Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-620/2024 14.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Naxçıvan MR Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Naxçıvan MR, Şərur rayonu İbadulla kəndində qeydiyyatda olmaqla Abşeron Rayonu Fatmayı kəndində yerləşən fərdi evdə qeydiyyatsız yaşamış və barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə saat 02 radələrində yaşadığı Abşeron rayonu Fatmayı kəndi Bəhmən Verdiyev küçəsində tanışı Zərərçəkmiş şəxs onun arvadı Şahid1 sevgi məzmunlu mesajlar yazması səbəbindən qısqanclıq zəminində kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu batıcı xassəyə malik təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən bıçaqla qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinə 1 dəfə, qarın nahiyəsinə 2 dəfə və sol qoluna 2 dəfə vurub döş qəfəsinin sol yan səthinin sol plevra boşluğuna nüfuz edən sol tərəfli hemopnevmatoraks (plevra boşluğuna qanın və havanın toplanması) ilə nəticələnən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, qarın nahiyəsinin qarın boşluğuna nüfuz etməyən 2 (iki) ədəd, sol bazu oynağı nahiyəsinin 1 (bir) ədəd və sol bazu nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs öldürmək fikri olmamışdır. Zərərçəkmiş şəxs onun arvadına mesaj yazmışdır. O hadisə vaxtı çox əsəbi olmuş, Vüsalın onun arvadına mesaj yazmağını qəbul edə bilməmiş və buna görə də Vüsalı cəzalandırmaq üçün onu yaşadığı məhəlləyə çağırmışdır. Vüsala bir neçə dəfə xəsarət yetirdikdən sonra onunla bir həyətdə yaşayan qardaşı Yaşar araya girib onu kənara çəkmiş, Vüsal isə oradan uzaqlaşmışdır. Onun Vüsalla heç zaman düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Vüsalın arvadına mesajlar yazması barədə məlumatı arvadı özü demişdir. O, evdə olmayanda Vüsal onun böyük oğlu Nihatla danışmış, ona bahalı telefon “ayfon” alacağını vəd vermişdir. Hətta oğlundan telefonu arvadı Nuranəyə verməsini istəmiş, lakin arvadı buna razı olmamışdır. Arvadı bu barədə ona dedikdən sonra Vüsalın niyyətini aşkara çıxarmaq üçün Nuranəyə Vüsalla yazışmasını tapşırmış, Vüsal arvadına yazdığı mesajlarda ona bahalı qızıllar alacağını, daha yaxşı həyat yaşadacağını bildirmişdir. Vüsala neçə bıçaq xəsarəti yetirdiyi yadında olmamışdır. Hadisəni törətdikdən sonra X6 getmiş və bıçağı təhvil verərək təslim olmuşdur. Hadisə vaxtı Vüsala xəsarət yetirdiyi bıçaq öz evlərindəki bıçaq olmuşdur. O, X6 özü getmiş və təslim olarkən yanında bacısı oğlu Eldar Axundov və böyük qardaşı Yaşar olmuşdur. Hadisədən sonra polis bölməsinə gedəndə orada 4-5 nəfər polis əməkdaşı olmuşdur. Könüllü şəkildə polis bölməsinə gedərkən orada dəqiq hansı polis əməkdaşının olduğunu xatırlamamış, amma gördüyü halda tanıyacağını bildirmişdir. Himayəsində bir qızı və iki oğlu var. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, Vüsalı bir nəfərin vasitəçiliyi ilə tanımış və münasibətləri davam etmişdir. Daha sonra isə Vüsal ilə ailəvi tanışlıqları yaranmış, toy məclislərinə onun maşınında getmişdirlər. Onun telefonu evdə qalan vaxtlarda Vüsalın telefonundan istifadə edərək mesajlar yazmışdır. Vüsal evə zəng edəndə telefonu onun oğlu açmış və atasının evdə olmadığını öyrəndikdən sonra telefonu anasına verməyini istəmişdir. Arvadının ayrıca telefonu olmamış, ancaq ona məxsus olan telefondan istifadə etmiş, arvadının savadı olmadığı üçün yazı yaza bilməmişdir. Arvadına telefonda Vüsala “salam” yazmağını demiş, Vüsal da cavabında arvadına “sizdən xoşum gəlir və s.” yazmışdır. Vüsalı onların yaşadığı məhəlləyə çağırmaqda məqsədi Vüsalın ora gəlib gəlməyəcəyini müəyyənləşdirməkdən ibarət olmuşdur. O, özünün, arvadının və ən kiçik uşağının ağır xəstəlikdən əziyyət çəkdiyini və buna görə dövlət qeydiyyatına götürülməklə müalicə aldıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, oğlunun dərsləri ilə əlaqədar olaraq əlavə ev üçün telefon lazım olmuş və o da tez-tez evdə olmamışdır. Ona görə də Vüsal kreditlə öz adına telefon almağı təklif etmiş, o da razılaşmış, Vüsalla birlikdə “Baku Elektronics” mağazasına gedib orada Vüsalın adına “Redmi” markalı telefon almışdırlar. Təxminən həmin telefon 2-3 gün işlədilmiş, Vüsal sonra gəlib evdən o telefonu götürmüşdür. Niyyəti telefonda qeyd olunan nömrələri əldə etmək olmuşdur. 10 yanvar 2024-cü il tarixli qərarla zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yaşadığı ərazidən 3-4 kilometr məsafədə yaşamışdır. Vüqarı da yaxın dostları vasitəsilə tanımışdır. Tanış olandan sonra Vüqar onu dəfələrlə evlərinə qonaq dəvət etmiş və o da Vüqarın təklifini yerə salmamışdır. Vüqarın ortancıl qardaşı telefonu onların əlindən almışdır. Vüqarın oğluna dərslərində iştirak edə bilməsi üçün əlavə telefon lazım olmuş, o da Vüqara “gedək, mənim adıma sənə kreditlə telefon götürək” demişdir. O, ümumiyyətlə, Vüqargilə gedən biri olmamış, sadəcə olaraq Vüqar özü onu dəvət etmişdir. Hələ hadisə baş verən günün səhərisi yaxın dostu maşın almışdır. O da dostuna maşınına nömrəni hədiyyə olaraq alacağını söz vermişdir. Vüqar da ona “arvadıma harasa, getmək filan lazım olarsa, sənə desin” bildirmişdir. O, əxlaqını, mədəniyyətini daim qoruyan bir insan olmuşdur. Bir gün ona zəng gəlmiş, dəstəyi açmış və həmin adam Vüqarın arvadı olduğunu bildirmişdir. Nömrəni də Vüqarın arvadı özü ona vermişdir. Zərər çəkmiş şəxs Vüqargilin ağır xəstəlikdən əziyyət çəkdiyini bilməmişdir. Ondan maşınla xəstəxanaya aparmaqlarını xahiş etmişdirlər. Onları düşürtdükdən sonra geri qayıtmış, bir müddətdən sonra bir nömrədən zəng gəlmiş və telefonu açanda Vüqarın arvadı cavab vermişdir. Vüqarın arvadı “Xəbərin var, oğlum Nihat Vüqara deyib ki, anam Vüsalla gedib” demişdir. O da Nuranəyə burada ciddi bir şeyin olmadığını bildirmişdir. Daha sonra Vüqarın arvadı ona “qurban olum, sən gəlmə və s.” demişdir. Axşam saatları Vüqar ona yenidən zəng etmiş, o isə Vüqara bundan sonra daha onların evinə gəlməyəcəyini və artıq narazılıq yarandığını bildirmişdir. Vüqar ondan yaşadığı məhəlləyə gəlməyi ilə bağlı israr etmişdir. O, Vüqarın yaşadığı məhəlləyə getmiş, Vüqar onu avtomobildən düşürdərək, kənara çəkdikdən sonra qəflətən ona bıçaqla xəsarət yetirmişdir. Vuran zaman da bıçağın hansı nahiyəsinə vurulduğunu hiss etmiş, qışqırmağa başlamışdır. Bu söz-söhbətdə ilk olaraq səhvi özündə görmüş və “niyə belə insanla münasibətdə oldum və s.” kimi düşünmüşdür. O, bir qəpik pul belə tələb etməmişdir. Vüqarın arvadı ilə münasibəti olmamışdır. Həmin ərazi tərəfdə dostu Ayxangilin evi olmuş, lakin yanlışlıqla başqa qonşunun evinə girmiş, polis bölməsinə zəng etmiş, bıçaqlandığını və yaxınlıqdakı kanalda gizləndiyini bildirmişdir. O, ali təhsilli olduğunu, hüquq fakültəsini bitirdiyini və hal-hazırda da dövlətinə qulluq eden bir şəxs olduğunu bildirmişdir. İndiyə qədər də adı heç bir cinayətdə hallanmamışdır. Zərər çəkmiş şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi təxmini olaraq, 7-8 ildir ki, tanımış, Vüqarla şəxsi münasibətləri isə təxmini olaraq 10-15 gün davam etmişdir. Telefonu Vüqar üçün dekabr ayının 27-i almış, daha sonra isə Vüqarın pulu ödəyə bilməyəcəyini düşündüyü üçün telefonu geri almışdır. Vüqarın arvadı özü ona zəng etmiş, o, Vüqarın arvadına zəng etməmişdir. Vüqarın özünün telefonu olmamış və o nömrə arvadının nömrəsi olmuşdur. Qeyd olunan nömrəni ondan başqa 10-15 nəfərə də vermişdir. Telefonu aldıqdan sonra telefona zəng etmiş, Vüqarın oğlu açmış və atasının evdə olmadığını bildirmişdir. O, Vüqarın oğlundan “filan şəxsin nömrəsi telefonda qeyd olunmayıb, anandan soruşa bilərsən?” demişdir. Vüqarın arvadı özü gecə saat 03:00-da ərinin adı ilə ona mesaj yazmışdır. O, polis bölməsində olanda Vüqarın oraya gəldiyini bilməmişdir. Əvvəlcə, Polis Bölməsinə o özü getmişdir. Dəymiş ziyanı tələb etməmiş və istəməmişdir. Ona vurulmuş olan heç bir ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, gecə saat 02 radələrində səs eşitmiş və çölə çıxmışdır. Hadisə vaxtı o Vüsalı görmüş, qışqırıq səslərini eşidib çölə çıxmışdır. Vüqar onu görən kimi dayanmış, daha sonra “get, bax, gör, o necədir?” demişdir. O da zərər çəkmiş şəxs Vüsalı axtarmış və qonşuluqda bir yerdə gizləndiyini görmüşdür. Bu hadisəyə qədər heç bir şey bilməmiş, polis bölməsinə getdikdən sonra ona hər şey məlum olmuşdur. Vüqar özü könüllü gedib X6 təslim olmuşdur. Qardaşı Vüqarla birlikdə ikisi taksi ilə polis bölməsinə getmiş və sonradan bacısı oğlu Eldar Axundov da gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində xəstəliyi ilə əlaqədar olaraq hadisə ilə bağlı heç bir şeyi xatırlamadığını bildirmişdir. Şahid3 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 09 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxsla bir məclisdə oturduqdan sonra Vüsal onunla birlikdə Mehdiabad qəsəbəsinə getməyini xahiş etmiş, səbəbini soruşduqda Vüsal ona “bir oğlan tanışımın ailəsində mənə görə problem yaranıb, həmin oğlan elə bilirki, mən onun arvadı ilə danışıram” sözlərini demiş, buna görə də onunla Mehdiabada gedib həmin oğlana onların sevgili olduqlarını demək üçün onunla birlikdə getməsini xahiş etmişdir. O, razılaşmış, Vüsalın idarə etdiyi “Priora” markalı maşınla saat 02 radələrində Mehdiabada getmişlər. Evlərin arasında Vüsal maşını saxlamış, bir nəfər adını sonradan bildiyi Vüqar adlı şəxs maşına yaxınlaşmış, Vüsalla danışmış, Vüsaldan yanındakı qadının kim olduğunun soruşmuş, Vüsal da onu göstərib sevgilisi olduğunu demiş, sonra maşından düşüb getmiş, bir qədər sonra qayıdıb maşının yerini dəyişmiş, onlar birlikdə maşından düşmüş, ani vaxtda Vüqar adlı şəxs Vüsalı özünə tərəf çəkib bıçaqla bir neçə dəfə vurmuşdur. Hava qaranlıq olduğundan Vüqarın əlində bıçağı görməmiş, ancaq Vüsalın qışqırtısından və Vüqarın əl hərəkətlərindən Vüqarın Vüsalı bıçaqla vurmasını başa düşmüşdür. Bundan sonra Vüqar ona yaxınlaşıb qorxamamağını, çıxıb getməsini bildirmiş, o da oradan uzaqlaşıb taksi çağırıb evə getmişdir. Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü ilin sonlarında həyat yoldaşı Vüqar, Zərərçəkmiş şəxs adlı şəxslə tanış olmuşdur. Vüsal adlı şəxs bir dəfə onları avtomobili ilə ailəlikcə toya aparmışdır. Bundan sonra Vüqar ona Vüsalın adına mağazadan telefon götürəcəyini, kreditini isə özü ödəyəcəyini demiş, birlikdə Vüsalın maşını ilə “Baku Electroniks” mağazasına gedib Vüsalın adına telefon götürmüşlər, həmin telefonu o, özünə məxsus mobil telefon nömrəsi ilə istifadə edirmiş. Telefon evdə olarkən bir neçə dəfə Vüsal “vatsapp” şəbəkəsində Vüqara sms yazır, lakin sonradan ona məlum olmayan səbəbdən Vüqar ona “Vüsal telefonu geri istəyir” sözlərini demiş, həmin telefonu Vüsalın özünə qaytarmışlar. Onun istifadə etdiyi telefonu Vüqar ustadan götürmüş, Vüsal həmin telefonu onun istifadə etdiyini bildikdən sonra ona sms yazmağa başlamış, bir neçə dəfə sms yazışmalarından sonra o, Vüsalın niyyətini başa düşüb bu barədə həyat yoldaşı Vüqara məlumat vermişdir. Bunu bildikdən sonra Vüqar ondan telefonu götürmüşdür. 09 yanvar 2024-cü il tarixdə saat 02 radələrində Vüqar telefonla yazışdıqdan sonra evdən çıxmış, o, Vüqarın Vüsalla görüşəcəyindən şübhələnib bu barədə qonşuluqda yaşayan qaynı Yaşara məlumat vermək istəmiş, ancaq o, evdən çıxanda artıq küçədən səslər gəldiyini eşitmiş, küçəyə çıxanda Vüqarı görmüş, ancaq Vüsal orada olmamışdır. Bundan sonra Vüqarın Vüsalı bıçaqlaması ona məlum olmuş hadisədən sonra Vüqar telefonunda olan yazışmaları silib telefonu ona qaytararaq Vüsalı onun adından yazışıb görüşə çağırdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs sakin olaraq tanımışdır. Təqsirləndirilən şəxsi polis bölməsinə aparmamış, ancaq hadisə vaxtı gecə qrupla oraya getmişdir. Zərər çəkmiş şəxs özü bıçaqlandıqdan sonra polis bölməsinə gəlmiş, bundan sonra isə onlar qrup ilə birlikdə hadisə yerinə yollanmışdırlar. Hadisə yerinə getdiklərində Təqsirləndirilən şəxs evdə olmamışdır. Hadisənin başqa təfsilatlarını xatırlamamışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, Tural Nağıyev və digər polis əməkdaşları onların evinə gəlmiş, lakin o, həmin vaxtı o tutulmamış, daha sonra könüllü gedib polis bölməsinə təslim olmuşdur. Polis əməkdaşları evə gələndə o da bölmə istiqamətində getmişdir. O, Tural Nağıyevi sadəcə olaraq sahə rəisi kimi tanımış və hadisə günü Turalı görməmişdir. O, evindən polis bölməsinə gedərək özü könüllü təslim olmuşdur. O, polis bölməsində gedəndə qapıda 6-7 nəfər polis əməkdaşı olmuş, amma Tural Nağıyevi orada gördüyünü dəqiq xatırlamamışdır. Bıçağı özü təhvil vermiş, lakin bıçağı ondan kimin aldığını bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, şəxsin könüllü gəlməsi ilə bağlı polis bölməsinin qeydiyyat kitabında adı qeyd olunmuş, daha sonra o, Abşeron rayon İstintaq Şöbəsinə təhvil verilmişdir. Bildiyinə görə, Təqsirləndirilən şəxs hadisə günü deyil, ertəsi gün gəlib təslim olunmuşdur. Təqsirləndirilən şəxs özü bölmənin qarşısında olmuşdur. Vüqarın qardaşı da onlarla əlaqə saxlamış və Vüqarın özünün könüllü gəlib təslim olacağını bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 09 yanvar 2024-cü il tarixli raportdan görünür ki, Mehdiabad PB-ə daxil olan məlumatda Zeynalov X3 yeni məhəllə deyilən ərazidə tanıdığı şəxs tərəfindən döyülərək bıçaq xəsarəti alması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, hadisə yeri Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin qarşısında ”Nurlan” marketin yaxınlığındakı ərazidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması protokolu və protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2024cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yerin Abşeron rayonu, Fatmayı qəsəbəsi, B.Verdiyev küçəsində yerləşən yaşadığı fərdi evin qarşısı olduğunu göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 148 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - döş qəfəsinin sol yan səthinin sol plevra boşluğuna nüfuz edən sol tərəfli hemopnevmatoraks (plevra boşluğuna qanın və havanın toplaşması) ilə nəticələnən 01 ədəd, qarın nahiyəsinin qarın boşluğuna nüfuz etməyən 02 ədəd, sol bazu oynağı nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yaraları iti deşici-kəsici alət təsirindən törənmiş, dərəcələrinə görə döş qəfəsinin sol yan səthinin sol plevra boşluğuna nüfuz edən sol tərəfli hemopnevmatoraks (plevra boşluğuna qanın və havanın toplaşması) ilə nəticələnən 01 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağmalığa ağır zərərvurmaya, qarın nahiyəsinin qarın boşluğuna nüfuz etməyən 02 ədəd, sol bazu oynağı nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yaraları isə sağlamlığı qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 234/2024-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu 0/1-dir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka, şalvar, köynək üzərindən olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qan qrupunun göstəricisi AB0 sistemi üzrə tətqiq olunduqda yalnız “H” Antigeni alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri AB0 sistemi üzrə O alfa beta /İ/ qruplu şəxsə, o cümələdən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş bıçaq üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının 159-2024/MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ yaxalığında bir ədəd, köyənyin ön sətihinin sol yaxalığında iki ədəd, köynəyin sol qolunun arxa yuxarı səthində üç ədəd, maykanın ön səthinin orta nahiyəsində bir ədəd və maykanın ön səthinin sol nahiyəsində bir ədəd dəlib keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgüc və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən o cümlədən ekspertizaya təqdim edilmiş bıçağı tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik bıçağın tiyəsinin təsirindən törənmişlər. Ekspertizaya təqdim edilmiş zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ yaxalığında bor ədəd köynəyin ön səthinin sol yaxalığında iki ədəd, köynəyin sol qolunun arxa yuxarı hissəsində üç ədəd maykanın ön səthinin orta hissəsində bir ədəd və maykanın ön səthinin sol nahiyəsində bir ədəd aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədəninin döş qəfəsinin sol ya səthində bir ədəd qarın nahiyəsinin qarın boşluğuna nüfuz etməyən iki ədəd, sol bazu oynağı nahiyəsində bir ədəd və sol bazu nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş yaraları ilə nisbi olaraq üst-üstə düşürlər. Təqdim olunan bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu batıcı xassəyə malik təsərrüfat-məişət təyinatlı bıçaqdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında“ qərara əsasən Zərərçəkmiş şəxs məxsus geyim əşaları və 01 ədəd bıçaq maddi sübut kimi tanınmışdır. Cinayət işi materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 09 oktyabr 2024-cü il tarixli teleqramından görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur, onunla barışmışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaq — xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2021-ci il təvəllüdlü X7 vardır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Abşeron Rayon İcra Hakimiyyəti başçısının Fatmayı kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Rəhimov X1 yerləşən fərdi evdə qeydiyyatsız yaşamış və həmin ünvanda yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün hər hansı bir dəlil gətirməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası daxilində aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyənləşdirərkən və cəzanı fərdiləşdirərkən təqsirləndirilən şəxsin şəxsiyyət əleyhinə yönəlmiş əməli törətdiyi anda qəsdin yaranma vaxtını, cinayətin edilmə üsulunu və hərəkətlərinin intensivliyini, habelə cinayət əməlini törətdikdən bilavasitə sonrakı davranışını da diqqətdə saxlayır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını, həmin məcəllənin 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna almasını və həmin məcəllənin 59.1.12-ci maddəsinə əsasən isə zərər çəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin cəzanı yüngülləşdirən halları müəyyən edən 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ağır xəstəlikdən əziyyət çəkməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki,maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus geyim əşaları özünə qaytarılmalı, qəbul etmədikdə məhv edilməli, 01 ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Qeyd olunan iş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 09 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. İş üzrə maddi sübut olan zərər çəkmiş şəxsə məxsus geyim əşaları onun özünə qaytarılsın, qəbul etmədikdə məhv edilsin, 01 ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-620/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-620/2024
14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver