Məhkəmə qərarları › İş №1(124)-622/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-622/2024

27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-622/2024 27.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X3 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi–“Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Masallı rayonu, Mahmudavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Masallı rayonu, Mahmudavar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan heroini əldə edib, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş-93» yaşayış kompleksində yerləşən «Çinar» adlanan mağazanın yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”-na (SİYAHİ İ) daxil olan külli miqdarda 4,259 qram çəkidə narkotik vasitə heroini əldə edib Abşeron rayonu, Masazır qəsəbəsinə daşımış və saxlamış, Abşeron RPİ-nin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 13:15-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq, Abşeron RPİ-nin inzibati binasına gətirilib, burada həmin tarixdə saat 14:45 radələrindən 14-53 radələrinədək üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə külli miqdarda 4,259 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi yaxınlığında olduğu zaman, iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq, özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nə dəvət ediblər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nə gəlib. Polis idarəsində üzərinə şəxsi axtarış keçirilən zaman özü könüllü olaraq şalvarının cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim edib və bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirib. Həmin narkotik vasitəni o, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində yerləşən “Çinar” adlanan marketin yaxınlığından tapıb və öz istifadəsi üçün üzərində saxlayıb. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndiirlən şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, yəqin ki, polis əməkdaşalrı tərəfindən saxlanılmasa idi, həmin narkotik vasitədən istifadə edərdi. Saxlanılarkən ona qarşı heç bir təzyiq göstərilməyib. Qısa müddətdir ki, narkotik vasitələrdən istifadə edirdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olduğu zaman ona, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılıb və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksinin yaxınlığında saxlanılıb. Ona əvvəlcə özlərini təqdim edərək, Abşeron RPİ-nin əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini və birlikdə idarəyə getməli olduğunu bildiriblər. O etiraz etmədən onlarla birlikdə idarəyə gedib və orada müdafiəçisinin də iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Ehtiram əynində olan şalvarının cibindən 01 ədəd mobil telefonu və 01 ədəd sellofan bükümü təqdim edərək, həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirib. Bundan sonra Təqsirləndirilən şəxs həmin bükümdə olan heroini xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksində yerləşən “Çinar” adlanan marketin yaxınlığından tapdığını bildirib. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümü təqdim edərək, içərisində heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərsinə baxış keçirilmiş, təhqiqatçı tərəifndən həmin büküm açılmış və içərsindəki maddə kütləsi qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddəni xx.xx.2024-cü il tarixdə saat 09:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, «Qurtuluş-93» yaşayış kompleksində yerləşən «Çinar» adlanan mağazanın yaxınlığında yerdən tapdığını bildirmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş diskdəki videogörüntüyə cinayət prosesi iştirakçılarının iştirakı ilə baxış keçirilmiş və həmin videogörüntü ilə protokolda qeyd olunanlar, həmçinin təqsirləndirilən şəxsin və şahidlərin ifadələrində qeyd etdikləri xüsusatlar öz təsdiqini tapmışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspıtizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/160 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «..Təqsirləndirilən şəxs...» və s. soyadlar, imzalar olan kağız zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 4,259 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 4,259 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 4,209 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2553 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 1086 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədən anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22-ci maddələrin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdikdən sonra xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırki dövrdə hər hansı psixi xəstəlik aşkar olunmiur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Masallı rayon İcra hakimiyyəti başçısının Mahmudavar kənd İƏDN-dən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2017-ci il təvəllüdlü üç azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Masallı rayon İcra hakimiyyəti başçısının Mahmudavar kənd İƏDN-dən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd bükümdə təmiz çəkisi - 4,259 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və heroinin 4,209 qram qalığı saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən verilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 338.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəza 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumuluğu ödənilmişdir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il qərarının 34-cü bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, azdlığın faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-nin tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətlərinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, təqsirləndiirlən şəxsin etirafedici ifadəsi, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun törətdiyi əməl özünün etrafedici ifadəsi və şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmışdır. O, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan halları nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin 13 yanvar 2024-cü il tarixli qərarı ilə əvvəli 11 yanvar 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 11 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs 110 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,209 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,209 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar