Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-64/2023 13.03.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxx 1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 16 noyabr 2021-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan Mehdi adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun 150 manat müqabilində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən "Turan" restoranın yanında qoyduğu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 30,189 qram çəkidə narkotik vasitə heroini əldə edib saxlamaqla üzərində daşımış, 17 noyabr 2021-ci il tarixdə saat 16:20-də Sumqayıt şəhəri, 36-ci məhəllə ərazsində yerləşən 39 saylı uşaq bağçasının yaxınlığında, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparılıb orada üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində 01 (bir) ədəd “Sobranie” markalı siqaret qutusunun içərisində 01 (bir) ədəd şəffaf rəngli selofan bükümdə külli miqdarda 30,189 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, 4-5 ildir ki, narkotik vasitə heroin istifadə edir. 17 noyabr 2021-ci il tarixdə Sumqayıt şəhəri, “14 mərtəbə” deyilən ərazinin yaxınlığında axşam saat 21-22 radələrində Samid və Tural adlı əməkdaşlar onu tutmuşdur. Tutulanda üzərində narkotik vasitə olmamışdır. Tutulduqdan sonra polis bölməsinə gətirilmiş, orada 50 qram narkotik vasitəni qarşısına qoyub boynuna almağını istəmişlər. O isə 03 qram narkotik vasitəni istifadəçi kimi boynuna almışdır. O İran vətəndaşını görməmiş, onunla danışığı olmamışdır. İstintaq dövründə İran vətəndaşı ilə danışdığını demişdir. İranlı ona narkotk vasitə təklif etmiş, o isə qəbul etməmişdir. Onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsiylə olan telefon danışıqlarında narkotik vasitələrin satışı ilə bağlı heç bir danışıq olmamışdır. O, ittiham aktında olan telefon yazışmalarını belə izah etmişdir ki, ona mesaj yazan şəxs narkotik satmağı təklif etmiş, o isə qəbul etməmişdir. İstintaq dövründə çəkilişdən qabaq ona təzyiq edildiyi üçün boynuna almışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək, göstərmişdir ki, əvvələr Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, uzun müddət ərzində narkotik vasitələrdən istifadə etmiş, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri 36-ci məhəllənin ərazisində yerləşən uşaq baxçasının yaxınlığı ilə gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq onun narkotik vasitələrin qəbulunda, üzərində daşıyıb saxlamasında və satışı ilə məşğul olmasında şübhəli olduğu üçün onun üzərində şəxsi axtarış aparılması məqsədi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər, orada vəkilin üzərində şəxsi axtarış video çəkiliş vasitəsi ilə aparılılacağı izah edilmiş və o, buna etiraz etməmişdir. Şəxsi axtarış zamanı o, 01 ədəd " Sobranie" markalı siqaret qutusunda içərisində şəffaf rəngli bükümdə özünə məxsus narkotik vasitə herioni təqdim etmiş, soğru zaman markotik vasitə heroini "Mehdi" adlı şəxsdən 150 manata nisyə öz şəxsi istfadəsi üçün aldığını demiş, üzərində aşkar edilmiş narkotik vasitə heroinin çəkisi 33,69 olduğu elektron tərəzidə çəkildikdən sonra müəyyən edilmiş, həmçinin həmin vaxt üzərində 02 ədəd Samsung markalı mobil telefonlar, 02 ədəd alışqanalar aşkar edilmişdir. Üzərində aşkar edilmiş narkotik vasitə heroin xüsusi qaydada qablşadırılaraq möhürlənmişdir. İstintaq zamanı əlavə dindirilən zaman o, əvvəl ifadəsinə bildmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroini xx.xx.2021-ci il tarixdə "Mübariz" restoranın qarşısında götürmüş, narkotik vasitə heroini X4 vətanadşı Mehdi adlı şəxsdən almışdır. “İnstaqram” proqamı vasitəsi ilə sosial şəbəkədə X5 vətəndaşı olan Mehdi kimi özünü ona təqdim etmiş şəxslə tanış olmuş, Mehdi ona öz istofadə etdiyi +98***-***-**-** saylı "Whatsapp" nömrəsini vermiş, oda ona ***-***-**-** saylı mobil telefon nömrəsi ilə qeydiyyat keçdiyi "Whatsapp" proqam vasitəsi ilə Mehdi adlı şəxsə zəng etmiş və daha sonra yazmışdır. Aralarında olan söhbət əsasında ona məlum olmuşdur ki, Mehdi narkotik vasitələrin satışı ilə məşğul olmuş, Mehdi ilə danışdığı zaman yalandan guya "mal" (narkotik vasitə heroni) alıb satacağını niyyəti oldugunu ona demiş, lakin ona həmin narkotiki vasitə heroini nisyə alıb öz şəxsi istifadəsi üçün alamağa niyyəti olmuş, həmçinin "_vasif77_" adlı İnstaqram profili özünə məxsus oldugunu və İran vətandaşına özü "pati.kakos.marixuna" profilinə ona birci yazmış, "Whatsapp" proqramı vasitəsi ilə İran vətəndaşı olan "Xalaoğlu" adlı profilə danışan özü olmuş və orada olan mətin mesajları və səsli mesajlar özünə məxsus oldugunu demişdir. xx.xx.2021-ci il tarixdə o, X2 vətəndaşından aldığı narkotik vasitə heroini kimin tərəfindən "Turan" adlı restoranın yaxınlığına atldığını bilmədiyini demiş, lakin Mehdi ilə telefonla danşdığı zaman ona Sumqayıt şəhərində çoxlu tanışları oldugunu demişdir, həmin şəxs narkotik vasitələrin haradan əldə etməsi barədə Mehdi adlı şəxs ona heç bir məlumat verməmişdir. Mehdi adlı şəxsdən adlığı və daha sonra üzərində aşkar edilmiş həmin narkotik vasitə olan heroindən heç kəsə satmamış və Mehdi adlı şəxsdən narkotik vasitə heroini alanda guya satış məqsədi ilə nisyə aldığını bir daha da qeyd etmişdir. (Cild 1, iş vərəqləri 48-49, 135-137, 152-154) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 17 noyabr 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində tutulmuş, polis bölməsinə gətirilmişdir. PB-də üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman üzərində siqaret qutusunun içərisində şəffaf sellofana bükülmüş narkotik vasitə heroin aşkar olunmuşdur. Narkotik vasitənin təxmini çəkisi 33-34 qram olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin KTQ-nun inspektor kriminalisti, polis kapitanı Şahid3 ifadəsində göstərmişdir ki, 17 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə polis bölməsində şəxsi axtarış keçirilmiş, o da həmin axtarışı videolentə çəkmişdir. Axtarış zamanı üzərindən içərisində narkotik vasitə olan “Sobranie” markalı siqaret qutusu çıxmışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 17 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunmasında barədə məlumat daxil olmuş, daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkilli, polis mayoru Şahid2 Sumqayıt ŞPİ-nin KTQ-un inspektor-kriminalisti Şahid3 Tahir oğlundan ibarət əməliyyat qrupu təşkil edilmiş, həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 36-ci məhəllə ərazisində yerləşən 39 saylı uşaq bağçasının yaxınlığında olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında 17 noyabr 2021-ci il tarixdə saat 16 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 36-ci məhəllə ərazisində yerləşən uşaq bağçasının ərazisinə getmişlər, orada olan zaman əlamətləri Təqsirləndirilən şəxs əlamətlərinə oxşayan bir nəfər şəxsin gəldiyini görüb onu saxlamışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da özlərini təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirməkdə şübhəli olduğunu bildirmişlər,bundan sonra üzərində şəxsi axtarış aparılması üçün Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-yə dəvət olunmuş və Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş onlarla birlikdə 3-cü PB-nə getmişlər, PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş o da heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və onun öz istəyi ilə seçdiyi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vüsal Mirzəyev təqdim olunmuşdur. Vəkil və iştirakçıların iştirakı ilə videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması, olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibində saxlamış 01 ədəd "Sobranie" markalı siqaret qutusunu cibindən çıxaraq, içərsində şəffaf rəngli bükümü təqdim etmiş, təqdimetdiyi bükümdə baxış zamanı orada tünd rəngli maddə aşkar olunmuş, büküm elektron tərəzidə çəkilmiş və çəkisi 33,69 qram müyyən olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bükümdə narkotik vasitə heroin oldugunu demiş və şəxsi istifadəsi üçün X4 vətəndaşından aldığını demiş, həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cibindən 02 ədəd "Samsung" markalı mobil telefon 02 ədəd alışqan və iki manat məbləğində pul əskinazları aşkar edilmişdir. Daha sonra aşkar edilmiş içərisində qəhvəyi rəngli maddə olan büküm müfaviq qaydada qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. (Cild 1, iş vərəqləri 144-145) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” 17 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində qanunla qadağan edilən hər hansı əşya varsa təqdim etsin. O isə əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən “Sobranie” markalı siqaret qutusunun içərisində narkotik vasitə heroinə bənzər maddə olan şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. (Cild 1, iş vərəqləri 23-24) “Şəxsi axtarışın keçirilməsi barədə” 17 noyabr 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “CD” formatlı disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 02 fevral 2022-ci il tarixli protokolla, eləcə də, həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 142-143) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 27 noyabr 2021-ci il tarixli, 4752 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opidodlərin birgə qəbulu və pxisotrop maddə olan metamfetaminindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 110-111) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 18 noyabr 2021-ci il tarixli, 6/5098 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «...Vət. Təqsirləndirilən şəxs üzərində Vət....” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 30,189 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.(Cild 1, iş vərəqləri 36-40) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 18 noyabr 2021-ci il tarixli, 1553 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. (Cild 1, iş vərəqləri 42- 43) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Mobil telefona baxış keçirilməsinə dair” 01 fevral 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş disk və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan "Samsung" markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı telefonun "İnstaqram" proqram vasitəsinə baxdıqda orada _vasif77_ profildən 09 noyabr 2021-ci il tarixdə "pati.kakos.marixuana" profilinə "Salam Aleykum","İmkan oldu yaz" sözləri göndərilmiş, həmin gün də "pati.kakos.marixuana" profilindən "_vasif77_ " adlı profilə "Salam" "Vp varin", "Yaz vp de e" "**********1550" mesajları göndərmişdir. Daha sonra isə "Whatsapp" proqramına daxil olduqda orada +994-55-873-94-03" nömrə altında qeydə alınmış "Vasif" adlı porofildən ********** nömrə "Xalaoqlu" kimi yaddaşa yazıldığı görünür. "Xalaoqlu" adlı profilə videozəng vasitəsi ilə xx.xx.2021-ci il tarixdə saat 21:37-də danışıdığı görünür. Daha sonra isə mesaj qutusuna daxil olduqda orada "Xalaoqlu" profilə - Vasif danışıqları görünür. ("Xalaoğlu" profilin adı gələcəkdə mətində "X" hərifi ilə qeyd olunacaq. "Vasif" - adlı profil isə gələcəkdə "V" kimi qeyd olunacaq). Mesaj qutusuna baxdıqda orada : xx.xx.2021-ci il tarixdə saat 19:56-da "V" adlı şəxs "X" adlı şəxsə səsli mesaj göndərərək :" bir saata deyir he qardaşım?" sözləri göndərir. xx.xx.2021-ci il tarixdə saat 19:59-da "X" adlı şəxs "V" adlı şəxsə səsli mesaj göndərərək, "Bir saata ünavnı atcaq mənə, Vasif !! Başında ayrı fikir olsa dinə aa yoxsa problem olacaq aa", daha sonra " Aa Yetim hara getdin ee", xx.xx.2021-ci il tarixdə saat 20:02-da "V" adlı şəxs "X" adlı şəxsə səsli mesaj göndərərək, "Heç bir problem, yəni sen özünü görəsən, yəni heç bir peşmançılıq olmaycaq, inşallah görəsən, tanıyıcıyıq birbirmizi", "Sən ki bunu elyirsən, qardaşın bunu itirməz, gəlcəkdə yaxşı olacaq", " özdə bunu tezləşdirə bilsən əla olarda məndə bunu tezləşdirim getsin". xx.xx.2021-ci il tarixdə saat 20:13 da "X" adlı şəxs "V" adlı şəxsə səsli mesaj göndərərək, "buda ela Sumqayıt uşağıdı səni yaxşı tanıyır, kimsən, yəni ayrı şeyləri düşünmüyəsən, malıda apar sat ginən narahat olma, nə qədər mal istəsən verəcəm", "profilə öz şəkilini qoy və yada öz şəkilini at mənə" xx.xx.2021-ci il tarixdə saat 19:56-da "V" adlı şəxs "X" adlı şəxsə səsli mesaj göndərərək," Bu mamaşanın nömrəsində sənə keçən dəfə dedim axı bela instaqramda var da şəkil, bela kontur vurum açacam profili", "Bela istaqramda varda şəkilm, ehtiyyac var atım?, bela tanıyar Sumqayıt uşqıdısa tanıyar" Daha sonra "V" adlı şəxs " X" adlı şəxsə saat 20:15-də şəkil göndərir. xx.xx.2021-ci il tarixdə saat 20:15-da "V" adlı şəxs "X" adlı şəxsə səsli mesaj göndərərək, " Soldakı şəkildəki mənəm", "Sağdakı isə qardaşım, rəhmətliq, Allah ölənlərivə rəhmət elasin" xx.xx.2021-ci il tarixdə saat 20:15-də "X" adlı şəxs "V" adlı şəxsə səsli mesaj göndərərək, "hansısan sağdakı yoxsa soldakı" " ağ köynək yoxsa xx.xx.2021ci il tarixdə saat 20:15-də "V" adlı şəxs "X" adlı şəxsə səsli mesaj göndərərək, "kostyumda xx.xx.2021-ci il tarixdə saat 20:15-də "X" adlı şəxs "V" adlı şəxsə səsli mesaj göndərərək, " başa düşdüm, Allah rəhmət elasin" xx.xx.2021-ci il tarixdə saat 20:15-də "V" adlı şəxs "X" adlı şəxsə səsli mesaj göndərərək, " Ağ köynək qardaşım" xx.xx.2021-ci il tarixdə saat 20:15-də "X" adlı şəxs "V" adlı şəxsə səsli mesaj göndərərək, " yaxşı narahat olma" xx.xx.2021-ci il tarixdə saat 20:15-də "V" adlı şəxs "X" adlı şəxsə səsli mesaj göndərərək, " Ölənlərivə rəhmət, ", "heçnə brat mən narahat deyiləm səndə narahat olma,üreyivi buz kimi saxla", +**********4 işlək nömrəmdi, Vatsapp +**********64". xx.xx.2021-ci il tarixdə saat 20:28-də "X" adlı şəxs "V" adlı şəxsə səsli mesaj göndərərək, " öz nömrənən mənə zəng et, bu saxta erməni nörmələr xoşlamıram mən" xx.xx.2021-ci il tarixdə saat 20:28-də "V" adlı şəxs "X" adlı şəxsə səsli mesaj göndərərək, " Burda yazmışam nömrələrimi isiknde", " çıxıb kontur vuracam naxadu yığacam səni ", xx.xx.2021-ci il tarixdə saat 20:29də "X" adlı şəxs "V" adlı şəxsə səsli mesaj göndərərək, "Vahtsapda yığ mənə ela o nömrə ilə" xx.xx.2021-ci il tarixdə saat 20:30-da "V" adlı şəxs "X" adlı şəxsə səsli mesaj göndərərək, " hə da indi çıxıb kontur vuracam, bela açıq zəng gəlmir ki ? " "Sən birdənə marağlan onu gör qaqaş nə deyir uzaqdı yaxındı,," belə tələsdirmək olmasın, nə qədər tez olara o qedər başının ucalıqdı" xx.xx.2021-ci il tarixdə saat 20:15-də "X" adlı şəxs "V" adlı şəxsə səsli mesaj göndərərək, " İşliyən adam mal istəməz, özü pulnan mal alar, səndə də belə çıxdı Vasif neyliyəq" xx.xx.2021-ci il tarixdə saat 20:40-də "V" adlı şəxs "X" adlı şəxsə səsli mesaj göndərərək, " sən mənə şans verirsən, mənim qardaşım, özündə bilirsən uşaqda tanıyır məni yaxşı olacaq, " çetinlik birici adım atmaqdı, sən mənə bir adım atdım, məndə sənə bir necə adım atacam" xx.xx.2021-ci il tarixdə saat 20:49-də "X" adlı şəxs "V" adlı şəxsə səsli mesaj göndərərək, " sən kontur yüklə mənə zəng elə bu saxta nömrədi" xx.xx.2021-ci il tarixdə saat 20:50-də "V" adlı şəxs "X" adlı şəxsə səsli mesaj göndərərək, "Ses yoxdu həmin adam sənə bir şey demir hələ?"," qardaşım nə saxta nömrə, belə istyresen problem yoxdu yükluyürüm kontur, prosta kontur cox cıxacaq, istyirem sənən götürəm işimi aşırdam" , "sənə yazdığım nömrələr ikisdə işlyir qardaşım, "bu dəimi nömrədi, qardaşımın qəbirnə and oslun", " Mamanln nömrəsidi tövbə" xx.xx.2021-ci il tarixdə saat 20:51-də "X" adlı şəxs "V" adlı şəxsə səsli mesaj göndərərək, " Narahat olma" "Malı götürdün sabah pul vurasan karta yadından çıxmasın" xx.xx.2021-ci il tarixdə saat 20:51-də "V" adlı şəxs "X" adlı şəxsə səsli mesaj göndərərək, " Sən mənə kartı at belkə sabah atardım, proto desəydin nə qədərdi, gözlüyənlər var, eştsələr ki məndədi, telefon daynmaycaq, gecə tapatarapdı" xx.xx.2021-ci il tarixdə saat 20:53-də "X" adlı şəxs "V" adlı şəxsə silinən foto göndərir. xx.xx.2021-ci il tarixdə saat 20:53-də "V" adlı şəxs "X" adlı şəxsə səsli mesaj göndərərək, " Dedim de qardaş Allah göydən görür ki, mən səni podvadit eləmiyəcəm, özündə görəsən, " belə niya gec eliyiler, nə qədər tez olsa baş ucalıqdı, bela pis başa düşmə, mən o biri uşaqnan eliyende tez olurdu", "oda dayandı rezki 300-400 manat borclu qaldım" xx.xx.2021-ci il tarixdə saat 20:21-də "X" adlı şəxs "V" adlı şəxsə səsli mesaj göndərərək, " Vasif tələsəmdə, tələsmədə atanda yazcam, ünvan atacm gedib götürəsən narahat olma".xx.xx.2021-ci il tarixdə saat 20:59-də "V" adlı şəxs "X" adlı şəxsə səsli mesaj göndərərək, " He yaxşı brat yazmıram gözdüyürəm" xx.xx.2021ci il tarixdə saat 20:59-də "X" adlı şəxs "V" adlı şəxsə foto şəkil göndərərək, " Turan adlı restoranın qabağın şəkili görünür " xx.xx.2021-ci il tarixdə saat 21:44-də "X" adlı şəxs "V" adlı şəxsə səsli mesaj göndərərək, " Tanıyrsan buranı Vasif? " xx.xx.2021-ci il tarixdə saat 21:45-də "V" adlı şəxs "X" adlı şəxsə səsli mesaj göndərərək, " Hə hə tanıyram bura Avtovaqzaldı" " " onun hansı tərəfidi, nəyin içindədi?" xx.xx.2021-ci il tarixdə saat 21:50-da "X" adlı şəxs "V" adlı şəxsə foto şəkil göndərərək, " bir siqaret qutusu və iki ağacın şəkilin atığı görünür., və daha sonra "Allah xeyrini versin" sözləri göndərimişdir. xx.xx.2021-ci il tarixdə saat 20:51-də "V" adlı şəxs "X" adlı şəxsə səsli mesaj göndərərək, " Oldu qardaşım oldu, çıxıram mən" xx.xx.2021-ci il tarixdə saat 20:51-də "X" adlı şəxs "V" adlı şəxsə səsli mesaj göndərərək, "Tez çıx ginən, götürdün mənə yaz" xx.xx.2021-ci il tarixdə saat 20:51də "V" adlı şəxs "X" adlı şəxsə səsli mesaj göndərərək, " Yaxşı qardaşım çıxıdım, hələlik" xx.xx.2021-ci il tarixdə saat 21:53-də "X" adlı şəxs "V" adlı şəxsə səsli mesaj göndərərək, "Hələlik" xx.xx.2021-ci il tarixdə saat 22:26-də "X" adlı şəxs "V" adlı şəxsə səsli mesaj göndərərək, " Vasif nə oldu götürmədin bə" xx.xx.2021-ci il tarixdə saat 00:43-dən 13:23dək "X" adlı şəxs "V" adlı şəxsə tekst mesaj göndərərək, "Göturdun, Satibsan, Sənan narha olmuüdum qardaw, qardaş Vasif", “Mənə cavab verməlisən, Sən qardaş demişəm, Malı satdın qadan alım" və s. bu məzmunlu SMS mətnləri aşkar olunmuşdur. (Cild 1, iş vərəqləri 113-121) Cinayət işi materiallarında olan “Cinayət işinin ayrılması” haqqında 13 fevral 2022-ci il tarixli qərardan görünür ki, Mehdi adlı şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqləri 173-174) Cinayət işi materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 13 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 30,189 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 30,089 qram narkotik vasitə heroin Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung J1” markalı mobil telefon maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 164-171) Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması, üzərində narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq edilməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 30,189 qram narkotik vasitə heroin, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 201 dəfə, külli miqdardan isə təxminən 15 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs tarixdə Sumqayıt şəhər məhkəməsinin 19 avqust 2016-ci il hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. (Cild 1, iş vərəqləri 93-98) Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 17 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 17, 76-77, 181-182) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə olunası əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 30,089 qram narkotik vasitə heroin məhv edilməli, “Samsung J1” markalı mobil telefon təqsirləndirilən şəxsin özünə və ya yaxın qohumlarından birinə qaytarılmalıdır. iş materiallarında olan 02 ədəd “CD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 81 manat 82 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 30,089 qram çəkidə heroin məhv edilsin, 01 ədəd “Samsung J1” markalı telefon təqsirləndirilən şəxsin özünə və ya yaxın qohumlarından birinə qaytarılsın. 02 ədəd “CD” formatlı disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-64/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-64/2023
13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver