Məhkəmə qərarları › İş №1(124)-64/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-64/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-64/2024 02.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Xırdaıan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və təqsirləndirilən şəxslərin iştirakları ilə, xx.xx.1991-ci ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx.xx.1984-cü ildə Abşeron rayonu,Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma barədə bir-biriləri ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 25,324 qram narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib aralarında əldə olunmuş razılaşmaya əsasən həmin narkotik vasitə heroinin külli miqdarda 19,781 qramını Təqsirləndirilən şəxs2 üzərində, həmçinin külli miqdarda 5,543 qramını Təqsirləndirilən şəxs1 üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 sentyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 13:50-də Abşeron rayonu, Novxanı kəndində saxlanılaraq Abşeron rayonu, H.Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron Rayon Polis İdarəsinə aparılıb üzərilərinə şəxsi axtarış keçirilən zaman külli miqdarda 19,781 qram çəkidə narkotik vasitə heroin Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd bükümdə, külli miqdarda 5,543 qram çəkidə narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Abşeron rayon Polis İdarəsinin əməkdaşları gündüz vaxtı evlərinə girib, evlərini soymuşlar, külli miqdarda pul və qızıl-zinət əşyaları götürmüşlər, onu da aparmışlar, 15 gün İdarədə qalmışdır. Narkotik vasitəni istifadəçisi olduğunu boynuna almışdır. Onu Abşeron rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindən 3 gündən sonra AR DİN BMCMİ-nə göndərmişlər. Başının, üzünün tükünü kəlbətinlə yolmuş, özünü də toka vermişlər. Məcbur etmişlər ki, qol çəksin pulu onlara versinlər. Demişdir ki, o neçə ildir, heyvandarlıqla məşğuldur, torpaq satmışdır, onun puludur. Buraxmışlar getmişdir, sonra gəlib pulunu istəyəndə demişlər, get 3 gün sonra gələrsən. Elnur onun qonşusudur, onlarda oturmuşlar. Abşeron Polis İdarəsinin əməkdaşları gəlmiş, narkotik vasitəni ciblərinə qoymuşlar, ona demişlər ki, desinlər tanımadıqları şəxsdən almışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitəni istifadəçisi kimi Abşeron Rayon Məhkəməsi ona 15 gün həbs vermişdir. Heyvandarlıqla məşğul olmuşdur. 5-6 aydır narkotik vasitə istifadə etmişdir. Pulun arxasına keçmək üçün etmişlər, 100 min manatdan yuxarı olmuşdur və hal-hazırda pulla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma gedir. Tutulanda deməmişdir, çünki ona demişlər ki, qardaşını da gətirəcəklər, atası tək qalıb öləcək. Çəkilişdə etiraf etmişdir, onu döymüşlər. Abşeron rayon Polis İdarəsində proses sənədləşdirmiş, qol çəkdirmişlər. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə dindirilərkən özünü qismən təqsirli hesab edərək göstərmişdir ki, subaydır, rəsmi olaraq heç yerdə işləmir, əvvəllər məhkum olunmamışdır. Təxminən 02 ildir narkotik vasitə olan heroindən istifadə edir, narkotik vasitələri Abşeron rayonu ərazisində adını bilmədiyi, üzdən tanıdığı şəxsdən alıb istifadə etmişdir. Həmin şəxsi yaşadıqları kəndin mərkəzində gördükdə ona yaxınlaşıb narkotik vasitə almış, həmin şəxs heç kimə mobil nömrəsini və adını verməmişdir. Həmin şəxsdən narkotik vasitə heroinin qramını 30 manatdan (otuz) almışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə səhər saatlarında kəndin mərkəzində olan zaman həmin şəxslə qarşılaşmış, ondan narkotik vasitə almaq istəmiş, söhbət zamanı həmin şəxs özündə narkotik vasitə və psixotrop maddə olduğunu desə də, heroin istədiyini bildirmiş, həmin şəxsdən 20 qrama yaxın heroin almış, bunun müqabilində ona 500 manat (beş yüz) manat pul vermiş, aldığı narkotik vasitənin bir qədərini həmin gün axşam saatlarında istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə tanışı, həmçinin həmkəndlisi olan Təqsirləndirilən şəxs1la yaşadıqları evin yanında görüşəcəkləri barədə əvvəlcədən danışmışlar. Həmin gün saat 13:50-də yaşadıqları evin yaxınlığında olan zaman bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq kim olduqlarını soruşmuş, özlərini təqdim etdikdən sonra həmin şəxslər də özlərini təqdim edib DİN-in BNMİ-nin əməkdaşları olduqlarını deyərək onların narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları barədə onlarda məlumat olduğunu deyərək Abşeron RPŞ-nə dəvət etmişlər. Vəziyyəti bilib onlara etiraz etməmişlər və onlarla birlikdə Polis İdarəsinə getmişlər. Abşeron RPl-nə çatanda onları xidməti iş otaqlarının birinə aparmışlar, orada təhqiqatçı tutulmalarının səbəbini izah edərək sənədləşmə işlərinin aparılacağını izah etmiş və hüquqlarının müdafiə edilməsi üçün vəkillərin siyahısını onlara təqdim etmişdir. Hər ikisi siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiklərini demiş və vəkillər Elman Abıyev və Fuad Mehdiyev dəvət edilərək onlardan həmin vəkillərə etirazlarının olub- olmadığını soruşmuş, hər ikisi etirazlarının olmadığını demişdir. Daha sonra onlara hüquq və vəzifələri izah olunaraq üzərilərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuş, buna etiraz etməmişlər. Daha sonra təhqiqatçı tərəfindən ilkin olaraq onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, bu zaman təhqiqatçı ondan üzərində olan əşyalarını təqdim etməyini xahiş etmişdir. Bu zaman əynində olan idman şalvarının sol yan cibindən bir ədəd bükümü təqdim edərək onun içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, həmin büküm açıldıqda içərisindən heroin aşkar olunmuş, büküm elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüş, həmçinin üzərinə şəxsi axtarış zamanı qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Elnurun üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman təhqiqatçı Elnura üzərində qanunsuz əşya varsa təqdim etməsini xahiş etmiş, sonuncu əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümü və elektron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış zamanı şəxsiyyət vəsiqəsi və mobil telefon aşkar olunmuş, mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüş, büküm açılanda onun içərisindən heroin aşkar olunmuşdur. Heroin olan büküm və elektron tərəzi qablaşdırılaraq götürülmüş, bundan sonra videoçəkiliş dayandırılmış, protokol tərtib olunmuş, ucadan oxunmuş, düzgün yazıldığı üçün şəxsi axtarışda iştirak edən hər bir şəxs protokolu imza etmişdir.(cild 1, iş vərəqə: 86- 88, 108-110) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onları evdən gəlib götürərək Abşeron rayonuna aparmışlar, onların üzərində heç nə olmamışdır. Narkotik vasitə istifadəçisi olmuşdur, əməli törətmişdir, ancaq onda o miqdarda narkotik vasitə olmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ilə narkotik vasitə istifadə etmişlər. Narkoman istəsə haradan olsa narkotik vasitə tapa bilmiş, həmin vaxt onların ikisi və onun xəstə bacısı olmuşdur. Onlarda narkotik vasitə olmamışdır. Subaydır, təxminən il yarımdır ki, narkotik vasitə istifadə edir. Gündə 0.2, 0.3 qram narkotik vasitə istifadə etmişdir. Qətimkan tədbiri seçiləndə onlardan heç nə soruşulmamışdır. Onun məhkumluğu olmamışdır. Onu da polis idarəsində döymüş, ancaq üzünə vurmamışlar. Orada dövlət hesabına vəkil olmuş, ona demişdir ki, narahat olmasın, kömək edəcəklər. O, narkotik vasitə istifadə etmişdir, ancaq həmin vaxt üzərində heç nə olmamışdır. İfadədə nə yazıldığını oxumamış, ona deyilib qol çək, o da çəkmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində özünü AR CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə dindirilərkən özünü qismən təqsirli hesab edərək göstərmişdir ki, subaydır, rəsmi olaraq heç yerdə işləmir, əvvəllər məhkum olunmamışdır, bacısı anadan gəlmə nitq qüsurlu və ikinci qrup əlil olduğundan vaıideyinləri vəfat etdikdən sonra onun himayəsində yaşayır. Təxminən 03 ildir narkotik vasitə olan heroindən İstifadə edir, narkotik vasitələri Abşeron rayonu ərazisində adını bilmədiyi, üzdən tanıdığı şəxsdən alıb istifadə edir. Həmin şəxsin mobil nömrəsi onda olmadığı üçün qeyd edə bilmir. Həmin şəxsdən narkotik vasitə heroinin qramını 30 manatdan (otuz) almış, narkotik vasitə alan zaman aldanmamağı və çəkini dəqiq müəyyən etməyi üçün “Moskva Univermağı” adlanan yerdən təxminən 2 il əvvəl elektron tərəzi almışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə səhər saatlarında kəndin mərkəzində olan zaman həmin şəxslə qarşılaşmış, bu zaman həmin şəxsdən narkotik vasitə almaq istəmiş, onunla danışanda özündə narkotik vasitə və psixotrop maddə olduğunu desə də, heroin istədiyini bildirmiş və ondan 06 qrama yaxın heroin almış və 180 manat (yüz səksən) manat pul vermişdir. Həmin narkotik vasitənin bir qədərini həmin gün axşam saatlarında istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə tanışı olan Adəm Şirvan oğlu ona mobil telefonunu vermişdir ki, onu öz evində enerji yükləməsi (zaryatka) etdikdən sonra özünə geri qaytarsın. Həmin gün tanışı, həmçinin həmkəndlisi olan Təqsirləndirilən şəxs2la görüşmüşəcəkləri barədə əvvəlcədən danışmışlar. Görüşmək üçün evdən çıxan zaman mobil telefonu həmin şəxsə verməsi üçün özüylə götürmüşdür. Həmin gün saat 13:50-də Həmdinin yaşadığı evin yaxınlığında olan zaman bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq kim olduqlarını soruşmuş, özlərini təqdim etdikdən sonra həmin şəxslər də özlərini təqdim edib DİN-in BNMİ-nin əməkdaşları olduqlarını deyərək onların narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları barədə məlumat olduğunu deyərək onları Abşeron RPŞ-nə dəvət etmişlər. Vəziyyəti bilib onlara etiraz etməmiş və onlarla birlikdə Polis İdarəsinə getmişlər. Abşeron RPŞ-nə çatanda onları xidməti iş otaqlarının birinə aparmışlar, orada təhqiqatçı tutulmalarının səbəbini onlara izah edərək sənədləşmə işlərinin aparılacağını izah etmiş və hüquqlarının müdafiə edilməsi üçün vəkillərin siyahısını onlara təqdim etmişdir. Hər ikisi siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə eilməsinə etiraz etmədiklərini demiş və bu zaman vəkillər Elman Abıyev və Fuad Mehdiyev dəvət edilərək onlardan həmin vəkillərə etirazlarının olub-olmadığını soruşmuşdur. Bu zaman onlar vəkillərə etirazlarının olmadığını demiş, daha sonra onlara hüquq və vəzifələri izah olunaraq üzərilərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuş, etiraz etmədiklərini bildirmişlər. Daha sonra təhqiqatçı tərəfindən ilkin olaraq Həmdinin üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, bu zaman təhqiqatçı Həmdidən üzərində olan əşyalarını təqdim etməyini xahiş etmiş, sonuncu əynində olan idman şalvarının sol yan cibindən bir ədəd bükümü təqdim edərək onun içərisində narkotik vasitə heroin olduğunu demiş, büküm açıldıqda içərisindən heroin aşkar olunmuş, büküm elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman təhqiqatçı üzərində qanunsuz əşya varsa təqdim etməyini xahiş etmiş, bu zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümü, həmçinin elektron tərəzini təqdim etmiş, üzərinə şəxsi axtarış zamanı şəxsiyyət vəsiqəsi və mobil telefon aşkar olunmuşdur. Mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüş, həmçinin büküm açılanda onun içərisindən heroin aşkar olunmuşdur. Heroin olan büküm və elektron tərəzi qablaşdırılaraq götürülmüş, bundan sonra videoçəkiliş dayandırılmış, protokol tərtib olunmuş, ucadan oxunmuş, düzgün yazıldığı üçün şəxsi axtarışda iştirak edən hər bir şəxs protokolu imza etmişdir.(cild 1,iş vərəqə: 77-79, 98-100) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. (ş vərəqə: 86-88, 108-110) Məhkəmədə şahid qismində dindirilmiş AR DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 17 sentyabr 2022-ci il tarixdə Abşeron rayonu, kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub razılaşmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat Şahid2 tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, Şahid3 və Şahid2 daxil olmuş və onlar keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışdırlar. Onlar həmin tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müəyyən etmək üçün yaşadıqları Abşeron rayonu, Novxanı kəndinə yola düşmüşlər. Həmin tarixdə saat 13:50də Abşeron rayonu, Novxanı kəndi ərazisində Təqsirləndirilən şəxs2 yaşadığı evin yaxınlığında olan zaman özlərini şübhəli aparan xarici görünüşlərinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oxşar şəxslərin olması müşahidə olunmuşdur. Onlar həmin şəxslərə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını demişlər və onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğunu bildirmişlər və anket məlumatlarını qeyd etmişlər. Onlar həmin şəxsləri əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış etmiş və qanunsuz olaraq narkotik vasitə əldə etmələri, özlərində saxlayaraq daşımaları, istifadələri və dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olduğunu bildirərək onlarla birlikdə DİN-in Abşeron RPl-nin inzibati binasına gəlmələrini xahiş etmişlər. Həmin şəxslər etiraz etməyib onlarla birlikdə Polis İdarəsinə gəlmişlər, Polis İdarəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Təhqiqat Qrupunun təhqiqatçısı xidməti iş otağına aparmış, təhqiqatçı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquq və vəzifələrini izah etmişdir. Videoçəkilişlə şəxsi axtarış aparılmış, təhqiqatçı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərində olan əşyaları çıxarıb stolun üstünə qoymalarını təklif etmişdir. Bundan sonra ilkin olaraq Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Sonra onun üzərinə şəxsi axtarış aparılan zaman qanunsuz əşya aşkar olunmamışdır. Bükümün içərisinə baxış keçirilən zaman narkotik vasitə heroin aşkar olunduğundan büküm qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümü və bir ədəd elektron tərəzini təqdim etmüşdir. Sonra onun üzərinə şəxsi axtarış aparılan zaman özünə aid şəxsiyyət vəsiqəsi və mobil telefon aşkar olunmuşdur. Bükümün içərisinə baxış keçirilən zaman narkotik vasitə heroin aşkar olunduğundan büküm və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Şəxsiyyət vəsiqəsi və telefon da götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan maddənin narkotik vasitə heroin olduğunu, onu Abşeron rayonu ərazisindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, heç kimə narkotik vasitə satmadığını və başqa yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğunu, onu Abşeron rayonu ərazisindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, heç kimə narkotik vasitə satmadığını, başqa yerdə narkotik vasitə saxlamadığını və aşkar olunmuş mobil telefonun dostuna aid olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı fiziki və ya psixi təsir, həmçinin zorakı hərəkətlər etməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 oxşar məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid AR DİN-in BNMİ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsindən görünür ki, o, məhkəmə ifadəsi alınmış polis əməkdaşları ilə oxşar məzmunlu ifadə verərək onların göstərdikləri xüsusatları təsdiq etmişdir. (cild 1, iş vərəqə: 154-156) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 sentyabr 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub razılaşmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə AR DİN BNMİnə əməliyyat məlumatı daxil olmuşdur. (İ cild, iş vərəqə 6-7) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “şəxsi axtarış və götürmə aparılması haqqında” 17 sentyabr 2022-ci İl tarixli protokoldan görünür ki, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs2 üzərindən bir ədəd bükümdə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 üzərindən isə bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edildiyindən götürülmüşdür.(cild 1,iş vərəqə: 48-50) Şəxsi axtarışın keçirilməsi haqqında protokolda və ona əlavə edilmiş diskdə qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2022-ci il tarixli 6/5295 nömrəli rəyində aşağıdakılar göstərilmişdir;Tədqiqata təqdim olunmuş, üzərində “ Azərbaycan Respublikası DİN zərflər üçün № 7 dairəvi möhür əksi olan: üzərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi kütlə ...” sözləri, imzalar qeyd edilmiş zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 19,781 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi ...” sözləri, imzalar qeyd edilmiş zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 5,543 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır, heroin iz şəklində olduğu üçün təmiz çəkisinin müəyyən edilməsi və müqayisəli tədqiqat aparılması mümkün deyildir. üzərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi kütlə ...” sözləri olan zərfin içəriisndəki heroinlə “Təqsirləndirilən şəxs1 təqdim etdiyi ...” sözləri olan zərfdəki heroin xarici görünüşünə və kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi (oby № 1) - 19,781 qr, tədqiqata sərf edildi - 0,05 qr, qalıq üm - 19,731 qr. heroinin təmiz çəkisi (oby № 2) - 5,543 qr, tədqiqata sərf edildi - 0,05 qr, qalıq üm - 5,493 qr. (cild 1, iş vərəqə 62-67) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6282 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs1 ambulator məcburi-narkoloji yoxlama zamanı bildirmişdir ki, 3-4 ildir ki, narkotik vasitə olan heroini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Narkotik vasitə olan heroini son dəfə tutulan gün istifadə edib. Arabir psixotrop maddə olan metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edib. Psixotrop maddə olan metamfetamini son dəfə 2-3 ay əvvəl istifadə edib.(cild 1, iş vərəqə: 183-184) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6286 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs2 ambulator məcburi- narkoloji yoxlama zamanı bildirmişdir ki, 3 ildir ki, narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əvvəllər inyeksiya yolu ilə son zamanlar yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Narkotik vasitə olan heroini və psixotrop madə olan metamfetamini son dəfə tutulan günü isifadə edib. (cild 1, iş vərəqə 185-186) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “cinayət işinin istintaqı materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022- ci il tarixli, BKC/LGL-12706/22 nömrəli diskə baxtş keçirilən zaman Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** telefon nömrəsinə xx-xx-2021-ci il tarixdə **********95 mobil nömrədən “Salam emi oxlu bidene kako 10 duzelir 1o deqye gelim hasara xeber el” məzmunlu, xx-xx-2021-ci il tarixdə **********05 mobil nömrədən “Emi 05 patı hel elemek olar tez gelim pılın verim götrim” məzmunlu, xx-xx-2021-ci il tarixdə **********95 mobil nömrəsindən “Kola varsa nolar mene bir tike verde", sonuncu mobil nömrədən xx-xx-2021-ci il tarixdə “Emi oxlu bir iki tusdu kola verersen gelim hasara heyedeyen viziv at” məzmunlu, xx-xx-2022-ci il tarixdə **********66 mobil nömrədən “6k 1p dedim yeke caylsan az niye vermsen neqiymet demsen oqiymeden vermiwem 20m qabaqa duweceysen hec senen gozdemezdim men 6k 1p 120 verecem ki win in aqznan soz cxar 1dene borclsan oprem brat” məzmunlu mesajlar göndərilməsi müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** telefon nömrəsindən xx-xx-2021-ci il tarixdə **********55 mobil nömrəsinə “Qaqaw salam buyana yolun duwse 1q pat goturersen” məzmunlu və xx-xx-2022-ci il tarixdə **********43 mobil nömrəsinə “K 5 dene 1 pa” məzmunlu mesajlar göndərilməsi müəyyən edilmişdir. (cild 1, iş vərəqə: 182) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra 25,224 qram qalmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin İzləri olan bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və DİN-in BMCMl-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 02 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir.(cild 1, iş vərəqə: 192-199) Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in İ siyahısına daxildir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 üzərindən narkotik vasitə aşkar edilməməsi, Təqsirləndirilən şəxs1 üzərindən isə həmin miqdarda narkotik vasitə aşkar edilməməsi, onların satış məqsədlərinin olmaması və polis əməkdaşları tərəfindən onlara təzyiq olunması ilə bağlı ifadələrində göstərdikləri xüsusatları və gətirdikləri dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməlini törətmələrini tam sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxslərdən aşkar olunan narkotik vasitənin külli miqdarda olması, narkotikin satışı ilə bağlı yazışmaların mövcudluğu, elektron tərəzinin aşkar olunması təqsirləndirilən şəxslərin məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ilkin etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 17 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 18 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.(cild 1, iş vərəqə: 21, 101-102, 140-144) İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 sentyabr 2022-ci il tarixdən hesablanmalı, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 17 sentyabr 2022-ci İl tarixdə şübhəli şəxs kimi tutulmuş, 18 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.(cild 1, iş vərəqə: 38, 91-92, 135-139) İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli 17 sentyabr 2022-ci il tarixdən başlanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6282 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6286 rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində narkomaniyadan profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99.1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub DİN-in BMCMl-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş tədqiqatdan sonra 25,224 qram qalmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi məhv edilməli, 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən 55 (əlli beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 27 (iyirmi) manat 50 (əlli) qəpik məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli 15 nömrəli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 17 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 17 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub DİN-in BMCMl-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş tədqiqatdan sonra 25,224 qram qalmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi məhv edilsin, 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının 55 (əlli beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 27 (iyirmi) manat 50 (əlli) qəpik məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar