Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-63/2025 26.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Ağcabədi rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağcabədi rayonu, Hüsülü kənd ərazi dairəsi, Hüsülü kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhəri ərazisində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən, 20 manat müqabilində bir ədəd şəffaf rəngli sellofan bükümdə, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxil olan 2,995 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz əldə edərək saxlamış və daşımış, 02 noyabr 2023-cü il tarixdə saat 22:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, “Yeni Yol” adlanan ərazidə Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron RPİ-nin Saray polis bölməsinə gətirilmiş və həmin gün saat 23:45-dən saat 00:10-a kimi polis bölməsinin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülmdə, çəkisi 2,995 qram olan ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 1 noyabr tarixində o, nə Sumqayıt şəhərində olmuş, nə də tanımadığı şəxsdən narkotik vasitə əldə etmişdir. Həmin tarixdə Sadıqov Aqil adlı şəxslə Masazır ərazisində görüşəcəklərmiş, Aqil Masazır dairəsi, yanacaq doldurma məntəqəsinin həyətində onu gözləmişdir. O, Aqilə yaxınlaşanda- təxminən saat axşam 20:00 radələrində ikisini də tutub Saray polis bölməsinə aparmışlar, deyilənə görə Aqildə narkotik vasitə olmuş, axtarış zamanı üzərindən bir neçə manat pul əskinazı, bank kartları, telefon aşkar olunmuşdur, lakin onların heç birini qeyd etməmişlər. O, bölmədə kifayət qədər fiziki təzyiqə məruz qalmış, səhər saat 8 radələrində ona demişlər ki, onları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə qeydiyyata salırlar, ya da 1 kiloqram narkotik vasitə ilə tutacaqlar, o, əvvəlcə, razılaşmamış, bir büküm metamfetamin hazırlamışlar, cibinə qoymuş, videoçəkilişdə də həmin yerdən çıxarmışlar, o da onların dediklərini demiş, çünki ona demişlər ki, işləri çöldən-çölə gedəcək,o da onların dediklərini etməyə məcbur olmuşdur ki, 1 kiloqram heroinlə onu yükləməsinlər. Verilən suallara cavab olaraq bildirdi ki, Aqildən bir neçə dəfə heroin almış, indi də yarım qram götürmək üçün getmişdir, lakin oraya atanda nə Aqildən narkotik vasitə almış, nə də onda narkotik vasitə görmüşdür. Aqilin dediyinə görə o, narkotik vasitəni maşında itirmiş, amma o, görməmişdir. Həmişə heroin istifadə etmiş, metamfetamin istifadə etməmişdir. Təzyiqlərə məruz qalmağı ilə bağlı sanksiya məhkəməsində də bildirmişdir. Üzərində xəsarət qalmamışdır. 3-4 dəfə narkotik vasitə istifadə etmiş, Aqildən 3-cü dəfə narkotik vasitə alacaqmış, həmişə yarım qram almış, qarşılığında 30 azn vermişdir, həmin narkotik vasitədən 2-3 dəfə istifadə etmişdir. Masazıra o, özü tək gəlmiş, Aqillə maşının sol tərəfində, çöldə görüşmüşlər. 2 noyabr, saat 20:00 radələrində tutulmuş, Aqillə 2-3 dəqiqə söhbət edə bilmişlər. İlk öncə Aqilə yaxınlaşmışlar, ona təzyiqlər göstərilsə də, Aqilə təzyiq etməmişlər, həmin şəxslər 5 nəfər olmuşlar, özlərini təqdim etməmişlər və əllərinə qandal vurmuşlar, Aqilin maşını ilə onları bölməyə aparmışlar. Çatan kimi bölməyə üzərilərinə baxış keçirmişlər. Həmin zaman video olmamış, polis bölməsində də təzyiqlərə məruz qalmışdır. Ona müdafiəçi səhər təqdim olunmuş, heç bir hüququ da izah olunmamışdır, vəkili də özü seçməmiş, artıq özləri gətirmişlər. Videoçəkiliş zamanı vəkil olmuşdur. Ona cibinə qoyduqları narkotik vasitənin miqdarını deməmişlər. Ona sənəd təqdim etməmişlər. Onları bölmədə gecə səhərə qədər MSY-də saxladıqları zaman tam nəzarətdə olmuşlar, əgər üzərində narkotik vasitə olsa imiş belə, həmin müddətdə onu tullaya bilərmiş. Ancaq üzərində heç nə olmamışdır. İbtidai istintaq zamanı təzyiqlər altında ifadə verdiyindən həmin ifadəni təsdiq etməmiş, baxış və götürmə aparılandan əvvəl çox təzyiqlərə məruz qalmış, razılaşmadığı üçün videonu bir neçə dəfə çəkməli olmuşlar. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ruhi və əsəb xəstəlikləri keçirtməmiş, bununla əlaqədar heç bir yerdə müalicə almamış və qeydiyyatda olmamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir. O, təxminən bir il olar ki, psixotrop maddə metamfetamindən istifadə etmişdir. O, bir gün əvvəl tanıdığı X4 ilə birlikdə Sumqayıt şəhərində tanımadığı şəxsdən hər birinə 1 ədəd şəffaf rəngli sellofanda olan bükümün içərisində psixotrop maddə metamfetamini 20 manat müqabilində əldə edib, göy rəngli şalvarının sağ yan cibində öz şəxsi istifadəsi üçün saxlamışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında o, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni yol adlanan ərazidə olan zaman ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib Abşeron RPİnin Saray PB-nin əməkdaşları olduqlarını bildirmişlər və həmin vaxt üzərində psixotrop maddə olduğundan, narahatçılıq-həyəcan keçirmişdir. Həmin vaxt isə polis əməkdaşları onların piyada olaraq hərəkət etdiklərini və onları görüb həyacanlanaraq onlarda şübhə yaratdıqlarından, yaxınlaşıb özlərini təqdim edərək, onun şəxsiyyəti ilə maraqlanmağa başlamışlar. O isə həmin vaxt üzərində psixotrop maddə olduğundan, polis əməkdaşlarının onu saxlamasına və tutulacağını düşünərək, özünü təqdim edərkən bir qədər özünü çaşdırmışdır. Belə ki, o, bu hərəkətləri ilə özünü şübhəli apardığından, həmin polis əməkdaşları onu Saray Polis bölməsinə dəvət etmişlər və o, da, etiraz etməyərək polis bölməsinə onlarla birlikdə gəlmişdir. Bundan sonra, polis bölməsində polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış aparılacağı barədə bildirilərək, hüquq və vəzifələri izah olunaraq, hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Daha sonra isə polis bölməsində xidməti otaqların birində polis əməkdaşları tərəfindən vəkilin də iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. Belə ki, şəxsi axtarış zamanı ona üzərində hər hansı narkotik vasitə və ya qeyri qanuni əşyalar varsa təqdim etməsi təklif edilmişdir. O, da, həmin vaxt 01 noyabr 2023-cü il tarixdə günorta saatlarında öz istifadəsi üçün Sumqayıt şəhərində tanımadığı şəxsdən 20 manata əldə etdiyi və əynindəki göy rəngli şalvarının sağ yan cibində saxladığı, şəffaf sellofana bükülmüş olan bir ədəd bükümdəki psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları həmin bükümə baxış keçirərək, maddi sübut olduğundan və ekspertizaya təqdim ediləcəyini bidirib qablaşdıraraq götürmüşlər və üzərinə keçirilmiş baxışla bağlı protokol tərtib etmişlər. Həmin protokol ucadan oxunmuş və doğruluğu həm onun həm də digər iştirakçılar tərəfindən imza edilmişdir. Əlavə olaraq bildirmişdir ki, o, özü psixotrop maddə aludəçisidir və mütəmadi olaraq psixotrop maddədən istifadə etsə də, lakin psixotrop maddələrin satışı ilə məşqul olmamışdır. Hazırda təqdim etdiyi psixotrop maddədən başqa nə yaşadığı yerdə, nə də başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır. Onu polis əməkdaşları saxlayan zaman və polis şöbəsinə dəvət edilərkən o, polis əməkdaşlarına tabe olmuş və ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əlavə dindirilməsi zamanı bildirmişdir ki, o, istintaqa verdiyi ilkin ifadəsini təsdiq etməmiş, çünki o, özünü Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilməmişdir. İstintaqa verdiyi ilkin ifadəsinidə o, təzyiq altında verdiyi üçün ilkin ifadəsini təsdiq etməmişdir. Belə ki, 02 noyabr 2023-cü il tarixdə təxminən saat 20:00 radələrində o, öz istifadəsi üçün narkotik vasitə heroin almaq məqsədi ilə yaşadığı evdən Abşeron rayonu, Masazır dairəsində yerləşən yanacaq doldurma məntəqəsinin həyətinə gəlmiş və orada əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı Aqil adlı şəxslə görüşmüş və onlar birlikdə Aqilin idarə etdiyi «Hyundai Azera» markalı ** OX *** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna əyləşmişlər. Həmin vaxt Aqil bildirmişdir ki, ona satacağı narkotik vasitə heroin idarə etdiyi avtomobilin salonunda oturacaqların arasına düşmüşdür. Ona görə də o, və Aqil avtomobildən yenidən aşağı düşmüşlər və Aqil əlindəki mobil telefonunun fanarı ilə işıq salaraq avtomobilin salonunu axtarmağa başlamışdır. Aqil narkotik vasitəni tapmamış onlara polis əməkdaşları yaxınlaşmışlar, iki nəfər polis əməkdaşı onu orada döyməyə başlamışlar və onları avtomobilə əyləşdirib Saray PB-nə gətirmişlər. Orada ona bildirmişlər ki, o, boynuna almalıdır ki, ondan psixotrop maddə metamfetamin üzərindən çıxmışdır. Lakin o, bildirmişdir ki, onun üzərində heç bir narkotik vasitə və psixotrop maddə yoxdur, o, psixotrop maddə istifadə etmir, narkotik vasitə istifadə edir, lakin hal-hazırda üzərində heç bir maddə yoxdur, almamışdır və ona görə də onların ona təqdim etdikləri psixotrop maddəni boynuna ala bilməyəcək. Həmin vaxt polis əməkdaşları onu yenidən döymüşlər, həmin psixoloji, həm də təzyiq göstərərək ona bildirmişlər ki, «əgər bunu boynuna almasan sənin üzərinə kilolarla narkotik vasitə qoyacağıq». Bundan sonra heç üzərinə baxmadan və axtarış aparmadan onu PB-də səhərə kimi saxlamışlar. Həmin günün səhərisi onu yenidən xidməti otağa dəvət etmişlər və ona bir büküm psixotrop maddə təqdim edərək boynuna alıb ondan aşkar olunduğunu video çəkiliş altında deməyini bildirmişlər. O, da təziyq altında məcbur olub həmin psixotrop maddə metamfetaminin öz istifadəsi üçün Sumqayıt şəhərindən tanımadığı şəxsdən 20 manat müqabilində alıb üzərimdə saxladığını və bundan sonra Abşeron rayonu Saray qəsəbəsi, yeni yol adlanan ərazidə polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, o, X2 narkotik alverçisi kimi tanımış və ondan öz istifadəsi üçün bir neçə dəfə 30 manat müqabilində narkotik vasitə heroin almışdır. Həmin vaxtdan uzun müddət keçsədə onun bədənindəki xəsarətlər qalmamış, lakin o, məhkəmə-tibbi ekspertizasından keçmək istəmişdir. Bundan əlavə bildirmişdir ki, o, narkotik vasitə aludəçisi olsa da heç vaxt psixotrop maddə metamfetamindən istifadə etməmiş, o, həmişə narkotik vasitə heroindən isitifadə etmişdir. Ona görə də əlavə narkoloji ekspertiza təyin edilməsini və onun narkoloji ekspertizadan keçirilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, özünü təqsirli bilmir. O, xx.xx.2023-cü il tarixdə Saray PB-nin əməkdaşları tərəfindən Saray qəsəbəsi yeni yol adlanan ərazidə deyil, Masazır dairəsi yanacaq doldurma məntəqəsinin həyətində saxlanılmış, həmin vaxt onun üzərində heç bir psixotrop maddə və narkotik vasitə aşkar olunmamışdır. Buna görə də istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin və onu tutub PB-nə aparan polis əməkdaşlarının da xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində anten dairəsi məlumatlarının çıxarılmasını xahiş etmişdir. (İş vər: 52-54, 125- 127) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, 02 noyabr 2023-cü il tarixdə təxminən axşam saatlarında o və Abşeron RPİ-nin Saray PB-nin sahə polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə Saray PB- nin inzibati ərazisində xidmət apardıqları zaman Abşeron rayonu, Saray qəsəbəsi, Yeni yol adlanan ərazidə iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını görüb onlara yaxınlaşmışlar, özlərini təqdim etdikdən sonra üzərlərində qanunla qadağan olmuş narkotik vasitə və yaxud hər hansı digər vasitələrin olub olmamasını soruşmuşlar. Həmin şəxslər üzərlərində psixotrop maddə olan metamfetamin olduğunu bildirdikdən sonra onlar həmin şəxsləri polis bölməsinə dəvət etmişlər. Onlar həmin şəxsləri Saray PB-nə gətirdikdən sonra həmin şəxslərin xx.xx.1997ci il təvəllüdlü X4 və xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Bundan sonra onlar PB-nin rəhbərliyinə raportla müraciət edərək həmin şəxsləri aidiyyəti üzrə təhvil vermişlər. Belə ki, polis bölməsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi və ya özündə saxlamasına şübhələr olduğundan, PB-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilərək, ona hüquq və vəzifələri izah edilmiş və onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edildikdən sonra, üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə aparılmışdır. Belə ki, barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim edərək, həmin bükülüdə psixotrop maddə metamfetamin olmasını və xx.xx.2023-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhərində tanımadığı şəxsdən 20 manat müqabilində 1 ədəd şəffaf sellofana bükülmüş bükümü alıb, şəxsi istifadəsi üçün üzərində saxladığını, 02 noyabr 2023-cü il tarixdə axşam saatlarında Abşeron RPİ-nin Saray PB-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, Yeni yol adlanan ərazidə saxlanıldığını bildirmişdir. Bununla ələqadar olaraq, həmin büküm sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 246 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin sahə polis nəfəri polis serjantı Şahid2 oxşar ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. ( cild 1, i.v. 80-81) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” və 04 dekabr 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün aşkar olunaraq götürülməsini əks etdirən görüntülər olan bir ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmiş və istintaq zamanı həmin CD diskə baxış keçirilərək müvafiq protokol tərtib olunmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (İş vər: 23-25) “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “diskə baxış keçirilməsi haqqında” protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş təyin edilmiş məhkəməkimyəvi ekspertizasının 6/5876 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksləri olan, “.Quliyev” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi-2,995 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. (İş vər: 31- 35) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 8253 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(İş vər: 95-96) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş təkrar məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1203 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İş vər: 201-202) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 256 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs özünü müdafiə etməyə meyillilik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, məsuliyyətsizlik, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına görə hadisə zamanı etdiyi hərəkətləri qavramaq, mahiyyətini dərk etmək və onları idarə etmək iqtidarındadır.(İş vər: 204-207) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(İş vər: 93-94) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “maddi sübut kimi tanınması və cinayət işinin materiallarıa əlavə edilməsi haqqında” 04 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 2,995 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,945 qram metamfetamin işin məhkəmə nəticəsinə kimi saxlanılması üçün Abşeron RPİnin MSK- na təhvil verilmişdir. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir.(İş vər: 88-90) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində ümumiyyətlə narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq olunması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 24 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məsuliyyətini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən yüngülləşdirən hallar müəyyən olunmamışdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağılaşdıran hal müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 04 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ-nin MSK-na təhvil verilmiş, metamfetaminin ekspertiza tədqiqatından sonrakı 2,945 qram qalığı məhv edilməli, iş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 ( altmış beş) manat məbləğində pul vəsaiti ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 24 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 02 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Abşeron RPİ-nin MSK-d saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalan 2,945 qram metamfetamin məhv edilsin, 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-63/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-63/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver