Məhkəmə qərarları › İş №1(124)-65/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-65/2022

25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-65/2022 25.08.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1966-cı ildə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda qanunsuz olaraq narkotik vasitə olan heroini, narkotik vasitə olan qurudulmuş marixuananı və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə hesab olunan, təsir maddəsinin ümumi miqdarı 0,258 qram olan metadon, təmiz çəkisi 204,651 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda, yəni təmiz çəkisi 3,361 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 1,742 qram psixotrop maddə hesab olunan metamfetamin, həmçinin eyni məqsədlə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan, təsir maddəsinin ümumi miqdarı 0,225 qram olan güclü təsir edən maddə tramadol hidroxloridi əldə edib daşıyaraq yaşadığı ünvan 2 ünvanında yerləşən evdə özünə aid olan otaqda saxlamış, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 2 nömrəli evin qarşısında saxlanılaraq evinə baxış keçirilərkən özünə aid olan otaqda narkotik vasitə hesab olunan, açıq qəhvəyi rəngli “F/M-40” göstəricili 4 ədəd konvolyut kəsiyində və 1 ədəd açıq vəziyyətdə olmaqla 5 ədəd bütöv, 1 ədəd isə ½ hissə təsir maddəsinin ümumi miqdarı 0,22 qram, həmçinin 1 ədəd bükümdə təmiz çəkisi 0,355 qram həb qırıntılarında təsir maddəsinin ümumi miqdarı 0,038 qram olmaqla ümumilikdə təsir maddəsinin miqdarı 0, 258 qram təşkil edən metadon, bir ədəd karton qutunun içərisində polietilen bağlamada təmiz çəkisi 204,651 qram olan kustar üsulla hazırlnamış narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda, yəni 4 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,220 qram, 0,053 qram, 0,045 qram, 0,043 qram olmaqla, ümumi təmiz çəkisi 3,361 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,920 qram və 0,822 qram olmaqla, ümumi təmiz çəkisi 1,742 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, təsir maddəsinin ümumi miqdarı 0,225 qram olan 1 ədəd həbin tərkibində güclü təsir edən tramadol hidroxlorid, bundan başqa tərkibində narkotik vasitə heroinə məxsus izlər olan sınıq ampula, birdəfəlik şpris, şüşə borucuqlar, falqa kağız parçaları və 01 ədəd qara rəngdə “Digital Scale” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, polis əməkdaşı Şahid1lə qərəzli münasibətləri olmuşdur. Polis əməkdaşı ondan narkotik vasitələrin satılmasını tələb etmiş, o isə buna əməl etməmişdir. 02 iyun 2021-ci il tarixdə saat 09 radələrində polis əməkdaşları onun evinə girmiş və ona təzyiq etməklə onun evində narkotik vasitə olmasını demişlər. Polis əməkdaşları həmçinin onun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyini vəd etmişlər, ona təzyiq etmişlər, buna görə də o, guya evində tapılan narkotik vasitələrin ona məxsus olmasını videoçəkiliş zamanı demiş və ifadəsində göstərmişdir. Bundan başqa o, ifadəsində qeyd etmişdir ki, əvvəllərdə narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum edilmişdir. Lakin narkotik vasitələrin satışı ilə heç bir zaman məşğul olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraatın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunduğu ifadəsində o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə verilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ərzində narkotik vasitələrdən istifadə etmişdir. Yaşadığı evdə aşkar olunmuş marixuananı təxminən 3-4 ay əvvəl Quba şəhəri Qırmızı qəsəbə ərazisinin yuxarı hissəsində Qusar rayonuna gedən yolun kənarında meşəlik ərazidə karton qutuda tapmış və qutudakı kütlənin marixuana olduğunu görüb yaşadığı evə gətirmişdir ki, istifadə edər. 27 may 2021-ci il tarixdə təxminən saat 14 radələrində Quba şəhəri Ə.Nərimanov küçəsində yerləşən şəhər qəbirstanlığına valideynlərinin qəbirlərini ziyarətə getmişdir. Qəbirstanlığın giriş qapısından içəri daxil olan zaman yerdə siqaret qutusu görmüş və götürüb içərisinə baxmışdır. Həmin qutunun içərisində bir neçə ədəd sellofan bükümləri, bir neçə ədəd gümüşü rəngli falqa kağızlarda bükümlərin olmasını görmüşdür. Həmin bükümləri açmış və bükümlərdə metamfetamin, metadon, tramadol həbləri, heroin olmuşdur. O, tapdığım narkotik vasitələri şəxsi istifadəsi üçün evinə aparmaq qərarına gəlmiş və həmin siqaret qutusunu cibinə qoyub yaşadığı evə gətirmişdir. Yaşadığı evdə ailə üzvlərinin narkotik vasitədən istifadə etməyini bilməməsi üçün tapdığı marixuananı, heroini, metadonu, metamfetamini, tramadol həblərini və heroini evdə yaşadığı otaqda gizlətmişdir. Qeyd etmişdir ki, tapdığı narkotik vasitələrin hamısından istifadə etmişdir. 02 iyun 2021-ci il tarixdə təxminən saat 11 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları onu çağırmışlar və küçəyə çıxmışdır. Ona yaşadığı evdə narkotik vasitələri saxlamaqda şübhəli olduğunu bildirmişlər və yaşadığı evdə axtarış keçirməklə əlaqədar icazə istəmişdirlər. O, yaşadığı evdə narkotik vasitələr olduğunu bildirmiş və axtarış aparılmasına etiraz etməmişdir. Polis əməkdaşları ilə birlikdə yaşadığı evə daxil olmuşlar, onlara qaldığı otağı göstərmiş və həmin otaqda narkotik vasitələri saxladığını bildirmişdir. Yaşadığı otağa polis əməkdaşları ilə birlikdə daxil olmuşlar, müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, o da evdə saxladığı narkotik vasitələrin hamısını polis əməkdaşlarına təqdim etmişdir. Bununla bağlı sənədləşmə aparılmış, protokollar tərtib olunmuşdur. Müdafiəçisi ilə birlikdə imzalamışdır. Yaşadığı evdə baxış bitdikdən sonra üzərində və yaşadığı evin həyətində olan avtomobilinə də baxış keçirilmiş, bununla bağlı da protokol tərtib olunmuşdur. Yaşadığı evdən aşkar olunmuş narkotik vasitələr zərflərə qoyularaq qablaşdırılmışdır. (Cild 1, iş vərəqləri 77-79) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin Quba RPŞ-nin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, Quba şəhər sakini “Laçın” adlı şəxsin narkotik vasitə əldə etməsi, istifadə etməsi ilə məşğul olması və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı məlumat daxil olduqdan sonra əməliyyat qrupu yaradılmış və keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixdə saat 11 radələrində ünvan 3 ünvanında yaşadığı evin qarşısında saxlanılaraq özünün icazəsi ilə yaşadığı evdə video çəkilişlə vəkilin iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri saxladığı yeri göstərməsi təklif edildikdə o, özünün qaldığı otaqda masanın üzərində olan qara rəngli eynək qabını göstərib içində narkotik vasitə olan heroin olmasını, özünün istifadə etdiyini və ayrı-ayrı folqa kağızlara da özünün ayırdığını bildirmişdir. Həmin qabın içində bir büküm sellofan parçasında və üç ədəd ayrı-ayrı bükümlərdə qəhvəyi rəngli kütlələr aşkar edilmişdir. Qeyd edilən kütlələr otaqda aşkar edilmiş Təqsirləndirilən şəxs özünə məxsus elektron tərəzidə çəkilmiş, sellofan parçasındakı bükülü kütlə 4,08 qram, digər üç büküm kütlə folqa kağızlarla birlikdə 0,23 qram olmuş və bu kütlələr zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra, qara rəngli digər eynək qabından iki büküm sellofan parçasında kütlələr aşkar edilmiş, həmin kütlələr sellofan parçalarına bükülü halda həmin elektron tərəzidə çəkilmiş, birinin çəkisi 0,90 qram, digərinin çəkisi 1,0 qram olmaqla ikisi bir yerdə 1,90 qram gəlmiş və bir zərfə qoyulub möhürlənmişdir. Bundan sonra, masanın üzərində olan plastik qabda və xırda sellofan paketdə olan kristal kütlələrə baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin kütlələrin limon duzu olmasını və narkotik vasitədən istifadə edəndə lazım olduğunu demişdir. Həmin kütlələr götürülmüş elektron tərəzidə çəkilmiş, qabda olan kütlə 18,83 qram, paketdə olan kütlə 4,40 qram gəlmiş, bunlar da bir zərfə qoyulub möhürlənmişdir. Daha sonra, masanın üzərində olan folqa kağızda olan bükülü açılaraq baxış keçirilmiş, Təqsirləndirilən şəxs kağızın içində olan qəhvəyi rəngli kütlənin metadon dərman həbi olduğunu, özü istifadə etməsi üçün əzib kağıza qoyduğunu demiş, həmin kütlə də elektron tərəzidə çəkilmiş, folqa qarışıq çəkisi 0,68 qram gəlmiş, bir zərfə qoyulub möhürlənmişdir. Bundan sonra, həmin masanın altında olan kağız qutunun içindəki “earphone” adlı kağız qutudan şprislər, xırda-xırda kəsilmiş folqa kağızlar aşkar edilib masanın üzərinə qoyulmuş və həmin qutuda olan parçanın içindən dörd ədəd metadon dərman həbi, iki ədəd naməlum dərman həbi, bir ədəd folqa kağızın içində həb yarım dərman həbi aşkar edilmişdir. Həb yarım dərman həbi həmin elektron tərəzidə çəkilmiş, çəkisi 0,76 qram gəlmişdir. Aşkar edilmiş dərman həbləri bir zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Daha sonra, divarın dibində olan kağız qutunun içində narkotik vasitə marixuanaya oxşar kütlə yarpaqları aşkar edilmişdir. Həmin kütlə kağız qutudan sellofan paketə tökülərək qablaşdırılmış, möhürlənmişdir, tərəzidə çəkildikdə çəkisi 225 qram gəlmişdir. Təqsirləndirilən şəxs marixuana narkotik vasitəsini həmin kağız qutuda bir neçə ay əvvəl Quba şəhərinin Qırmızı Qəsəbə ərazisi tərəfdə, Qusar rayonuna gedən yolun alt tərəfindəki meşəlik ərazidən, digər narkotik vasitələri isə keçən cümə axşamı qəbirsanlığın yaxınlığından siqaret qutusunda tapmasını, şprisləri, uzunsov şüşələri, ampulaları və falqa kağızları narkotik vasitə çəkəndə istifadə etməsini bildirmişdir. Baxış zamanı aşkar edilərək qablaşdırılmış kütlələr və elektron tərəzi götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və qanunla qadağan olunmuş predmet və əşya aşkar olunmamışdır. Ardınca da Təqsirləndirilən şəxs özünün icazəsi və iştirakı ilə həyətdə saxladığı avtomobilə baxış keçirilmiş və qanunsuz əşya və predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs prosessual hərəkətlərin davam etdirilməsi üçün Quba RPŞ-nə dəvət edilmiş, bu barədə video çəkiliş aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin əməkdaşı Şahid3 ifadəsi və elan olunaraq tədqiq olunan Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə müəyyən olunur ki, onlar da Şahid2la oxşar məzmunlu ifadələr verməklə göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. (Cild 1, iş vərəqləri 117-119) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 02 iyun 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə onun razılığı ilə baxış keçirilərkən Təqsirləndirilən şəxs otağından bir ədəd eynək qabında bir ədəd sellofan bükümdə 4,08 qram çəkidə və 3 ədəd ayrı-ayrı bükümlərdə 0,23 qram çəkidə qəhvəyi rəngli heroinə bənzər kütlə, iki ədəd bükümdə 1 və 0,90 qram çəkilərdə metamfetaminə bənzər kütlələr, narkotik vasitələrin qəbulu zamanı istifadə edilən limon duzuna bənzər kütlələr, metadon həbinə bənzər kütlə, 225 qram çəkidə narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilərək qablaşdırılmaqla götürülmüş, eləcə də şpris, ampula və folqa kağız parçaları da aşkar edilmişdir. (Cild 1, iş vərəqləri 29-30) “Baxış keçirilməsi haqqında” 02 iyun 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 02 ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu disklərə ibtidai istintaq zamanı baxış keçirilməsinə dair 04 iyun 2021-ci il tarixli protokoldan və həmin disklərə bilavasitə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin evinə baxış zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqləri 90-91) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 iyun 2021-ci il tarixli, 6/2233 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs ...” sözləri yazılmış: “1” nömrəli zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,920 qram və 0,822 qram, ümumi təmiz çəkisi 1,742 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir. “2” nömrəli zərfdəki 4 ədəd konvalyut kəsiyində, 1 ədəd açıq vəziyyətdə, ümumi sayı 5 ədəd bütöv və 1 ədəd 1/2 hissə açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili eyni tərkibli dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,22 qram (0,2 qram + 0,02 qram) təşkil edir. 1 ədəd üzərlərində “Tramadol Hydrochloride 225” göstəricisi olan dərman konvalyut kəsiyində 1 ədəd qırmızı rəngli dairəvi formalı dərman həbinin əsas təsiredici maddəsi tramadol hidroxloriddir və həmin həbin tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 0,225 qram təşkil edir, 1 ədəd konvolyut kəsiyində çəhrayı rəngli dairəvi formalı dərman həbinin tərkibində narkotik, psixotrop, güclü təsir edən maddə komponentləri aşkar edilmədi. “3” nömrəli zərfdəki dörd ədəd bükümdə (bir ədəd büküm + 3 ədəd gümüşü rəngli kağız büküm) ayrı-ayrılıqda təmiz çəkiləri 3,220 qram, 0,053 qram, 0,045 qram, 0,043 qram, ümumi təmiz çəkisi 3,361 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. “4” nömrəli zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,355 qram açıq-qəhvəyi rəngli əzilmiş həb qırıntılarından ibarət kütlənin əsas təsiredici maddəsi metadondur və həmin kütlənin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,038 qram təşkil edir. “5” nömrəli zərfdəki bir ədəd paketdə və bir ədəd plastik qabın içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 2,670 qram, 12,014 qram, ümumi təmiz çəkisi 14,684 qram olan ağ rəngli maddə-limon turşusudur. “6” nömrəli zərfi açdıqda içərisində iki ədəd şüşə borucuq, 2 ədəd folqa kəsiyi, 7 ədəd gümüşü rəngli kağız kəsiyi, 9 ədəd birdəfəlik şprisdə narkotik vasitə, psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. 2 ədəd sınıq ampula və 1 ədəd birdəfəlik şprisdə narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. “2” nömrəli zərfdəki ümumi sayı 5 ədəd bütöv və 1 ədəd ½ hissə açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbləri və 4 nömrəli zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,355 qram açıq-qəhvəyi rəngli əzilmiş həb qırıntılarından ibarət kütlənin tərkibi metadondan ibarət olub, kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eynidirlər. (Cild 1, iş vərəqləri 41-51) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 03 iyun 2021-ci il tarixli, 7/516 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitə marixuanaya oxşar kütlə” yazılar və imzalar olan üzəri skoçla bağlanmış polietilen bağlamada təmiz çəkisi – 204,651 qram bitki mənşəli kütlə, tərkibində narkotik vasitə qurudulmuş marixuanadır. (Cild 1, iş vərəqləri 53-55) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 04 sentyabr 2021-ci il tarixli, 2019 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs anlaqlıdır, onda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, əqli intellektual imkanları normaya uyğundur, onda yaddaş pozuntusu aşkar olunmur. (Cild 1, iş vərəqləri 152-154) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburinarkoloji tibbi yoxlamaya dair ekspertizanın 12 avqust 2021-ci il tarixli, 2819 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 149- 150) Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” və “Sübutların qiymətləndirilməsi haqqında” 10 sentyabr 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumi təmiz çəkisi 1,642 qram olan psixotrop maddə metamfetamin, 2 ədəd ½ hissə metadon həbləri, ½ hissə tramadol həbi, 3,281 qram çəkidə narkotik vasitə heroin, 0,255 qram çəkidə metadon kütləsi, 14,584 qram limon turşusu, ümumi təmiz çəkisi 204,631 qram olan qurudulmuş marixuana, iki ədəd şüşə borucuq, 02 ədəd folqa kəsiyi, 7 ədəd gümüşü rəngli kağız kəsiyi, 09 ədəd birdəfəlik şpris, 2 ədəd sınıq ampula və 1 ədəd birdəfəlik şpris, 01 ədəd “Digital Scale” sözləri yazılmış elektron tərəzi maddi sübut kimi tanınmaqla Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. 02 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 168-177) Cinayət işinin materiallarında olan Quba rayon məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair əməliyyat orqanının 02 iyun 2021-ci il tarixli qərarı məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanunauyğun hesab edilmişdir. (Cild 1, iş vərəqi 111) Məhkəmə, Təqsirləndirilən şəxs onda narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrin olmaması, qeyd edilənlərin polis əməkdaşları tərəfindən onun evinə qoyulması, polis əməkdaşları tərəfindən təzyiq nəticəsində etirafedici ifadələr verməsi, həmçinin narkotik vasitənin satışı ilə məşğul olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin özünün və müdafiə tərəfinin şahidlərinin onun müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində və İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 3,361 qram olan narkotik vasitə heroinin, 1,742 qram olan psixotrop maddə metamfetaminin miqdarının şəxsi istehlak miqdarından, heroinin 22 dəfə, metamfetaminin isə təxminən 11 dəfə, külli miqdardan isə heroinin təxminən 1,7 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq az ağır və ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından və müvafiq məhkəmə hökmlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin xx.xx.2003-cü il tarixli və Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008ci il tarixli hökmləri ilə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, məhkumluqları ödənilmişdir. (Cild 1, iş vərəqləri 108-109) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Quba rayon məhkəməsinin 04 iyun fevral 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 87-89) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edirək qeyd edir ki, iş üzrə 01 (bir) ədəd “Digital Scale” markalı elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Quba RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan: tədqiqatından sonra qalıq çəkisi 1,642 qram olan psixotrop maddə metamfetamin, 2 ədəd ½ hissə metadon həbləri, ½ hissə tramadol həbi, 3,281 qram çəkidə narkotik vasitə heroin, 0,255 qram çəkidə metadon kütləsi, 14,584 qram limon turşusu, ümumi təmiz çəkisi 204,631 qram olan qurudulmuş marixuana, iki ədəd şüşə borucuq, 02 ədəd folqa kəsiyi, 7 ədəd gümüşü rəngli kağız kəsiyi, 09 ədəd birdəfəlik şpris, 2 ədəd sınıq ampula və 1 ədəd birdəfəlik şpris, məhv edilməlidr. 02 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 148 (yüz qırx səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 02 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Quba RPŞ-də saxlanılan 1,642 qram metamfetamin, 2 ədəd ½ hissə metadon həbləri, ½ hissə tramadol həbi, 3,281 qram heroin, 0,255 qram metadon kütləsi, 14,584 qram limon turşusu, 204,631 qram qurudulmuş marixuana, 2 ədəd şüşə borucuq, 2 ədəd folqa kəsiyi, 7 ədəd gümüşü rəngli kağız kəsiyi, 9 ədəd birdəfəlik şpris 2 ədəd sınıq ampula və 1 ədəd birdəfəlik şpris məhv edilsin. 02 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. 01 (bir) ədəd “Digital Scale” markalı elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs 148 (yüz qırx səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar