təqsirləndirilən şəxslərin yaxın qohumlarına qaytarılsın, iki ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar