Məhkəmə qərarları › İş №1(124)-642/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-642/2024

30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-642/2024 30.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxx 1985-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, İsmayıllı rayonu, Xanagah Ə/D, Xanagah kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Corat qəsəbəsi, qeydiyyatsız fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edilməsi, saxlanması, daşınması və satışı barədə şəxsiyyəti istintaqla müəyən edilməyən “Yaşar” adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib, sosial şəbəkədə aralarındakı danışıqdan sonra yaranmış razılaşmaya uyğun olaraq sonuncunun istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşdirdiyi ümumilkdə 85,210 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini qoyulduğu ərazidən götürüb satış məqsədi ilə daşıyaraq Sumqayıt şəhərinə gətirməklə psixotrop maddə metamfetaminin bir qismini üzərində, qalan hissəsini yaşadığı evdə saxlamış, DİNnin BNMİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, xx.xx.2024-cü il tarixdə, saat 12:45-də ünvan 1 ünvanının yaxınlığında saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən, onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibində satış məqsədi ilə saxladığı l(bir) ədəd bükümdə təmiz çəkisi 2,727 qram olan, kustar üsulla hazılanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə onun yaşadığı ünvan 2 ünvanına baxış keçirilərkən evin qonaq otağında yerləşən divanın altında olan qırmızı rəngli sellofan torbanın içərisində satış məqsədi ilə saxladığı 02(iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 34,037 qram və 48,446 qram, birlikdə ümumi təmiz çəkisi 82,483 qram olan, kustar üsulla hazırlanmış, eyni tərkibli psixotrop maddə metamfetamin və eləcə də, səthində psixotrop maddə metamfetaminə məxsus izlər olan l(bir) ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, nəinki narkotik vasitə, ümumiyyətlə, tütün məlumatlarından belə istifadə etməmişdir. O, Bakı şəhəri, “Şamaxinka” adlı ərazidə avtomobil ustasının yanına getmişdir. 10 fevral 2024-cü il tarixdə saat 09:00 radələrində polis əməkdaşları ona yaxınlaşmış və onda narkotik vasitə olduğunu demişlər. O, onlara narkotik vasitə daşımadığını bildirmişdir. Onlar onun üzərinə baxış keçirmişlər və heç bir qanunsuz vasitə aşkar olunmamışdır. Onun cibindən avtomobilinin açarını götürmüşlər. Polis əməkdaşlarından biri avtomobilinə doğru getmiş və avtomobilinə baxış keçirmişdir. Avtomobilindən də qanunsuz vasitə aşkar olunmamışdır. Daha sonra onu yaşadığı evə gətirmişlər. Yaşadığı evə baxış keçirilmiş və qanunsuz heç bir vasitə aşkar edilməmişdir. Yaşadığı evə gələrkən polis əməkdaşları onun mobil telefonunu söndürmüşlər. Bundan sonra onu polis idarəsinə gətirmişlər. Onu orada narkotik vasitələrin ona məxsus olmasını bildirməyi, əks halda qardaşını tutacaqları ilə hədələmişlər. O da məcbur qalaraq onların dedikləri kimi ifadə vermişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində isə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, 10 fevral 2024-cü il tarixdə səhər saat 12:45 radələrində Bakı şəhəri, Nəsimi rayonunda piyada hərəkət edərkən, 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və ondan da, özümü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin eləcə də, psixotrop maddələrin dövriyyəsində və satışında şübhəli olduğu üçün saxlanıldığını bildirərək, müvafiq istintaq hərəkətlərinin keçirilməsi üçün onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə BNMİ-nə getmişdir. İdarədə xidməti otaqların birində təhqiqatçı, onun üzərinə şəxsi axtarış keçirəcəyini elan edib, onun üzərində hər hansı bir narkotik vasitə olub-olmamasını soruşmuş və o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd sellofan kəsiyinə bükülmüş kütləni cibindən çıxardıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı, təqdim etdiyi bükümün nə olduğunu soruşduqda o, metamfetamin, “patı” olduğunu bildirmişdir. Təhqiqatçı, təqdim etdiyi bükümü açdıqda bükümün içərisində ağ rəngli kristallik hissəciklərdən ibarət, psixatrop maddə metamfetamin olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı, onun üzərinə şəxsi axtarış keçirmiş və onun üzərindən 10 manat pul, 1 ədəd “Huavei” markalı mobil telefon, 1 ədəd açar, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi aşkar edilmişdir. Sonra təhqiqatçı, onun üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin kütlə bükümünü elektron tərəzi vasitəsi ilə çəkisini ölçdükdə, həmin bükümün çəkisinin 3 qram olması müəyyən edilmişdir. Sonra təhqiqatçı, onun üzərindən aşkar olunaraq götütülmüş 1 büküm psixotrop maddə metamfetaminə bənzər kütlə bükümünü ekspertizaya təqdim etmək üçün qablaşdırılmış, Bundan sonra o, təhqiqatçınm suallarını cavablandıraraq üzərindən aşkar olunmuş, psixotrop maddə metamfetamin kütləsini Binəqədi ərazisində əldə etdiyini, 4 gün əvvəl sosial şəbəkədə tanış olduğu Yaşar adlı şəxsin ona yazaraq sözügedən kütlə bükümünü götürüb bir yerdən başqa bir yerə daşımasını təklif etdiyini, bunun müqabilində həmin şəxsin ona 500 manat verəcəyini, narkotik vasitə istifadəçisi olmadığını, əvvəllər məhkum olunmadığını bildirmişdir. Həmçinin təhqiqatçı ondan başqa yerdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşduqda o, yaşadığı ünvan 3 ünvanında saxladığını, təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra təhqiqatçı, onun evinə baxış keçiriləcəyini bildirmiş, videoçəkiliş dayandırılmış və evinə baxış keçirilməsi üçün onun yaşadığı ünvana getmişdir. Onun evinin qarşısına çatdıqda videokamera işə salınmışdır. Onun yaşadığı fərdi həyət evinin qapısının qarşısında təhqiqatçı özünü, müdafiəçini və əməliyyat müvəkkilini təqdim edib həmin şəxslərin iştirakı ilə onun yaşadığı, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən evə baxış keçirəcəyini bildirmiş və ondan həmin evdə yaşadığını soruşmuşdur. O, həmin evdə kirayədə və tək yaşadığını bildirmişdir. Həmçinin o, təhqiqatçının suallarını cavablandıraraq, yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını, evində saxladığı narkotik vasitəni təqdim edəcəyini bildirmişdir. Sonra o, əlindəki açarla evin giriş qapısının kilidini açmış və evə daxil olmuşdur. Onun ardınca digər iştirakçılar da, evə daxil olmuşlar. Sonra o, dəhlizdən otağa daxil olmuş və otaqdakı divanın oturacaq hissəsini qaldırıb, divanın altından içərisində 1 ədəd elektron tərəzi və 2 ədəd metamfetamin bükümləri olan qırmızı rəngli sellofan torbanı çıxarıb masanın üzərinə qoyub, təhqiqatçının sualını cavablandıraraq həmin torbanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təhqiqatçı həmin torbanı açdıqda torbanın içərisində 1 ədəd elektron tərəzi və 2 ədəd şəffaf sellofan bükümlər aşkar edilmişdir. Təhqiqatçı həmin bükümləri açdıqda hər iki büküm içərisində, psixotrop maddə metamfetamin kütləsi aşkar edilmişdir. Təhqiqatçı aşkar edilmiş 2 ədəd psixotrop maddə bükümlərini elektron tərəziyə qoyub çəkisini ölçdükdə hər iki bükümün birlikdə ümumi çəkisinin 86 qram oması müəyyən edilmişdir. Ardınca təhqiqatçı, elektron tərəzi ilə yanaşı, psixotrop maddə metamfetamin kütləsi bükümlərini də yenidən qırmızı rəngli sellofan torbanın içərisinə yığdıqdan sonra, ondan həmin psixotrop maddə metamfetamin kütləsi bükümlərini haradan, nəv vaxt əldə etdiyini soruşduqda, o həmin psixotrop maddə metamfetamin kütləsi bükümlərini 4 gün əvvəl, Binəqədi ərazisində “Yaşar” adlı şəxsdən əldə etdiyini, həmin kütlələri “Yaşar” adlı şəxsin Binəqədi ərazisində qoyduğu ünvandan götürdüyünü, “Yaşar” deyəcəyi başqa bir ünvana aparıb qoyduğu təqdirdə “Yaşar”ın ona 500 manat ödəyəcəyini bildirmişdir. Bundan sonra təhqiqatçı aşkar edilmiş elektron tərəzini və psixotrop maddə metamfetamin kütləsi bükümlərini içərisinə yığıldığı qırmızı rəngli sellofanla birlikdə, qablaşdırmışdır. Həmçinin təhqiqatçı masanın üzərində olan ona məxsus 2 ədəd plastik kartları iş üçün əhəmiyyət kəsb etdiyindən götürmüşdür. Bundan sonra evin digər otaqlarına baxış keçirilmiş, ancaq iş üçün əhəmiyyət kəsb edən heçnə aşkar olunmamışdır. Bundan sonra baxış istintaq hərəkəti yekunlaşmış və videoçəkiliş dayandırılmışdır. (Cild 1, iş vərəqləri 141-144) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Mircəlal Paşayev küçəsində saxlanılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan 1 bükümdə metamfetamin növündə psixotrop maddələri, mobil telefonu, açarı, sürücülük vəsiqəsini təqdim etmişdir. O, yaşadığı evdə də qanunsuz vasitələr saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi təklif edilmişdir. Sonuncu buna etiraz etməmişdir və onun yaşadığı evə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən evinə baxış zamanı ona yaşadığı evdə qanunsuz vasitələri təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evdə olan 2 bükümdə metamfetamin növündə psixotrop maddələri təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılması zamanı ona qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd edilən hal ilə bağlı dərhal əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Mircəlal Paşayev küçəsində saxlanılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmişdir. Müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə ona üzərində olan qanunsuz vasitələri təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan 1 bükümdə metamfetamin növündə psixotrop maddələri, mobil telefonu, açarı, sürücülük vəsiqəsini təqdim etmişdir. O, yaşadığı evdə də qanunsuz vasitələr saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi təklif edilmişdir. Sonuncu buna etiraz etməmişdir və onun yaşadığı evə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən evinə baxış zamanı ona yaşadığı evdə qanunsuz vasitələri təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evdə olan 2 bükümdə metamfetamin növündə psixotrop maddələri təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı olan şəxsdən aldığını, onun dediyi ünvanlara atdığını bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində satış məqsədi ilə saxladığı 1(bir) ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür.(Cil 1, iş vərəqləri 28-30) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq “evə baxış keçirilməsi və götürmə haqqında” 16 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən evə baxış keçirilmiş, otaqdakı divanın oturacaq hissəsinin altından içərisində 1 ədəd elektron tərəzi və 2 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə olan qırmızı rəngli sellofan torba aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqləri 33-34) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 fevral 2024-cü il tarixli və “Evə baxış keçirilməsi və götürmə haqqında” 16 fevral 2024-cü il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı və evə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 99-100) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd diskə baxış keçirilməsi haqqında 18 mart 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" mobil operatoruna məxsus “070 370-80-70” saylı mobil nömrə İsmayıllı rayonu, Xanagah ə/d, Xanagah kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs adına qeydiyyata alınmışdır. (Cild 1, iş vərəqləri 119-121) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/818 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksləri olan bir ədəd zərfdə və 01 (bir) ədəd torbada qablaşdırılmış: -üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə...” yazıları və imzalar olan zərfin içərisində yapışqan lentlə sarınmış 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,727 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan...” yazıları və imzalar olan torbanın içərisində 2 (iki) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 34,037 qram, 48,446 qram ümumi təmiz çəkiləri 82,483 qram olan ağ rəngli kristalşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; bir ədəd elektron tərəzinin üzərindən psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğundan çəkisini müəyyən etmək və bükümlərdə olan metamfetaminlərlə müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə...” yazıları olan zərfin və üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan...” yazıları olan torbanın içərisindəki ümumilikə 03 (üç) ədəd bükümlərdə olan metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər, ümumi təmiz çəkiləri 85,210 qramdır. (Cild 1, iş vərəqləri 43-48) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmənarkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1380 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 122-123) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəqləri 116- 117) Cinayət işi materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 16 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 163-175) “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı, daşıdığı psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddindən, həmçinin külli miqdar daxil olmaqla aşağı həddindən xüsusilə böyük həcmdə olub artıq olması, eləcə də təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar olunması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması, hədələnməsi, üzərində heç bir qanunsuz vasitə aşkar olunmaması ilə bağlı gətirdiyi dəlilləri və irəli sürdüyü iddiaları özünü müdafiə xarakterli kimi qiymətləndirib, hesab edir ki, bu dəlillər və iddialar işin hallarına uyğun olmamaqla yanaşı iş üzrə digər obyektiv sübutlarla təkzib olunur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadə daha səmimi və mötəbər sübut kimi qəbul olunmalıdır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 10 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 12 fevral 2024-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 19, 88-92) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, təqsirləndirilən şəxs barəsində narkomanyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə Sumqayıt ŞPİ-də saxlanılan 01 ədəd üzərində psixotrop maddə metamfetamin izləri olan elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 84,910 qram olan metamfetamin məhv edilməlidir. 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 80 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 84,910 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd üzərində psixotrop maddə metamfetamin izləri olan elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar