Məhkəmə qərarları › İş №1(124)-64/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-64/2022

18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-64/2022 18.05.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1971-ci ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Siyəzən rayon Məhkəməsinin 27.02.2018-ci il tarixli hökmü ilə CM-nin 228.4, 234.1 və 134-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 29.01.2021-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda, yəni 3,188 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək yaşadığı Siyəzən şəhəri H.Aslanov küçəsi ev 33 ünvanında saxlamış, 02 iyun 2021-ci il tarixdə saat 18 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı nəticəsində Siyəzən şəhəri H.Aslanov küçəsi ev 33 ünvanının qarşısında saxlanılaraq yaşadığı ünvana videoçəkiliş vasitəsilə keçirilən baxış zamanı həmin narkotik vasitə heroin anbar kimi istifadə olunan otaqda divardan asılmış 01(bir) ədəd sarı rəngli sellofanın içərisindəki 01(bir) ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsi ona qarşı CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittham üzrə özünü təqsirli bilmədiyini qeyd edərək göstərdi ki, hadisə günü evdə qapının qarşısında oturmuşdur. Bu zaman evə baş müstəntiq 20 nəfər polis əməkdaşı ilə birlikdə daxil olub onu yerə yıxmış, sonra isə qalxıb yenidən əyləşməyi tapşırmışlar, özləri isə evi axtarmağa başlamışlar. O nə axtarıldığını soruşmuş, özünün heç bir əməl törətmədiyini bildirmiş və evin axtarış aparılan hissəsində aşkar olunanların 2013-cü ildə vəfat etmiş anasından qalan ədviyyatlar olduğunu və onların aşkar edildiyi yerdə heç işığın belə olmadığını demişdir. Təxminən 1 saat sonra oraya vəkil gəlmişdir. Bundan sonra anasından qalmış sarıkök olan sellofanın işçindəkiləri ortalığa tökmüşlər və evdə olan cücələri üçün aldığı dərmanlar olan qəhvəyi rəngli qəzet kağızından olan büküm götürülərək, onun olub olmadığı soruşulmuşdur. O, isə aşkarlananların onun olmadığını, anasından qaldığını demişdir. Bundan sonra o evdən aparılmış və ona evdən narkotik aşkarlandığı deyilmişdir. Baxış zamanı vdeoçəkliş aparılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun həmin ifadəsi özünü müdafiə xarakterlidir və həqiqəti əks etdirmir. Belə ki, təqsirləndirilən şəxsin ittiham olduğu əməli təqsirli olaraq törətməsi, özünün məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş digər sübutların məcmusu ilə, o cümlədən şahid ifadələri, baxış keçirilməsinə dair protokol, ekspertiza rəyləri və digər sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi məhkəmə iclasında tədqiq edilərək müəyyənləşdirilmişdir ki, o, özünü ona CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həbs olunandək ünvan 3 ünvanda tək yaşamışdır. Cəzaçəkmə müəssisəsindən qayıtdıqdan sonra həbs olunanadək heç bir yerdə işləməmişdir. İstifadəsində ***-***-**- ** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur. Əvvəllər keçmiş Əzizbəyov indiki Xəzər rayon məhkəməsinin 10.07.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə, keçmiş Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 03.12.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə, Siyəzən rayon məhkəməsinin 29.07.2015-ci il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinirək 01 il 10 ay müddətinə, Siyəzən rayon məhkəməsinin 27.02.2018-ci il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 228.4,234.1 və 134-cü maddələri ilə təqsirli bilinirək 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Əvvəllər narkotik vasitə heroin, qurudulmuş marixuana və digər narkotik vasitələrdən istifadə etmişdir. 02.06.2021-ci il tarixdə saat təxminən 18 radələrində yaşadığı ünvanın qarşısında olarkən Siyəzən RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq üzərində və yaşadığı ünvanda narkotik vasitələri saxlamaqda şübhəli olduğu üçün üzərinə şəxsi axtarış, yaşadığı ünvana isə baxış keçiriləcəyini bildirmişlər. O, buna etiraz etməmişdir. Bundan sonra yaşadığı evin qarşısına müstəntiq dəvət olunmuşdur. Müstəntiq yaşadığı ünvana gəldikdən sonra ona şübhəli şəxs qismində tutulmağı izah olunmuşdur. Daha sonra ona müdafiəçi Arif Həbibzadə təqdim olunmuş və o, müdafiəçi Arif Həbibizadənin şəxsi axtarış zamanı və yaşadığı ünvana keçiriləcək baxış zamanı iştirak etməsinə etiraz etməmişdir. Daha sonra ona hüquq və vəzifələri izah olunmuş və bu barədə bildiriş təqdim olunmuşdur. O, həmin bildirişi imzalayaraq götürdükdən sonra yaşadığı ünvanın həyətində üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Daha sonra yaşadığı ünvana baxış keçirilməsinə başlanılmışdır. İlk öncə yaşadığı evin girişində olan dəhlizə və irəlidəki otağa baxış keçirilmişdir. Daha sonra giriş Qapısından sol tərəfdə olan anbar kimi istifadə olunan otağa daxil olaraq baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı həmin otaqdan divarda asılan 01 ədəd sarı rəngli sellofanın içərisində 01(bir) ədəd açıq göy rəngli sellofanın içində qəhvəyi rəngli kütlə, 01 ədəd ağ(şəffaf) rəngli sellofanın içərisində qəhvəyi rəngli kütlə, 01 ədəd şəffaf rəngli sellofanın içərisində qəhvəyi rəngli kütlə, 01 ədəd qəzet parçası bükülüsündə qəhvəyi rəngli kütlə, 01 ədəd şəffaf rəngli sellofanda boz rəngli tozşəkilli kütlə, 01 ədəd ağ rəngli kağız bükülüdə boz rəngli tozşəkilli kütlə, 01 ədəd ağ rəngli parçaya bükülmüş vəziyyətdə boz rəngli tozşəkilli kütlə, 01 ədəd şəffaf rəngli sellofanın içərisində boz rəngli tozşəkilli kütlə və 01 ədəd sellofanda yarı bölünmüş vəziyyətdə dərman həbləri aşkar olunmuşdur. Həmin sellofan bükülülərdə aşkar olunmuş qəhvəyi rəngli kütlələr rəhmətə getmiş anasından qalmış ədviyyatlar olmuşdur. Daşa bənzər kütlələrin nə olduğu barədə heç bir fikri olmamışdır. Təxmin etməsinə görə yəqinki anası sağlığında hansısa pir və ya ziyarətgahdan həmin kütlələri gətirmişdir. 01 ədəd şəffaf rəngli sellofanda aşkar olunmuş yarı bölünmüş formada olan həblər isə toyuq dərmanı olmuşdur. Daha sonra aşkar olunmuş bütün həmin bükülülər yenidən 01 ədəd sarı rəngli sellofana qoyularaq qablaşdırılaraq 01 ədəd ağ rəngli zərfin içərisinə qoyulmuşdur. Daha sonra həmin otaqda baxış davam etdirilsə də, qanunla qadağan olunmuş hər hansı kütlə aşkar olunmamışdır. Daha sonra qonaq otağı kimi istifadə etdiyi aynabəndə baxış keçirilmişdir. Oraya baxış keçirilərkən qab qoymaq üçün nəzərdə tutulan rəfin üzərində olan qutudan 01 ədəd parçaya bükülmüş kristalşəkilli kütlə aşkar olunmuşdur. Həmin kütlənin duz olduğunu və hicamə üçün istifadə etdiyini qeyd etmişdir. Daha sonra həmin rəfə baxış davam etdirilmiş və oradan 01 ədəd qara rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Bundan sonra həmin aşkar olunmuş 01 ədəd elektron tərəzi və 01 ədəd parça bükülüdə aşkar olunmuş kristalşəkilli kütlə 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. O və bütün digər iştirakçılar zərfin üzərində imza etmişlər. Daha sonra yaşadığı ünvana baxış davam etdirilsə də, heç nə aşkar olunmamışdır. Bundan sonra onlar tərəfindən heç bir şikayət və tələb daxil olmadığından baxış yekunlaşdırılmışdır. Özünə qarşı hər hansı fiziki və psixi təsir olunmadığını, ifadəsini sərbəst formada vermiş olsa da hər hansı imza etməyəcəyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verərək Siyəzən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, ƏRQ-nun kiçik inspektoru Şahid2, PPXT-nın polis nəfərləri Şahid3 və polis serjantı Şahid4 oxşar ifadələr verərək göstərdilər ki, 02.06.2021-ci il tarixdə saat 18 radələrində Siyəzən şəhəri H.Aslanov küçəsi ev 33 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatına əsasən sonuncunun yaşadığı Siyəzən şəhəri, Həzi Aslanov qəsəbəsində yerləşən evinə getmişlər. İlk əvvəl Təqsirləndirilən şəxs nəzarətə götürülmüş, sonra isə yaxınlaşaraq narkotik vasitələrin qanunsuz satışında şübhəli bilinməsi barədə məlumat verilmişdir. Bundan sonra R.Xəlillovun razılığı ilə üzərinə və evinə baxış keçirilmişdir. Bu zaman evdə Təqsirləndirilən şəxs əlavə heç kim olmamışdır. Təqsirləndirilən şəxs üzərindən qanunsuz olan heç bir şey aşkar edilməsə də, evindən, yəni evdə anbar kimi istifadə edilən yerdən divardan asılı olan seloffanların içərisindən qəhvəyi rəngli toz şəkilli kütlələr aşkar edilmişdir. Bundan əlavə evdən, o cümlədən dəftərin arasından kristal şəkilli kütlələr və əlavə olaraq evdəki rəfdən elektron tərəzi aşkar edilmişdir. Bütün baxış müddəti videomüşahidə həyata keçirilmiş və videoqeydiyyat aparılmışdır. Təqsirləndirilən şəxs zor tətbiq edən olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş baxış və şəxsi axtarış keçirilməsi və götürmə aparılmasına dair 02.06.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdə olan videogörüntülərdən görünür ki, 02 iyun 2021-ci il tarixdə saat 18:00-dan saat 18:41-dək olan müddət ərzində Siyəzən şəhəri H.Aslanov küçəsi ev 33 ünvanında Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və həmin evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş əşya aşkar olunmamış, evin anbarından divardan asılmış sarı rəngli sellofanın içərisindən 01(bir) ədəd açıq göy rəngli sellofanın içərisində qəhvəyi rəngli kütlə, 01(bir) ədəd ağ(şəffaf) rəngli sellofanın içərisində qəhvəyi rəngli kütlə, digər 01(bir) ədəd şəffaf rəngli sellofanın içərisində qəhvəyi rəngli kütlə, digər 01(bir) ədəd şəffaf rəngli sellofanın içərisində qəhvəyi rəngli kütlə, 01(bir) ədəd qəzet parçası bükülüsündə qəhvəyi rəngli kütlə, 01(bir) ədəd ağ rəngli kağız bükülüdə boz rəngli tozşəkilli kütlə, 01(bir) ədəd ağ rəngli parçaya bükülmüş vəziyyətdə boz rəngli tozşəkilli kütlə və 01(bir) ədəd sellofanda yarı bölünmüş vəziyyətdə dərman həbləri, masanın üzərindən şəffaf rəngli sellofan bükülü aşkar olunmuşdur. Bu şəffaf bükülüyə baxış keçirildikdə içərisində boz rəngli tozşəkilli kütlə olduğu müəyyənləşmişdir. Təqsirləndirilən şəxs qəhvəyi rəngli kütlələrin anasına məxsus ədviyyatlar olmasını, tozşəkilli boz rəngli kütlələrin isə ziyarətgahdan gəlmiş daş və s. olmasını bildirmişdir. Bundan əlavə evin aynabəndindəki rəfin üzərində olan qutudan 01(bir) ədəd ağ rəngli parçaya bükülü aşkar edilir və içərisində ağ kristalşəkilli kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin duz olduğunu bildirmişdir. Bundan əlavə rəfdən bir ədəd elektron tərəzinin aşkar olunur, Təqsirləndirilən şəxs həmin elektron tərəzini Bakı şəhərindən aldığını və həmin elektron tərəzi ilə gümüş alqı-satqısı etmək niyyəti olduğunu bildirmişdir. Aşkar olunanlar qablaşdırılaraq möhürlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 iyun 2021-ci il tarixli, 6/2244 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı....” sözləri olan 2 №-li kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 3,188 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 №-li kağız paketdəki bir ədəd ağ rəngli parça bükümdə təmiz çəkisi 5,711 qram olan ağ rəngli maddə, 2 №-li kağız paketdəki 4 ədəd sellofan bükümlərdə (bir ədəd göy rəngli 3 ədəd ağ rəngli), bir ədəd qəzet kəsiyi bükümü, bir ədəd ağ rəngli kağız büküm, bir ədəd ağ rəngli parça bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 63,312 qr., 40,777 qr., 32,690 qr., 0,850 qr., 1,105 qr., 0,223 qr., 0,532 qram olan qəhvəyi və bozumtul rəngli maddələr və bir ədəd sellofan kəsiyində 8 ədəd ½ hissə dərman həblərinin tərkiblərində narkotik, psixotrop, güclü təsir edən maddə komponentləri aşkar edilmədi. Bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə, psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 31 iyul 2021-ci il tarixli, 2595 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məhləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X5 hüquqi şəxsin Ambulator məhkəmə-psixiatrik ekspertizasının 02.07.2021-ci il tarixli 1425 №-li ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl dövründə hər-hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıbdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-nin 21ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - tibbi ekspertiza və X3 Siyəzən rayon şöbəsinin 04.06.2021-ci il tarixli, 98 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər-hansı növ bədən xəsarəti aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hərbi Tribunalının 14.04.1995-ci il tarixli hökmü ilə CM-nin 24-ci maddəsinin A bəndinə əsasən 6 il müddətinə azadlıqdan məhrumemtmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikasının Prezidentinin 18.10.1995-ci il tarixli Əfv fərmanına əsasən azad olunmuş, Bakı Qarnizanu Hərbi Tribunalının 31.10.1996-cı il tarixli hökmü ilə CVM-nin 242-ci maddəsinin A bəndinə əsasən 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Nizami rayon Xalq Məhkəməsinin 01.05.1998-ci il tarixli hökmü ilə CM-nin 226-1 maddəsinin 1 hissəsinə əsasən 6 il müddətinə azdlıqdan məhrumemtmə cəzasına məhkum edilərək 01.05.2004-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Əzizbəyov rayon məhkəməsinin 01.07.2006-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsinə əsasən 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzsına məhkum edilmiş və 27.10.2008-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 03.12.2009-cu il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsinə əsasən 4 il müddətinə 06.05.2013-cü il tarixdə cəzanının sonu ilə azad edilmiş, Siyəzən rayon məhkəməsinin 29.07.2015-ci il tarixli hökmü ilə CM-nin 237.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən 09 sentyabr 2014-cü ildən 10 noyabr 2014-cü ilədək həbsdə olduğu müddət ona təyin edilmiş cəzadan çıxmaqla, qəti olaraq üzərində 1 (bir) il 10 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır, Siyəzən rayon məhkəməsinin 27.02.2018-ci il tarixli hökmü ilə CM-nin 228.4, 234.1 və 134-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 29.01.2021-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Siyəzən RPŞ-nin 26.08.2021-ci il tarixli 183-9149-1121 nömrəli məktubunda göstərilmişdir ki, Siyəzən RPŞ-nin əməliyyat aparatı tərəfindən bir sıra əməliyyat axtarış tədbirləri keçirilərək Təqsirləndirilən şəxs X6 ilə aralarında narkotik vasitələrin satışının həyata keçirilməsi ilə bağlı danışıqlar aparıldığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs özünü müdafiə üçün yaşadığı ünvandan aşkar olunaraq götürülmüş narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Məhkəmə tərəfindən yuxarıda sadalanan sübutların məcmusu ilə onun göstərdiyi bu xüsusatın özünü müdafiə xarakterli olduğu və həqiqəti əks etdirmədiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, bu nəticəyə gələrkən istər aparılmış baxışın gedişatı və nəticəsinin tam şəkildə video qeydiyyatının aparıldığı, istərsə təqsirləndirilən şəxsin evindən aşkar edilmiş ədviyyatın 2013-cü, yəni bu kütlələrin aşkar olunan günədək 8 ilə yaxın müddət əvvəl vəfat etmiş anasına məxsus olması, habelə əvvəllər bu kimi ticarətlə məşğul olmasına dair hər-hansı dəlil olmadığı halda aşkar edilmiş elektron tərəzi ilə gümüş alveri edəcəyi üçün həmin tərəzini əldə etməsi barədə xüsusatın da, inandırıcı olmadığını nəzərə almışdır. Digər tərəfdən məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə yanaşı onun narkomaniyadan əziyyət çəkməsinin, onun narkotiklərin dövriyyəsində iştirak etməsinə dair əməliyyat məlumatlartının olmasının, eləcə də, onun dəfələrlə narkotiklərin istifadəsi ilə bağlı məhkum olunmasının saxlanılarkən onun narkotiklərin dövriyyəsində real iştirakının olduğu və məhz özündə saxladığı narkotik vasitələrin aşkar olunacağı halda məsuliyyətdən yayınmaq üçün digər oxşar kütlələr arasına qoymaqla özünü müdafiə məqsədi ilə əvvəlcədən dəlil formalaşdırdığı qənaətinə gəlməyə məhkəməyə əsas verir. Bütün sadalanalar onun göstərir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu əməli təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu əməlin tövsüfini müzakirə edərkən belə qənaətə gəlir ki, toplanmış sübutların məcmusu, o cümlədən təqsirləndirilən şəxsdən aşkar edilmiş heroninin külli miqdarda olması, bununla yanaşı onun tənha yaşadığı evdən elektron tərəzinin aşkar edilməsi və təqsirləndirilən şəxsin bu tərəzini almaqda başqa real məqsədə istinad etməməsi ibtidai istintaq orqanının düzgün olaraq onun əməlini CM-nin 234.4.3-cü maddəsi ilə tövsüf etdiyini göstərir. Qeyd edilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxsin bu elektron tərəzini əvvəllər həyata keçirmədiyi bir fəaliyyətlə məşğul olmaq - gümüş alveri etmək üçün almasına dair xüsusatı real və inandırıcı hesab etmir. Çünki, şəxsiyyətini səciyyələndirən yuxarıda sadalanan hallar olduğu bir vəziyyətdə, əvvəllər bu fəaliyyətlə məşğul olmadığına baxmayaraq, gümüş ticarəti fəaliyyətinə başlamaq üçün digər tədbirlərə yox, məhz ilk olaraq elektrton tərəzi alması digər sübutlarla təsdiq olunmadığına görə məhkəmə tərəfindən inandırıcı hesab edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə tam sübut olunmuş və ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, onun əməli CM-nin 234.4.3-cü maddəsi ilə tövsüf edilmişdir. Belə olan halda təqsirləndirilən şəxs ittham olunduğu CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib həmin maddəni sanksiyası həddində cəzalandırılmalı, cəzanın həcmi müəyyən edilərkən CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamış, CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi onun məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, belə olan halda təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunan azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 02 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı və o, qeydiyyatda olduğu ərazi üzrə narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Maddi sübutlarla bağlı məhkəmə məsələni həll edərkən belə nəticəyə gəlir ki, maddi sübut olaraq Siyəzən RPŞ-də saxlanılan 3.138 qram çəkidə narkotik vasitə heroin narkotik vasitə heroinin əldə edildiyi mənbəyə dair ayrılmış cinayət işinin materiallarına əlavə edilməklə saxlanılmalı, iş üzrə maddi sübut olan və Siyəzən RPŞdə saxlanılan tərkibində narkotik vasitələr və ya psixotrop maddələr olmayan kütlələr məhv edilməli və iş üzrə maddi sübut olan, cinayət işinin materiallarına əlavə edilmiş 2 ədəd Kompakt Disk cinayət işinin materiallarında saxlanılmaslıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də saxlanılan 1 ədəd elektron tərəzi xüsusi müsadirə edilməklə əvəzsiz olaraq dövlət nəfinə alınmalı, habelə məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatına sərf olunmuş 81,82 AZN (səksən bir manat səksən iki qəpik) Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstəriənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 02 iyun 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut olaraq Siyəzən RPŞ-də saxlanılan – tədqiqatdan sonra qalıq qalmış 3.138 qram çəkidə narkotik vasitə olan heroin narkotik vasitə heroinin əldə edildiyi mənbəyə dair ayrılmış cinayət işinin materiallarına əlavə edilməklə saxlanılsın. İş üzrə maddi sübut olan, Siyəzən RPŞ-də saxlanılan tərkibində narkotik vasitələr və ya psixotrop maddəllər olmayan kütlələr məhv edilsin. İş üzrə maddi sübut olan, cinayət işinin materiallarına əlavə edilmiş 2 ədəd Kompakt Disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan, Siyəzən RPŞ-də saxlanılan 1 ədəd elektron tərəzi xüsusi müsadirə edilsin. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatına sərf olunmuş 81,82AZN (səksən bir manat səksən iki qəpik) Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilisin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim imza Rəşad Əliyev Hakim imza Hafiz Əliyev Hakim imza Fəhmin Hümbətov Əsli ilə düzdür Sədrlik edən hakim Rəşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar