Məhkəmə qərarları › İş №1(124)-618/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-618/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-618/2024 21.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 Nizami oğlunun sədrliyi, X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi - Şimal Vəkil Bürosu vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün, külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 11,020 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 25 yanvar 2024-cü il tarixdə, saat 20:10 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 18-ci məhəllə, “Fəxri” marketin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq, Sumqayıt ŞPİ-nin inzibati binasına gətirildikdən gətirildikdən sonra, 25 yanvar 2024-cü il tarixdə saat 20:40 dəqiqədə üzərinə şəxsi axtarış keçirilən zaman həmin bir ədəd bükümdə narkotik vasitə heroin əynində olan şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, narkotik vasitə onda olmuşdur. Özü 32 il narkotik vasitələrin istifadəçisi olmuşdur. O, birinci Qarabağ Müharibəsində iştirak etmiş və kantuziya almışdır. Aldığı kantuziya ilə əlaqədar narkotikdən istifadə etmişdir. Narkotiki istifadə etməsində məqsəd sağlamlığını yoluna qoymaq olmuşdur. Narkotikin miqdarı isə bir az çox olmuşdur. O, ittihamda göstərilən tarixdə saxlanılmış və üzərində ittihamda göstərilən miqdarda narkotik vasitə olmuşdur. Onun hərbi xidmətlə bağlı əlilliyi olmamış, həmçinin bununla bağlı dövlətə müraciət etməmişdir. Himayəsində iki az yaşlı övladı vardır. Övladlarından birinin 11 yaşı vardır. Törətdiyi əməlindən peşman olmuşdur. Başqa çıxış yolu olmadığına görə narkotik vasitə istifadə etmişdir. O, istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində Zaur adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin istifadə etməsi, satması və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin gün saat 20:10-da sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində yerləşən “Fəxri” marketin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmişdir. Orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektorkriminalisti tərəfindən videokamera işə salınaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyev özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmişdir. Polis əməkdaşları da özlərini təqdim etmişlər. Bundan sonra baş təhqiqatçı Elsevər Quliyev ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin istifadə etməsi, satması və üzərində gəzdirməsi üçün saxlanılıb bölməyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Rəşad İldırımzadəni təqdim etmiş, Zaur bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuşdur. O da əynində olan boz rəngli parça şalvarın sol yan cibində saxladığı içərisində ***-***-**-** saylı nömrə olan “Huawei” markalı mobil telefonu və sağ yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan qara rəngli sellofanı təqdim etmişdir. Sorğu zamanı Zaur üzərindən aşkar olunan həmin heroini xx.xx.2024-cü il tarixdə «İnstaqram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşından onun kart hesabına 300 manat pul atdıqdan sonra həmin şəxsin xx.xx.2024-cü il tarixdə saat 16-17 radələrində ona Bakı şəhəri 20 yanvar ərazisində şəklini çəkdiyi ünvana narkotik vasitəni atdığını və onun həmin ərazidən narkotik vasitəni götürərək şəxsi istifadəsi üçün üzərində saxladığını və narkotik vasitəni əldə etdikdən sonra Sumqayıt şəhərinə gəldiyini bildirmişdir. Zaurun üzərindən aşkar olunan heroin qara rəngli sellofanla birlikdə tərəzidə çəkildikdə 12,09 qram olması məlum olduqdan sonra 1 ədəd zərfə qablaşdırılıb üzəri möhürlənmiş, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən içərisində ***-***-**-** saylı nömrə olan “Huawei” markalı mobil telefon götürülmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 işin halları ilə bağlı Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinə xx.xx.1974-cü il təvəllüdlü ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin istifadəsi, satışı və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Sumqayıt şəhəri 4-cü məhəllə, ev 30/28a, mənzil 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə külli miqdarda narkotik vasitələrin istifadəsi, satışı və üzərində gəzdirməsində şübhəli bilinən xx.xx.1974-cü il təvəllüdlü ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən “Fəxri” marketin yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir. 25 yanvar 2024-cü il tarixdə tərtib edilmiş “şəxsi axtarış və diskə baxış keçirilməsi” protokoldan və həmin protokola əlavə edilmiş diskdən görünür ki, videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunur. Zaur da əynində olan boz rəngli parça şalvarın sol yan cibində saxladığı içərisində ***-***-**-** saylı nömrə olan “Huawei” markalı mobil telefonu və sağ yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan qara rəngli sellofanı təqdim edir. Sorğu zamanı Zaur üzərindən aşkar olunan həmin heroini xx.xx.2024-cü il tarixdə «İnstaqram» sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşından onun kart hesabına 300 manat pul atdıqdan sonra həmin şəxsin xx.xx.2024-cü il tarixdə saat 16-17 radələrində ona Bakı şəhəri 20 yanvar ərazisində şəklini çəkdiyi ünvana narkotik vasitəni atdığını və onun həmin ərazidən narkotik vasitəni götürərək şəxsi istifadəsi üçün üzərində saxladığını və narkotik vasitəni əldə etdikdən sonra Sumqayıt şəhərinə gəldiyini bildirir. Zaurun üzərindən aşkar olunan heroin qara rəngli sellofanla birlikdə tərəzidə çəkildikdə 12,09 qram olması məlum olduqdan sonra 1 ədəd zərfə qablaşdırılıb üzəri möhürlənib, iş üçün əhəmiyyət kəsb etdiyindən içərisində ***-***-**-** saylı nömrə olan “Huawei” markalı mobil telefon götürülür. Bundan sonra videoçəkiliş dayandırılır. Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/665 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, təqiqat obyekti üzərində AR DİN «Zərflər üçün № 124» möhür əksi, «Saxlanılan şəxs Təqsirləndirilən şəxs..» və s.soyadlar, imzalar olan 01 ədəd zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 11,020 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 148 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmadı. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1240 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli BKC/LGL-4857/24 saylı məktubu ilə daxil olmuş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskə daxil olduqda, orada “Nomrenin_Mexsusluq_Tarixcesi”, “SMS_Tarixcesi” ,, «Zenglerin_Detallasması» və «Zenqlerin_Məxsusluq_Tarixceleri adlı parkaları var. «Zenglerin_Detallasması» papkasma daxil olduqda müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2024cü il tarixdə saat 19:43, 20:37, 20:39, 20:41, 20:43, 20:56, 20:57, 20:59, 21:04-də Sumqayıt şəhəri 6-cı məhəllə M.Hüseynzadə küçəsində müəyyən edilir. Sumqayıt şəhəri, 18-ci məhəllə, “Fəxri” Marketin yaxınlığındakı ərazisi Sumqayıt şəhəri 6-cı məhəllə M.Hüseynzadə küçəsinə yaxın ərazidir. Bundan başqa iş üçün əhəmiyyət kəsb edən smslər, telefon danışıqları aşkar edilmir. Nikah və doğum haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində iki yetkinlik yaşına çatmayan övladı vardır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon məhkəməsinin xx.xx.2017- ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 206.2, 234.1-ci maddələri ilə təqsirli bilinərək 05 il azadlıqdan mhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Biləsuvar rayon məhkəməsinin məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2024-cü il tarixli 4(060)-25/2024-cü il saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinə xx.xx.1974-cü il təvəllüdlü ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin istifadəsi, satışı və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 yetkinlik yaşına çatmamış övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinə əlavə edilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən ona təyin edilmiş cəzadan, Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə qeyd edir ki, şəxsin məhkum müddətinin axımı Azərbaycan Respublikası CMnin 83.4-cü maddəsinə əsasən cəzadan azad edildiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aid olmasını, hazırda araşdırılan cinayət əməlini isə xx.xx.2024-cü il tarixdə yəni cəzadan şərti olaraq vaxtından əvvəl azad olunduğu tarixdən 2 il sonra törətdiyini nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun ödənildiyini qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (ağırlaşdıran hallar yoxdur), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 25 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 114 (bir yüz on dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,920 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin və 1 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 114 (bir yüz on dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,920 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin və 1 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar