Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-626/2024 28.11.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə metamfetamini, külli miqdarda narkotik vasitə heroini və xeyli miqdarda narkotik vasitə metadonu qanunsuz olaraq əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqla dəqiq müəyyən edilməyən miqdarda, vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etdiyi külli miqdarda ümumi təmiz çəkisi 2,878 qram olan narkotik vasitə - heroini, 2 ədəd açıqqəhvəyi rəngli “F/M 40” göstəricili, təsir maddəsininin ümumi miqdarı 0,080 qram təşkil edən xeyli miqdarda metadonu və ümumi təmiz çəkisi 1,011 qram olan psixotrop maddə metamfetamini üzərində saxladıqdan sonra Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı 18 yanvar 2024-cü il tarixdə, saat 18:10-da Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq tanışı X2 idarə etdiyi “Mercedes Benz C-200 Minik” markalı **-EV-*** qeydiyyat nişanlı avtomobillə Şabran rayon polis şöbəsinə gətirilib şəxsi axtarış və avtomobilə baxış keçirilərkən, üzərində şəxsi axtarış aparıldıqda, onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan 01 ədəd “Winchester” markalı siqaret qutusunun içindən 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,418 qram və 2,460 qram, ümumi təmiz çəkisi 2,878 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə - heroin, gödəkçənin sol iç cibindəki pul qabının içindən 2 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbləri şəklində həblərin tərkibində təsir maddəsininin ümumi miqdarı 0,080 qram təşkil edən xeyli miqdarda metadon, həmçinin əvvəlcədən əldə etmiş olduğu təmiz çəkisi 0,298 qram olan xeyli miqdarda psixotrop maddə - metamfetamin və avtomobilin salonuna baxış keçirilən zaman polis əməkdaşları onu saxladığı vaxtı gizlincə avtomobilin arxa alın şüşəsinin qarşısına atdığı bir ədəd bükümdə təmiz çəkisi 0,713 qram olan xeyli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, təxminən 7 ildir ki, narkotik vasitələrdən istifadə edir. Polis əməkdaşları onu 18 yanvar 2024-cü il tarixdə saxlamışlar. O, dənizdə işləyirdi. 15 gün dənizdə, 15 gün evdə olur. O, Bakı şəhərində yataqxanada yaşayır. Dənizə getməzdən 2-3 gün əvvəl Şabran şəhərinə, anasının yaşadığı evə gedir və anası iş üçün çantanı hazırlayır. Səxavət Hacağayev ilə birlikdə Şabran şəhərinə getmişlər. Səxavət Hacağayevin avtomobili olduğu üçün onunla Şabran şəhərinə getmişdir. Onun üzərində narkotik vasitələr və psixotrop maddələr var idi. Şabran şəhərində Şahid1 ilə görüşmüşdür. Şahid1 də narkotik vasitə istifadəçisidir. Aynur ondan istifadə etməsi üçün narkotik vasitə istəmiş, o da vermişdir. Daha sonra Şahid1 onu da Şabran şəhərində yolüstü bir ünvana düşürmələrini xahiş etmişdir. Şahid1 dediyi yerə aparmışlar. Sonra onu başqa bir yerə aparmalarını xahiş etmişdir. Həmin ünvana getmişlər, Şahid1 orada evə gedib qayıdanadək polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində 0,5 qram miqdarında metamfetamin növündə psixotrop maddə, 2 ədəd metadon həbləri, heroin növündə narkotik vasitə aşkar olunmuşdur. Həmin qanunsuz vasitələri satış məqsədilə deyil, şəxsi istifadəsi üçün almışdır. Polis əməkdaşları tərəfindən ona heç bir təzyiq göstərilməmişdir. Onun üzərində xırda bükümlərdə narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis əməkdaşları onun mobil telefonuna baxış keçirməmişlər. Narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı olan şəxsdən almışdır. Onunla sosial şəbəkə vasitəsilə tanış olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şabran Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və onun yanında olan digər şəxsləri 2024-cü ilin yanvar ayında Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində saxlamışlar. Onları Şabran Rayon Polis Şöbəsinə dəvət etmişlər, xidməti otaqların birində üzərlərində şəxsi axtarış həyata keçirilmişdir. Təqsirləndirilən şəxs yanında olan şəxslər Şahid1 və Səxavət Hacağayev idilər. Şahid1 üzərindən heç bir qanunsuz vasitə aşkar olunmamışdır. Səxavət Hacağayevin idarə etdiyi avtomobilin arxa hissəsindən metamfetamin növündə psixotrop maddə aşkar olunmuşdu. Səxavət Hacağayev aşkar olunmuş psixotrop maddə barədə verilən suallara cavab olaraq, həmin vasitənin ona məxsus olmadığını bildirmişdi. Təqsirləndirilən şəxs da üzərindən qanunsuz vasitələr aşkar olunmuşdu. Təqsirləndirilən şəxs aşkar olunmuş vasitələrin ona məxsus olduğunu etiraf etmişdi. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatını Şabran Rayon Polis Şöbəsinin Cinayət axtarışı üzrə bölməsinin rəisi əldə etmişdi. Əməliyyat məlumatı narkotik vasitələrin gəzdirilməsi, istifadə edilməsi, satışı barədə idi. Məhkəmədə şahid qismində dindirilmiş Şabran Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, 18 yanvar 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində Təqsirləndirilən şəxs və digər şəxsləri saxlamışlar. Onları Şabran Rayon Polis Şöbəsinə dəvət etmiş, xidməti otaqların birində üzərlərində şəxsi axtarış həyata keçirilmişdir. Təqsirləndirilən şəxs yanında olan şəxslər Şahid1 və Səxavət Hacağayev idilər. Şahid1 üzərindən heç bir qanunsuz vasitə aşkar olunmamışdır. Səxavət Hacağayevin idarə etdiyi avtomobilin arxa hissəsindən metamfetamin növündə psixotrop maddə aşkar olunmuşdu. Səxavət Hacağayev aşkar olunmuş psixotrop maddə barədə verilən suallara cavab olaraq, həmin vasitənin ona məxsus olmadığını bildirmişdi. Səxavət Hacağayev və Şahid1 aşkar olunmuş həmin vasitələrin Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs da üzərindən qanunsuz vasitələr aşkar olunmuşdu. Təqsirləndirilən şəxs aşkar olunmuş vasitələrin ona məxsus olduğunu etiraf etmişdi. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışını həyata keçirməsinə dair əməliyyat məlumatı yox idi. Məhkəmədə şahid qismində dindirilmiş Şabran Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və onun yanında olan digər şəxsləri 2024-cü ilin yanvar ayında Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi ərazisində “Mercedes” markalı avtomobildə saxlamışlar. Onları Şabran Rayon Polis Şöbəsinə dəvət etmiş, xidməti otaqların birində üzərlərində şəxsi axtarış həyata keçirilmişdir. Təqsirləndirilən şəxs yanında olan şəxslər Şahid1 və Səxavət Hacağayev idilər. Şahid1 üzərindən heç bir qanunsuz vasitə aşkar olunmamışdır. Səxavət Hacağayevin idarə etdiyi avtomobilin arxa hissəsindən metamfetamin növündə psixotrop maddə aşkar olunmuşdu. Səxavət Hacağayev aşkar olunmuş psixotrop maddə barədə verilən suallara cavab olaraq, həmin vasitənin ona məxsus olmadığını bildirmişdi Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışını həyata keçirməsinə dair əməliyyat məlumatı yox idi. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə birlikdə onun iş yoldaşıgilə gedib çanta vermişlər. Onlar geri qayıtdıqda polis əməkdaşları onları saxlamışlar. Həmin vaxt avtomobildən psixotrop maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunan psixotrop maddənin ona məxsus olduğunu bildirmişdir. Onun üzərindən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. O, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə istifadə etməsini görməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması zamanı onun əynində olan cins şalvarının sağ yan cibindən 01 ədəd LD markalı siqaret qutusunun içərisində 01 ədəd sellofan bükümdə və 01 ədəd gümüşü rəngli folga kəsiyində ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. (Cild 1, iş vərəqləri 82-83) Həmin istintaq hərəkətləri videoçəkilişlə aparılmış və istintaq hərəkətlərinin qeydə alındığı “DVD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 20 yanvar 2024-cü il tarixli 3-16-16\2-6/ 360 saylı rəyinə əsasən üzərində “Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən...” sözləri olan 3 N-li zərfdəki bir ədəd siqaret qutusunun içərisində 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,418 qr, 2,460 qr, ümumi təmiz çəkisi 2,878 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri olan 4 N-li zərfdəki bir ədəd siqaret qutusunun içərisində bir ədəd metal borucuğun səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrin müqayisəli tədqiqatı aparılmadığmdan bu barədə qoyulmuş sual cavablandırılmadı. 2 ədəd açıq-qəhvəyi rəngli “FYM 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,080 qram təşkil edir. 1 N-li zərfdəki 1 ədəd bükümdəki psixotrop maddə metamfetaminlə 2 N-li zərdfəki 2 ədəd bükümdəki psixotrop maddə metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 1,011 qram təşkil edir, 2 N-li zərfdəki 2 ədəd bükümdəki narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. (Cild 1, iş vərəqləri 97-105) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 09 mart 2024-ci il tarixli 1587 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opoidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 192- 193) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 24 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı üzərindən aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,878 qram olan narkotik vasitə heroin, 0,713 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, 0,298 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükülərək boru şəklinə salınmış bir manatlıq əskinaz, 4 N-li zərfdəki bir ədəd siqaret qutusunun içərisində bir ədəd metal borucuğu, 2 ədəd açıqqəhvəyi rəngli “F\M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsinin ümumi miqdarı 0,080 qram təşkil edən metadon maddi sübut kimi tanınaraq Şabran RPŞ-nə təhvil verilmişdir. 03 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir.(Cild 1, iş vərəqləri 218-228) Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən isə təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, metadonu və psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Lakin istintaq orqanı təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair müvafiq qərarına istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Halbuki, istintaq orqanı təqsirləndirilən şəxsə verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin və psixotrop maddənin satacağı istehlakçı ilə razılığın əldə edilməsi, bu məqsədlə kiminləsə sövdələşməsi, narkotik vasitənin və psixotrop maddəni məhz satış məqsədi ilə çəkilib bir neçə xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir. Məhkəmə həmçinin xüsusi qeyd edir ki, təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğu halda, onun üzərində daha çox həcmdə narkotik vasitə və psixotrop maddə, eləcə də elektron tərəzi aşkar oluna bilərdi. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 8-ci bəndində göstərilmişdir ki, qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş külli miqdarda narkotik vasitə heroinin əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, narkotik vasitənin külli miqdarda olmasına iş materiallarında öz əksini tapan yeganə sübut kimi istinad etməyə çalışsa da, yalnız bu əlamət özü özlüyündə “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz. Satış məqsədi olmadan şəxsi istehlak üçün də məhz külli miqdarda psixotop maddənin əldə edilməsinin mümkünlüyünü nəzərə alaraq, qanunverici Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsini cinayət qanununa əlavə etmişdir. Odur ki, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə uyğun olmaqla, həmin cinayət əməlinin onun tərəfindən törədilməsi məhkəmə tərəfindən tam sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 173) Elektron məhkəmə informasiya sistemindəki məlumatlardan görünür ki, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 18 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şabran rayon məhkəməsinin 20 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır.Daha sonra həmin məhkəmənin 10 may 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 144-148, 253-257) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şabran RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 2,778 qram narkotik vasitə heroin, 0,811 qram psixotrop maddə - metamfetamin, 01 ədəd “F\M 40” göstəricili metadon həbi, bir ədəd bükülərək boru şəklinə salınmış bir manatlıq əskinaz və 01 ədəd siqaret qutusunun içərisində bir ədəd metal borucuq məhv edilməlidir. İş materiallarına əlavə edilmiş 03 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 81 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbrilər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Şabran RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 2,778 qram narkotik vasitə heroin, 0,811 qram psixotrop maddə metamfetamin, 01 ədəd “F\M 40” göstəricili metadon həbi, bir ədəd bükülərək boru şəklinə salınmış bir manatlıq əskinaz və 01 ədəd siqaret qutusunun içərisində bir ədəd metal borucuq məhv edilsin. İş materiallarına əlavə edilmiş 03 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-626/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-626/2024
28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver