Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-623/2024 04.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X3 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi,Sidqi Abbasov küçəsi ev 32-də qeydiyyatda olan,barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə saat 23 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Təpə” deyilən ərazidə tanışı Zərərçəkmiş şəxs telefon danışığı zamanı ona söyüş söyməsinə, onunla münasibətlərinin aydınlaşdırılmasından ötrü görüşə çağırıb zərərçəkmiş şəxsin ona qarşı qanunsuz hərəkətlər etməsinə görə, zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən ümumi təyinatlı səyahət bıçağı ilə şəxsi münasibətlər zəminində qəsdən Kamal Əliyevin qarın nahiyəsindən 1 dəfə vurub, qarın nahiyəsinin periron boşluğuna nüfuz edən, qaraciyəri yaralayan və daxili qanaxma törədən 1 ədəd kəsilmiş deşilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 onunla qonşuluqda yaşayır, Zərərçəkmiş şəxs isə digər məhəllədə yaşayır. Onları uzun müddətdir ki, tanıyır. Hadisədən təxminən 1-2 ay əvvəl Şahid1 “Whatsapp” mobil tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs ilə olan fotoşəklini paylaşmış və həmin şəkilin qeyd hissəsində “qardaşım” yazmışdı. O da həmin fotoşəkilə cavab kimi “dostluğunuz əbədi olsun” yazmışdır. Şahid1 ona “sən də bizim qardaşımızsan” deyə mesaj yazmış və o da ona “Allah etməsin, siz mənim qardaşım olasınız” deyə cavab yazmışdır. Daha sonra, Şahid1 onunla görüşüb nə üçün ona elə cavab yazmağını soruşmuşdur. O da ona Zərərçəkmiş şəxs ondan onun bacısının nömrəsini istədiyini demişdir. Şahid1 Zərərçəkmiş şəxslə danışmağa getdiyini demişdir. O da onu Zərərçəkmiş şəxslə görüşməyə tək getməyə qoymamışdır. Əgər mən yalan demiş olsaydım, Şahid1 Zərərçəkmiş şəxslə görüşməyə tək getməsinə razı olardı. Onlar Zərərçəkmiş şəxslə danışmış, bu söhbəti etmişlər. Zərərçəkmiş şəxs Şahid1 bacısının nömrəsini istəmədiyini bildirmişdir. Bu məsələ həmin söhbətlə yekunlaşmışdır. Təxminən 1,5-2 ay sonra Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində kafelərin birində çay içərkən Zərərçəkmiş şəxs ona zəng etmiş və yerini deməyini tələb etmişdir. O, ona yerini deməmişdir. Onu məhəlləyə çağırmışdır. Təxminən 5-10 dəqiqə sonra yenidən zəng edib “gəlmiyəcəksən sən evə?” deyə yüksək səs tonu ilə sual vermişdir. O da ona “gəlib sənin ağzını cıracam” deyə cavab vermişdir. Belə dedikdən sonra o, ona qarşı nalayiq ifadələr səsləndirməyə başlamışdır. Təxminən 10 dəqiqə sonra Şahid1 ona zəng etmişdir. O da əsəbi olduğu üçün Şahid1 qarşı nalayiq ifadələr səsləndirmişdir. Bundan sonra Şahid2 onu Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Təpə” deyilən əraziyə aparmasını bildirmişdir. Oraya çatdıqda, Şahid1 öndə, Zərərçəkmiş şəxs arxada gəldiyini görmüşdür. Onlar onu vurmağa gəlmiş və Şahid1 ilk olaraq vuraraq onu yerə yıxmışdır. Sonra Zərərçəkmiş şəxs gəlmiş və o da ona zərbə vurmuşdur. Bundan sonra, Şahid1 yenidən gəlmiş və onu yenidən vurmuşdur. Onlar ikisi də onu döymüşlər. Bir qədər kanara qaçıb onlardan uzaqlaşmış və üzərində olan bıçağı onları qorxutmaq məqsədilə çıxarmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs də üzərindən bıçaq çıxarmışdır. Şahid1 əlinə daş götürüb üzərinə gəlmiş və “vur məni” deyə səslənməyə başlamışdır. Şahid1 ilə əlbəyaxa olan zaman Zərərçəkmiş şəxs tullanaraq ona təpik vurarkən bıçaq ona dəymişdir. Zərərçəkmiş şəxs onu söymüş və alçaltmışdır O, Zərərçəkmiş şəxs bıçaqla vurmaq istəməmişdir. Zərərçəkmiş şəxslə barışmışlar. Hadisə baş verdiyi gün axşam Abşeron rayonu, Digah qəsəbəsində yaşayan dostugildə qalmışdır. Növbəti gün səhər saatlarında anası ona zəng edərək, polis əməkdaşlarının onu axtardıqlarını bildirmişdir. Bundan sonra o, könüllü olaraq polis bölməsinə gedib təslim olmuşdur. Əməlindən peşmandır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır və bir-birilərini uzun müddətdir ki, tanıyırlar. Bir gün Şahid1 ona zəng edib onunla işi olduğunu və görüşmək istədiyini bildirmişdir. O, onunla görüşmüş və onun avtomobilində Təqsirləndirilən şəxs da olmuşdur. Onlar ona guya onun təxminən 7-8 il əvvəl Şahid1 bacısının mobil telefon nömrəsini Təqsirləndirilən şəxs istəməyi barədə demişlər. Təbii ki, o da belə bir halın olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs belə bir hal olubsa belə, bunu nə üçün həmin vaxt deyil, 7-8 il sonra dediyini soruşmuşdur. Onun bu söhbəti yarımçıq qalmış və onlar ayrılmışlar. Təxminən 1,5-2 ay sonra o Təqsirləndirilən şəxs zəng etmişdir. Ona zəng edərkən o, spirtli içki qəbul etmiş və sərxoş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs zəng etmiş və onunla görüşmək istədiyini bildirmişdir. O, ona gələcəyini bildirsə də, bir müddət keçməsinə baxmayaraq gəlməmişdir. Ona yenidən zəng edib gəlmədiyini soruşmuşdur. O, onunla kobud şəkildə danışmış və o ona üstünə qışqırmamasını bildirib ona “paçan” deyə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona “gör paçan səni neyniyəcək” deyə cavab vermişdir. O, Təqsirləndirilən şəxs məhəlləyə çağırsa da, o, ona Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Təpə” deyilən əraziyə gəlməyini bildirmişdir. O, onu işıqlı yerə çağırmışdır. Lakin, onun təklifindən sonra məcbur qalaraq dediyi yerə getmişdir. Çünki, ilk olaraq ona o zəng edib görüşməyi təklif etmişdir. O, Təqsirləndirilən şəxs söyüş söyməmişdir. Hadisə 10 yanvar 2024-cü il tarixdə təxminən saat 23:00-00:00 radələrində baş vermişdir. Təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, bir gün evdə olarkən Zərərçəkmiş şəxs ona zəng edib görüşmək istədiyini bildirmişdir. Onunla görüşmüş və birlikdə yemək yemişlər. Həmin vaxt spirtli içki də qəbul etmişlər. Zərərçəkmiş şəxs ondan Təqsirləndirilən şəxs mobil telefon nömrəsini istəmiş, o, onun nömrəsinin onda olmadığını bildirmişdir. Az sonra Zərərçəkmiş şəxs çölə çıxıb telefonla danışırdı və deyəsən, Təqsirləndirilən şəxs nömrəsini axtarırdı. Sonra Zərərçəkmiş şəxs getmişdir. O, məhəlləyə gəldikdə, Zərərçəkmiş şəxs orada olduğunu görmüşdür. Onun telefonla Təqsirləndirilən şəxsla nə danışdığını bilmirəm. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla görüşməyə gedərkən, o da mehribanlıq yaratmaq üçün onunla getmişdir. Hadisə baş verdiyi yerə çatan kimi Təqsirləndirilən şəxs ona yumruq vurmuş və yerə yıxılmışdır. Şahid2 davanı aralamağa başlamışdır. Sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurmuşdur. Hadisə baş verən zaman onun üzərində bıçaq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə baş verdiyi gün təxminən saat 23:00-00:00 radələrində kafeyə getmişdir. O, taksi kimi fəaliyyət göstərirdi. Təqsirləndirilən şəxs onu bir yerə aparmağını istəmişdir. Onlar hadisə baş verdiyi əraziyə getmişlər. Orada dava düşmüş və ondan başqa digər şəxslər bir-biriləri ilə dalaşmağa başlamışlar. Mübahisə zamanı Zərərçəkmiş şəxs əlini cibinə atıb nəsə çıxarmış, lakin o, onun əlini tutub icazə verməmişdir. O, Zərərçəkmiş şəxs əlində bıçağı görmüşdür. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “İfadənin yerində yoxlanılması haqqında“ 13 yanvar 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsini hadisə yerində bir daha təsdiq edərək, Zərərçəkmiş şəxs bıçaqladığı yeri əyani olaraq göstərmişdir. (Cild 1, iş vərəqləri 32-35) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası SN-nin Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertin 170 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - qarın nahiyyəsinin periron boşluğuna nüfuz edən, qaraciyəri yaralayan və daxili qanaxma törədən bir ədəd deşilmiş-kəsilmiş yarası iti uca malik əşyanın təsirindən törənmişdir, xx.xx.2024-cü il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (Cild 1, iş vərəqləri 100-101) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası SN-nin Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi tərəfindən verilmş xx.xx.2024-cü il tarixli 1088 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və s. psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək, iqtidarında olmuşdur, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (Cild 1, iş vərəqləri 102-104) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası SN-in Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya birliyi tərəfindən verilmiş məhkəmə-tibbi kriminalistik ekspertin 158/2024 MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı səyahət bıçağıdır, soyuq silah hesab edilmir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətin (qarın periton boşluğuna nüfuz edən, qara ciyəri yaralayn və daxili qanaxmaya səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası) iti uca malik əşyanının təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş bıçağın konstruktiv xüsusiyyətlərini, həmçinin Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər morfoloji xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, bu xəsarətin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. (Cild 1, iş vərəqləri 109-112) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası SN-in Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya birliyi tərəfindən verilmiş məhkəmə-tibbi bioloji ekspertin 235/2024 MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bir ədəd bıçağın tiyəsinin hər iki səthi üzərində zəif intensivlikdə qan alındı. Bu ləkələrdən hazırlanmış məhlullarda zülal aşkar olunmadığı üçün, qanın növünü müəyyən etmək mümkün olmadı. Təqdim olunmuş bir ədəd bıçağın dəstəyi üzərində qan aşkar olunmadı. (Cild 1, iş vərəqləri 114-116) Cinayət işinin materiallarında olan “əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, 01 ədəd bıçaq maddi sübut kimi tanınaraq Abşeron RPİnə təhvil verilmişdir.(Cild 1, iş vərəqləri 117) Təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı məsələlərinin təhlilindən öncə, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarına istinad edərək qeyd edir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İstintaq orqanının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə verdiyi ittihama əsasən o, xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, o, tanışı Zərərçəkmiş şəxs telefon danışığı zamanı ona söyüş söyməsini bəhanə edib, şəxsi münasibətlər zəminində zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən ümumi təyinatlı səyahət bıçağı ilə qəsdən sonuncunun qarın nahiyəsindən 1 dəfə vurub, qarın nahiyəsinin periron boşluğuna nüfuz edən, qaraciyəri yaralayan və daxili qanaxma törədən 1 ədəd kəsilmiş deşilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurulması cinayətini törətməsinə dair ona verilmiş ittiham ibtidai istintaqın təqdim etdiyi və məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq edilmir, təqsirləndirilən şəxsin əməli səhv olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan həm təqsirləndirilən şəxs, həm zərərçəkmiş şəxs, həm də şahidlərin ifadələrindən görünür ki, hadisənin təşəbbüskarı zərərçəkmişin özü olmuş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi mübahisəyə dəvət etmiş, ona qarşı zor tətbiq etmiş və məhz bu hərəkətlərə cavab olaraq təqsirləndirilən şəxs onu bıçaqla vurmuşdur. İbtidai istintaq orqanının verdiyi ittihamda da göstərilmişdir ki, hadisə məhz şəxsi münasibətlər zəminində baş vermişdir. Bundan başqa, İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda əməlin məhz xuliqanlıq niyyəti ilə törədilməsi israr edilərkən hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünü ətrafdakılara qarşı qoyub ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirməsi əlaməti vurğulanmış, eyni zamanda, təqsirləndirilən şəxsin heç bir əsaslı səbəb olmadan bu əməli törətməsi göstərilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamda həm bütövlükdə xuliqanlıq cinayətinin obyektiv tərəfinin elementləri sadalanmış, həm də motiv olaraq xuliqanlıq niyyəti göstərilmişdir. Bununla da konkret cinayətin motivi kimi çıxış edən xuliqanlıq niyyətinin əsassız olaraq təqsirkarın təhlükəli davranışı olan xuliqanlıq əməli ilə eyni vaxtda baş verməsinin israr edilməsinə yol verilmişdir. Halbuki şəxsi münasibətlər zəminində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması, eyni zamanda, bu zaman təqsirkarın davranışında ictimai qaydanı pozmağa yönəlmiş birbaşa qəsdin hər hansı elementinin olmaması hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünü ətrafdakılara qarşı qoyub ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirməni istisna edir. Məhkəmə qeyd edir ki, məhkəmədə dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxs, o cümlədən iş üzrə dindirilmiş şahid ifadələrində təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə vurmasına dəlalət edən məqamlar yoxdur. İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri də ayrı-ayrılıqda və ya məcmu halında təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi qənaətinə gəlməyə əsas vermir. Beləliklə, məhkəmə bütün yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı törətdiyi cinayət əməli “xuliqanlıq niyyəti” ilə deyil, şəxsi münasibətlər zəminində törənmişdir. Ona görə də məhkəmə, işin göstərilən hallarını nəzərə alaraq təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini əsaslı hesab edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, birbaşa qəsdlə törədilən cinayət kimi təsbit olunmuş xuliqanlığı, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmanı meydana gətirən zəruri şərtlərdən biri təqsirkarın məhz xuliqanlıq motivi ilə hərəkət etməsidir və onun səbəbsiz olaraq zərərçəkmiş şəxsə qarşı qəsdən zorakılıq göstərməsi, əmlakını qəsdən məhv etməsi və zədələməsi bu hərəkətlərin xuliqanlıq motivi ilə edildiyinə dəlalət edən əsas kimi nəzərdən keçirilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən isə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxarmaq hüququna malikdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin tərkibi vardır. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8 və 59.1.12-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanunun həmin normasını rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin gənc olması, əməlindən peşman olması, onun qardaşının vətən müharibəsi zamanı ordu sıralarında xidmət etməsi, zərərçəkmiş şəxsin özünün təşəbbüsü ilə başlanmış mübahisə zəminində ona xəsarət yetirməsi də onun cəzasını yüngülləşdirən hallar kimi də nəzərə alınmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Abşeron rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 500 manat cərimə cəzasına məhkum edilmişdir, xx.xx.2014-cü il tarixdə cəriməni tam ödəmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. (Cild 1, iş vərəqləri 92-93) Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə təqsirləndirilən şəxsi məhkumluğu olmayan şəxs kimi tanıyır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Məhkəmə hesab edir ki, gənc yaşlarında olan təqsirləndirilən şəxsə təhsil almasına, işlə təmin olunmasına şərait yaradılmalı, onun gənc olması, həyat təcrübəsinin az olması və ailə vəziyyəti nəzərə alınaraq islah olunmasını təcəssüm etməsinə bir daha şans verilməlidir. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının 09 aprel 2002-ci il tarixli Qanununun 1.0.2-ci maddəsinə əsasən yaşı 14-dən 29-dək olan şəxslər gənc hesab olunurlar. Həmin Qanunun 3.1-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında gənclər siyasətinin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına, sosial və iqtisadi problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına kömək etməkdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamın 8-ci bəndində qərara alınmışdır ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bu məqsədlə Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayəthüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X2rşı, § 26). Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ictimai təhlükəli olmadığını və azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq çəkməklə islah oluna biləcəyini mümkün hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, şərti məhkum etmə təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxsin üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, saat 23:00-dan 08:00-dək yaşayış yerini tərk etməmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 11 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 13 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 09 may 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş qətiman tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs 05 ay 23 gün müddətdə həbsdə qalmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş materiallarından görünür ki, iş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal azad edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, saat 23:00-dan 08:00-dək yaşayış yerini tərk etməmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən həyata keçirilsin. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 01 ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-623/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-623/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver