Məhkəmə qərarları › İş №1(124)-62/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-62/2022

10.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-62/2022 10.06.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan yaşayan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, məhkumuluğu ödənilməmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və üzərində saxlamışdır. Belə ki, o, məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 133,339 qram çəkidə narkotik vasitə olan heroin və 97,027 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 02 aprel 2021-ci il tarixdə, saat 10:30 dəqiqədə Sumqayıt ŞPİ-nin PPXT-nun əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilərkən üzərində olan qara-boz rəngli çantanın içərisindəki 01 ədəd göy rəngli telefon qutusunun içərisindən bir ədəd bükümdə 133,339 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd bükümdə 97,027 qram çəkidə ağ rəngli kristaldan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və yaşadığı mənzildən 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2016-cı ildə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunmuş, 2019-cu ildən isə Məntəqə Tipli cəzaçəkmə müəssissində cəza çəkir. Səhhətində problemlər olduğu üçün valideynləri icazə alıb onu evə gətirmişlər. xx.xx.2021-ci il tarixdə Karvan ticarət mərkəzinin qarşısından keçən yol istiqamətində olan zaman PPX-nin əməkdaşlarını görmüş, həmin vaxt üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün polislərin onu saxlayacaqlarından qorxmuş və iti addımlarla hərəkət etmişdir. O, özünü şübhəli apardığı üçün polis əməkdaşları ona tərəf gəlməyə başladıqda, o, bunu görüb çiynində olan qaraboz rəngli üzərində «Fila» yazısı olan çantanı atıb 30-cu məhəllə istiqamətində qaçmağa başlamışdır. Polis əməkdaşları ona çatıb saxlamış və şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 4-cü PB-nə gəlmişdir, lakin ittiham aktında xx.xx.2021-ci tarixində saxlanılması göstərimişdir. Orada xidməti otaqların birində ona Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi təqdim olunmuş, o, vəkilə heç bir etiraz etməmiş və ona izah olunmuşdur ki, videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcək. Bundan sonra o, özünə məxsus olan çantanı polis əməkdaşlarına təqdim etmişdir. Təhqiqatçı tərəfindən çanta açılmış və 01 ədəd göy rəngli «Redmi Note 8» markalı telefon qutusu çantadan çıxarılmışdır. Bundan sonra çantanın içərisindən ona məxsus 02 ədəd qatlanan cib bıçağı, 01 ədəd dəstəyi göy rəngli yapışqan lent ilə örtülmüş kəlbətin, dəstəyi qara rəngli dəmir parçası, dəstəyi qara rəngli vintaçan aşkar edilmişdir. Bundan sonra çantadan ona məxsus 02 ədəd pul qabı, 102 manat pul, 34 ədəd oyun kartı, 02 ədəd Bakcell danışıq kartları, ödəniş qəbzləri, bank kartları 1 ABŞ dolları, 04 ədəd açar, 02 ədəd təsbeh, əynindəki gödəkçənin cibində olan 01 ədəd qara rəngli eynək aşkar olunmuşdur. Onun çantasında narkotik vasitə olmamışdır. Bütün bunlarla bağlı protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun yaşadığı evə də onun razılığı ilə baxış keçirilmişdir. Baxış zamanı onun yataq otağındakı dolabda paltarların arasında 01 ədəd sellofana bükülmüş bitki toxumları aşkar olunaraq götürüldü ki, həmin toxumlar da gül toxumları olmuşdur. Üzərində və evdə aşkar edilmiş alətlər onun peşəsi ilə bağlı alətlər olmuşdur. O, ibtidai istintaqda da bildirmiş ki, kondisoner ustası işləyir. Onun üzərində narkotik vasitə aşkar olunmamış, bu barədə heç bir ifadə verməmişdir. Onu 2 aprel tarixdə deyil 31 mart 2021-ci il tarixdə saxlamışlar. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhər polis idarəsinin PPXT-nın polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2021ci il tarixdə, təxminən saat 10:30 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində polis serjantı Şahid2 və polis nəfəri Abbasbəyli Ricayla birgə xidmət apararkən bir nəfər vətəndaşın onları görüb özünü şübhəli apardığını görmüşlər. Onlar ona yaxınlaşanda o, qaçmağa başlamışdır. Onun əlində idman çantası olmuşdur. Şahid2 və Ricay Abbasbəyli həmin şəxsin arxasınca qaçmışlar. O, isə maşını həmin şəxsin qaçdığı istiqamətə sürməyə başlamışdır. Həmin şəxs qaçanda əlindəki idman çantasını yerə atmışdır. Nicat qaçıb onu saxlamışdır. Ricay isə həmin şəxsin yerə atdığı çantanı yerdən götürmüşdür. O, maşınla onlara yaxınlaşmışdır. Həmin şəxs çantasını atıb qaçdığı üçün onlar bilmişlər ki, çantada qeyri qanuni nəsə var. Onlar ondan çantanın içərisində nə olduğunu və nə üçün çantanı atıb qaçdığını soruşmuşlar. Həmin şəxs çantada ona məxsus əşyalar və narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra onlar həmin şəxsi çanta ilə birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparmışlar. 4-cü PB-də onlara məlum olmuşdur ki, həmin şəxs ünvan 3-də yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra xidməti otaqlardan birində həmin şəxsə vəkil təqdim olunmuş və onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Bundan sonra onların və Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşı Şahid3 iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində olan idman çantasına və üzərinə baxış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs məxsus qara-boz rəngli «Fila» yazısı olan çantanın içərisindəki 01 ədəd göy rəngli «Redmi Note 8» markalı telefon qutusunun içərisindən bir ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə olan heroinə bənzər kütlə və bir ədəd bükümdə ağ rəngli kristaldan ibarət psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin nə olduğunu soruşduqda o, həmin kütlələrin narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra çantadan müxtəlif təmir açarları cib bıçaqları, pul qabında 102 manat pul və müxtəlif əşyalar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin əşyaların olan məxsus olduğunu bildirmişdir. Vəkil Müdafiəçi da Təqsirləndirilən şəxs çantanın ona məxsus olub olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən bir ildir ki, çanta ona məxsusdur. Bundan sonra təhqiqatçı sənədləşmə işləri aparılacağını bildirib videoçəkilişi saxlamışdır. Bundan sonra narkotik vasitə olan heroinə bənzər maddə və ağ rəngli kristaldan ibarət psixotrop maddə olan metamfetaminə bənzər kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuşdur, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Sonra onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına getmişlər. Orada da Təqsirləndirilən şəxs bildirilmişdir ki, yaşadığı mənzildə qanunsuz əşya və ya predmət varsa təqdim etsin. Lakin Təqsirləndirilən şəxs yaşadığı mənzildə qanunsuz heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Polis əməkdaşları otaqda axtarış aparmışlar. Axtarış zamanı yataq otağındakı dolabdan paltarların arasından 01 ədəd markası olmayan elektron tərəzi, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bitki toxumları aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, tərəzini məhkum olunmamışdan əvvəl almışdır. Toxumlar isə gül toxumları olmuşdur. Bundan sonra çəkiliş saxlanılmış və müvafiq sənədləşdirmə işləri aparılması üçün onlar Sumqayıt ŞPİ-nin 4-cü PB-nə qayıtmışdır. Orada müvafiq protokol tərtib olunmuş və aşkar olunmuş 01 ədəd elektron tərəzi və bitki toxumları qablaşdırılmışdır. Onlar isə həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2, Şahid3 və Şahid4 da ifadə verərək Şahid1 göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilərkən üzərində olan qara-boz rəngli çantanın içərisindəki 01 ədəd göy rəngli telefon qutusunun içərisindən bir ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli heroinə oxşar maddə, bir ədəd bükümdə ağ rəngli kristaldan ibarət maddə psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəqə 21-22) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəqə 25) “Şəxsi axtarış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli və “Baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/1301 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş …» yazısı olan bükümdəki üzərində «Honir 8S» yazısı olan qutuda 1(bir) ədəd bükümdə təmiz çəkisi 133,339 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd bükümdə təmiz çəkisi 97,027 qram ağ rəngli kristalllardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: «vət. Təqsirləndirilən şəxs məxsus mənzildən aşkar olunmuş…» yazısı olan zərfdəki bir ədəd «500g X 0,01g» markalı elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır. Həmin zərfdə olan təmiz çəkisi 0,581 qram tünd qəhvəyi rəngli maddənin tərkibində narkotik və ya psixotrop maddələrin komponentləri yoxdur və maddə narkotik və psixotrop maddələrə aid deyildir. (İş vər. 42-46) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə daxil olan sms mətnlərinin məzmunlarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə müxtəlif şəxslər tərəfindən narkotik vasitələrin satışı ilə bağlı mesajlar göndərilmişdir. (cild 1, iş vərəqə 102-112) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Maddi sübut kimi tanıma haqqında” 05 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroinin təmiz çəkisi 133,339 qram, metamfetaminin təmiz çəkisi 97,027 qram olmuşdur. Lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 133,239 qram heroin, qalıq çəkisi 96,977 qram metamfetamin və ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, cinayət işinə əlavə edilməklə məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın və yaşadığı ünvana baxış keçirilməsinin aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (İş vər. 90-94) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 2064 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İş vər.142-143) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 iyul 2021-ci il tarixli qərardan görünür ki, hazırkı cinayət işinin materiallarından narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün ayrıca icraata cinayət işi ayrılmışdır. (cild 1, iş vərəqə 165-166) Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİBnin 23 saylı Mənzil-Kommunal sahəsinin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 MKS-nə qonşular tərəfindən heç bir şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 85) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmamasına dair ifadələrini müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin hətta qanunda həmin növ narkotik vasitə üçün nəzərdə tutulmuş külli miqdardan da dəfələrlə artıq olmasını, bu miqdarda narkotik vasitənin şəxsi istifadə üçün saxlanılmasının qeyri-mümkünlüyünü, müxtəlif növdə olmaqla iki fərqli tərkib kompenentlərinə malik narkotik vasitə olmasını, üzərindən aşkar edilmiş narkotik vasitələrdən başqa yaşadığı evdən aşkar olunmuş elektron tərəzinin üzərində heroin izləri olmasını, təqsirləndirilən şəxsin istifadəsində olan mobil telefon nömrəsinə mütəmadi olaraq narkotik satışı ilə əlaqədar mesajların yazılmasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məqsədi məhz narkotik vasitənin və psixotrop maddənin satışı olmuşdur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almaqla yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini, yəni əvvəllər məhkum olunmaqla məhkumluğunun ödənilməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın qanunda göstərilən məqsədlərinə nail oluna bilər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş arayış, hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3, 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu tarixli, 7 (005)- 355/2019 saylı qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. 04 aprel 2021-ci il tarixə cəzasının çəkilmiş hissəsi 05 il 05 ay 23 gün, çəkilməmiş hissəsi 06 ay 28 gün hesablanmışdır. (cild 1, iş vərəqə 127-128) Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə onlar məhkum olunmamış hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs ağır cinayət əməlini törətməyə görə ona təyin olunmuş cəzanı çəkib qurtarmamışdır. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivi təhlükəli sayılır. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi vardır və cəza təyini zamanı CM-nin 65.2-ci maddəsinin tələbləri (residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz) nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Azərbaycan Respublikasnın Milli Məclisi 5 noyabr 2021-ci il tarixdə «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 395-VİQR saylı Qərar qəbul etmiş, həmin qərar dərc edilmiş və qanuni qüvvəyə minmişdir. Həmin Qərarın 2.2-ci bəndinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər aşağıdakı məhkumlar cəzalardan azad edilsinlər. Yuxarıda şərh olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu tarixli, 7(005)-355/2019 saylı qərarından da görünür ki, Təqsirləndirilən şəxs ona Bakı Ağır Cinayətlər Məhkəməsi ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 1 ildən artıq olmayan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-364/2016 saylı, xx.xx.2016-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaya münasibətdə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 2.2-ci bəndi tətbiq edilməli və o, cəzasının çəkilməmiş hissəsi 06 ay 28 gün azalıqdan məhrumetmə cəzasından azad ediməlidir. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. ( iş vər. 15, 78-83, 196-197) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, 02 aprel 2021-ci il tarixdən 02 avqust 2021-ci il tarixədək həbsdə saxlandığı 4 ay müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etdiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılmalıdır. Bundan başqa, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 2064 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmaqla ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-də saxlanılan – təhqiqatdan sonrakı qalıq 133,239 qram heroin, 96,977 qram metamfetamin hazirkı cinayət işindən ayrılmış cinayət işinə əlavə edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd elektron tərəzi xüsusi müsadirə olunmaqla əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqinə sərf olunmuş 244.46 manat (iki yüz qırx dörd manat qırx altı qəpik) Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-364/2016 saylı, xx.xx.2016-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaya münasibətdə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 2.2-ci bəndi tətbiq edilsin və o, cəzasının çəkilməmiş hissəsi 06 ay 28 gün azadlıqdan məhrumetmə cəzasından azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 aprel 2021-ci il tarixdən 02 avqust 2021-ci il tarixədək həbsdə saxlandığı 4 ay müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 8 il 8 ay (səkkiz il səkkiz ay) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 10 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-də saxlanılan –təhqiqatdan sonrakı qalıq 133,239 qram heroin, 96,977 qram metamfetamin hazirkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd elektron tərəzi xüsusi müsadirə olunmaqla əvəzsiz olaraq dövlət nəfinə alınsın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 244.46 manat (iki yüz qırx dörd manat qırx altı qəpik) Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilisin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün sürəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar