Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-644/2024 18.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynallı Elgiz Çingiz oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində doğulan, orta təhsilli, subay, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay 29 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 14-cü məhəllə, nömrəsiz evdə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncu ilə ona veriləcək müəyyən məbləğdə pul müqabilində külli miqdarda narkotik vasitələri qoyulan yerlərdən götürüb deyiləcək yerlərə qoymaqla satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin bir qrup şəxs halında 25 yanvar 2024-cü il tarixdə saat 14:00 radələrində Abşeron rayonu, Digah kəndi ərazisində yolun kənarında qoyduğu 01 (bir) ədəd polietilen bağlamanın içərisində qara rəngli polietilen bağlamada ümumi çəkisi 3070 qram külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı götürüb satış məqsədi ilə qanunsuz əldə edərək Abşeon rayonu, Digah kəndi ərazisində yerləşən “Linkoil” X1 yaxınlığına daşımış və saxlamış, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 yanvar 2024-cü il tarixdə saat 16:30 radələrində Abşeron rayonu, Digah kəndində yerləşən “Linkoil” X1 yaxınlığında saxlanılaraq Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin inzibati binasına gətirilmiş, həmin gün orada xidməti otaqların birində saat 18:40 dəqiqədən saat 18:55 dəqiqəyə qədər üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman sol əlində olan polietilen bağlamanın içərisində qara rəngli polietilen bağlamada külli miqdarda, yəni 3070 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, onu 25 yanvar 2024-cü il tarixdə Mehdiabad ərazisində saxlayıblar. O, əvvəllər də narkotik vasitədən istifadə etməyə görə tutulub və ancaq narkotik vasitə olan marixuanadan istifadə edib. Onu 15-20 nəfər polis əməkdaşı saxlayıb.. Ona polis əməkdaşları tərəfindən psixi təzyiq göstərilib. Ona qarşı fiziki təzyiq göstərilməyib, lakin sözlə ona hədə-qorxu gəliblər. O, tutulduğu yerə özü istifadə etmək üçün narkotik vasitə götürməyə gedib, lakin həmin paketdə narkotik vasitənin miqdarı az olmalı idi. O, paketi əlinə alan kimi polis əməkdaşları onu saxlayıblar. O, həmin narkotik vasitəni əldə etmək üçün tanımadığı şəxslə əlaqə saxlayıb. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək istintaq zamanı verdiyi ifadəsində törətdiyi cinayət əməlini etiraf edərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır, heç bir psixiatrik dispanserdə qeydiyyatda olmamışdır. Hərəkətlərini sərbəst ölçüb-biçmək iqtidarındadır. Narkotik vasitələrdən bir neçə ildir istifadə edir. 25 yanvar 2024-cü il tarixdə saat 16:30 radələrində Abşeron rayonu, Digah kəndində yerləşən “Linkoil” X1 yaxınlığında piyada hərəkətdə olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib polis əməkdaşları olduqlarını dedikdən sonra ondan özünü təqdim etməyi tələb etmiş, özünü təqdim etdikdən sonra onun narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Abşeron rayon Polis İdarəsinin Mehdibad Polis Bölməsinin inzibati binasına dəvət etmiş, dəvətə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə getdikdən sonra təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində tutulmağı haqqında qərar elan olunmuş, hüquq və vəzifələri elan olunmuş, müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra ona polis əməkdaşları, onunla eyni cinsdən bir nəfər şəxsin və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı izah olunmuşdur. Bundan sonra polis əməkdaşları, onunla eyni cinsdən olan bir nəfər şəxs və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Üzərində şəxsi axtarış aparılmadan öncə ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra əlində olan polietilen bağlamanın içərisində qara rəngli polietilen bağlamanı çıxarıb təqdim edərək həmin polietilen bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, içərisində qanunla dövriyyəsi qadağan edilən hər hansı əşya və predmet aşkar edilməmişdir. Üzərində aparılan şəxsi axtarış zamanı aşkar edilərək götürülən narkotik vasitə qablaşdırılmış, tərəfindən imzalanaraq möhürlənmişdir. 25 yanvar 2024-cü il tarixdə üzərində aparılan şəxsi axtarış zamanı aşkar edilərək götürülən narkotik vasitə qurudulmuş marixuananı tanımadığı şəxsdən 25 yanvar 2024-cü il tarixdə saat 14:00 radələrində Abşeron rayonu, Digah kəndi ərazisində əldə etmiş, həmin şəxsi əvvəllər tanımamış, həmin şəxsin anket məlumatları barədə hər hansı məlumata malik olmamış, həmin şəxsin hansı ölkənin vətəndaşı olmasını bilmiəmişdir. Həmin narkotik vasitənin haradan gətirildiyini bilməmiş, “Vatsap” üzərindən onunla danışaraq ona göndərdiyi məkana gedib həmin məkandan narkotik vasitəni götürdükdən sonra növbəti atacağı məkana aparacaq və bunun müqabilində müəyyən məbləğdə pul alacaqmış, istifadəsində olan mobil telefonda mobil nömrə olmamış, mobil nömrədən istifadə etməmişdir Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsi və Digah kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün müvafiq sənədləşdirmə işləri həyata keçirildikdən sonra onun rəhbərlik etdiyi əməliyyat qrupu yaradılıb. Keçirilən əməliyyat tədbiri nəticəsində 25 yanvar 2024-cü il tarixdə saat, 17 radələrində Abşeron rayonu, Digah kəndi ərazisində “Linkoil” X1 yaxınlığında piyada hərəkət edən zaman Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsdən də özünü təqdim etməyi tələb ediblər və həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edib. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Abşeron RPİnin Mehdiabad PB-nin inzibati binasına dəvət ediblər. Mehdiabad PB-də müdafiəçisinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman təhqiqatçının təklifinə əsasən, Təqsirləndirilən şəxs əlində olan polietilen torbanı təqdim edərək bağlamada narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib. Şahid2 ona verilən suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni “Whatsapp” vasitəsilə əlaqə saxladığı İran İR vətəndaşından əldə etdiyini bildirib. Onlar Təqsirləndirilən şəxs saxlamaq üçün ona yaxınlaşanda əlində torba olub. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zor və ya psixoloji təzyiq göstərilməyib, həmçinin Təqsirləndirilən şəxs də onlara müqavimət göstərməyib. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə iştirak etməyən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və onun məhkəmədə dindirilmiş şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. Məhkəmədə iştirak etməyən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və onun Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsinə dair hissədə məhkəmədə dindirilmiş şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 25 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə” istintaq hərəkəti ilə bağlı protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən o, sol əlində olan polietilen bağlamanı təqdim etmiş və həmin bağlamanın içərisində qara rəngli polietilen bağlamada 3070 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında yuxarıda qeyd olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması barədə protokola əlavə edilmiş diskdəki videogörüntü nümayiş etdirilmiş və həmin videogörüntü ilə şahidlərin ifadələrində göstərdikləri xüsusatlar və protokolda qeyd olunanlar bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məkəməbioloji ekspertizasının 26 yanvar 2024-cü il tarixli, 7/145 nömrəli rəyindən görünür ki: tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazıları və imzalar olan polietilen bağlamadakı 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi – 3070 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: marixuananın ümumi çəkisi 3070 qram, tədqiqata sərf edilən ümumi miqdar – 0,2 qram, qalıq – 3069,8 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 11 may 2024-cü il tarixli, 3185 nömrəli rəyindən görünür ki : müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərin, opioidlərin və psixostimulatorların qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Elektron Məhkəmə” informasiya sistemi vasitələ əldə edilərək cinayət işi materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəlüdlü bir yetkinlik yaşına çatmamış uşağı vardır. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 3069,8 qram qalmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Abşeron Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay 29 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Probasiya Şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatdan keçməmişdir. Göstərilənlərdən göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir, lakin Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivini müəyyən edilməsi zamanı nəzərə alınmadığından, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarının 34-cü bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, azadlığın faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-nin tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətlərinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmamış uşağının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən, onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin onun üzərindən aşkar olunmuş narkotik vasitə marixuananın ittihamda verilən miqdarda olmaması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. Bundan əlavə üzərinə şəxsi axtarış və baxış barədə protokola əlavə edilmiş videogörüntüdən, həmçinin onun ibtidai istintaq zamanı verdiyi ifadələrindən görünür ki, təqsirləndirilən şəxs öz əməlini etiraf etmiş, lakin sonradan törətdiyi cinayət əməlinə görə onu gözləyən cinayət məsuliyyətindan yayınmaq üçün məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək fərqli ifadə vermişdir. Təqsirləndirilən şəxs bütün ibtidai istintaq müddətində deyil, yalnız məhkəmə istintaqı zamanı bu halı qeyd etmişdir ki, məhkəmə bu halın müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətindədir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması onun həmin narkotik vasitəni şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə etdiyini təsdiq edən hallardan biridir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi, şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 03 ay 29 gününü 01 il 01 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutmaqla, həmin cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə təqsirli bilindiyi maddənin (CM-nin 234.4.1 və 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 yanvar 2024-cü il tarixdə barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsini əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-nin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını və onun ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdikyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 3069,8 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli və iş materiallarında olan 01 ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 03 ay 29 günü 01 il 01 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 3069,8 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-644/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-644/2024
18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver